23.05.2017 07:04
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  QDİƏT sammitində Azərbaycan-Ermənistan gərginliyi
 
22.05.2017
Milliyet, Türkiyə
 

  Azərbaycan: iqtisadi tərəfdaş, sülhpərvər dövlət
 
22.05.2017
HeraldNet, ABŞ
 

  Xüsusi reportaj: Həmrəylik oyunları
 
22.05.2017
Sobesednik.ru, Rusiya
 

  Bakıda bu yaz necə keçir?
 
19.05.2017
Rossiyskaya Qazeta, Rusiya
 

  Azərbaycan İrana investisiya yatırmağa hazırdır
 
19.05.2017
TAADOL NEWSPAPER, İran
 

 
 
Səfir: “Azərbaycan Aİ ilə əlaqələr üçün möhkəm təməlin qoyulmasını istəyir”

 
 



EurActiv, Aİ
10.01.2017


Müəllif: Georgi Qotev

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan hərtərəfli razılaşma haqda danışıqlara başlayacaq. Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov ölkəsi ilə Aİ və qurumun üzvləri arasındakı əməkdaşlığın gələcəyi haqda danışıb.

- Aİ Azərbaycanla hərtərəfli razılaşma haqda danışıqlarla başlayacaq. Bu danışıqlar qurumun 2010-cu ildə təklif etdiyi Assosiasiya Sazişini əvəzləyəcək. Çünki Assosiasiya Sazişində BakınınAzərbaycanla Aİ arasındakı əlaqələrin gələcəyinə dair fikirləri nəzərə alınmamışdı. Həqiqətən, yeni layihəni irəli sürən tərəf Azərbaycan olub?

- Bəli, Azərbaycan Aİ ilə tərəfdaş dövlət kimi, quruma hərtərəfli razılaşma haqda yeni layihə təqdim edə bilmiş ilk ölkədir. İndiyədək belə hal baş verməmişdi. Çünki layihələri adətən Aİ özü təqdim edir və tərəflər onun üzərində işləyir. Bunu ilk olaraq biz etdik.

Bu, niyə baş verdi? Çünki biz hesab edirik, Aİ ilə əlaqələrimiz strateji xarakterli, gələcəyə istiqamətlənmiş və bərabərhüquqlu olmalıdır. Yeni razılaşmanın vacib elemetləri bunlardır. Bu elementlər Riqa sammiti zamanı Avropa Kommisiyasına təqdim olunub. Düşünürəm ki, məsələ aydındır: Azərbaycan müxtəlif sahələrdə Aİ ilə əsl tərəfdaş olmaq niyyətindədir. Buraya “Şərq Tərəfdaşlığı” çərçivəsində energetika, o cümlədən təhlükəsizlik, miqrasiyanın idarə edilməsi və müxtəlif sahələr daxildir. Biz bu əlaqədən möcüzə gözləmirik. Bizim Aİ ilə əlaqələrə praqmatik yanaşmamız var.

Anlamalısınız ki, siyasi dialoqun bütün elementləri möhkəm təməl əsasında olmalıdır. Məsələn, hazırda üzərində işlərin aparıldığı “Cənub Qaz Dəhlizi” layihəsi hazırkı və gələcək əməkdaşlığımız üçün yaxşı iqtisadi təməldir. Əlbəttə ki, nəqliyyat sahəsi də vacib elementlərdən biridir.

Azərbaycan Asiya və Avropa üçün coğrafi olaraq nəqliyyat mərkəzidir. Bu nöqteyi-nəzərdən siyasi dialoq üçün bizdə möhkəm təməl var. Düşünürəm ki, bu proseslər sinxron həyata keçirilməlidir. Odur ki, Azərbaycanla danışıqlar aparılması üçün Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinə mandat verilməsinə şadıq. Ümid edirik ki, danışıqlar yaxın zamanlarda başlayacaq. Bu danışıqlar çətin ola bilər. Lakin əminəm ki, nəticə yaxın aylarda aydın olacaq.

- Siz “Cənub Qaz Dəhlizi” layihəsinin adını çəkdiniz. 2020-ci ildə bu layihə vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılacağı gözlənilir. Bununla da, Avropa bazarı ilk dəfə Şərqdən nəql olunacaq qaz vasitəsilə şaxələndiriləcək. Bu layihə siyasi və iqtisadi baxımdan nə dərəcədə vacibdir?

