19.08.2017 15:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan
 
08.08.2017
Əl-İmarat əl-yaum, BƏƏ
 

 
 
Qarabağ: artan riskləri aradan qaldırmaq üçün diplomatik səylərə ehtiyac var

 
 



EURASIANET.org, ABŞ
13.03.2017


Müəllif: Fuad Şahbazov

Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən alovlanması göstərir ki, Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə riski artıb. Hər halda, Ermənistan və Azərbaycan Silahlı qüvvələri arasında bu il fevralın 25-də baş vermiş toqquşma ötən ilin aprel toqquşmasından sonra ən miqyaslı döyüş olub. Xatırladım ki, aprel toqquşması zamanı hər iki tərəfdən ümumilikdə yüzlərlə əsgər ölmüşdü.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevral toqquşması separatçı hərbi birləşmələrlə müttəfiq olan Ermənistan ordusunun təxribatı nəticəsində baş verib. Nazirliyin açıqlamasında bildirilir ki, Ermənistanın hərbi birləşmələri təmas xəttinin Xocavənd-Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə soxulmağa cəhd göstərib. Nəticədə, mayor və baş leytant rütbəli hərbçilər daxil olmaqla, 5 Azərbaycan hərbçisi həyatını itirib. Davam edən döyüşlər hərbçilərin nəşinin neytral zonadan çıxarılmasını çətinləşdirib. Onların Azərbaycana qaytarılması yalnız 2 gün sonra mümkün olub.

Ermənistanın rəsmiləri ilə Qarabağ separatçıları isə rəsmi Bakının məlumatını inkar edir. Onlar zorakılığın başlamasında Azərbaycanı günahlandırır. Ermənistan rəsmilə Qarabağ separatçıları iddia edir ki, ilk olaraq Azərbaycan tərəfi ermənilərin Xocavəndəki mövqelərinə “TR-107” raket sistemilə zərbələr endirib. Rəsmi Yerevanın iddiasına görə, bu toqquşma Azərbaycan tərəfindən əvvəlcədən planlaşdırılıb. Onlar buna sübut kimi Azərbaycanın iki yüksək rütbəli rəsmisinin –müdafiə naziri Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun toqquşmadan qabaq cəbhə bölgəsinə səfər etmələrini göstərir. Hər iki şəxs Azərbaycan hərbçilərini düşmənə daha qətiyyətli cavab verməyə çağırıb.

Fevral toqquşmasından sonra tərəflər arasında daha 2 insident baş verib. Azərbaycan Müdafiə Nazirliyinin nümayiş etdirdiyi videolarda görünür ki, martın 1-də Azərbaycan ermənilərin mövqeyinə artilleriya zərbələri endirib. Nəticədə, Ermənistanın dayaq məntəqəsi və erməni hərbçilərini daşıyan nəqliyyat vasitələri məhv edilib.

Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbi birləşmələrinin martın 2-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə-Tərtər mövqeləri istiqamətində hücuma keçdiyini bəyan edib. Azərbaycan ordusu bu hücumun da qarşısını alıb.

Bu arada Ermənistan tərəfinin itkilərlə bağlı məlumatları növbəti dəfə mübahisə mövzusuna çevrilib. Məsələ ondadır ki, erməni tərəfi son toqquşmalar zamanı yalnız bir həbçisinin – müqavilə əsasında hərbi xidmət çəkən hərbi qulluqçu Nver Babacanyanın güllə yarasından həlak olduğunu bildirir. Azərbaycan rəsmilərisə Ermənistanın itkilərilə bağlı düzgün məlumat vermədiyini deyir. Qeyd edək ki, Bakı 2016-cı ilin aprel toqquşmaları zamanı da Yerevanı real itkilərini gizlətməkdə günahlandırmışdı.

Bütün bunlarla yanaşı, Ermənistan strateji üstünlük əldə etmək məqsədilə “İsgəndər” raket sistemindən (Ermənistan bu sistemi 2016-cı ildə Rusiyadan alıb) istifadə edəcəyini yenidən bəyan edib.

