
A Haber, Türkiyə
07.06.2017
Dəmir İpək yolunda ilk addım atıldı. Türkiyənin Çinlə Avropa arasında körpü rolu oynamasına imkan verəcək Dəmir İpək yolu çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu yay istismara verilir. Türkiyə hissəsi təxminən 79 kilometr olacaq xətt, ümumilikdə 600 milyon dollara başa gələcək.
Dəmir İpək yolu layihəsi Çindən İngiltərə, Almaniya və Fransa kimi Avropa İttifaqı ölkələrinə 42-62 gün olan yükdaşıma müddətini 12-15 günə salacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsilə, Türkiyə, Gürcüstan, Azərbaycan və Orta Asiyanın türk respublikaları Pekinlə London arasında fasiləsiz dəmir yolu əlaqəsini təmin edəcək. Bu zaman Türkmənistan Türkmənbaşı, Qazaxıstan isə Aktau limanı vasitəsilə Bakıya qovuşacaq.
Nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanın sözlərinə görə, regionun dəmir yolu marşrutu Qarsdan Bakıyadək tək xətt, Bakıdan Çinə isə Qazaxıstan və Türkmənistan vasitəsilə iki xətt olacaq. Bu dəmir yolu xəttilə ciddi yükdaşıma potensialının olduğunu deyən Arslan bildirib ki, “Çindən Avropa İttifaqına göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınması halında daşıma müddəti xeyli azalacaq”.
“Bu dəmir yolu xətti 1 milyon sərnişin və 6,5 milyon ton yük daşıma gücünə malik olacaq. 2034-cü ildə onun gücü 3 milyon sərnişin və 17 milyon ton yük təşkil edəcək”, - deyə nazir bildirib.
(Türk dilindən tərcümə - WorldMedia.Az)
|