20.10.2017 03:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Aİ-nin Dağlıq Qarabağ münaqişəsində rolu və sülh imkanı

 
 



Euobserver, Belçika
04.08.2017


Müəllif: Rövşən Rzayev

Prussiya kralı Fridrixin bədnam ifadəsi var: işğal et, sonra qanuniləşdir. Bu ifadə Yerevan rəsmilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yürütdüyü hazırkı siyasəti açıq və aydın xarakterizə edir.

Erməni diasporunun nümayəndəsi Nikolas Tavityanın “Euobserver saytında 28 iyulda dərc olunmuş “Aİ-nin Dağlıq Qarabağda sülh siyasəti yürütməsinə ehtiyac var” başlıqlı məqaləsində Ermənistan rəhbərliyinin iddiaları dəstəklənir və fikrin münaqişə ilə bağlı real vəziyyətdən yayındırılmasına cəhd edilir. Bu, məni təəssüfləndirir.

Müəllif münaqişə ilə bağlı əsas faktı nəzərə almır. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən güc yolu ilə işğalı durur.

Ermənistan bu işğal zamanı qanlı etnik təmizləmə həyata keçirib. Nəticədə, Dağlıq Qarabağın azərbaycanlı icması daxil olmaqla, işğal edilmiş ərazilərdə yaşamış təxminən 700 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq – həmin qətnamələrdə Ermənistan hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir – Ermənistan 25 ildən çoxdur işğalçı siyasətini davam etdirir.

Sülh yolu ilə həll

Ermənistan hərbi birləşmələrinin Azərbaycanın suveren ərazilərində mövcud olması regionda sülhə və təhlükəsizliyə birbaşa təhdiddir. Bu amil Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə imkan vermir.

Müəllif məqaləsində özünü təkzib edir. Belə ki, o, “ilk öncə insanlar nəzərə alınmalıdır” yanaşması haqda danışarkən, Dağlıq Qarabağın azərbaycanlı icması daxil olmaqla, 1 milyon azərbaycanlının hüquqlarını nəzərə almır və işğalı artıq həyata keçirilmiş fakt kimi qəbul edir.

Bu anarxist yanaşma dayanıqlı sülh deyil, əbədi müharibə yoludur. Ermənistan bu siyasəti nəticəsində hazırda regionda suverenliyini az qala itirmiş, təcrid edilmiş dövlətə çevrilib.

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə mümkün həlli yolu Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağ azərbaycanlılarının doğma torpaqlarına qayıtmasıdır.

Münaqişənin mərhələli həlli ilə Ermənistanla Azərbaycan arasında sərhədlərin açılması və əlaqələrin qurulması da nəzərdə tutulur.

Bəs Avropa İttifaqı (Aİ) bu prosesə necə dəstək verə bilər? Biz realist olmalıyıq və bu məsələdə Aİ üçün daha sərfəli olan yolu axtarmalıyıq.

Aİ-nin dəstəyi

Birincisi, Aİ ərazi bötüvlüyü, suverenlik və dövlətlərin sərhədlərinin toxunulmazlığı məsələsini ciddi şəkildə dəstəkləyir və bu məsələlərdə vahid mövqe nümayiş etdirir. Bu prinsiplər Aİ-nin postsovet məkanı ilə əlaqəli olan, uzun müddətdir davam edən münaqişələrlə bağlı yeni təhlükəsizlik strategiyasında da dəstəklənir. Bu, çox vacib məqamdır.

Aİ-nin 1999-cu ildə qəbul etdiyi “Cənub-Şərqi Avropada sabitlik paktı”ndan bir çox dərs götürmək olar. Bu paktda açıq və aydın göstərilir ki, Aİ beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdlərini heç vaxt qəbul etməyəcək.

Danışıqlar masasında olan hazırkı təklifləri nəzərə alaraq deyə bilərik ki, Aİ Ermənistana hərbi birləşmələrinin çıxarılması ilə bağlı diplomatik-siyası təzyiqlər göstərsə, bu, ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə bağlı hazırkı səylərini təkmilləşdirə bilər.

Bu qurumun digər münaqişə zonalarındakı təcrübəsini nəzərə alaraq deyə bilərik ki, azərbaycanlı məcburi köçkünlərin doğma evlərinə böyük qayıdışı prosesində Aİ tərəfindən humanitar və institusional dəstəyin göstərilməsi prosesə olduqca qiymətli yardım olardı.

Paralel olaraq, Aİ Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmaların etnik barışığı prosesinə, tərəflər arasında inamın gücləndirilməsi yolu ilə dəstək göstərə bilər.  

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü kimi deyə bilərəm ki, biz etnik barışığa yardım göstərmək üçün erməni icması ilə dialoqun yenidən başlanılmasına şad olardıq.

Barışıq yolunun tapılması

Danimarka ilə İsveç bir-birilə uzun müddət müharibə aparan dövlətlər olub. Bu sahədə dünya rekordu onlara aiddir. Lakin hazırda Danimarka ilə İsveç dost və tərəfdaş dövlətlərdir.

Buna görə mən icmamız adından, azərbaycanlılar ilə ermənilər arasında etnik ziddiyət və iki xalqın bundan sonra birgə yaşaya bilməyəcəyi haqda əsassız fikirləri qətiyyətlə rədd edirəm.

Aİ və bu quruma üzv ölkələr muxtariyyətlə bağlı ən yaxşı təcrübələrini bölüşə bilər. İsveçdə Aland adaları, İtaliyanın Trentino-Cənubi Tirol regionu və digər nümunələr Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət kimi, uyğun model tapalması üçün presedent sayıla bilər.

Müharibə ritorikasının artdığı dövrdə, münaqişənin sülh yolu ilə həllində substantiv danışıqların bərpası daha vacibdir. Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərilə birgə bu prosesə dəstək verir.

Mən müəllif ilə yalnız bir məsələdə həmfikirəm: sülh mümkündür. Sülh Ermənistan və onun xalqına böyük fayda verəcək.

Sülhə erməni diasporu da yardım göstərə bilər. Bu diaspor Ermənistanı düşmənçiliyə yönəltmək əvəzinə, onu qonşusu ilə sülh yaratmağa məcbur etməlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euobserver


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az