20.09.2017 02:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  ÇL-2019-un finalının “Vanda Metropolitano” stadionunda keçirilməyəcəyinin səbəbi
 
19.09.2017
AS, İspaniya
 

  Azərbaycan İsrailin “günbəz”i altında
 
19.09.2017
Pravda.ru, Rusiya
 

  İran səfiri: “Rəsmi Bakının siyasəti başqa ölkələrlə birgə layihələrin icrasına yönəlib”
 
19.09.2017
IRNA, İran
 

  Rusiya və NATO generallarının növbəti görüşü Azərbaycanda keçirilib
 
19.09.2017
CEIRI NEWSPAPER, Braziliya
 

  BP şirkəti Azərbaycanda nəhəng istismar müqaviləsinin müddətini uzadır
 
18.09.2017
Romandie, İsveçrə
 

 
 
Naxçıvan – İslam Mədəniyyətinin Paytaxtı 2018

 
 



Parliament Times, Pakistan
06.07.2017


Müəllif: Zaman Bayva

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı seçilib. Bu şəhər Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Bu bölgə Azərbaycanda muxtar respublikadır. Muxtar respublikanın əhalisi təxminən 450 min, ərazisi isə 5502,75 kvadrat kilometrdir. Muxtar respublikanın özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi var. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 deputat seçilir. Muxtar respublikanın Konstitusiyasına görə, onun ali vəzifəli şəxsi Ali Məclisin sədridir.

4500-5000 illik tarixə malik Naxçıvan Şərq sivilizasiyasının beşiyi olmaqla yanaşı, dünyanın ticarət, sənətkarlıq, elm və mədəni mərkəzlərindən biri olub. Bundan başqa, Naxçıvan dünyanın ən qədim şəhərlərindəndir. Orta əsr tarixçisi Stefan Orbelyani Naxçıvan şəhərinin əsasının eramızdan əvvəl 1539-cu ildə qoyulduğunu deyirdi. Sistemləşdirilmiş yazılı mənbələr, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunmuş arxeoloji materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı var.

Naxçıvan qədim İpək yolunun vacib hissələrindən biri olub. Bundan başqa, onun ərazisindən əsas karvan yolları keçib. Bu karvan yolları Cənubi Qafqaz, Yaxın və Uzaq Şərqdə yerləşən maliyyə mərkəzlərinə gedirmiş.

Naxçıvan şəhəri Atabəylər dövlətinin (1136-1225) paytaxtı olub. Qeyd edək ki, Atabəylər dövləti Şəmsəddin Eldəniz tərəfindən Azərbaycan əraizsində yaradılıb. Həmin dövrdə Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olan Naxçıvan Atabəylər dövlətinin mövcud olduğu illərdə dünya şöhrəti qazanıb.

1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Ermənistan Naxçıvanı ilhaq etmək siyasəti yeritməyə və dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar törətməyə başlayıb. Lakin Naxçıvan əhalisi bu bölgənin Azərbaycanın tərkibində qalması üçün böyük əzm göstərib.

1920-ci il aprelin 28-də Sovet hakimiyyətinin Bakıda, iyulun 28-də isə Naxçıvanda qurulması, Azərbaycan SSR-in əsasının qoyulması, o cümlədən Zəngəzurun Ermənistan tərəfindən işğalı Naxçıvanın Azərbaycandan ayrılmasını gündəmə gətirmiş, 1920-ci ilin 29 noyabrında isə Ermənistanda Sovet hakimiyyətinin yaradılması ilə Ermənistan SSR Naxçıvanın işğalı üçün yeni cəhdlər etməyə başlamışdı. Həmin dövrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi kimi qalmasında Türkiyənin böyük rolu olub. 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi və həmin il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi Naxçıvanın gələcək taleyində əhəmiyyətli rol oynayıb. Nəticədə, Naxçıvan Muxtar Vilayətinin əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası təsis edilib.

Hazırda üç tərəfdən işğalçı Ermənistanla əhatə olunmuş Naxçıvan Muxtar Respublikası blokada vəziyyətindədir. Lakin blokadanın ağır şərtlərinə baxmayaraq, muxtar respublikada əhəmiyyətli inkişaf nəzərə çarpır. Yeni istehsal sahələrinin sayının artması və müəssisələrin genişlənməsi nəticəsində muxtar respublikada təxminən 400 növ yerli məhsul istehsal olunur.

Burada sahibkarlığın inkişafı işsizlik probleminin həll olunduğunun göstəricisidir. 2016-cı ildə Naxçıvanda 3010 iş yeri açılıb və bunun 2941-i (97,7%) daimi iş yeridir.

2016-cı ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 463 milyon 245 min dollar olub. Bunun 419 milyon 121 min dolları ixracın, 44 milyon 124 min dolları idxalın payına düşüb. Müsbət saldo 374 milyon 997 min dollar təşkil edib.