- Əlbəttə ki, bu layihə hər iki tərəf – həm Azərbaycan, həm də Aİ üçün vacibdir. Hətta mən “hər iki tərəf” demək istəməzdim. Birincisi, “Cənub Qaz Dəhlizi” bu layihədə iştirak edən bütün ölkələr və şirkətlər üçün böyük əhəmiyyətə malikdir. Layihə prinsip etibarı ilə çox vacibdir. İkincisi, “Cənub Qaz Dəhlizi” bir layihənin necə idarə edilməli olduğunu göstərən real nümunəsidir. “Şərq Tərəfdaşlığı” bir layihə kimi təsdiq olunsa da, təəssüf ki, bir çox hallarda Aİ-nin proqrama üzv 6 ölkə ilə ikitərəfli əməkdaşlıq istiqamətlərinin kompilyasiyası kimi görünür. “Şərq Tərəfdaşlığı”nın ciddi proqram kimi işləməsi üçün bir sıra ölkələri birləşdirən layihələrə ehtiyac var. Bu, onun mövcudluğunu, uğurlu olduğunu göstərər.

Düşünürəm ki, “Cənub Qaz Dəhlizi” xüsusi nümunədir. Çünki bu layihəyə Aİ üzvü olan 2 ölkə – İtaliya və Yunanıstan, Aİ üzvlüyünə 2 namizəd – Türkiyə və Albaniya, o cümlədən Aİ-nin energetika sahəsində strateji tərəfdaşı olan Azərbaycan cəlb olunub. “Cənub Qaz Dəhlizi” layihəsinə müxtəlif qruplara daxil olan ölkələr cəlb edilib: üzvlər, namizədlər, Assosiasiya üzrə tərəfdaşlar və gələcək strateji tərəfdaşlar. Bu, layihənin idarə olunmasına bir nümunədir. Buna görə hesab edirik ki, bu layihə “Şərq Tərəfdaşlığı”nın uğurlu olması baxımından da böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, söhbət energetika, həmçinin Avropanın – “doğma vətən” adlandırdığımız Avropamızın gələcəyindən gedir. Əlbəttə ki, bu, bizim üçün də vacibdir. Çünki energetika layihələri olmadan gələcəyi qura bilməyəcəksiniz. Biz bunu həm yeni ixrac bazarı, real gəlir üçün imkan və ən sonda, siyasi və praktik dialoq üçün çox yaxşı və möhkəm əsas kimi görürük. Eyni zamanda, bu layihə çox səmərəlidir.

- Beynəlxalq forumlarda Azərbaycan özünü multikulturalizm nümunəsi kimi təqdim edir. Ölkəniz Avropada çox vaxt miqratları və islamı hədəfə alan populizmdən nə dərəcədə narahatdır?

- Azərbaycan həqiqətən də, sivilizasiyaları və mədəniyyətləri birləşdirməyi bacaran dövlətdir. Ölkə coğrafi baxımdan sivilizasiyaların kəsişməsində yerləşir. Təəssüf ki, tarixdən göründüyü kimi, bir çox hallarda sivilizasiyaların kəsişdiyi bölgələr döyüş meydanlarına çevrilir. Azərbaycan isə körpülər qurmağı bacarıb və buna çox sevinirik. Düşünürəm ki, bizim təcrübəmizdən avropalı dostlarımız da istifadə edə bilər. Çünki Azərbaycan dünyəviliyin və Avropa həyat tərzinin harmoniyada olduğu, əhalisinin əksəriyyəti müsəlman olan ölkədir.

Bu, bəzi ölkələr üçün çətin ola bilər. Lakin bizim üçün çətin deyil. Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrindən biridir. Odur ki, bizim təcrübəmiz avropalı dostlarımız üçün faydalı ola bilər. Əlbəttə ki, Avropada bir çox problem var. Lakin əminəm ki, Avropa sivilizasiyası yaşayacaq. Bu sivilizasiya iki dünya müharibəsindən sağ çıxa bilib və daha da güclənib. Əminəm ki, Aİ-yə üzv olan ölkələr tərəfdaşları və qonşuları ilə güclü əməkdaşlıqdan istifadə edərək bütün çətin manelərin öhdəsindən gələcək.

- Dağlıq Qarabağ münaqişəsi 25 ildir ki həll olunmur. Bu ərazi Azərbaycana məxsusdur. Lakin azərbaycanlılar oradan zorla qovulduğundan, bölgədə yalnız ermənilər yaşayır. Siz bu münaqişənin həllilə nəticələnək dialoq haqda nə fikirləşirsiniz? Aİ bu münaqişənin həllində daha böyük rol oynamalıdırmı?

