23.05.2017 07:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  QDİƏT sammitində Azərbaycan-Ermənistan gərginliyi
 
22.05.2017
Milliyet, Türkiyə
 

  Azərbaycan: iqtisadi tərəfdaş, sülhpərvər dövlət
 
22.05.2017
HeraldNet, ABŞ
 

  Xüsusi reportaj: Həmrəylik oyunları
 
22.05.2017
Sobesednik.ru, Rusiya
 

  Bakıda bu yaz necə keçir?
 
19.05.2017
Rossiyskaya Qazeta, Rusiya
 

  Azərbaycan İrana investisiya yatırmağa hazırdır
 
19.05.2017
TAADOL NEWSPAPER, İran
 

 
 
Mərkəzi Asiya ölkələri Suriya münaqişəsinin həllində vasitəçi ola bilərmi?

 
 



The National Interest, ABŞ
14.04.2017


Müəllif: Fərhad Məmmədov

Qərbi Avropa ölkələrinin bəzi aparıcı media orqanları və ekspertləri Avrasiyanın qəlbində yerləşən ölkələrdə baş verən siyasi hadisələrin mahiyyətini və məntiqini, xüsusilə postsovet dövlətlərinin xarici siyasətini heç də hər zaman anlaya bilmir. Qərbi Avropa mediası və ekspertləri postsovet ölkələrinin siyasətini “Avropayönümlü” və “Rusiyayönümlü” kimi sadə kateqoriyalara bölməyə meyillidir. Onlar bu ölkələrin yerləşdiyi coğrafi mövqeyi, regional və tarixi konteksti nəzərə almır.

Qərb mediası və ekspertləri nəinki bu bölgə haqda ziddiyətli düşüncəyə malikdir, həm də onların siyasətini liberal dünya görüşü, yəni insan haqları və demokratiya çərçivəsində izah etməyə meyillidir. Lakin sabitliyin kövrək olduğu, regional güclərlə yumşaq mübarizə aparan, milli suverenliklərini qorumağa çalışan bu ölkələrin vəziyyəti daha çətin və mürəkkəbdir.

Beynəlxalq münasibətlər sahəsində çalışan peşəkar nəzəriyyəçi yaxşı bir mövzu üzərində işləyə bilər: Avrasiyanın qəlbində yerləşən iki əsas ölkə – Azərbaycanla Qazaxıstanın xarici siyasətindəki yaxınlıq və oxşarlıq. Həm Azərbaycan, həm də Qazaxıstan müstəqillik əldə etdikləri andan, özlərini sabit, yaşamaq üçün yararlı ölkə, regional və beynəlxalq məsələlərin fəal oyunçusu kimi göstərməyə çalışıb.

Üst-üstə düşən maraqlar və siyasət

Azərbaycanla Qazaxıstan Avrasiya İqtisadi İttifaqı (Aİİ), yaxud Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi təşkilatlar çərçivəsində müttəfiq olmasalar da, onların regional və qlobal siyasətləri üst-üstə düşür. Hər iki ölkə bir-birinin müstəqil siyasət yürütmək niyyətini dəstəkləyir.

Yeri gəlmişkən, bu il aprelin ilk həftəsində Qazaxıstan prezidenti Azərbaycanda səfərdə olub. Qeyd edim ki, Azərbaycan Moskvanın rəhbərlik etdiyi Aİİ və KTMT təşkilatlarına üzv olmadan belə, bu qurumların üzvlərilə səmərəli əlaqələr qurub. Bununla da Azərbaycan Ermənistanın müttəfiqlərilə bağlı ümidlərini puç edib. Belarus və Qazaxıstanın ərazi bütövlüyü məsələsində bu təşkilatlarda rəsmi şəkildə müttəfiq olduqları Ermənistanı dəstəkləməməsi Azərbaycanın uğurunun göstəricisidir. Bundan başqa, ötən ilin aprelində Azərbaycanla Ermənistan arasında baş vermiş qanlı toqquşmalardan sonra Aİİ-nin əvvəlcədən Yerevanda keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşü Qazaxıstanın görüşə qartılmaqdan imtinası səbəbilə təxirə salınmışdı.