Naxçıvan arxeoloji abidələri və İslam memarlıq əsərlərilə də məşhurdur. Buraya bir çox qədim məktəblər, tarixi məscidlər, saraylar, məqbərələr, sənətkarlıq və folklor nümunələri, muzeylər daxildir. Naxçıvanda eyni zamanda, çox sayda müasir memarlıq nümunəsi də var.

Naxçıvan Muxtar Respublikasının böyük hissəsi Kiçik Qafqaz dağlarına aid olan Zəngəzur və Dərələyəz dağ silsilələri ilə əhatə olunub. Buranın orta hündürlüyü dəniz səviyyəsindən 1450 metr yuxarıdır. Naxçıvanda ən hündür zirvə Qapıcıqdır (3904 metr). Ərazinin üçdə biri Arazboyu düzənliklər təşkil edir. Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral bulaq, 400-ə yaxın böyük və kiçik çay var.

Turizm ətraf mühitə zərər vurmadan, xammal ehtiyatlarına ehtiyac olmadan, yerli relyef və iqlim şəraitinə uyğun, mədəni irs, tarixi, təbii abidələr, yaradılmış və mövcud olan yerli infrasturktur üzərində qurulur. Bu baxımdan Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialı var. Müasir dövrdə insanlarda dağlarda, ekoloji cəhətdən təmiz ərazilərdə dincəlməyə, kənd evlərində istirahət etməyə meyillilik artıb. Naxçıvan Muxtar Respublikasında turizmin bu növlərinin, yəni ekoloji, kənd, müalicə və ziyarət turizmi növlərinin inkişafı üçün böyük imkanlar var.  

Muxtar respublikada 1162 tarixi-mədəni abidə mövcuddur. Bunların 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətə malikdir. Bundan başqa, Naxçıvan dini ibadət yerlərinə görə də dünyada məşhurdur. Qurani-Kərimin “Kəhf” surəsində xatırlanan Əshabi-Kəhf mağarası önəmli yerlərdən biridir. Hər il on minlərlə insan buranı ziyarət edir. Bundan başqa, Naxçıvanın cənubunda yerləşən “Köhnə qala” ərazisində Nuh Peyğəmbərin türbəsi yerləşir.

Naxçıvan Muxtar Respublikasını muzeylər diyarı da adlandırmaq olar. Burada 23 muzey, 1 muzeytipli müəssisə olan Naxçıvan Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Muzeylərdə, ümumilikdə, əsas fond əşyalarının sayı 107776-dır.

Naxçıvan Muxtar Respublikasında 235 kitabxana – M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanası, şəhər və rayonlarda 8 mərkəzləşmiş kitabxana sistemi və onların tərkibində 224 filial kitabxanalar fəaliyyət göstərir.

Muxtar respublikada Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər, Şərur, Ordubad, Babək və Şahbuz Rayon Xalq teatrları da var.

Dünyanın 11 iqlim qurşağından 7-nin muxtar respublikadan da keçməsi, zəngin flora və fauna, coğrafi mövqeyi Naxçıvan mətbəxinin zənginliyinə təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı, Naxçıvan mətbəxinin özünəməxsus təamları da var. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib.

Zəngin təbii sərvətlərə malik Naxçıvan Muxtar Respublikası öz təbii müalicə obyektləri ilə də məşhurdur. Bu müalicə obyektlərində dünyanın müxtəlif yerlərindən gələn insanlar şəfa tapır.

Bilindiyi kimi, Azərbaycanın müstəqillik əldə etməsindən bəri, əsas xarici siyasi prioritetləri arasında İslam dünyası ilə əlaqələrin qurulması və inkişafı da olub. Müsəlman dünyasının vacib və ayrılmaz hissəsi olan Azərbaycan İslam mədəni irsinin yarandığı və qorunduğu ölkə kimi tanınır.

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinə yardım göstərəcək bir sıra yeni təşkilatların yaradılmasının təşəbbüskarı olub. Buraya İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv dövlətlərin Jurnalistləri Assosiasiyası aiddir.

Xatırladaq ki, 2017-ci il Azərbaycanda prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunub. 54 müsəlman ölkəsindən idmançıların iştirakı ilə 4-cü İslam Həmrəyliyi Oyunları da Bakıda uğurla keçirilib.

Naxçıvan, Azərbaycanın əhəmiyyətli mədəni, tarixi və siyasi mərkəzlərindən biri kimi, ölkənin bütün sahələrində önəmli rol oynamaqla yanaşı, İslam dünyası ilə mədəni bağlarının qurulmasında da özünəməxsus əhəmiyyətə malikdir. Əminik ki, 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi, İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Parliament Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az