28.06.2017 07:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanla Fransa arasında siyasi müzakirələr
 
27.06.2017
Le Caucase, Fransa
 

  Müharibə hazırlığı: Rusiya ilə ABŞ Qarabağ problemini birdəfəlik həll etmək istəyir
 
26.06.2017
Lragir.am, Ermənistan
 

  Bakı: dünyaya açıq olmaq istəyən ölkənin güzgüsü
 
25.06.2017
Le Soleil online, Seneqal
 

  Azərbaycan kinosu Romada tamaşaçılarla görüşdü
 
24.06.2017
HABERLER.COM, Türkiyə
 

  Azərbaycan Qran Prisi: Tras və statistika
 
23.06.2017
F1NEWS.RU, Rusiya
 

 
 
Ermənistan-Azərbaycan: Fransa münaqişənin sülh yolu ilə həllinə töhfə verməlidir

 
 



Libération, Fransa
18.03.2017


Müəllif: Mirvari Fətəliyeva

Azərbaycan prezidenti İlham Əliyev Fransaya rəsmi səfəri çərçivəsində Yelisey sarayında bu ölkənin dövlət başçısı ilə görüşüb. Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edib. Qeyd edək ki, Fransa Azərbaycanın müstəqilliyini tanımış ikinci ölkədir. Bu səfər, eyni zamanda, iki ölkə arasındakı əlaqələrin dinamizmindən xəbər verir və bunun bir neçə səbəbi var.

Ümumiyyətlə, bu illər ərzində Fransa ilə Azərbaycan arasında əlaqələr böyük dinamika ilə inkişaf edib. Çünki Azərbaycan böyük maraq doğuran ölkə, önəmli siyasi tərəfdaşdır. Gənc demokratik respublika olan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müasirləşmək, hüquqi dövlət qurmaq, demokratik institutlar yaratmaq məqsədilə çox vacib siyasi, iqtisadi və institusional islahatlar aparır.

Azərbaycanda qadınlara səsvermə hüququ hələ 1918-ci ildə verilib. 1998-ci ildə isə ölkədə ölüm hökmü ləğv edilib. Burada dünyəvilik və tolerantlıq ənənələri inkişafdadır, müsəlmanlar – şiələr və sünnilər, xristianlar və yəhudilər bir ailə kimi, qarşılıqlı hörmət şəraitində yaşayır. Bu gün Ermənistanla münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycanda 30 minə yaxın erməni vətəndaş tam təhlükəsiz şəraitdə yaşamaqdadır.

Azərbaycan yürütdüyü müstəqil siyasətlə həm Rusiya, həm də Qərblə yaxşı münasibətlərə malikdir. Beləliklə, biz – Fransadakı Azərbaycan icması prezident Əliyevin Parisə rəsmi səfərini dəstəkləyirik.

Bir daha xatırlatmaq istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Münaqişə 1988-ci ildən 1994-cü ilədək Ermənistanla Azərbaycan arasında silahlı qarşıdurmalara səbəb olub və Azərbaycan ərazisinin 20%-nin (Dağlıq Qarabağ və ətrafdakı 7 rayon) işğalı, azərbaycanlı əhalinin doğma yurd-yuvasından didərgin salınması ilə nəticələnib. Hazırda 1 milyon (ölkə əhalisinin 10%-i) qaçqın və məcburi köçkünü olan Azərbaycan dünyada əhalisinin say nisbətinə görə, ən çox qaçqın və məcburi köçkünə malik ölkələrdən biridir.

Bu etnik təmizləmənin kulminasiya nöqtəsi 1992-ci il fevralın 26-da – qadın, uşaq və qocalar da daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımı olub. Xocalı soyqırımının törədilməsini şəxsən sifariş vermiş şəxs – Ermənistanın indiki prezidenti Serj Sarqsyan bu qətliamda əli olduğunu Qərb jurnalistlərinə müsahibəsində özü etiraf edib.

Münaqişənin həllinə gəlincə, onun fundamental əsasları BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilib. Bu qətnamələrdə Azərbaycana qarşı güc istifadə edilməsi, onun ərazilərinin işğalı pislənir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiqlənir, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyri-şərsiz çıxarılması tələb olunur.

Mən özüm həmin dövrdə uşaq idim və ailəmlə birlikdə azərbaycanlılara qarşı törədilmiş bu dəhşətlərin şahidiyəm. Fransada yaşayan azərbaycanlı icması adından ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan, həmçinin beynəlxalq birlikdən Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması üçün bu işğalın pislənməsini, bu istiqamətdə əməli tədbirlərin görülməsini tələb edirik.

Bütün həqiqətlərin əksinə olaraq, özünün başladığı münaqişədə hər vəchlə özünü münaqişənin qurbanı kimi qələmə verməyə çalışan təcavüzkar Ermənistanı işğalın sonsuzadək davam etməsinin mümkün olmayacağını anlamağa çağırırıq. İnanırıq ki, ümumbəşəri dəyərlərimizin qorunub saxlanması yalnız birgə səylərlə mümkündür. Fransa isə hər iki ölkə ilə əlaqələri və ona həvalə edilmiş vasitəçilik sayəsində münaqişənin həllinə töhfə verə bilər.

(Fransız dilindən tərcümə - WM)

Mənbə: Libération


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az