20.10.2017 03:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Naftalan vannası qəbul etmək, çimərlikdə dincəlməkçün Azərbaycana gedək

 
 



Komsomolskaya pravda, Belarus
20.04.2017


Müəllif: Sergey Malinovski

Bakıya səfəri mayın 10-da keçirilən Gül bayramı ərəfəsinə təyin etmək ideal olardı. Azərbaycan Avropa və Asiya mədəniyyətlərinin, dini və dünyəvi ənənələrin qəribə şəkildə uzlaşdığı azsaylı ölkələrdəndir. İçərişəhərin məsçidləri göydələn “Alov qüllələri” ilə, müasir saraylar naxışlı eyvanlarla zəngin köhnə dalanlarla mehriban qonşuluq edir.

Çoxları bu ölkədə SSRİ dövründə olub. İndi, onlar nələrin dəyişdiyini öz gözlərilə görmək üçün buraya yenidən gəlir. Lakin Azərbaycana ilk dəfə üz tutanlar daha çoxdur. Çünki söhbət gözəl, koloritli və maraqlı bir səyahətdən gedir.

Azərbaycan əsrlər boyu tabeliyində olduğu İrandan islamın şiyəlik qolunu götürüb. Lakin bu gün o, daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə bənzəyir. Təbii ki, sovet irsi də təsirsiz ötüşməyib və hələ də hiss olunmaqdadır.

Türklərlə Azərbaycanı yaxın edən oxşar dil və ən əsası, dövlətin dünyəvi olmasıdır. Hətta müqəddəs Ramazan ayı vaxtı burada mağazalardan alkoqollu içki almaq mümkündür. Küçədə hicablı qadına rast gəlmək isə demək olar ki, mümkün deyil.

Azərbaycanlıların şərqlilərə xas inadkar ünsiyyət tərzi dərhal diqqətinizi çəkəcək. Onların özləri bunu çox vaxt hiss etmir, çünki uşaqlıqdan mübarizə aparmağa öyrəşiblər. Sizi hər yanda “Ey, brat!” deyə çağıracaqlar, bu, sizi çaşdırmasın. Bu, boş sözlər deyil. Məşhur şeirdə necə deyilirdi? “Bilmirdim, mənim belə böyük bir ailəm var”.

Azərbaycanda siz heç vaxt küçədə və ac qalmazsınız – qonaqpərvərlik azərbaycanlıların qanındadır, sizi mütləq yedizdirər, qalmağa yerlə təmin edərlər. Yeri gəlmişkən, Azərbaycanda dil baryeri də yoxdur. Rus dilini hər kəs gözəl bilir. Hətta az bilsələr də, sizinlə dil tapacaqlar. Bu, xarici dil bilmədiyinə görə ölkədən kənara çıxmağa qorxanlar üçün çox böyük üstünlükdür.

Haraları gəzməli?

“Vip Tours” səyahət şirkətinin direktoru Qalina Kravçenko haqlı olaraq deyir ki, Azərbaycanın ürəyi sözsüz ki, Bakıdır: “Şəhər memarlıq baxımından üslub zənginliyinə malikdir. “Brilyant əl” filmində əvvəl Nikulin, sonra isə Mironovun yıxıldığı İçərişəhərin dar küçələrini çox asanlıqla tanıyacaqsınız. Buralar çox az dəyişib, turistlər isə filmdəki həmin o məşhur qapının önündə yolun ortasına yıxılıb-durmaqdan yorulmur. İçərişəhərdə mütləq Qız qalasına qalxmaq və yerli rəssam Əli Şəmsinin art-salonuna baş çəkmək lazımdır. Elə buradaca qədim hamama getmək və Miniatür kitab muzeyinə baxmaq olar. Lakin şəhərin müasir məhəllələrinə də laqeyd qala bilməyəcəksiniz. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini mütləq öz gözlərinizlə görməlisiniz. Axşamlar Bakının ucsuz-bucaqsız dənizkənarı bulvarında gəzişmək isə ayrı bir həzzdir. Əgər siz romantik səyahətə çıxmısınızsa, katerlə Xəzəri gəzməyə və ya bulvardakı kanallarda Venesiya qayıqları ilə dolaşmağa dəyər”.

Azərbaycanın başqa bir iri şəhəri isə tarixi eramızdan əvvəl 10-cu əsrə gedib çıxan Lənkərandır. Yerləşmə baxımından şəhərin bəxti gətirib: Xəzərin qara qumlu və mənzərəli sahili, sıx meşələr, termal su mənbələri sağlamlıq turizmi üçün ideal şəraitdir. Mədəni proqrama isə XVIII əsrin Lənkəran qalasını və qədim müsəlman xanəgahını ziyarəti də daxil etməyə dəyər.

Şərq xəzinələri sorağında Gəncəyə yollanmaq olar. Burada sizə nə zamansa tənha bir yolçunun qızıl və daş-qaşla dolu xəzinə tapması barədə rəvayət danışacaqlar. Lakin müasir səyyahları bu yerlərdə başqa sərvətlər gözləyir. Misilsiz gözəl memarlıq, suvenir köşkləri, rahat kafelər. Gəncənin ürəyi memar Şeyx Bahəddinin layihəsi əsasında inşa edilmiş ansambldır: kompleksə qırmızı kərpicdən tikilmiş Cümə Məscidi (Şah Abbas məscidi - WM), Çökək Hamam və bu gün muzey kimi istifadə olunan karvansara daxildir.

