21.11.2017 17:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Mən UNESCO-nun səsinin bütün dünyada olduğu kimi, Parisdə də eşidilməsini istəyirəm

 
 



LE HUFFINGTON POST, Fransa
17.07.2017


Müəllif: Polad Bülbüloğlu, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd

İqlim dəyişikliyi, terrorçuluğun mülki vətəndaşlara və onların yaşayış mühitinə təsiri, müharibələrin mənfi nəticələrilə bağlı təcili tədbirlər UNESCO-nun prioritetləridir.

Bu il iyunun 25-də bütün dünyada 1,5 milyard müsəlmanın müqəddəs Ramazan ayının sonunu bildirən orucluq bayramını qeyd etdi. Humanizm, həmrəylik, qardaşlıq və dünyəvilik dəyərlərini diqqətə çatdırmaq üçün bundan yaxşı imkan arzulamaq olmazdı. Bu dəyərlər nəcib bir təşkilat olan UNESCO-nun formalaşdırdığı imicə uyğundur, daha doğrusu, uyğun olmalıdır.

1945-ci il noyabrın 16-da yaradıldıqdan sonra BMT-nin 17 ixtisaslaşmış təsisatından biri kimi Təhsil, Elm və Mədəniyyət Təşkilatı da ədalət, hüquqi dövlət, insan hüquqları və fundamental azadlıq prinsiplərinə hörmət edilməsi naminə millətlər, xalqlar və onların qərar qəbul edənləri arasında əməkdaşlıq qurmaq üçün davamlı olaraq fəaliyyət göstərir. Mədəniyyətin, təhsilin, elm və texnikanın təbliği vasitəsilə cəmiyyətin təkmilləşdirilməsi ilə yanaşı, planetimizdə yaşayan müxtəlif millətlərin adət-ənənələrini ifadə edən həm maddi, həm də qeyri-maddi irsin qorunması da qurumun fəaliyyət istiqamətlərindəndir.

Üstəlik, məhz bu mədəni, etnik, dini və dil müxtəlifliyini şövqlə müdafiə etmək lazımdır ki, müharibə dəhşətləri nə qadınlara və kişilərə, xüsusilə daha həssas olan uşaqlara, həmçinin sivilizasiyaların əsasını qoyan və insan cəmiyyətlərini bir-birindən fərqləndirən ideyalara və normalara təsir etsin.

Cəmiyyətlərimiz arasındakı bağlılığı və birgəyaşayış sahəsindəki nailiyyətlərimizi sarsıtmaq istəyən cəhalətpərəstlərin hədəf seçdiyi humanizmi daim qorumaq və təşviq etmək lazımdır. Biz dəqiq bilirik ki, dünyanın bütün dəyərlərini inkar edən düşmənlərimiz, onların rəhbərləri və terror təşkilatları bu uğurları inkar edir, onların yayılmasına mane olmaq və nəhayət, onları məhv etmək istəyir.

Buna görə də, əldə etdiyimiz irəliləyişləri müdafiə və təbliğ etmək diplomatik qərar qəbul edənlər, xoşməramlı kişi və qadınlar kimi, bizim əsas vəzifəmizdir.

Bəzən rəmzi mənalar da reallığa qoşulur. 

Əfqanıstandakı nəhəng Bamiyan Buddalarının, daha sonra Suriyada qədim Palmir şəhərinin qalıqlarının dağıdılması, əlbəttə ki, orada yaşayan xalqların qeyri-insani əzablara düçar olması, Timbuktu sufi əlyazmalarının və mavzoleyinin məhv edilməsi onu göstərir ki, bəşəriyyətin irsinin müdafiəsinə ciddi ehtiyac var və bu, haqq işidir. Siyasi kompromislərin bu işə mənfi təsiri ola bilməz.

Beləliklə, mən əminəm ki, UNESCO-nun siyasi alətə çevrilməsi əslində onun effektivliyini əngəlləyir. UNESCO-nun büdcəsinə əhəmiyyətli töhfə verən BMT büdcəsinin 22%-ni ödəyən ABŞ-ın 2011-ci ildən bu yardımı dayandırması ilə bu təsisatın zəiflədiyi açıq-aşkar görünür. Beləliklə, bundan sonra “cüzi” büdcəsi artıq bütün dünyada humanist niyyətini həyata keçirməyə imkan verməyən bir təşkilatla bağlı reallıq haqda düşünmək lazımdır.

