13.12.2017 17:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə

 
 



Jamejamonline, İran
02.08.2017


Müəllif: Möhsün Pakayin (İranın Azərbaycandakı keçmiş səfiri)

Dağlıq Qarabağ regionunda gərginliyin artmasından sonra, ötən cümə günü Rusiya və Azərbaycan prezidentləri eskalasiyanın qarşısını almaq məqsədilə Soçi şəhərində görüşərək məsləhətləşmələr aparıblar. Rusiya münaqişə tərəfləri ilə, yəni Azərbaycan və Ermənistanla rəsmi əlaqələrə malikdir və adətən münaqişə tərəflərini təmkinli olmağa çağırır, hərbi toquşmaları davam etdirməyin qarşısını almağa çağırır.

Baxmayaraq ki, Rusiya, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, o, gərginliyin azalmasında xüsusi rol oynamağa çalışır. Vladimir Putin bir neçə dəfə Azərbaycan və Ermənistan prezidentlərilə görüşüb və bu ikitərəfli danışıqlarda Dağlıq Qarabağ problemi müzakirə olunub. Rusiyanın bu məsələdəki rolunu, Putinin Azərbaycan və Ermənistanın dövlət başçıları ilə müzakirələrini Minsk qrupu da dəstəkləyir. Eyni zamanda, rəsmi Moskva hər iki ölkəyə müasir silahlar satmaqla, Dağlıq Qarabağ bölgəsində “nə hərb, nə sülh” vəzyyətindən öz iqtisadi maraqlarının təmini üçün də istifadə edir.

Qeyd edək ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsi 1994-cü ildə bir neçə illik müharibədən sonra erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Oranın ərazisi 4378 kvadratr kilometr, əhalisi 200 min nəfərdən artıqdır. Bu problem Sovet İttifaqı dövrünün mirasıdır. Bölgənin əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan dağlıq hissəsi “Dağlıq Qarabağ Muxtar Vilayəti adı ilə Azərbaycan SSR-in tərkibinə daxil olub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları üzündən başlayıb. Bölgədə təhlükəsizliyə, sabitliyə təhdid olan bu problem məsələyə BMT-nin Təhlükəsizlik Şurasının müdaxiləsini zəruri edib. Nəticədə 1993-cü ildə tərəflər arasında atəşkəs razılaşması əldə olunub. BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağa hücum edə biləcəyi iddiası ilə Azərbaycanın 7 rayonunu, yəni Dağlıq Qarabağın ətrafındakı rayonları qəsb edib. Beynəlxalq birliyin bir çox üzvləri, o cümlədən Minsk qrupu hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması üçün sözügedən 7 rayonun Azərbaycana qaytarılması və münaqişənin mərhələli yolla həlli zəruridir.

Azərbaycanın 7 rayonundan 5-nin geri qaytarılmasını nəzərdə tutan “Kazan planı” Qarabağ münaqişəsinin mərhələli yolla həlli üçün Rusiyanın göstərfiyi səylərin rəmzi sayıla bilər. Bu plan 2010-cu ildə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Dmitri Medvedevin prezidentliyi dövrdə aktuallıq qazanlb və indi, o, yenidən gündəmə gətirilir.

Bundan əvvəl isə Minsk qrupunun təklifi ilə hazırlanmış “Madrid sülh planı” sülh danışıqlarının birinci mərhələsinin başlanğıcı kimi Azərbaycan ərazilərinin bir hissəsinin geri qaytarılmasını tələb edirdi. 2007-ci ildə ərsəyə gəlmiş “Madrid prinsipləri”nə əsasən, Ermənistan ordusu ilkin mərhələdə işğal edilmiş bəzi əraziləri tərk etməli, qaçqınlar və məcburi köçkünlər geri qayıtmalı və onların təhlükəsizliyi təmin olunmalıdır.

“Kazan planı”na görə isə işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalı, azərbaycanlı qaçqınlar azad edilmiş rayonlara qaytarılmalı, Dağlıq Qarabağın müvəqqəti hüquqi statusu müəyyən edilməli, Rusiya sülhməramlıları azad edilmiş və edilməmiş rayonların arasına yerləşdirilməli, sonda Dağlıq Qarabağın daimi hüquqi statusu təyin edilməlidir.

Münaqişənin həllində maraqlı ölkələrin ekspertləri hazırkı planı qüsurlu sayaraq, bunun həyata keçirilməsi ehtimalının zəif olduğu düşünür. Azərbaycanlı ekspertlərin qənaətinə görə, Rusiya Ermənistanla strateji müttəfiq olduğundan, Ermənistanda hərbi baza saxladığından, onun hərbçiləri bölgədə sülhməramlı kimi, təhlükəsizliyi təmin edə bilməz. Azərbaycanlılar bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini istəyir.

Dağlıq Qarabağın hüquqi statusunun necə müəyyən ediləcəyinin qaranlıq qalması da “Kazan planı”nın zəif cəhətlərindən biri kimi dəyərləndirilir. Ermənistan isə xalqların öz müqəddəratının təyin etməsi prinsipini dəstəkləyərək, Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyən edilməsi üçün orada referendumun keçirilməsinə tərəfdarıdır. Bu üzdən Yerevan da “Kazan planı”nı dəstəkləmir. Ermənistan hesab edir ki, Azərbaycan tərəfindən hərbi təhdid aradan qalxmayınca, işğal olunmuş ərazilər boşaldıla bilməz.

Putinlə Əliyevin Rusiyanın Soçi şəhərində keçirilmiş son ikitərəfli danışıqları da rəsmi Bakı ilə Yerevan arasında gərginliyin azalması üçün vacib hesab edilsə də, yuxarıda qeyd olunan səbəblərə görə, xüsusilə tərəflərin lazımi siyasi iradə nümayiş etdirməməsi üzündən ümidverici görünmür. Beləliklə, Bakı ilə Yerevan arasında hərbi toqquşmaların baş verməsi ehtimalı hələ də qalmaqdadır.

Üstəlik, tərəflər son həftələr ərzində yenə də qarşılıqlı ittihamlar və təhdidlər səsləndirir. Bu vəziyyət hər iki ölkədə ictimai rəyi də müharibəyə kökləyir.

Regional münaqişələrdə vasitəçi qüvvələrin uğuru o zaman səmərəli olur ki, problemə cəlb edilmiş tərəflər onun həlli üçün lazımi iradə ortaya qoysun. Ermənistanla Azərbaycan arasında da “nə hərb, nə sülh” şəraiti o zaman dayanıqlı sülhlə əvəzlənəcək ki, tərəflər lazımi siyasi iradə nümayiş etdirsin. Yalnız bu halda Dağlıq Qarabağ münaqişəsinə son vermək mümkün ola, regional, beynəlxalq vasitəçilərin səyləri nəticə verə bilər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Jamejamonline


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az