“Azərbaycanda turistlərin diqqətini Sumqayıt kimi gənc şəhərlər də cəlb edə bilər. Burada iqlim yumşaqdır. Çimərliklər bəyaz balıqqulaqlarının narın qumu ilə örtülüb. Qədim abidə görmək istəyənlər şəhər kənarına – Corat və Saray qəsəbələrinə getməlidir. Daha bir gənc şəhər isə Naftalandır ki, o da, adından göründüyü kimi, öz neftilə məşhurdur. Bu neft dəri, əsəb, ginekoloji və ürək-damar xəstəliklərinin dərmanıdır. Naftalan vannasına girib özünüzü yenidən doğulmuş kimi hiss etdinizsə, buradakı Çəlik muzeyinə baş çəkməyin əsl vaxtıdır. Muzeyin eksponatları Naftalanda şəfa tapmış xoşbəxt qonaqların qoltuq ağaclarından ibarətdir”, - deyə Qalina Kravçenko bildirir.

Yemək

Azərbaycanın dini inancları yerli mətbəxə də təsirsiz ötüşməyib. Burada donuz əti yemir, lakin qoyun ətindən çox sayda yemək bişirirlər. Kabab və lülə-kabab, plov, tərəvəz və meyvə kababları hər yanda təklif edilir. Ucuz küçə kafesi, kababxana və ya restoranda ikinəfərlik şam yeməyi təxminən 20-50 dollara başa gələcək. Hər şey yeməkxananın statusundan asılıdır. Bu qiymətə soyuq qəlyanaltı və isti yeməklər, mütləq olaraq odda bişirilmiş ət, şərab, meyvə və Şərq şirniyyatı daxildir. Hərçənd küçədə “əlüstü”, yaxud qəlyanaltı yerlərində də yemək mümkündür. “Fudkort”da 1 nəfərlik pitsa 1-2 dollar, Çin yeməyi isə uzağı 3 dollara başa gələcək.

Bakıda çayı “armudu” adlanan balaca şüşə stəkanlarda içirlər. Əgər sizə çayın yanında mürəbbə də təklif etsələr, əvvəlcə qiymətini soruşun.

Ödənişi bank kartı ilə də etmək olar, lakin hər ehtimala qarşı üstünüzdə bir qədər nəğd pulunuz olsa yaxşıdır.

Nəqliyyat

Bakıda iki iri metro xətti və çoxsaylı avtobus marşrutları var. Gediş cəmi 20 qəpikdir. Şəhər nəqliyyatı cədvəl üzrə hərəkət edir. Əlbəttə, taksi ilə də gəzmək olar, lakin unutmayın ki, yerli taksistlər hətta taksometrlərin olmasına baxmayaraq, öz qiymətlərini “oxuya” bilər. Odur ki, gedişin neçəyə başa gələcəyini bəri başdan danışsanız daha yaxşıdır. Və, nəhayət, funikulyor. Doğrudur, onu ictimai nəqliyyat adlandırmaq olmaz. Amma o, pulsuz işləyir.

Suvenirlər

“Nəzərinizə çatdırım ki, burada 1960-cı ilədək istehsal edilmiş əl işləri – istər xalça, istər qab-qacaq – antikvariat sayılır və onları ölkədən çıxarmaq üçün Mədəniyyət Nazirliyinin sertifikatı tələb olunur. Sertifikat rəsmi sərgi salonları və ya mağazalarda aldığınız əşya ilə birlikdə verilir. Bazarlarda və ya özəl mağazalarda alınmış malların adətən belə sertifikatı olmur. Hər bir Şərq şəhərində olduğu kimi, burada da küçə ticarətçilərindən suvenir və müxtəlif əşyalar aldıqda bazarlıq etmək olar və lazımdır”, - deyə Qalina Kravçenko bildirir.

Ötən ildən Azərbaycanda “tax-free” sistemi işə salınıb. Odur ki, xüsusi stikkerləri olan mağazalardan alış-veriş edən turistlər 18%-lik ƏDV-ni geri ala bilər.

İqlim

Ərazisi kiçik olsa da, Azərbaycan dünyada mövcud olan 11 iqlim qurşağının 8-nin buradan keçməsilə öyünə bilər. Odur ki, eyni vaxtda ölkənin müxtəlif yerlərində havanın hərarətinin 20 dərəcə və daha artıq fərqlənməsi mümkündür.

Burada istirahətin ən yaxşı vaxtı yaz və erkən payızdır. Bu vaxt yağıntı az olur, güclü küləklər əsmir, aran zonası və sahilyanı ərazidə istilik 26 dərəcəni keçmir. Yayda isə hərarət 40 dərəcəyə qədər yüksələ, qışda dağlıq yerlərdə bir o qədər azala bilər.

Viza

Belaruslara Azərbaycan vizası almaq lazım deyil. Onlar bu ölkədə vizasız 90 günədək qala bilər. Bundan başqa, rüsum ödəmədən ölkəyə 1000-dək siqaret və ya 1 kiloqram tütün məmulatı, 1,5 litr tünd alkoqollu içki və 2 litr şərab, şəxsi istifadə üçün ətriyyat və ümumi dəyəri 10 000 dollardan artıq olmamaq şərtilə, başqa mallar gətirmək olar. Ölkədən həmçinin 600 qramadək qara kürü çıxarılmasına icazə verilir.

(Rus dilindən tərcümə - WM)

Mənbə: Komsomolskaya pravda


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az