21.11.2017 17:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
“Qarabağ”: Çempionlar Liqasında qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu

 
 



BBC, Böyük Britaniya
25.08.2017


UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”ə qalib gələn “Qarabağ” bu turnirin qrup mərhələsinə adlaya bilən ilk Azərbaycan klubudur. Ermənistanın 1993-cü ildə Dağlıq Qarabağı işğal etməsi üzündən “Qarabağ” oyunlarını paytaxt Bakıda keçirir.

Klub 1951-ci il iyulun 23-də Azərbaycanın Qarabağ bölgəsinin Ağdam şəhərində yaradılıb. O zaman komandanın adı “Qarabağ Ağdam” idi. Klub 1966-cı ildə –  Sovet İttifaqı dövründə Azərbaycan liqasında mübarizə aparıb. Lakin maddi problemlər üzündən o, 1968-1976-ci illər arasında çempionatda çıxışını dayandırıb. 1977-ci ildə isə “Şəfəq” adı ilə yenidən yerli liqada mübarizəyə qoşulan komanda 1988-ci ildə ilk dəfə Azərbaycan çempionu olub.

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda ilk milli və müstəqil futbol çempionatı 1992-ci ildə keçirilib. Cəmi  1 il sonra “Qarabağ” Azərbaycan Premyer Liqasının çempionu olmaqla yanaşı, Azərbaycan Kubokunu da əldə edib.

Ağdamın qüruru

Ağdamlıların qüruru olan “Qarabağ”ın bu zəfəri həm də Azərbaycanda Bakıdan kənar bölgə təmsilçisinin ilk çempionluğu idi. Lakin müharibə həm klubun, həm də ağdamlıların xöşbəxtliyinə kölgə salırdı. 1993-cü ildə Ermənistanın Dağlıq Qarabağı işğal etməsi zamanı klubun ev oyunlarını keçirdiyi “İmarət” stadionu da bombardman edilərək, yararsız hala salınıb. Stadionsuz qalan komanda eyni zamanda, bütün resurslarını itirib və Ağdam şəhərindən Bakıya köçməyə məcbur olub.

Bu, kluba qoşulan ləqəblərdə də özünü göstərib: “Qaçqınlar”, “Atlılar”...

Serpil Hamdi Tüzün də burada çalışıb

90-cı illərin sonu, 2000-ci illərin əvvələrində baş verən iqtisadi böhran kluba ciddi təsir göstərmişdi. Buna baxmayaraq, “Qarabağ” 1999-cu ildə UEFA İntertoto Kubokunda İsrailin “Makkabi Hayfa” komandasına qalib gələrək, Avropa kuboklarında tur keçməyə nail olan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən böyük bir şirkətin sponsorluğa başlaması ilə qarşıya qoyduğu məqsədləri böyüdən “Qarabağ” 2003-2004-cü il mövsümünü milli çempionatda 3-cü yerdə bitirib.

Bu sponsorluqla infrastruktura da böyük əhəmiyyət verilməyə başlanıb. “Beşiktaş”da çalışdığı dövrdə Sərgən Yalçın, Mətin Təkin, Feyyaz Uçar kimi futbolçuları kəşf edən Serpil Hamdi Tüzünün “Qarabağda” çalışmağa başlaması isə klubun taleyini dəyişib. Beləliklə, klub struktur dəyişikliklərinin  bəhrəsini son 3 mövsümdə ardıcıl olaraq Azərbaycan çempionu olmaqla görüb.

Qeyd edək ki, komanda 2008-ci ildə keçmiş Azərbaycan futbolçusu Qurban Qurbanovun klub rəhbərliyinə gətirilməsilə yüksəlişə keçib.

“Qafqazın Barselonası”

2009/2010 mövsümündə Avropa Liqasının seçmə turlarında “Rosenborg” və “Honka”ya qalib gəlməsindən sonra “Qarabağ”a “Qafqazın Barselonası” ləqəbi verilib. Artıq Qurbanovun əsasən Azərbaycan futbolçuları ilə nümayiş etdirdiyi futbol yüksək qiymətləndirilirdi. Sonuncu dəfə 1992/1993 mövsümündə ölkə çempionu olmuş “Qarabağ” 2013/2014 mövsümündə 21 illik fasilədən sonra yenidən birinci olmaqla, Bakı komandalarının hakimiyyətinə son qoyub.

2009-2015-ci illərdə 4 dəfə UEFA Avropa Liqasının təsnifat mərhələsində mübarizə aparan “Qarabağ”, 2014/2015 mövsümünün əvvəlində Hollandiyanın “Tvente” komandasına qalib gələrək, “Neftçi Bakı”dan sonra UEFA Avropa Liqasında oynayan ikinci Azərbaycan komandası olub. O zaman qrup mərhələsini 6 xalla üçüncü yerdə başa vuran “Qarabağ” 23 oktyabr 2014-cü ildə səfər oyununda “Dnepr”ə qalib gəlməklə, Avropa Liqası qruplarında qələbə qazanan ilk Azərbaycan klubu statusunu qazanıb.

Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən sonra ev oyunlarını Ağdamda deyil, mütəmadi olaraq fərqli yerlərdə oynayan “Qarabağ”a 2008-ci ildən Qurban Qurbanov rəhbərlik edir. Hazırda ev oyunlarını ölkənin şərqindəki stadionlarda keçirən “Qarabağ” milli çempionat matçlarını “Azersun Arena”da, Avropa Çempionatı qarşılaşmalarını isə Tofiq Bəhramov adına stadionda oynayır.

Ən kiçik büdcəli komanda

“Qarabağ”ın heyətində İspaniyadan 2, Haiti, Braziliya, Makedoniya, Ukrayna, Bosniya və Herseqovina, Polşa və Cənubi Afrikanın hərəsindən 1 futbolçu çıxış edir. Dəyəri 12 milyon 28 min avro təşkil edən “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmiş 32 komanda arasında ən kiçik büdcəsi olan komandadır.

“Qarabağ”ın ən qədim ləqəbi “Atlılar”dır. Bu, Qarabağ atları ilə bağlıdır. Klubun İngiltərədə hazılanmış loqosunda da 2 at təsvir olunub.

Son illərdə baş verənlərdən sonra klub tərəfdarların gözündə əfsanəyə çevrilib. Çünki “Qarabağ” Ermənistanın işğal etdiyi və hazırda Azərbaycanın nəzarətində olmayan bir rayonu təmsil edir. Ağdamlılar “Qarabağ”ın uğurlarını böyük bir sevinclə qarşılayır.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: BBC


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az