Beləliklə, baş verənlər tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinin necə kövrək olduğunu bir daha göstərir. Vertolyot vurulması, mülki əhalinin yaşadığı ərazilərə yaxın mövqelərin artilleriya atəşinə tutulması kimi hadisələr artıq bu bölgədə müntəzəm hala çevrilib. Bütün bunlar Qarabağ münaqişəsinin səngər müharibəsinə çevrildiyini və münaqişənin həllinin hələ uzaqda olduğunu bir daha təsdiqləyir.

Ermənistanla Azərbaycan arasındakı düşmənçilik hər iki ölkədə milli düşüncənin dəyişməsi ilə nəticələnib. Bu, hər iki ölkənin siyasi həyatına öz təsirini göstərir. Qeyd edim ki, müstəqil Azərbaycanla Ermənistanın sülh şəraitində birgəyaşayış təcrübəsi olmayan yeni nəsli düşmənçilik ritorikası fonunda böyüyüb. 2016-cı ilin aprel toqquşmasından sonra isə azərbaycanlı gənclər Bakıda qeyri-iradi yürüşlər keçirərək, ordunun zəfərini bayram edib.

O zaman Yerevanda vəziyyət fərqli idi. Qarabağ müharibəsinin veteranları Ermənistanın aprel toqquşmasından sonra Azərbaycana edə biləcəyi mümkün güzəştlərə etiraz edirdilər. Nəticədə, ötən yay onlar polis məntəqəsinə hücum belə edib. Bu zaman 2 polis qətlə yetirilib.

Başqa sözlə, “4 günlük müharibə”dən sonra bir paytaxtda vətənpərvərlik, digərində isə qəzəb hissi var idi. Ermənistanda hökumətinin baş verənlərə aydınlıq gətirməməsinə, həmçinin iqtisadi durğunluğa etiraz olaraq keçirilmiş nümayişlər göstərib ki, Dağlıq Qarabağ münaqişəsi geniş ictimai hərəkatların yaranmasında katalizator rolunu oynaya bilər.

Düzdür, Azərbaycanla Ermənistan arasında toqquşmalar böyük nümayişlərlə nəticələnməyib. Lakin Ermənistanda bəzi dairələr narahatlığını ifadə edib. Məsələn, “Sasna tsrer” təşkilatının (Qarabağ müharibəsi veteranlarının hərbi təşkilatı) hazırkı hökumətin Dağlıq Qarabağ siyasətilə bağlı ciddi narahatlığı var. Bundan başqa, təşkilatın üzvləri Ermənistanın hazırkı rəhbərliyini 2008-ci ildə hakimiyyəti qəsb etməkdə günahlandırır. Onların fikrincə, artıq bu vəziyyətin dəyişməsinin vaxtıdır.

Bu ilin fevral toqquşmasının ilk günü, yəni 25 fevral gecəsi Azərbaycan üçün ağır gündür. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalıda 613 mülki azərbaycanlını qətlə yetirib. Bu il fevralın 26-da Azərbaycanda Xocalı qətliamının 25-ci ildönümü anılırdı. Bu münasibətlə Bakıda və Tbilisidə təşkil olunan Xocalı yürüşləri erməni diasporunun Azərbaycana qarşı keçirdiyi yürüşlərlə üst-üstə düşürdü. Demək, erməni diasporu bu vaxtı təsadüfən seçməmişdi.

Bir sözlə, son toqquşmalar uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə çalışan bütün ölkələr üçün həyəcan təbili olmalıdır. Problemin həlli istiqamətində böyük diplomatik sıçrayış olmazsa, bu il Qarabağda ciddi toqquşmanın başlama riski yüksəkdir. Mümkün toqquşmalar isə ən azı hər iki tərəfdən mülki əhalinin ölümü, onların öz ərazilərini tərk etməsilə nəticələnə bilər.

Tərəflər arasında davam edən toqquşmaların böyüyüb-böyüməyəcəyi hələ ki, aydın deyil. Bir şey aydındır ki, belə eskalasiya Dağlıq Qarabağdan kənar bölgələrə də mənfi təsir göstərəcək.

(İngilis dilindən tərcümə - WM)

Mənbə: EURASIANET.org


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az