28.06.2017 07:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanla Fransa arasında siyasi müzakirələr
 
27.06.2017
Le Caucase, Fransa
 

  Müharibə hazırlığı: Rusiya ilə ABŞ Qarabağ problemini birdəfəlik həll etmək istəyir
 
26.06.2017
Lragir.am, Ermənistan
 

  Bakı: dünyaya açıq olmaq istəyən ölkənin güzgüsü
 
25.06.2017
Le Soleil online, Seneqal
 

  Azərbaycan kinosu Romada tamaşaçılarla görüşdü
 
24.06.2017
HABERLER.COM, Türkiyə
 

  Azərbaycan Qran Prisi: Tras və statistika
 
23.06.2017
F1NEWS.RU, Rusiya
 

 
 
Rusiya çətin Qarabağ probleminə necə son qoya bilər?

 
 



LE HUFFINGTON POST, Fransa
17.03.2017


Müəllif: Emanuel Düpüi

Tez-tez deyilir ki, sülhə nail olmaq üçün qarşı-qarşıya duran iki tərəf buna razı olmalıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə bu, belə deyil. Görünən odur ki, bu məsələdə sülhə nail olmaq üçün 3 tərəf razılığa gəlməlidir.

Azərbaycan 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən işğal olunmuş, Dağlıq Qarabağ bölgəsinin ən böyük ikinci şəhəri olan Xocalıda 600 nəfərdən artıq insanın qətlilə nəticələnmiş qanlı hadisələrin növbəti ildönümü anır. Bununla yanaşı, SSRİ-dən müstəqillik qazanmış bu barışmaz iki qonşu ölkə arasındakı münaqişə Cənubi Qafqazda sabitliyə və inkişafa əngəl olaraq qalmaqdadır.

Bu iki ölkənin coğrafi mövqeyi Avropa İttifaqı, Rusiya, İran, Türkiyə və Çinin Avrasiya ilə bağlı nəhəng iddialarının ən güclü arqumentidir!

Ötən ilin noyabrında “Lapis Lazuli” dəhlizinin yaradılması ilə bağlı keçirilmiş Aşqabad sammiti Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya arasında malların sərbəst daşınmasının yeni İpək Yolunun əsas elementi olduğunu bir daha təsdiqləyib.

Lakin iqtisadi inteqrasiyanın nisbətən zəif olduğu, daha çox tanınmağa çalışan bu regionda həyata keçirilən geoiqtisadi və həyati əhəmiyyətli layihələri nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsi heç yerinə düşmür. Ən pisi isə odur ki, bölgədə güc-bəla ilə qorunub saxlanılan status-kvo artıq 30 ilə yaxındır davam edir. 1994-cü il mayın 12-də əldə edilmiş sülh razılaşmasından sonra az-çox donmuş hesab olunan bu münaqişənin daha şiddətli silahlı toqquşmalara gətirib çıxarma riski isə getdikcə yüksəlir. Belə qarşıdurmalar 2011-ci ildə və ötən ilin aprelində olub. Həmin toqquşmalarda onlarla azərbaycanlı və erməni hərbçi ölüb.

Azərbaycan ərazisinin 20%-ni təşkil edən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal olunduğunu heç kəs inkar edə bilməz. BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnamə, həmçinin Avropa İttifaqı, ATƏT-in Minsk qrupu (münaqişənin həllini təmin etmək üçün 1992-ci ildə yaradılmış, Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi qurum) səviyyəsində qəbul edilmiş qərarlar da işğal faktını təsdiqləyir.

İşğal faktının tanınması bu gün də davam edir. Üstəlik, dünyanın 12-dən çox ölkəsinin parlamenti və ABŞ-ın 20-dən çox ştatının nümayəndələr palatası Xocalı qətliamını soyqırım kimi tanıyıb.

Hüquqi, diplomatik, həmçinin parlamentlərin qəbul etdiyi qərarlar yerli əhali üçün səmərəli həll axtarışı baxımından əhəmiyyətli olsa da, reallıqda münaqişənin sülh yolu ilə həlli üçün kifayət etmir. Çünki “soyuq müharibə”dən və keçmiş SSRİ-nin süqutundan sonra yaranmış ziddiyyətlərin mirası olan bu “strateji” reallıq bu günün reallığına uyğun gələ bilməz.

Konkret olaraq, bu münaqişənin həlli Vyanadan, ATƏT-in baş ofisindən, Vaşinqtondan, hətta Parisdən çox Moskvada, İstanbulda, Tehrandadır. Odur ki, yaranmış vəziyyəti nə Ermənistan prezidenti Serj Sarqsyanın Parisə ötən həftəki səfəri, nə də azərbaycanlı həmkarı İlham Əliyevin Fransa ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Parisə martın 13-də başlamış səfəri kökündən dəyişəcək. Ən pisi isə odur ki, ardıcıl həyata keçirilən bu səfərlər öz fəaliyyətsizliyinə tamaşaçı kimi baxan, nəticəyə hesablanmış təşəbbüs irəli sürməyə qadir olmayan fransız diplomatiyasının simasını göstərir.

