26.04.2018 01:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Bakı promouteri “Liberty Media”ya cavab verdi

 
 



Reuters, Böyük Britaniya
16.03.2017


Müəllif: Kler Blumfild

Çərşənbə günü Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov Formula 1-in yeni sahibi “Liberty Media”nın bu yarışla bağlı tənqidinə cavab verib. O, “Liberty Media”nın Azərbaycan Qran Prisi ilə bağlı məlumatlı olmadığını bildirib. Söhbət “Liberty Media”nın baş icraçı direktoru Qreq Maffeyin Azərbaycan Qran Prisi ilə bağlı tənqidindən gedir. Qeyd edək ki, Formula 1-in yeni sahibi ötən həftə verdiyi açıqlamasında “Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin, onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər” deyib.

“Bu fikirlər bizi təəssüfləndirir. Cənab Maffey cəmi yarım ildir ki, Formula 1 ilə bağlı işlərlə məşğul olur”, - deyə A.Rəhimov “Reuters”ə bildirib. O, deyib: “Biz bu yarış üzərində artıq 3 ildir işləyirik. İndi, Formula 1 ilə bağlı daha çox təcrübəmiz var. Düşünürəm ki, o, Azərbaycan Qran Prisini məlumatlı olmadığı üçün tənqid edir. Amma biz bu məsələyə baxacağıq”.

Xatırladaq ki, Qreq Maffey “Deutsche Bank Securities”in təşkilatçılığı ilə Floridada keçirilmiş “Media və Telekom” konfrasında bildirib ki, “indi, Formula 1 Bakı kimi şəhərlərdə keçirilməyə başlayıb. Çünki indi, yarışın daha çox pul ödəyən ölkələrdə keçirilməsinə yaşıl işıq yandırılıb. Lakin işimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onlardan məhsulumuzun inkişafına kömək almaqdır. Eyni zamanda, biz təcrübəmizi də bölüşməliyik”.

Qeyd edək ki, “Liberty Media” bu ilin yanvarından, Formula 1-in yeni sahibidir. Şirkət Formula 1 yarışını Berni Ekklstoundan alıb. Xatırladaq ki, Azərbaycanla müqaviləni məhz Ekklstoun imzalayıb.

A.Rəhimovun promouter olduğu Azərbaycan Qran Prisi təqvimə ötən ildən etibarən daxil edilib. Rəhimov bildirib ki, Maffeyin tənqidi onu təəccübləndirib: “Biz həqiqətən də inanırıq ki, Bakıdakı yarış uğurlu keçib. Bunu yarışda iştirak edənlərin hamısı təsdiqləyir. Azakeşlər də pilotların yarışını, bu əyləncəni sevib. Bakıdakı yarış pilotlar üçün də uğurlu olub. Bakı treki çox çətindir. Yol asan deyil. Bu, pilotlar üçün maraqlı idi. Bakıdakı yarış möhtəşəm şou, əla yarış idi”.

Azərbaycan Qran Prisinin promouteri vurğulayıb ki, “yarışda iştirak etməyən şəxsin onu tənqid etməsi anlaşılan deyil”.

A.Rəhimov bildirib ki, indiyədək “Liberty Media” ilə çox az əlaqəsi olub. Promouterin sözlərinə görə, o, Maffey ilə yalnız Beynəxalq Avtomobil Federasiyasının sezonun yekununa dair tədbirində bir masa arxasında oturub: “Bizim biznes haqda heç bir söhbətimiz, dialoqumuz olmayıb”.

“Azərbaycan Qran Prisinin gələcəyi təhlükə altındadırmı?” sualına A.Rəhimov belə cavab verib: “Bizim 10 illik müqaviləmiz var. Yarışın 5 il keçirilməsi məcburidir. Müqavilə yalnız qarşılıqlı razılıq əsasında pozula bilər. Biz Formula 1-in daha çox gəlir əldə etməsinə böyük töhfə veririk. Düşünürəm ki, Azərbaycanda yarışın dayandırılması onlar üçün itki olacaq”.

(İngilis dilindən tərcümə - WM)

Mənbə: Reuters


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az