23.04.2017 15:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İşıqların rəqs etdiyi şəhər - FOTOREPORTAJ
 
21.04.2017
Hürriyet, Türkiyə
 

  İslam Həmrəyliyi Oyunları: Bakı yarışında 57 ölkə iştirak edəcək
 
21.04.2017
L’Expression, Əlcəzair
 

  Azərbaycanlı çobanın ifası interneti “partlatdı” - VİDEO
 
20.04.2017
DNI24.COM, Rusiya
 

  Naftalan vannası qəbul etmək, çimərlikdə dincəlməkçün Azərbaycana gedək
 
20.04.2017
Komsomolskaya pravda, Belarus
 

  Azərbaycanda nüvə əndişəsi
 
19.04.2017
The Washington Times, ABŞ
 

 
 
Ruhlar şəhərinin komandası

 
 



EL PAIS, İspaniya
27.12.2016


Müəllif: Alexandro Qarsia

Son üç mövsümdə Azərbaycan çempionatının qalibi olmuş Ağdamın “Qarabağ” klubunun uğurlarından söz açılan sənədli film bu cümlə ilə başlayır: “20 ildən artıqdır ki, öz evində oynaya bilməyən yeganə komanda”. Bu, müharibə nəticəsində dağıdılmış, 1993-cü ildən bəri insan yaşamayan “ruhlar şəhəri”ndən didərgin düşmüş güclü bir klubdur. Ağdamın “Qarabağ” klubunun məşqçilər korpusunda ilyarımdır yer alan ispaniyalı Ruben Selles deyir ki, “bu, millətlərarası münaqişədir və azərbaycanlılar üçün bu klubun əhəmiyyəti böyük, rəmzi əhəmiyyətə malikdir. Çünki bu klubun Avropada və dünyada tanınması Qarabağın onlara aid olduğunu göstərir”.

Dağlıq Qarabağ və ya Yuxarı Qarabağ adlanan ərazi Ermənistanla Azərbaycan arasında 1987-ci ildən bəri davam edən münaqişəyə səbəb olub. Bu ərazi uğrunda müharibə 1991-ci ilin sonunda başlayıb və hərbi əməliyyatlar nəticəsində azərbaycanlı əhali Qarabağdan qovulub.

Ağdam, əhalisi 150 000 nəfər olan Azərbaycan şəhəridir. O, erməni qoşunları tərəfindən 1993-cü ildə işğal olunub. Əhalisi qovulmuş şəhər qarət olunaraq məhv edilib. Azərbaycanın İspaniyadakı səfəri Anar Məhərrəmov deyir ki, “Azərbaycan ərazisinin 20%-i, o cümlədən Dağlıq Qarabağ işğal edilib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib”.

“Qarabağ” klubu sovet dövründə zəif çıxış edib. O, yüksək liqada SSRİ-nin süqutundan sonra (1992) çıxış etməyə başlayıb. Müharibə nəticəsində artıq 1993-cü ildə öz şəhərini tərk edərək Bakıya, paytaxta köçmüş komandanın stadionu dağıdılıb, Qarabağın müdafiəsi zamanı hərbi komandir olan məşqçisi Allahverdi Bağırov Ağdam şəhəri uğrunda döyüşdə həlak olub. Selles deyir ki, “Milli qəhrəman olan Bağırov qoşunlara komandanlıq etmək üçün klubdakı vəzifəsini tərk edib. Klub hər il onun xatirəsini anır, stadiona baner asır və ümumiyyətlə onun adı klubun gündəlik fəaliyyətində xatırlanır”.