Beləliklə, Qazaxıstan dövlət başçısının – bu ölkə hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür – Bakı səfəri həm Azərbaycan, həm də Qazaxıstan üçün istər regional, istərsə də qlobal miqyasda “saatların tutuşdurulması” üçün əla imkan olub. Amma əslində, iki ölkə maraqlarının təbii şəkildə yaxınlaşması, siyasətin uyğunlaşdırılması regional çərçivəni aşır. Bunun da Avrasiyada təhlükəsizlik və sabitliklə bağlı qlobal problemlərin həllilə əlaqəsi var.

Xüsusilə, bu yaxınlarda ABŞ-ın Suriyanın “Əş-Şəyrat” aerodromuna raket hücumundan sonra Qərb ölkələrinin Suriyada vətəndaş müharibəsinin sona çatdırılması ilə bağlı aydın strategiyasının olmadığı üzə çıxıb. Üstəlik Avropanın əsas ölkələrində seçkilərin yaxınlaşması orada qeyri-sabitliyə də yol aça bilər. Bütün bunların fonunda Qazaxıstanla Azərbaycan vacib beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, problemlərin həllində ortaq məxrəcə gəlinməsi istiqamətində addımlayır. Bu, hər iki ölkənin Suriya münaqişəsinin həllində də birgə çalışa biləcəyini göstərir.

Siyasətin yaxınlığı

2017-ci il yanvarın 23-də Qazaxıstan 3 vacib oyunçu – Rusiya, İran və Türkiyə arasında keçirilmiş üçtərəfli görüşə ev sahibliyi edib. Bu platformada Bəşər Əsəd hökumətinin nümayəndələri və onlarla mübarizə aparan 28 müxalifət qrupunun üzvləri də iştirak edib. ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol bu görüşə müşahidəçi kimi qoşulub. Görüşün keçirilməsi üçün neytral ölkə olaraq Qazaxıstanın seçilməsi heç də təsadüf deyil. Qazaxıstan özünü Cenevrə prosesinə alternativ, yaxud bu prosesə əlavə ölkə kimi göstərə bilib. Cenevrə prosesində isə məlum olduğu kimi, vacib nəticələr əldə edilməyib.

Qazaxıstan rəhbərliyinin Rusiya, İran və Türkiyə ilə yaxşı əlaqələri var. Üstəlik Astana yalnız sadalanan ölkələrin deyil, həm də müxtəlif maraqlara sahib vacib beynəlxalq oyunçuların da inamını qazanıb. Qazaxıstan xüsusilə, 2015-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiya qırıcısını vurmasından sonra Ankara ilə Moskva arasında əlaqələrin yaxşılaşdırılması səylərinə görə etibarlı vasitəçi adını qazanıb.

Xatırladım ki, bu il fevralın 16-da Bakıda daha bir vacib görüş keçirilib. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Suriya məsələsini müzakirə etmək üçün Azərbaycan paytaxtı Bakıda görüşüblər. Bu yüksək səviyyəli görüşün (bu, Ukrayna hadisələrdən sonra ABŞ ilə Rusiya arasında ilk belə görüş idi) məkanı da təsadüfən seçilməmişdi. Bakı regionda bütün tərəflərin neytral saydığı yeganə məkandır. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın da bu yaxınlarda dediyi kimi, Azərbaycan nə Aİİ-nin, nə də NATO-nun üzvüdür, lakin onun həm ABŞ, həm də Rusiya ilə yaxşı əlaqələri var. Məhz bu faktlara görə Bakı tərəflər üçün daha uyğun məkan sayılır.

Suriyada vəziyyətin daha da pisləşməsindən sonra, Azərbaycan prezidenti İlham Əliyev baş qərargah rəislərinin Azərbaycanda keçirilmiş görüşünün əhəmiyyətini bir daha vurğulayıb. Bir sözlə, Azərbaycan neytral və etibarlı ölkə kimi tanınır.

Suriyada vətəndaş müharibəsinin başladığı andan Azərbaycanla Qazaxıstan münaqişədə iştirak edən güclərdən heç birini dəstəkləməyib. Həm Bakı, həm də Astana bu məsələdə özünü neytral ölkə kimi göstərib. Bununla yanaşı, onlar Suriyaya beynəlxalq humanitar yardım göstərilməsinə hazır olduqlarını bəyan ediblər.