- Əvvəlcə onu qeyd edim ki, Azərbaycan ərazisinin 20%-i xarici ölkə, yəni Ermənistan tərəfindən işğal edilib. Bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Əlbəttə ki, işğal edilmiş ərazilərdə azərbaycanlı yoxdur. Bu, Azərbaycan üçün böyük problemdir və biz onun dialoq vasitəsilə həllinə çalışırıq. Biz indiyədək əsasən diplomatik dialoqdan istifadə etmişik, iki ölkə rəsmiləri arasında görüşlər keçirilib. Lakin danışıqlar prosesində iştirak edən ölkələrin hədəfləri tamamilə fərqlidir.

Ermənistan status-kvonu saxlamaq istəyir, digərləri isə bu vəziyyəti dəyişməyə çalışır. Çünki “Şərq Tərəfdaşlığı”na üzv ölkələrdən birinin digərinin ərazisini zəbt etməsi tamamilə qəbuledilməzdir. Düşünürəm ki, bu məsələdə Aİ-nin səsinin daha ucadan gəlməsi üçün bu qurumun münaqişənin həllinə cəlb olunmasına ehtiyac var.

Aİ rəsmilərinin və institutlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir çox bəyanatları, qətnamələri mövcuddur. Aİ ciddi mesajlar verib. Qurum yeni Qlobal Strategiya qəbul edib və bu, ötən ilin noyabrında Aİ-nin Xarici İşlər Şurası tərəfindən qəbul olunub. Aİ-nin quruma daxil olan və olmayan ölkələrin ərazi bütövlüyünü dəstəklədiyi açıq və aydındır. Bu, bizim üçün mühüm mesajdır. Aİ Gürcüstan və Moldova kimi ölkələrdəki münaqişlərin həllinə birbaşa cəlb olunub. Amma bu, bizə aid deyil. Halbuki, biz də Aİ-nin beynəlxalq hüquqa əsaslanan daha aydın mövqeyini görmək istərdik. Hazırda bunu görürük və buna çox şadıq.

- Ermənistan Azərbaycanın əsas tənqidçisidir. Lakin başqalarının da səsi eşidilir. İnsan haqları və mətbuat azadlığının pozulması haqda tənqidlərə necə cavab verərdiniz?

- Bilirsiniz, dünyada heç bir dövlət ideal deyil. Açıq danışsaq, biz bu tənqidlər üzrə əsl, konstruktiv dialoqa hazırıq. Lakin bəzi siyasətçilərin ittihamlarını və şərini qəbul edə bilmərik. Onlara müvafiq reaksiya vermişik. Xatırlayırsınızsa, biz Azərbaycan parlamenti ilə Avropa Parlamenti arasındakı parlamentlərarası əlaqələri 1 il müddətinə dondurduq. Avropa Parlamentinin 2015-ci ilin sentyabrında qəbul etdiyi əsassız və qeyri-obyektiv qətnaməyə görə Azərbaycan “Avronest”, Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində və digər institutlarda iştirakını da dondurdu. Biz anladıq ki, bu institutlar səsimizi, mövqeyimizi və demək istədiklərimizi eşitmək istəmir. Bu, birinci məsələdir.

Daha sonra, sentyabrda Avropa Parlamenti, Avropa Şurası və Avropa Komisiyasından olan xüsusi nümayəndə heyəti Bakıya səfər edib. “Avronest” və Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri tərəfindən qəbul edilmiş bəyanatlar əsasında parlamentlərarası münasibətlərin canlanmasına nail olunub. Bilirsiniz, problemlərin dialoq vasitəsilə həll etməyin vacibliyini anlamaq çox əhəmiyyətlidir.

İkincisi, əgər problemli məsələlərdən danışırıqsa, əmin deyiləm ki, Azərbaycanda problemli məsələlərin sayı, məsələn, bir çox Aİ üzvündə olduğundan daha çoxdur. Avropada bir çox mənfi hadisələr baş verib. Lakin biz heç vaxt öz tərəfdaşlarımıza qarşı tənqidi yanaşmamışıq, yaxud baş verənlərə əsaslanaraq, onları hansısa addımlar atmağa məcbur etməmişik. Biz tənqid etmək əvəzinə, həmişə bu problemlərin həllinə dəstək verməyə, konstruktiv dialoq aparmağa çalışmışıq. Elə buna görə siz qaçqınlarla bağlı problemli məsələlərə toxunduqda, mən dostlarımızı dəvət etməyə, öz təcrübələrimizi onlarla bölüşməyə hazır olduğumuzu dedim.

