19.08.2017 15:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan
 
08.08.2017
Əl-İmarat əl-yaum, BƏƏ
 

 
 
Dağlıq Qarabağ münaqişəsi təhdid edir!

 
 



Alternatives-Economiques, Fransa
03.08.2017


Müəllif: İlan Sialom (geosiyasətçi, Avropa Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı)

Artıq bir neçə aydır ki, beynəlxalq ictimaiyyətin diqqəti əsasən Suriya və Şimali Koreyaya yönəlib. Səbəb bir yandan əhalinin kütləvi şəkildə Avropa istiqamətində axını ilə əlaqədar artan terror təhdidləri, digər tərəfdən isə Pxenyanın nüvə və ballistik raket sınaqları üzündən Asiyada hər an müharibənin başlanması qorxusudur...

Bu kimi hadisələr üzündən digər narahatedici hadisələr mediada lazımı qədər işıqlandırılmır. Belə məsələlərdən biri də, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsidir. Avropa Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, geosiyasətçi İlan Sialom bu münaqişə haqda danışıb.

- Dağlıq Qarabağ münaqişəsində hazırki durumla bağlı nə düşünürsünüz?

- Azərbaycanın 25 ildən artıqdır Ermənistan tərəfindən işğal edilmiş bu torpağı 1991-ci ildən zaman-zaman alovlanan münaqişənin mərkəzinə çevrilib. Bu münaqişə on minlərlə insanın ölümünə, yüz minlərlə insanın məcburi köçkünə çevrilməsinə səbəb olub. 2016-cı ilin aprelində baş vermiş “Dördgünlük müharibə” təqribən 200 nəfərin ölümünə səbəb olub. Sonuncu belə hadisə isə bu il iyulun 4-də baş verib. İki mülki şəxs – 2 yaşlı qızcığaz və nənəsi erməni silahlı qüvvələrinin qumbaraatanlardan açdığı atəş nəticəsində qətlə yetirilib. Bu hücum zamanı Azərbaycanın cəbhə xəttindən 5 kilometr aralıda yerləşən Alxanlı kəndi məqsədli şəkildə hədəfə almışdı. Bu hücuma reaksiyalar saysız-hesabsız idi. Avropa Parlamentinin Azərbaycan üzrə həmməruzəçisi Norika Nikolay və vitse-prezidenti Riçard Çarnetksinin  açıq məktubunda erməni təcavüzü qətiyyətlə pislənib. Onlar mülki şəxslərin, qadınların və uşaqların bilərəkdən qətlə yetirilməsinin istənilən halda qəbuledilməz olduğunu, belə alların dərhal dayandırılmalı olduğunu bildiriblər. Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin direktoru Erkin Əlixanov bildirib ki, bu hücum danışıqlar prosesini pozmağa, Qafqazın hüdudlarını aşacaq müharibənin başlanmasına istiqamətlənib.

- Münaqişə yenidən alovlanarsa, ən pis nəticə nə ola bilər?

- Bu münaqişənin regiona, xüsusilə ətraf mühitə təsiri faciəvi ola bilər. Ermənistanın paytaxtı Yerevanın təxminən otuz kilometrliyində yerləşən “Metsamor” Atom Elektrik Stansiyası çox köhnəlib baxımsız qalıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də onun bağlanmasını tövsiyə edir. Ermənistan hakimiyyəti isə bu təklifi rədd edir. Çünki stansiya ölkə əhalisinin 40%-ni enerjilə təmin edir. Bir sözlə, münaqişə yenidən qızışarsa, hökumətin bu qərarı ağır nəticələrə gətirib çıxara bilər.

- Bəs, diplomatik danışıqlarda vəziyyəti nə yerdədir?

- Bir çox müşahidəçilər hesab edir ki, real nəticələr verməyən uzunmüddətli diplomatik səylər vəziyyəti daha da ağırlaşdıra bilər. Beynəlxalq ictimaiyyətin bu məsələdə fəal olmadığını nəzərə alsaq, hazırki ssenari hələ uzun müddət davam edə bilər.

