28.06.2017 07:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanla Fransa arasında siyasi müzakirələr
 
27.06.2017
Le Caucase, Fransa
 

  Müharibə hazırlığı: Rusiya ilə ABŞ Qarabağ problemini birdəfəlik həll etmək istəyir
 
26.06.2017
Lragir.am, Ermənistan
 

  Bakı: dünyaya açıq olmaq istəyən ölkənin güzgüsü
 
25.06.2017
Le Soleil online, Seneqal
 

  Azərbaycan kinosu Romada tamaşaçılarla görüşdü
 
24.06.2017
HABERLER.COM, Türkiyə
 

  Azərbaycan Qran Prisi: Tras və statistika
 
23.06.2017
F1NEWS.RU, Rusiya
 

 
 
İşıqların rəqs etdiyi şəhər - FOTOREPORTAJ

 
 



Hürriyet, Türkiyə
21.04.2017


Müəllif: Saffet Emre Tonguç

Bakı “Küləklər şəhəri” deməkdir. Sovet İttifaqının dağılması ilə müstəqillik qazanmış Azərbaycan özünün neft-qaz ehtiyatları sayəsində böyük inkişaf yaşayır. Budur, Azərbaycan paytaxtı Bakı...

Müasir, çox iddialı memarlıq üslubunda tikilmiş binalar şəhərin siluetini dəyişir. Bakının mərkəzində və yaxın ətrafında demək olar ki, bütün tikililər tarixi binalara uyğun olması üçün bənzər üslubda bərpa edilir. Gecələr xüsusi gözəlliyə bürünən paytaxt Bakının istər tarixi daş binalarının işıqlandırmasına, istərsə də geniş bulvarlarda, parklarda, göydələnlərin üzərindəki işıq rəqslərinə valeh olacaqsınız.

Ümumiyyətlə, Bakını 3 əsas hissəyə ayırmaq olar: İçərişəhər (qədim Bakı), Sovet İttifaqı dövrünün Bakısı və yeni şəhər.

İçərişəhər

Yerli əhali tərəfindən “Köhnə şəhər” adlandırılan İçərişəhər Orta Şərqin ən qədim yaşayış məskənlərindən biridir. Qazıntılar göstərir ki, bura paleolit dövründən yaşayış yeri olub. İçərişəhər 2000-ci ilin dekabrında içində yerləşən Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

Qız qülləsi

Həm Qız qülləsi adlandırılır, həm Qız qalası. Onun qədim Zərdüşt məbədi olduğunu deyirlər. Əsrlər boyu dəniz mayakı, müdafiə qalası, rəsədxana kimi istifadə olunmuş Qız qalası 12-ci əsrdə inşa edilib. O, İçərişəhərin cənub-şərqində yerləşir. Qalanın 1-ci mərtəbəsində divarın qalınlığı 5 metrə çatır. 8 mərtəbəli qüllənin hər mərtəbəsi yonulmuş daşlarla tikilib. Onun altından Şirvanşahlar sarayına keçidin olduğu da deyilir. Yaranma tarixi haqda bir çox hekayənin olduğu qalanın tikintisinin Şümerlərə qədər gedib çatdığınə deyənlər də var. Lakin çox maraqlı bir detalı vurğulamaq lazımdır: Qız qalasının yuxarıdan görünüşü ərəbcədən Allahın 94-cü adı olan “Əl Baqi” formasındadır. Bu, şəhərin öz adını xatırladır.

Dövlət Bayrağı Meydanı

2010-ci ildə açılmış Dövlət Bayrağı Meydanında Azərbaycan xalqının birlik və bütövlüyünün rəmzi olan dövlət bayrağı 162 metr yüksəklikdə dalğalanır. Bu, ən uca bayraq qülləsi kimi, Ginnesin Rekordlar Kitabına düşüb. Burada dalğalanan bayrağın uzunluğu 70, eni 35 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisisə təxminən 350 kiloqramdır.

Baku Crystal Hall

Xəzər dənizinin sahilində tikilmiş Crystal Hall möhtəşəm görünüşə malik, çoxfunksiyalı qapalı məkandır. Tamaşaçı tutumu 25 000 nəfərdir. Gecələr saraydan səmaya yüksələn lazer işıqlarla fövqəladə mənzərə yaranır. Bundan başqa, üzərindəki işıqlar bu böyük binanı sanki nəhəng bir kristala çevirir. “Eurovision” mahnı müsabiqəsi də burada keçirilib.

