28.06.2017 07:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanla Fransa arasında siyasi müzakirələr
 
27.06.2017
Le Caucase, Fransa
 

  Müharibə hazırlığı: Rusiya ilə ABŞ Qarabağ problemini birdəfəlik həll etmək istəyir
 
26.06.2017
Lragir.am, Ermənistan
 

  Bakı: dünyaya açıq olmaq istəyən ölkənin güzgüsü
 
25.06.2017
Le Soleil online, Seneqal
 

  Azərbaycan kinosu Romada tamaşaçılarla görüşdü
 
24.06.2017
HABERLER.COM, Türkiyə
 

  Azərbaycan Qran Prisi: Tras və statistika
 
23.06.2017
F1NEWS.RU, Rusiya
 

 
 
Azərbaycan yəhudisi qədər xoşbəxt

 
 



l’Arche, Fransa
05.04.2017


Müəllif: Jan-Pyer Alali

Azərbaycan İslam torpağı olsa da, bu gün – 2017-ci ildə yəhudilərin tam əmin-amanlıq, yerli əhali ilə harmoniya şəraitində yaşadığı ölkədir. İsrailin dostu olan bu ölkədə on minlərlə yəhudi yaşayır. Gəlin, çox da məşhur olmayan bu icmaya nəzər salaq.

Qərbi Asiya ölkəsi olan Azərbaycan şərqi Zaqafqaziyada yerləşir. Şimaldan Rusiya Dağıstanı, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan və cənubdan İranla həmsərhəd olan Azərbaycanın şərq sahillərini Xəzər dənizinin suları yuyur. 86,6 min kvadrat kilometrlik əraziyə malik bu kiçik ölkənin paytaxtı Bakı şəhəridir. Əhalisinin sayı 9 milyon nəfərdir. Əhalinin əksəriyyətini azərbaycanlılar təşkil etsə də, burada milli azlıqların çox olması onu əsl xalqlar mozaikasına çevirir.

Azərbaycanlılardan başqa, burada ləzgilər, ruslar, ukraynalılar, gürcülər, ermənilər, talışlar, avarlar, türklər, tatarlar, saxurlar, kürdlər, tatlar, udinlər, xınalıqlılar, ingiloylar, haputlar, dzeklər, qırğızlar, basqallılar və… yəhudilər yaşayır.

Hələ İsrail dövləti yaranmamış, Azərbaycanda təxminən 80 min yəhudi var idi. Onlardan 50 mini sonradan İsrail torpağına, digərləri isə dünyanın müxtəlif yerlərinə köçüb. Lakin bu insanların çoxu mənsub olduqları ölkəyə müntəzəm şəkildə baş çəkir. Azərbaycandakı yəhudi icmasının hazırkı rəhbərliyi bu ölkədə 30 min yəhudinin yaşadığını desə də, əslində bu rəqəm 20 minə yaxındır. Məsələ ondadır ki, icma rəhbərləri Azərbaycana müntəzəm gəlib-gedən israilliləri və qarışıq nikahdan doğulan uşaqları da sayır. Belə hallara tez-tez rast gəlinir.

Azərbaycanda yəhudilərin mövcudluğunun uzun tarixi var. Məbədin dağıdılmasından sonra Qüdsdən, daha sonralar isə İran, Almaniya, Rusiya, Gürcüstan və ümumiyyətlə Mərkəzi Avropadan buraya yəhudilər üz tutub. Bəziləri iddia edir ki, Azərbaycan yəhudiləri yəhudiliyi VIII əsrdə qəbul etmiş kral Bulanın mifik səltənətinin sakinləri olan xəzərlərin nəslindəndir. Lakin bu iddia mübahisə doğurur. Bakıda aşkenazların, gürcü və dağ yəhudilərinin hərəsinin oz sinaqoqu var. İnşasına 2002-ci ildə başlanılmış aşkenaz sinaqoqunun tikintisi vəsait çatışmazlığı səbəbilə yarımçıq qalmışdı. Bu gün həmin sinaqoqun tikintisi başa çatıb və ona ravin Habad rəhbərlik edir. Digər bir ravin isə gürcü yəhudilərinə məxsus sinaqoqun başçısıdır.

Böyük sinaqoqa gəldikdə, onun ravini gənc məzundur. Bütün Bakı yəhudi icması Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevin sədrliyi alındadır. İcmanın fəaliyyəti çoxşaxəlidir: qadın assosiasiyaları, gənclər qrupları, orta təhsil müəssisələri… Bakıda dövlət orqanı statusu daşıyan 3 məktəbdə yəhudi dili tədris olunur.