Suriya böhranında olduğu kimi, burada da əslində Fransaya etibar edilən ənənəvi vasitəçilik (Minsk qrupu vasitəsilə) 2013-cü ilin martından etibarən Vladimir Putin tərəfindən irəli sürülmüş təşəbbüslər qarşısında acizdir. Ötən ilin sentyabrında da məhz Rusiya prezidenti iki düşmən tərəfi öz himayəsi altında Sankt-Peterburqda bir araya gətirmişdi.

Bu yerdə qeyd edək ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT, 2002-ci ildə Moskva tərəfindən qonşuluqda kollektiv təhlükəsizliyin təmini üçün yaradılıb. Təşkilatın üzvləri Rusiya və 1990-cı illərin əvvəllərində müstəqillik qazanmış keçmiş SSRİ-nin 6 respublikasıdır) üzvü olması 25 ildən bəri iki Qafqaz ölkəsini qarşı-qarşıya qoymuş münaqişənin əsas elementlərindəndir. Hər hansı münaqişənin sülh yolu ilə həlli üçün Rusiyanın rolu heç vaxt bu qədər həlledici və məxsusi olmayıb. Belə ki, rəsmi Moskva tərəfləri hərəkətə gətirə biləcək təzyiq vasitəsinə malikdir. Bununla belə, Rusiya bu yolla Azərbaycanı KTMT-yə daxil etdirmək istəyir. Rəsmi Bakı isə bundan boyun qaçırır...

Beləliklə, KTMT üzvü olan Ermənistan müasir silah sistemlərindən (xüsusilə “İsgəndər” ballistik raketlərindən) və ərazisində yüzlərlə rus hərbçisinin mövcudluğundan faydalanır. Azərbaycana gəldikdə, onun belə münasibətdən yararlandığını demək olmaz. Əksinə, o, Ermənistanın havayı əldə etdiyi silahları pulla alır.

Belə bir yeni geosiyasi vəziyyətdə bizim regionda vasitəçi və sülh təminatçısı kimi rol oynamaq imkanımız hələ də qalırmı? Keçən ilin aprelində yenidən qızışan döyüşlər və ötən həftələrdə intensivləşən toqquşmalar bunun əksini sübut edir.

İran və Türkiyənin də sülh, təhlükəsizlik və sabitlik üçün davamlı həllin tapılması prosesindən kənarda qaldığını söyləmək olmaz. Bunu Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin iştirakı ilə ötən ilin avqustunda Bakıda keçirilmiş görüş və 2008-ci ildə Gürcüstan böhranından sonra dayandırılmış “Qafqazda sülh platforması” ideyasının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yenidən canlandırılması da təsdiqləyir.

Bundan başqa, ötən ay keçirilmiş Münhen Təhlükəsizlik Konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistan, Azərbaycan, o cümlədən işğal edilmiş rayonlarla həmsərhəd olan ölkəsinin bu problemin həllində vasitəçilik etməyə hazır olduğunu bir daha dilə gətirib. Bir neçə gün əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının Pakistanın paytaxtı İslamabadda keçirilən toplantısı isə beynəlxalq münasibətlərin həyata keçirilən çoxsaylı regional iqtisadi layihələr vasitəsilə “şərqləşməyə” başladığını təsdiqləyir.

İqtisadi layihələr iki ölkə arasında davam edən böhranın həm ümumi, həm də qarşılıqlı marağa əsaslanan həlli üçün yaxşı zəmin yarada bilər. Çünki 2015-ci ilin sentyabrında Suriyaya müdaxilə etməklə Orta Şərqdə sülhün “qarantı”na çevrilmiş Rusiya indi, hərbi fəaliyyət radiusunu, nüfuz dairəsini genişləndirməyə getdikcə daha çox meyl edir. Qısacası, yaxın qonşuluqdakı münaqişələrdə rəsmi Moskvanın öz maraqları var.

Güman edək ki, Yerevan ölkədə aprelin 2-də keçiriləcək seçkilər ərəfəsində müharibəyə çağırış aksiyalarını yatıracaq, Bakı isə hərbi büdcəsinin əhəmiyyətli artımının qarşısını alacaq və bununla da, Ermənistan və Azərbaycan prezidentləri yaranmış imkandan istifadə edəcək.

Tez-tez deyilir ki, sülhə nail olmaq üçün qarşı-qarşıya duran iki tərəf buna razı olmalıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə bu, belə deyil. Görünən odur ki, bu məsələdə sülhə nail olmaq üçün 3 tərəf razılığa gəlməlidir. Suriya böhranında olduğu kimi, bu oyunda da “top” Rusiya tərəfindədir.

(Fransız dilindən tərcümə - WM)

Mənbə: LE HUFFINGTON POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az