Klub didərgin düşdükdən sonra ilk dövrlərdə çətin anlar yaşayıb, onun istər iqtisadi, istərsə də idman baxımından bir çox problemləri olub. Bu vəziyyət klubun 2001-ci ildə qida biznesilə məşğul olan “Azersun Holding”in himayəsinə keçməsinədək davam edib. Bu holdinq özündə 18 şirkəti birləşdirir və kənd təsərüfatı məhsulları, süd, şəkər, duz, çay, yağ, şokolad kimi məhsullara olan yerli təlabatın əsas hissəsini məhz o ödəyir. Şirkətin təsisçisi Tahir Gözəl həm də “Qarabağ” klubunun prezidentidir. Ruben Selles deyir ki, “Tahir Gözəl və atası bu müharibəni öz gözləri ilə görüblər. Daha sonra onlar bu böyük holdinqi yaradıb, futbol klubu, həmçinin digər kampaniyalar vasitəsilə Avropaya Qarabağ münaqişəsi haqda məlumat verməyə, onun sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün çalışmağa başlayıblar”.

3 il Avropa Liqasında

“Atlılar” (klubu belə adlandırırlar) güclənərək “Azersun Arena” adlı stadiona və digər gərəkli obyektlərə sahib olub. O, son 3 mövsümdə ardıcıl olaraq ölkə çempionluğunu qazanıb və Avropa Liqasında qrup mərhələsinə yüksəlib. “Qarabağ” yerli baş məşqçi, idman qəhrəmanı Qurban Qurbanovun rəhbərliyi altında futbolda inqilab törətməkdədir. İspan məşqçi deyir ki, “Qurbanov klubda əsas fiqurudur. O, rəqibdən asılı olmayaraq, topa sahib olmaqla hücum futbolu oynamağa çalışır”.

İndi, Azərbaycan futbolunun inkişafı özünü Robert Prosineçkinin baş məşqçisi olduğu milli komandanın çıxışında da göstərir. Azərbaycan millisi hazırda tarixi nəticə əldə edib. O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində yer aldığı qrupda 4 oyundan 7 xal toplayaraq, Norveç və Çexiya kimi komandaları geridə qoyub. Bu, eləcə də UEFA bayrağı altında keçirilən digər turnirdə əldə olunan nailiyyətlər müharibədə qarşı tərəf olan Ermənistanın futbol nəticələrilə müqayisə belə, oluna bilməz.

Bu didərgin klubda 2 ispan futbolçu da çıxış edir. Söhbət “Sportinq Xixon” və “Xetafe” klublarında oynamış Miçel Modera və “Qarabağ”ın ən yaxşı oyunçularından olan Dani Kintanadan gedir. Kintana Avropa Liqasının üçüncü turunda Poqba kimi futbolçunu geridə qoyaraq, turun ən yaxşısı seçilib. Ötən mövsüm isə o, Azərbaycan çempionatının bombardiri olub. Məşqçi Selles deyir ki, komandada qaçqın düşmüş, müharibədə həlak olmuş insanların övlarları da çıxış edir. Məsələn, kapitan Sadıxov.

Ermənistanla Azərbaycan arasında 1994-cü ildə rəsmən atəşkəs müqaviləsi imzalansa da, təmas xəttində tez-tez gərginlik olur. Bu ilin aprelində baş vermiş növbəti belə gərginlikdə yüzdən çox insan həyatını itirib. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında gərginlik heç vaxt səngimir.

Selles deyir ki, “Bakıdan baxdıqda müharibə çox uzaqda görünür. Ona sanki elə İspaniyadan baxırsan. Amma təmas xəttində hər il insan təlafatı ilə nəticələnən toqquşmalar baş verir və bu münaqişə hər bir şəxsin həyatında hiss olunur”.

“Mançester Yunayted”in erməni futbolçusu Mxitaryan 2015-ci ildə hələ “Borussiya”nın heyətində olarkən Bakıya getməyib. O zaman onun komandası Avropa Liqasında Azərbaycanın “Qəbələ” klubu ilə qarşılaşırdı.

Ruben Selles deyor ki, ““Qarabağ” klubu Azərbaycanın bu münaqişədəki mövqeyinin rəmzidir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, ərazi bütövlüyünün bərpasını tələb edir”.

(İspan dilindən tərcümə - WM)

Mənbə: EL PAIS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2017, WorldMedia.az