13.12.2017 17:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Bakı-Yerevan; Təmkinli olmaq zərurəti

 
 



KHABARONLINE, İran
12.07.2017


Müəllif: Möhsün Pakayin

Dağlıq Qarabağ münaqişəsinin uzanması münaqişə tərəflərinin xeyrinə olmamaqla yanaşı, regionun təhlükəsizliyi üçün də təhdiddir. Odur ki, Bakı ilə Yerevan təmkinli davranmalı, hərbi qarşıdurmadan çəkinməklə, böhranın dinc yolla həllinə nail olmalıdırlar.

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini artilleriya hücumuna məruz qoyması, nəticədə 50 yaşlı qadının və onun 2 yaşlı nəvəsinin həlak olması Bakı ilə Yerevan arasında gərginliyi artırıb. Ermənistanın mülki insanların yaşadığı ərazilərə hücumu dünya birliyi və bölgə ölkələri tərəfindən pislənilib. Azərbaycanın Müdafiə Nazirliyisə bu cinayətin cavabsız qalmayacağını bəyan edib. Az sonra Azərbaycan ordusu baş verənlərə cavab olaraq, münaqişənin baş verdiyi Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələrinin mövqelərini hədəfə alıb. Bu, Azərbaycanla Ermənistan arasında gərginliyin yenidən arta, bölgədə sabitliyin hər an pozula biləcəyini göstərib.

Dağlıq Qarabağ münaqişəsi regionda xroniki və kök salmış bir problemdir. O, 1988-ci ildə başlayıb və 1993-cü ildə Ermənistan qoşunları Azərbaycanın 7 rayonunu işğal etdikdən sonra kəskinləşib. Qondarma Dağlıq Qarabağ respublikasını indiyədək heç bir dövlətin tanınmamasına, BMT-nin Azərbaycan ərazilərinin işğalına son qoyulmasını tələb edən bir neçə qətnamə qəbul etməsinə baxmayaraq, münaqişə hələ də həll edilməmiş qalır.

Yerevanla Bakı problemin həlli üçün ATƏT-in Minsk qrupunu vasitəçi seçsələr də, təəssüf ki, ABŞ, Rusiya və Fransanın həmsədri olduğu bu təşkilat 1997-ci ildən bu günədək problemin həlli, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunması üçün heç bir ciddi addım atmayıb. Baş vermiş son hadisə ilə bağlı da, Minsk qrupu sadəcə Dağlıq Qarabağ bölgəsində atəşkəsin pozulmasından narahatlığını ifadə etməklə, mülki əhaliyə hücumun yolverilməzliyini xatırlatmaqla kifayətlənib. Minsk qrupunun bir vasitəçi kimi passivliyi və münaqişə bölgəsində baş verən təxribatlara ciddi reaksiya göstərməməsi gərginliyin artmasına, bölgədə daha bir müharibənin alovlanmasına aparıb çıxara bilər. Dünya birliyi və bölgə ölkələri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və danışıqların davam etdirilməsi sülhə, həqiqi barışığa nail olmağın doğru yoludur.

Region ölkələrinin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Minsk qrupuna yardım etməyə çalışması əlverişli variantdır və buna nəzər salına bilər. Region ölkələri arasında, bəlkə də İran bu münaqişənin həllinə yardım üçün daha çox potensiala və imkanlara malikdir. Rəsmi Tehran münaqişə yaranandan bəri Bakı və Yerevanla əlaqələrini qorumaqla, münaqişə tərəflərilə danışıqlar aparmaqla, problemin nizamlanmasına yardım göstərməyə çalışıb. İran öz sərhədləri yaxınlığında daha bir hərbi qarşıdurmanın baş verməsində əsla maraqlı deyil və daim tərəfləri təmkinli olmağa çağırır.

Bu gün Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan sürətli inkişaf yolu keçir. Odur ki, gərginliyin artıracaq istənilən təhrikedici addım yalnız bölgədə sabitliyi pozmayacaq, Qafqaz ölkələrinin tərəqqisinin də qarşısının alacaq. Dağlıq Qarabağ münaqişəsinin ölkələrinin ərazi bütövlüyünün qorunmasına və coğrafi sərhədlərin dəyişməz qalmasına əsaslanan ədalətli həlli yalnız danışıqların davam etdirilməsi təqdirdə mümkün olacaq. Münaqişənin uzanması nə tərəflərin, nə də regionda təhlükəsizliyin xeyrinədir. Odur ki, Bakı ilə Yerevan təmkinli olaraq, hərbi qarşıdurmadan çəkinməklə, böhranın dinc yolla həllinə səy göstərməlidirlər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KHABARONLINE


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az