13.12.2017 17:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Azərbaycan: sovet sənayeçisindən silah ixracatçısına çevrilmiş dövlət

 
 



ISRAEL DEFENCE, İsrail
28.04.2017


Müəllif: Fuad Şahbazov

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Silahlı qüvvələrinin imkanlarını artırmağı qarşısına hədəf olaraq qoyub. Postsovet ölkəsi olan Azərbaycanın hərbi sənayesi çox köhnəlmişdi. Lakin Dağlıq Qarabağ müharibəsindən sonra ölkə hərbi sənayesini şaxələndirərək, xeyli inkişaf etdirib. Son illərdə Azərbaycan hərbi sənaye sahəsində beynəlxalq təcürübənin qazanılması istiqamətində də çox işlər görüb.

2000-ci illərin əvvəllərindən rəsmi Bakı hərbi sahədə yeni siyasət yürütməyə başlayıb. Bu da ölkənin hərbi və müdafiə sənayesinin güclənməsinə imkan verib. Neft-qaz müqavilələrinin, o cümlədən xarici sərmayələrin Azərbaycana gəlir gətirməsilə, ölkə 2004-2012-ci illərdə hərbi büdcəsini artırıb. Məhz yeni hərbi siyasət çərçivəsində 2005-ci ildə ölkədə Müdafiə Sənayesi Nazirliyinin əsası qoyulub. Nazirliyin yaradılmasında əsas məqsədi Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu sovet silahlarının müasirləşdirilməsi, hərbi avadanlıqların istehsalına nəzarət idi.

Doğrudur, 2013-cü ilədək Azərbaycan müdafiə sənayesinə aid hərbi avadanlıqları Rusiya, İsrail, Türkiyə, Pakistan və Belarusdan alırdı. Həmin dövrdən etibarən isə ölkə yeni silahların istehsalı imkanlarını genişləndirməyə başlayıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə 1100 növ silah istehsal olunur. Buraya nəqliyyat vasitələri, tüfənglər, minalar və başqa hərbi avadanlıqlar daxildir.

Azərbaycan ötən il keçirilmiş ADEX-2016-da (Azərbaycan Müdafiə Sərgisi) öz istehsalı olan yeni silahları nümayiş etdirib. Onların arasında gecəgörmə kameraları ilə təchiz olunmuş, daha çox tankların və digər zirehli nəqliyyat vasitələrinin üzərində quraşdırılmaq üçün nəzərdə tutulmuş “Şimşək-10” hücum pulemyotu, xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulmuş “Gürzə” patrul maşını, Türkiyə istehsalı olan tank əleyhinə komplekslə təchiz edilmiş BRDM-2M zirehli transportyoru və ölkənin istehsal etdiyi ən məşhur silahlardan olan “İstiqlal-1T”, “Yalquzaq”, “Mübariz” snayper tüfəngləri var idi.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ADEX-2016-da etdiyi çıxışında bildirib ki, “ölkənin istehsal etdiyi silahlar NATO standartlarına cavab verir”. Nazir bəyan edib ki, Azərbaycan istehsalı olan RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı, EM-14 avtomat tüfəngi, optik nişangah ABŞ, Rusiya, Pakistan, İraq (2016-cı ildən etibarən bu ölkəyə RPG-7V2 tədarük olunur) və bir neçə Fars körfəzi ölkəsi daxil olmaqla, 10 dövlətə ixrac olunur.

Görünür, Azərbaycan 2020-ci ilə qədər istehsal potensialını daha da inkişaf etdirməyi hədəfləyir. Y.Camalov ötən ilin dekabrında yerli mediaya verdiyi müsahibəsində bildirib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi uzaqmənzilli raket sisteminin və düşmənin hərbi texnikasını məhv edə biləcək elektromaqnit silahlarının istehsalı üzərində işləyir.

Yeri gəlmişkən, ötən il Azərbaycan Silahlı Qüvvələri ölkənin yeni istehsal etdiyi silahları Dağlıq Qarabağda Ermənistanın dəstəklədiyi separatçılara qarşı istifadə edib. Söhbət ötən ilin aprelində Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında baş vermiş gözlənilməz müharibədən gedir. Aprel döyüşlərində Azərbaycan partlayıcı ilə təchiz olunmuş “kamikadze” dronlardan da istifadə edib.

Xatırladaq ki, 2017-ci ilin martda Azərbaycanla İsrail arasında 1,6 milyard dəyərində silah müqaviləsi də imzalanıb. Razılaşma Azərbaycanın İsraildən əsasən müasir dronlar (“Hermes-450”, “Aerostar”) və hava hücumundan müdafiə sistemi almasını nəzərdə tutur. Bu və digər müqavilələrə əsasən, Azərbaycan İsrailin 3 əsas silah istehsal edən şirkətlərindən dronlar alaraq, 100 dronluq möhtəşəm eskadrilya yaradacaq.

“Dron müharibələri”nin effektivliyi rəsmi Bakını İsraildən daha çox belə aparat almağa sövq edir. Bununla yanaşı, Azərbaycan rəsmiləri İsrail texnologiyaları əsasında yüzlərlə “kamikadze” və digər növ dronların istehsal ediləcəyini də bildirir.

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın cənub-şərqində yerləşən, aprel döyüşləri zamanı azad edilmiş yüksəkliklərdən birindəki hərbi hissədəki çıxışı zamanı ölkəsinin dəyəri milyardlarla dollar olan yeni silahlar aldığını bildirib. O, Azərbaycanın dronlar istehsal etmək niyyətini də dilə gətirib.

Xatırladaq ki, Azərbaycan ötən ilin oktyabrında keçirilmiş ADEX-2016 sərgisində ilk dəfə olaraq, özünün istehsal etdiyi “Zərbə” dronunu da nümayiş etdirib. Orada bu dronun bəzi xüsusiyyətləri haqda məlumat verilib. “Zərbə” dronunun İsrail istehsalı olan “Orbiter 1K” ilə oxşar xüsusiyyətlərə malik olduğu guman edilir. Qeyd edək ki, raketlə təchiz olunmuş “Orbiter 1K”nın xüsusiyyətləri tam məlum deyil. O, 3 saat ərzində havada qala bilir.

Azərbaycan Müdafiə Nazirliyi artıq 100-dən çox “Zərbə” dronu sifariş edib. Y.Camalov hesab edir ki, “bu dronlar Ermənistan ordusu üçün qorxulu yuxuya çevrilib”.

Aydındır ki, Azərbaycanda “kamikadze” dronların və digər hərbi avadanlıqların kütləvi şəkildə istehsalının səbəbi Ermənistanın “İsgəndər-M” raket sistemi almasıdır. Bəzi erməni ekspertləri hesab edir ki, Ermənistanın bu raket sistemini əldə etməsi hərbi güc balansını Yerevanın xeyrinə dəyişəcək. Lakin Azərbaycanın Müdafiə Nazirliyi ölkənin “İsgəndər-M” raketlərinə qarşı güclü silahlara malik olduğunu bildirir.

Hər halda, Ermənistanın bu raket sistemini əldə etməsi regionda gərginliyi azaltmayacaq. Əksinə, bu, Dağlıq Qarabağda münaqişənin eskalasiyasına, o cümlədən Azərbaycanla Ermənistan arasında silah yarışının güclənməsinə yol aça bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.az)

Mənbə: ISRAEL DEFENCE


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az