İndi, Suriyadakı son hadisələr fonunda münaqişədə iştirak edən əsas tərəflər, xüsusilə, ABŞ ilə Rusiya problemin sülh yolu ilə həllinə nail olunması üçün neytral ölkələrin tapılmasında çətinlik çəkə bilər. Bu yerdə yenə Azərbaycanla Qazaxıstanın belə platforma kimi çıxış etməsi mümkündür.

Lakin Azərbaycanla Qazaxıstanın Suriya məsələsində fəal iştirakdan boyun qaçırmasının da bir neçə izahı var. Birinci, onların bu məsələdə fəal olmasına birbaşa siyasi, iqtisadi və hərbi səbəb yoxdur. İkincisi, onlar Suriyadakı vəziyyətə müdaxilə etmək imkanına da malik deyillər. Üçüncüsü, Suriya münaqişəsində müxtəlif maraqları olan regional və qlobal oyunçular iştirak edir. Azərbaycanla Qazaxıstanın isə həmin ölkələrlə səmərəli ikitərəfli və çoxtərəfli əlaqələri var. Beləliklə, Bakı ilə Astana Suriya münaqişəsində məhz ikitərəfli əlaqələrə ziyan vurmamaq üçün heç bir ölkənin tərəfini tutmur.

Bununla yanaşı, Bakı ilə Astananın Suriyada baş verənlərə təsir imkanlarının məhdudluğu o demək deyil ki, onlar bu qanlı toqquşmaların sona çatmasında, daha geniş ərazilərə yayılmaq potensialı olan bu münaqişənin mənfi təsirlərinin aradan qaldırılmasında maraqlı deyil. İstər Azərbaycanın, istərsə də Qazaxıstanın siyasəti regional problemlərin həllinə istiqamətlənib. Birincisi, onlar Avrasiyanın qəlbində regional güclər, o cümlədən Rusiya, Tükiyə və İran kimi qlobal güclər arasında toqquşmanın qarşısını almaq istəyir. Bakı ilə Astana arzulayır ki, bu güclər sülh şəraitində yaşasın, onların rəqabətə əsaslanan yaxşı əlaqələri, məhsuldar əməkdaşlığı olsun. Bakı ilə Astana regional güclərin aqresiv qütbləşmə yolu ilə getməsini istəmir. Çünki bu halda bütün region döyüş meydanına çevrilə bilər. Hər halda, bu region xalqlarının regional güclərin qütbləşməsilə bağlı dəhşətli xatirələri var.

Tarixən, bu üç ölkə regionda əsas rəqiblər olub. Coğrafi və tarixi səbəblərdən onlar Cənubi Qafqazla həmsərhəddir. Lakin onların heç birinin Cənubi Qafqaz ölkələri ilə çox uzun sərhədi yoxdur (Türkiyə istisna olmaqla. Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də həmsərhəddir. Naxçıvan Muxtar Respublikasının isə öz növbəsində, Azərbaycanın digər hissəsilə quru sərhədi yoxdur). Amma Cənubi Qafqazda hər hansı layihənin həyata keçirilməsi üçün, regionun ən azı iki ölkəsilə əməkdaşlıq etmək lazımdır. Yaxın Şərqlə qonşu olan bu dövlətlər isə öz növbəsində, böyük infrastruktur layihələrinin həyata keçirilməsinə münbit şərait yaradaraq, regional təhlükəsizliyə müsbət təsir göstərə bilər. Bundan başqa, onlar tərəflər arasında əlaqə və inamın yaradılmasına, o cümlədən əməkdaşlığa yardım göstərməklə, münaqişələrin həllinə də kömək edə bilər.

Hər halda, Qazaxıstanın təşəbbüsü ilə keçirilmiş sözügedən Astana görüşündən sonra real nəticələr əldə olunub. Məsələn, görüşdən sonra Rusiya, Türkiyə və İran Suriya münaqişəsində diplomatik addımlarını və hərbi əməliyyatları sinxronlaşdırıb. Suriya münaqişəsində iştirak edən xarici və daxili oyunçular arasında böyük fikir ayrılığının olmasına baxmayaraq, regional güclər münaqişənin mümkün qədər tez həll olunmasının həyati əhəmiyyətini anlayır.