Eyni zamanda, 2016-cı ildə beynəlxalq ictimaiyyət tərəfindən BMT-nin sülhməramlı əməliyyatlarına 7,87 milyard dollar xərcləndiyi halda əsas missiyası təhsilin, mədəniyyətin, elmin və kommunikasiyanın təşviqi vasitəsilə sülh yaratmaq olan, müharibələrin və münaqişələrin qarşısını almaq gücünə malik UNESCO-nun həmin məbləğin cəmi 10%-ni əldə etməsinə necə təəssüflənməyəsən?

Bu uyğunsuzluğu nəzərə alaraq, üzv dövlətləri, həmçinin özəl iqtisadi təşkilatları UNESCO çərçivəsində yatırımlar etməyə çağırmaq lazımdır. Bu investisiyalar, heç şübhəsiz, davamlı sülh və inkişaf kimi real nəticələr verəcək.

Bu yaxınlarda Ramazan ayı münasibətilə Parisdə təşkil edilən iftar mərasimində mən təkallahlı dinlərin rəhbərləri və nümayəndələri qarşısında 72 ildir mövcud olan UNESCO-nu sülhün davamlı bərqərar olduğu məkana çevirmək üçün müdafiə və təşviq edilməli olan əsas dəyərlər barədə danışdım.

Əsrlər boyu Papa adətən Pasxa mərasimi zamanı Müqəddəs Pyer Meydanına toplaşmış Roma xalqına şəhər və dünya naminə xeyir-dua verir. İqamətgahı beynəlxalq münasibətlərin mərkəzi paytaxtı hesab edilən Parisdə yerləşən UNESCO da məhz belə bir ruhda yenidən öz sözünü dünyaya deməlidir.

İqlim dəyişikliyi, terrorçuluğun mülki vətəndaşlara və onların yaşayış mühitinə təsiri, maddi və qeyri-maddi dağıntılara səbəb olan müharibələrin mənfi nəticələri ilə bağlı təcili tədbirlər elə prioritet məsələlərdir ki, UNESCO bu istiqamətdə özəl sektor ilə təcili və birgə hərəkət etməlidir. Özəl sektorun maliyyə resursları və nəhəng intellektual qabiliyyəti bu istiqamətdə səfərbər olunmalıdır.

Lakin bu ədalətli iddianın səmərəliliyi və daha geniş coğrafiyada yayılması ideyaların müzakirəsi üçün əsas mərkəz olan Parisdə yerləşən BMT qurumuna yeni canlanma və nəfəs gətirmədən mümkün olmayacaq. Qeyd edək ki, sıx və zəngin diplomatik mədəniyyətin qərargahı sayılan Parisdə iki qeyri-hökumət təşkilatının – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT, 35 ölkə bu təşkilatın üzvüdür) və Beynəlxalq Frankofoniya Təşkilatının (bu təşkilat 84 üzv və müşahidəçidən ibarətdir) baş ofisləri yerləşir.

Dialoq, paylaşma və mübadilə mədəniyyətinin bir qayda olaraq müəyyən edildiyi Parisdə yerləşən UNESCO, eyni zamanda, çoxsaylı beyin mərkəzləri, fondlar, akademik araşdırmalar mərkəzləri, qeyri-hökumət təşkilatları, assosiasiyalar, universitetlər, belə mübadilələr axtarışında olan fəal və qətiyyətli vətəndaş cəmiyyətlərilə intensiv intellektual debatlara başlamalıdır.

Qısacası, Parisə gəldikdə biz dünya ilə danışmalıyıq. BMT-də təmsil olunan və bu təşkilat tərəfindən tanınan 195 ölkənin üzvü olduğu qurumun öz təsir qüvvəsi, hətta səs gücləndiricisi olmalıdır. Mənim UNESCO ilə bağlı iddiam bundan ibarətdir : UNESCO-ya yenidən səsinin bütün dünya tərəfindən eşidilməsi bacarığını qaytarmaq. Toxunulacaq mövzuların sayı çoxdur. Daha yaxşı tanınmağa və işıqlandırılmağa ehtiyacı olan intellektual dairələrin konkret ifadələri kimi, xoşməramlı səfirlərin, BMT qurumunda təmsil olunan milli nümayəndə heyətlərinin çağırışları daha çox nəzərə alınmalıdır.

İcraiyyə Komitəsinin bu ilin oktyabrında keçiriləcək 202-ci sessiyası və BMT qurumu olan UNESCO-nun Baş konfransının11-ci baş direktorun adına aydınlıq gətirəcək 39-cu sessiyası münasibətilə ifadə etmək istədiyim əsas məqam budur.

(Fransız dilindən tərcümə WorldMedia.Az)

Mənbə: LE HUFFINGTON POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az