Görünən odur ki, Dağlıq Qarabağ münaqişəsi heç də prioritet deyil. BMT Təhlükəsizlik Şurasının bu problemlə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq (onlardan sonuncusu – 884 saylı qətnamə 1993-cü ilin noyabrında qəbul olunub və erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərdən çıxarılmasını tələb edir), işğal hələ də davam edir. Tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Yalnız bir neçə dəfə atəşkəs əldə edilib ki, o da davamlı olaraq pozulur. Bu yaxınlarda mülki şəxslərə edilən hücum və 2016-cı ilin aprel hadisələri buna ən bariz nümunələrdir.

- Rusiyanın bu məsələdə rolu nədən ibarətdir?

- Dağlıq Qarabağdakı satus-kvo uzun müddət davam edə bilməz. Artıq uzun illərdir ki, Rusiya, Fransa və ABŞ-ı özündə birləşdirən ATƏT-in Minsk qrupu vasitəçilik təkliflərini qəbul etdirməkdə çətinlik çəkir. Əslində isə Minsk qrupunun böyük təsirə malik həmsədri Rusiya istənilən həll variantını əngəlləyir və status-kvonun davam etməsinə yol açır. Bu gün Azərbaycanı silahla təchiz edən Rusiyanın Ermənistanda 5000 əsgəri var. Balans strategiyasını təbliğ edən Vladimir Putinin 3 məqsədi var:  ölkəsinin yaxın xaricində nəzarəti əldə saxlamaq (Ermənistanla Azərbaycan keçmiş sovet əyalətidir), Avropa İttifaqına göndərilən rus qazı ilə rəqabətə girə biləcək istənilən layihənin reallaşmasına mane olmaq (Avropa İttifaqı hazırda enerji tədarükü yollarının şaxələndirilmsilə məşğuldur və Xəzər dənizindən çıxarılan nefti Cənubi Avropaya daşıyan müxtəlif qaz kəmərləri layihələrinə investisiya qoyur). Nəhayət, Kreml rəsmi Bakı ilə Avropa İttifaqı arasında istənilən yaxınlaşmaya mane olmağa çalışır.

Artıq bir neçə ildir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Brüssellə əlaqələri möhkəmləndirir. Azərbaycanda Avropa səviyyəli çoxsaylı böyük tədbirlər keçirilib ki, bunlardan da biri 2015-ci ildə baş tutmuş birinci Avropa Oyunlarıdır. Bundan başqa, bu ilin mayında Bakıda İslam Həmrəyliyi Oyunları keçirilib.

- Fikrinizcə, bu münaqişəni necə həll etmək mümkündür?

- Avropanın, türk, fars, rus və ərəb dünyasının sərhədlərində baş verən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin daha böyük diqqətinə layiqdir. Keçmiş mədəniyyət naziri və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini irəli sürməsi başadüşüləndir. Bakının mədəniyyətlərarası dialoqun təşviqində iştirakı, eləcə də sülh mədəniyyətini, əməkdaşlıq diplomatiyasını müdafiə etmək iradəsi bu namizədliyin anlamını ortaya qoyur. Bu namizədlik, həmçinin Azərbaycan ilə Ermənistan arasında əlaqələrə kömək  edə, həmçinin Dağlıq Qarabağ münaqişəsində sülhə, razılaşmaya yol aça bilər. Şübhəsiz ki, onun 2006-cı ildən Azərbaycan səfiri kimi Moskvada işləməsi Rusiyanın regionda vasitəçilik rolunu tam mənada yerinə yetirməsinə töhfə verə bilər.

Regionda sabitliyə nail olunmasının perspektivi məhz Moskvadadır. Qafqazın cənubunda – Orta Şərqdə müxtəlif hadisələr cərəyan edir və Rusiya bu bölgə sabitliyə, sülhə nail olmağın yolunu axtarır. Moskvanın yenidən önə çıxması Avropa İttifaqı və ABŞ üçün əsl sınağa çevriləcək. Belə olan halda, sonuncular Bakıya siyasi, diplomatik və hərbi sahədə böyük dəstək göstərməlidir. Qafqazın bu kiçik respublikası Vaşinqtonun və Brüsselin regionda yeganə həqiqi, sabit və etibarlı tərəfdaşıdır. Vaşinqton və Brüsselin bu qiymətli dəstəyə hələ çox  ehtiyacı olacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Alternatives-Economiques


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az