Təhlükəsizlik problemi və enerji diplomatiyası

Rusiya, Türkiyə, İran və ABŞ arasında Suriya üzündən yaranmış gərginlik təhlükəsizlik məsələsini daha da mürəkkəbləşdirə bilər. Onsuz da Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərində baş verən toqquşmalar, həmçinin Cənubi Qafqazda separatçılıq üzündən yaranmış digər münaqişələr bölgəmizdə təhlükəsizlik problemi yaradır. Halbuki, neftin ucuzlaşmasından, bununla əlaqədar yaranmış iqtisadi çətinliklərdən sonra istər Azərbaycanın, istərsə də Qazaxıstanın enerji resurslarından asılılığı aradan qaldırmaq məqsədilə lazımi iqtisadi islahatları həyata keçirməsi üçün regional sabitliyə, təhlükəsizliyə ehtiyacı var.

Bu arada Bakının təşəbbüsü ilə enerji sahəsində daha bir layihə – “Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilir. O, Avropanın enerji təhlükəsizliyini təmin etməlidir. Lakin 1990-cı illərin sonlarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin üzləşdiyi təhlükəsizlik problemlərilə indi, “Cənub Qaz Dəhlizi” qarşılaşıb.

“Şərq-Qərb”, “Şimal-Cənub” çoxşaxəli nəqliyyat dəhlizi layihələrinin reallaşdırılmasına, ölkədə davam edən institusional islahatlara görə də Azərbaycan istər Cənubi Qafqazda, istərsə də qonşu regionlarda sabitliyin qorunmasında maraqlıdır. Sadalanan layihələrin həyata keçirilməsilə Azərbaycan müxtəlif marşrutların kəsişdiyi ölkəyə çevriləcək. Odur ki, Bakının guya diqqəti daxili problemlərdən yayındırmaq məqsədilə Ermənistanla təmas xəttində gərginliyin yaranmasında maraqlı olduğu haqda iddialar bəsit və əsassızdır.

Beləliklə, Suriya münaqişəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionun təhlükəsizliyinə mənfi təsir göstərir. Bu münaqişənin daha gərginləşməsi əlbəttə ki,  regiondakı vəziyyətə mənfi təsirini göstərəcək. Suriyada vəziyyətin eskalasiyası ilk növbədə regional və qlobal güclər arasında rəqabəti gücləndirəcək. Bu isə onsuz da kövrək olan regional düzəni poza bilər.

Bundan başqa, Rusiyanın (əsasən Şimali Qafqaz regionundan), Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin ümumilikdə minlərlə vətəndaşı Suriyada fəaliyyət göstərən terror təşkilatlarına qoşulub. Bu, həmin ölkələrin təhlükəsizliyinə təhdid yaradır. Odur ki, sözügedən ölkələrin müvafiq strukturları əməkdaşlıq edə, Azərbaycanla Qazaxıstan isə müxtəlif maraqları olan tərəflər arasında vasitəçiliyi öz üzərinə götürə bilər.

Suriya böhranı digər mövcud münaqişələrə də birbaşa və dolayısı ilə mənfi təsir göstərir. Məsələn, Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik, münaqişəyə guya İŞİD terror təşkilatı üzvlərinin qoşulduğu haqda əsassız iddialar informasiya müharibəsinin alətinə çevrilib. Bundan başqa, Ermənistana Suriyadan gəlmiş qaçqınlar, yəni etnik ermənilər qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yerləşdirilir. Bu isə Azərbaycanla Ermənistan arasında əlavə gərginlik yaradır.

Sonda bir daha xatırladım ki, Qazaxıstanla Azərbaycan Avrasiyanın göbəyində, yəni coğrafi olaraq mürrəkəb, gərgin regionda yerləşir. Odur ki, təhlükəsizliklə bağlı ümumi çağırışlar hər iki ölkəni istər Suriya böhranı, istərsə də digər qlobal problemlərlə bağlı eyni siyasət yürütməyə vadar edir.

Bundan başqa, Azərbaycanla Qazaxıstan həm ölkə daxilində, həm də Avrasiyanın qəlbində iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsində ümumi maraqlara malikdir. Bu yaxınlarda Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında “Şərq-Qərb” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı vacib razılaşma da imzalanıb.

(İngilis dilindən tərcümə - WM)

Mənbə: The National Interest


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az