19.08.2017 15:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan
 
08.08.2017
Əl-İmarat əl-yaum, BƏƏ
 

 
 
Dağlıq Qarabağ münaqişəsinin iqtisadi təsiri

 
 



INTERNATIONAL POLICY DIGEST, ABŞ
17.04.2017


Müəllif: Orxan Bağırov

Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayında imzalanmış atəşkəs razılaşması ilə başa çatmış Dağlıq Qarabağ müharibəsi hər iki tərəfin iqtisadiyyatına böyük təsir göstərib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində, təxminən 900 Azərbaycan kəndi məhv edilib, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, Azərbaycan ərazisinin 20%-i Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub, ölkənin iqtisadi təhlükəsizliyinə təhdid yaranıb. 1994-cü ildə Azərbaycanda inflyasiya 1800%-dək artıb. 1989-1994-cü illərdə ölkədə ümumdaxili məhsulun həcmi 60% azalıb. Bunun 43%-i kənd təsərrüfatının, 60%-i isə sənayenin payına düşüb.

Müharbə nəticəsində, Azərbaycanda təqribən 7 min müəssisə bağlanıb. O zaman ölkədə taxıl istehsalının 24, likör istehsalının 41, kartof istehsalının 46, ət istehsalının 18, süd istehsalının 34%-i bu müəssisələrin payına düşürdü.

Ermənistan Azərbaycanın meşə massivinin təxminən 25%-ni, o cümlədən qızıl, xrom və mis yataqlarının yerləşdiyi zəngin əraziləri zəbt edib. İndi, Ermənistan bu yataqlardan istifadə etməklə, özünü dünyanın qiymətli metal ixrac edən aparıcı ölkələrindən biri kimi göstərir.

Müharibə vaxtı Ermənistan Dağlıq Qarabağ ərazisindəki süni suvarma sistemini də dağıdıb. Beləliklə, Azərbaycanın işğal altındakı 5 rayonunun süni suvarma sistemi məhv edilib. BMT-nin hesabatına əsasən, münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına ümumilikdə təxminən 53,5 milyard dollar zərər dəyib.

1990-cı illərdə üzləşdiyi iqtisadi problemlərə baxmayaraq, Azərbaycan iqtisadi böhranı dəf edə bilib. Ölkə neft resusrları hesabına iqtisadiyyatını inkişaf etdirib. Nəticədə, 2006-cı ildə o, dünyada ümumdaxili məhsulu ən çox artan (34,5%) ölkə olub. 2000-2015-ci illərdə isə ölkə iqtisadiyyatının orta illik artımı təxminən 11% təşkil edib. Avropa dövlətlərilə neft müqavilələri imzalanıb və Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevrilib. 2014-cü ildə tərəflər arasında ticarət dövriyyəsi 31 milyard dollara çatıb. Bu, 1995-ci ilin göstəricisindən 24 dəfə çoxdur. Beləliklə, müharibədən sonra Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə inkişafı, onu Cənub Qafqaz regionun ən güclü iqtisadiyyata malik ölkəsinə çevirib.

Ermənistan isə Azərbaycan ərazilərini işğal etdikdən sonra regionun ən çox iqtisadi və sosial problemlərlə üzləşən ölkəsinə çevrilib. 1993-cü ildə Ermənistanda ümumdaxili məhsul 47% azalıb, 1 il sonra inflyasiya 5000%-dək artıb. 1988-ci ildə bu ölkədə yoxsulluq səviyyəsi 20% olub. 1996-ci ildə bu göstərici 55%-dək artıb. Ermənistanın işğalçı siyasəti nəticəsində, Azərbaycanla Türkiyə onunla sərhədləri bağlayıb. Nəticədə o, məhsullarını Avropa ölkələrinə və Rusiyaya yalnız Gürcüstan vasitəsilə icxac edə bilir. Gürcüstanda qeyri-sabit iqtisadi vəziyyət isə Ermənistan iqtisadiyyatına birbaşa zərbə vurub. Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə baş vermiş müharibə nəticəsində sərhədlərin bağlanmasına görə, Ermənistan ixracdan əldə etdiyi gəlirin təxminən 600-700 milyon dollarını itirib, ölkədə buğda, benzin qıtlığı yaranıb. Bundan başqa, Ermənistan regional nəqliyyat layihələrində də iştirak edə bilmir.

Azərbaycanın neft-qaz nəqlində tranzit ölkə olmaq imkanını itirmiş Ermənistan, Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsindən də kənarda qalıb. Bu, ölkənin sosial-iqtisadi inkişafını təhlükə altına qoyur. Eyni zamanda, bununla Ermənistanın Rusiyadan siyasi və iqtisadi asılılığı artır.

Lakin bütün bu problemlərə baxmayaraq, Ermənistan rəhbərliyi işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmaq istəmir. Bu da yoxsulluq şəraitində yaşayan ermənilərə birbaşa təsir göstərir. Nəticədə, ölkədə narazılıq daha da artır.

Son iki onillik ərzində Azərbaycan regionda iqtisadi vəziyyəti öz xeyrinə dəyişib. Bu, Azərbaycanın hərbi balansı da öz xeyrinə dəyişməsilə nəticələnib. Son 10 ildə Azərbaycan hərbi xərclərini 10 dəfə artırıb. 2015-ci ildə Azərbaycanın hərbi büdcəsi 4,8 milyard dollar olub. Ermənistan isə bu dövrdə hərbi büdcəsini yalnız 3 dəfə, yəni 447 milyon dollaradək artıra bilib.

Azərbaycan 2016-cı ilin aprelində baş vermiş “4 günlük müharibə” zamanı hərbi üstünlüyünü sübuta yetirib. Xatırladaq ki, tərəflər arasında ötən il aprelin 2-də başlamış döyüşlər aprelin 5-də, Moskvada imzalanmış atəşkəs razılaşması ilə sona çatıb. Nəticədə, Azərbaycan işğal altındakı bəzi əraziləri geri qaytarıb.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın bütövlüyünü məhv edib. Bu münaqişə nəticəsində postsovet ölkələri arasında ticarət əlaqələri pozulub, işğal altındakı ərazilərin təbii resusrlarından, sənaye imkanlarından faktiki olaraq istifadə olunmur. Bundan başqa, hər iki tərəf hərbi xərclərə görə böyük maliyyə itkisilə üzləşir. Halbuki, hərbi sahəyə sərf olunan vəsait regional layihələrə, iqtisadiyyatın güclənməsinə xərclənə, bu isə region iqtisadiyyatının inkişafına təkan verə bilərdi.

Münaqişə nəticəsində yaranmış vəziyyət kənar ölkələrin hər iki tərəfə siyasi təzyiqi gücləndirməsinə də şərait yaradır. Bununla yanaşı, münaqişənin sülh yolu həlli imkanları hələ də qalır. Bu, regionun inkişafı, çiçəklənməsi baxımdan böyük əhəmiyyətə malikdir.

Lakin ATƏT-in Minsk qrupunun münaqişənin həlli  istiqamətində uğursuz səyləri, Ermənistan hökumətinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə əməl etməməsi (bu qətnamələrə əsasən, Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxmalıdır) münaqişənin həlli prosesini uzadır və region ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir.

(İngilis dilindən tərcümə - WM)

Mənbə: INTERNATIONAL POLICY DIGEST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az