Şəhidlər xiyabanı

1918-ci ilin 25 may-17 noyabr tarixləri arasında yaşanmış Qafqaz Hərəkatı zamanı Türk-Qafqaz Ordusu Bakıya daxil olaraq (15 sentyabr 1918-ci il), Azərbaycanla Dağıstanı düşmən işğalından azad edib. Bu döyüşlərdə şəhid olmuş Azərbaycan və türk əsgərlərinin dəfn edildiyi məkan Şəhidlər xiyabanı adlanır. Burada 1999-cu ildə açılmış abidənin üzərində 1130 türk əsgərinin adını görmək mümkündür. Azərbaycanda bəzi protokol mərasimləri bu gün də Şəhidlər xiyabanında keçirilir. Buraya funiklyor ilə asanlıqla gəlmək mümkündür.

Şəhidlər xiyabanının yaxınlığında bir məscid də inşa edilib – Şəhidlər məscidi. O, Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olmuş türk əsgərlərinin xatirəsinə Türkiyə Diyanət Vəqfi tərəfindən tikilib.

Nizami küçəsi

Bu küçə Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Onun təxminən 3,5 kilometrlik hissəsi avtomobillərin üzünə bağlıdır. Küçə boyu az qala bütün Türkiyə markalarına və beynəlxalq brendlərə rast gəlmək mümkündür. Bura əməlli-başlı ticarət mərkəzidir. Paytaxtın böyük alış-veriş mərkəzləri, mağazaları, kafe və restoranları, istirahət parkları ilə sanki İçərişəhər yaxınlığında bir Avropa küçəsi yaradılıb. Buranın işıqlandırılması küçəni gecələr də gündüz olduğu qədər işıqlı edir.

Bakı bulvarı

Bakı sahili boyu uzanan Bakı bulvarı 1909-cu ildə salınıb. Ötən əsrin əvvəllərində Bakının zəngin neft tacirləri məhz bu ərazidə yaşayıb. İndi, bura Dənizkənarı Milli Parkı kimi qorunur.

Xəzər sahilində yerləşən bu bulvar ərazisinə görə Parisdə, Sena çayının sahilində yerləşən parkdan sonra ikinci yerdədir. Lakin bu sıralamada ilk yerə yüksəlmək üçün bulvarın sahil boyu uzadılması işləri davam edir. Hədəf dünyanın ən böyük bulvarı olmaqdır.

“Alov qüllələri”

Yeni Bakıda bir yanda şüşəli qüllələr, nəhəng göydələnlər, digər tərəfdə isə klassik və modern memarlıq nümunələri görmək olar. Artıq dünyanın ən böyük otel şəbəkələri də burada özünə yer edib. Şəhərin mərkəzində yerləşən “Alov qüllələri” artıq Bakının yeni rəmzi sayılır. Hündürlüyü 190 metrə çatan kompleks ofis, mənzil və otel olmaqla, 3 qüllədən ibarətdir. Bakının ən hündür binaları olan bu qüllələrin inşaasına 2007-ci ilində başlanılıb. Tikinti işləri 2013-cü ildə başa çatdırılıb. Onların ən mühüm xüsusiyyəti 10 min LED işıqla örtülmüş fasadıdır. Burada Azərbaycan bayrağından rəqs edən alovlaradək, müxtəlif işıq oyunları Bakı axşamlarına möhtəşəm görüntü qatır.

Bakıya son səfərimdə məhz bu qüllələrdə yerləşən “Fairmont Hotel”də qalmışam. Orada otaqların bir divarı şüşədir. Bu, Bakı gecələri işıltısının yatağınızadək gəlməsinə imkan verir. Çox geniş olan otaqlarda bütün rahatlıq təmin edilib.

Sahildəki “Four Season Hotel” də yeni binadır. Amma o, keçmişə uyğunlaşdırılıb.

Bakıda “Hilton” kimi çox sayda başqa 5 ulduzlu otellər də tapmaq olar. Rus mətbəxini “Mari Vanna”, Uzaq Şərq mətbəxini “Çinar”, müasir Azərbaycan mətbəxini “Sahil”, ənənəvi Azərbaycan mətbəxini “Naxçıvan” restoranında daddım. “Paris Bistro”da soğan şorbası dadlı idi. Sevdiyim yerlərdən biri də “Rooms” oldu. “Manqal”ınsa kabablarına valeh oldum.

(Türk dilindən tərcümə - WM)

Mənbə: Hürriyet


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az