Biz miqrasiyanın idarə olunması, terrorçuluqla mübarizə, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq məsələlərində əməkdaşlıq etməyə hazırıq. Artıq bu istiqamətdə birgə addımlar atmağa da başlamışıq. Yaxşı, biz bir-birimizi günahlandıra və əməkdaşlığı dayandıra bilərik. Amma düşünmürəm ki, hazırkı vəziyyət bunu tələb edir. Əgər promlemlərimiz varsa, onları diplomatik yolla müzakirə edə bilərik. Biz bunu etmişik. Oktyabrda Bakıda insan haqları üzrə alt komitənin iclası təşkil edildi. Orada Aİ və Azərbaycanda olan bütün problemləri dostluq şəraitində, səmimi və konstruktiv şəkildə müzakirə etdik. Düşünürəm ki, problemlərimizin həll yolunu tapmağın ən yaxşı vasitəsi budur.

- Neft qiymətinin qeyri-sabitliyi enerji resusrları ixrac edən digər ölkələr kimi, Azərbaycana da təsir göstərib. Azərbaycanın qeyri-neft və qaz sektorunun inkişafı ilə bağlı hansı planları var?

- Bu yaxınlarda Azərbaycanda postneft erası ilə bağlı “yol xəritəsi” qəbul olunub. Növbəti illərdə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün əsas prioritetlərdən olacaq. Əlbəttə ki, enerji sahəsində fəaliyyətlərimizə davam edəcəyik. “Cənub Qaz Dəhlizi”, o cümlədən SOCAR-ın fəaliyyəti haqda yenidən danışmaq istəmirəm. Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək üçün əlində olan bütün imkanlardan istifadə edəcək. Buraya nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət daxildir.

Biz Aİ-dən olan dostlarımızla iqtisadiyyat sahəsində davamlı, konstruktiv danışıqlar aparmaq istərdik. Çünki onların bu sahədə təcrübəsi var. Onlar iqtisadiyyatın şaxələndirilməsi, neft və qazdan asılılığın aradan qaldırılması ilə bağlı fikirlərini bizimlə bölüşə bilərlər. Biz bunu həyata keçirəcəyik və nəticəni tezliklə görəcəksiniz.

- Aİ-nin həm daxilində, həm də ki xaricində onu dağıtmaq istəyən qüvvələr var. Azərbaycan üçün Aİ ilə, yoxsa quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda əməkdaşlıq daha vacibdir?

- Bizim nöqteyi-nəzərimizdə hazırda bu yanaşma mübahisəli deyil. Aİ-yə üzv ölkələrdən hər hansı ilə problemli ikitərəfli münasibətlərimiz yoxdur. Hətta bəzi ölkələrlə strateji tərəfdaşıq. Ölkələrin bir çoxu ilə ikitərəfli səviyyədə müstəsna əməkdaşlıq və dostluq münasibətlərimiz var. Lakin biz eyni zamanda, çoxtərəfli səviyyədə də ciddi əməkdaşlıq edirik.

1992-ci ildən etibarən Aİ Azərbaycana kömək etmək məqsədilə 982 milyon avro vəsait ayırıb. Aİ 20 illik əlaqələrimiz zamanı təxminən 1 milyard avro vəsait xərcləyib. Əlbəttə ki, Aİ Azərbaycana çətin vaxtlarda yardım göstərib. Lakin biz hazırda pul axtarmırıq. İndi məqsədimiz Avropa institutları ilə daha çox texnologiya, təhsil layihələri və təcrübə sahəsində mübadilə aparmaqdır. Əmin deyiləm ki, Aİ institutları ilə əməkdaşlıq etmədən “Cənub Qaz Dəhlizi” kimi iri layihənin həyata keçirilməsi mümkün olardı.

Buna görə də Aİ institutları ilə paralel olaraq, üzv ölkələrlə də əməkdaşlıq etmək vacibdir və biz bunu edirik. İstər Aİ institutları, istərsə də üzv ölkələrin daimi nümayəndəlikləri ilə dostluq əlaqələri qurmuşuq. Biz hər iki istiqamətdə işləyirik.

Hazırda Aİ-nin üzləşdiyi ciddi böhranla bağlı onu deyərdim ki, ona təhlükələrin bir qismi qonşuluqdan gəlir. Buna görə də avropalı dostlarımıza məsləhət görürük ki, üzv ölkələr, qonşu ölkələr, xüsusilə qonşu müsəlman ölkələrilə əməkdaşlıq etsinlər. Azərbaycan doğma Avropanın dəyərlərini qorumaq naminə bu cür əməkdaşlığa hazırdır. Düşünürəm ki, əgər buna qərar verilərsə, biz bunu bacararıq.

(İngilis dilindən tərcümə - WM)

Mənbə: EurActiv


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az