13 il əvvəl Azərbaycanda Böyük Gənclər Hərəkatı yaradılıb. Hazırda bu hərəkatın təxminən 600 üzvü var. Daha gənc yəhudilər üçün isə ənənəvi yəhudi gənclər assosiasiyaları fəaliyyət göstərir. Bu qurumlar İsraillə sıx bağlıdır və Yəhudi Agentliyinin “Taqlit” və “Massa” kimi proqramlarında iştirak edirlər. Həkim Larisa Reyxrüdel tərəfindən idarə olunan Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası mütəmadi olaraq müxtəlif beynəlxalq konqreslərdə iştirak edir.

Yəhudiləri Bakının iki yüz kilometrliyində, Rusiya Dağıstanı ilə sərhəddə yerləşən Quba şəhərində, daha dəqiq desək, xüsusilə tatların yaşadığı Qırmızı Qəsəbədə tapmaq olar. Bu qəsəbədə 3 gözəl sinaqoq və 4 min yəhudi var. Bu, yerli əhalinin 80%-ni təşkil edir.

Qonşu Dağıstanda olduğu kimi, burada da cuhuri, yaxud yəhudi tatcasında danışırlar. Yerli ənənələr göstərir ki, yəhudilər burada eramızdan əvvəl 722-ci ildən yaşayıb. Qədim zamanlarda tat yəhudiləri kənd təsərrüfatı, bağçılıq və maldarlıqla məşğul imişlər. Onlar digərlərindən təbii qida boyası olan “marna” istehsal etməklə fərqlənirmişlər. Sonralar onlar tacirə, balıqçıya çevrilib. Bəziləri neft və qaz sənayesinə də əhəmiyyətli töhfələr verib. Onların arasında ölkənin neft sənayesinin rəhbəri təyin edilmiş Yaakov Aqarunov da var.

Sinaqoqlara yalnız ayaqqabıları çıxararaq girmək olar. Orada da icma fəaliyyəti meriya tərəfindən yaxı təşkil olunur. Şəhərin yüksəklik sayıla biləcək hissəsində çox səliqəli qəbiristanlıq var. Burada minlərlə qədim məzara rast gəlmək mümkündür.

Hər gün, xüsusilə hava yaxşı olanda yaşlı yəhudilər Heydər Əliyev Parkına toplaşaraq domino və ya nərd oynayır. Gənclər də özlərinin çox üstünlük verdikləri oyunlarla məşğul olur. Parkın kənarında “gizlənmiş” otel qəsəbəyə tanışlıq məqsədilə gələn turistlərə öz xidmətlərini təklif edir.

Gürcüstanla sərhədə yaxınlığın yerləşən Oğuz rayonunda da 50-dək yəhudi ailəsi yaşayır. Bu rayonun yəhudi kəndindəki taxta sinaqoq bu yaxınlarda restavrasiya edilib.

Qadınlara Fransadan 25 il əvvəl seçki hüququ vermiş və yalnız rəsmi nikahın tanındığı ciddi dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın daha bir xüsusiyyəti onun İsraillə sıx münasibətlərə malik olmasıdır. Azərbaycan İsrailin enerji tələbatının 40%-ni ödəyir. Rəsmi Bakı ilə Təl-Əviv arasında əməkdaşlıq sazişləri imzalanıb. 2006-cı ildə bir İsrail şirkəti Rusiya bazarlarına çiyələk çıxarmaq üçün Bakının şimalında istixana kompleksi yaradıb. İsraillilər Azərbaycanın yol şəbəkəsinin yaxşılaşdırılmasına da öz töhfəsini verir. “Israel Aircraft Industries” şirkəti Azərbaycanın milli aviaşirkəti olan AZAL-ın təyyarələrinə texniki baxışı həyata keçirir.

Şəhərin mərkəzi meydanlarından birində başını qaldırdığın an dalğalanan İsrail bayrağını görə bilərsən. Bura İsrail səfirliyinin binasıdır. Azərbaycanın İsraildə səfirliyi olmasa da, bu vəziyyət çox davam etməz.

Beləliklə, İran, Bəhreyn və İraq kimi şiə müsəlmanı torpağı olan Azərbaycanda xoşbəxt yəhudilərə rast gəlmək mümkündür.

(Fransız dilindən tərcümə - WM)

Mənbə: l’Arche


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az