20.09.2017 02:19
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  ÇL-2019-un finalının “Vanda Metropolitano” stadionunda keçirilməyəcəyinin səbəbi
 
19.09.2017
AS, İspaniya
 

  Azərbaycan İsrailin “günbəz”i altında
 
19.09.2017
Pravda.ru, Rusiya
 

  İran səfiri: “Rəsmi Bakının siyasəti başqa ölkələrlə birgə layihələrin icrasına yönəlib”
 
19.09.2017
IRNA, İran
 

  Rusiya və NATO generallarının növbəti görüşü Azərbaycanda keçirilib
 
19.09.2017
CEIRI NEWSPAPER, Braziliya
 

  BP şirkəti Azərbaycanda nəhəng istismar müqaviləsinin müddətini uzadır
 
18.09.2017
Romandie, İsveçrə
 

 
 
“Qarabağ” – Azərbaycanın “qaçqın klubu” tarix yazır

 
 



THE JERUSALEM POST, İsrail
30.08.2017


Müəllif: Nurit Qrincer

2017-ci il avqustun 23-də Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. O, Azərbaycan tarixində bu səviyyədə uğura imza atmış ilk klubdur.

Bəziləri bu fikrə etiraz etsə də, “Qarabağ” hazırda Azərbaycanın ən böyük futbol klubudur. Onun doğma şəhəri Ağdamdır. Lakin bu şəhər 1993-cü ildən bəri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ağdam tamamilə dağıdıldığına və işğaldan sonra orada etnik təmizləmə aparıldığına görə, “ruhlar şəhəri”, yaxud “Qafqazın Hirosiması” də adlandırılır. Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış 32 klub arasında ev oyunlarını doğma şəhərində, öz stadionunda keçirə bilməyəcək yeganə klubdur. O, 1993-cü ildən bəri ev oyunlarını Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Tofiq Bəhramov adına stadionda keçirir.

Azərbaycanlı futbol azarkeşləri mənimlə söhbətlərində son illərdə ölkədə futbolun inkişaf etdiyini deyirlər. “Qarabağ” da bunu sübut etmək üçün meydana çıxır.

Ötən həftənin çərşənbə günü, yəni avqustun 23-də “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu turnirdən kənarlaşdırıb. İki oyunun ümumi nəticəsi 2:2 hesabı ilə bitib. Lakin Azərbaycan klubu rəqib meydanında vurduğu qol sayəsində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Beləliklə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşüb. Hazırda bütün Azərbaycan xalqı onları izləyir və komandadan növbəti qələbələr gözləyir. Sizə milyonlarla insanda ümid qığılcımı yaradan “qaçqın klubu”nun tarixi haqda danışacağam.

Azərbaycanın Ermənistanla yaşadığı münaqişə bir çox insanın həyatına, o cümlədən futbolçulara və onların azarkeşlərinə öz təsirini göstərib. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda hələ də davam edən münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı doğma torpaqlarından və evlərindən başqa bölgələrə köçürülüb. Buraya Ağdamdan olan 10 minlərlə insan da daxildir. Onlar məcburi köçkünə çevriliblər.

Dağlıq Qarabağ münaqişəsi keçmişdə 40 min insanın yaşadığı Ağdam şəhərini dünyanın ən böyük “ruhlar şəhəri”nə çevirib. Bu münaqişə nəticəsidə 6 min ağdamlı öldürülüb. Bundan əlavə, müharibə zamanı “Qarabağ” klubunun ev oyunlarını keçirdiyi “İmarət” stadionuna böyük zərər dəyib. Nəticədə, stadion yarasız hala düşüb.

Doğma stadionunu itirmiş, çox təəssüf ki “qaçqın klubu” kimi tanınan “Qarabağ” buna baxmayaraq yaxşı oyun nümayiş etdirir. Klub son 4 ildə Azərbaycan Premyer Liqasının qalibi olub. Bundan başqa, “Qarabağ” Avropa Liqası və Çempionlar Liqasına vəsiqə qazanıb.

Klubunun loqotipində 2 at təsvir olunub. Bu, Qarabağın əfsanəvi atlarının rəmzidir. “Atlılar” ləqəbi ilə tanınan “Qarabağ” Azərbaycan futbol tarixində ilk dəfə Avropa arenasında rəqib meydanında qələbə qazanmış klubdur. 1999-cu ildə “Qarabağ” İsrailin “Makkabi Hayfa” klubunu səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.

Azərbaycan dövləti tərəfindən dəstəklənən “Azərsun Holdinq”in sponsoru olduğu “Qarabağ” klubunun əsası hədəfi istedadlı azərbaycanlı futbolçuları üzə çıxartmaqdır. Bundan başqa, bu klub həm də Ağdam şəhəri daxil olmaqla, doğma evlərindən qovulmuş 1 miyon qaçqının ümid və qürur rəmzidir. Bundan başqa, “Qarabağ”ın oyunları və uğuruna görə, onu dəstəkləyənlər bir anlıq müharibəni unudur, yaxud onların yaraları az da olsa sağalır, tərəfdarlar xoşbəxt olur, qələbə sevinci yaşayırlar.

“Qaçqın klubu” olmaq mahiyyət etibarı ilə tam yeni anlayışdır

Qarabağ regionunun məcburi köçkünlərinin komandası olan bu klub Avropa arenasında ciddi rəqibə çevrilib. Bu kiçik klub böyük səylə çalışır və inkişaf edir.

Qarabağ – ingiliscə “Karabakh” – Azərbaycanın qərbində yerləşən və bu ölkənin ərazisi olan dağlıq bölgədir. Ağdam Kür-Araz ovalığında, Qarabağ düzünün dağətəyi hissəsində, Kiçik Qafqaz dağlarının yaxınlığında yerləşir. Bu rayon dəniz səviyyəsindən 410-1365 metr yüksəklikdədir.

Bizim eranın 1357-ci ilindən Azərbaycanın tarixi torpağı olan Ağdamın adı tarixi sənədlərdə çəkilir. 1174-cü ilə aid olan və qədim qəbirstanlıqda qorunub-saxlanılmış daş pilitə burada qədim qalanın olduğunu göstərir. Bundan əlavə, əhəngdaşın çıxarıldığı Şahbulağın bura yaxın ərazidə yerləşməsi həmin ərazidə qədim qalanın olduğunu təsdiq edir. Burada yerləşən mədəndən Ağdam qalasının tikintisi üçün əhəngdaşı çıxarılıb.

1993-cü il iyulun 23-də Ermənistan Ağdam rayonunun 1094 kvadrat kilometrlik ərazisinin – 1 şəhər və 40 kənd daxil olmaqla – 882 kvadrat kilometrini işğal edib. Nəticədə Ağdam rayonunda yaşayan təxminən 128 min nəfər məcburi köçkünə çevrilib. Onlar Azərbaycanın müxtəlif ərazilərində yerləşən 875 yaşayış məntəqəsinə köçürülüb.

Qarabağın itirilmiş digər şəhərləri kimi, Ağdamın da işğalı Azərbaycan üçün ağrılı itki olub. Ermənistan hərbi birləşmələri Ağdamda hər şeyi yerlə-yeksan edib. Onlar tarixi abidələri, qəbirstanlıqları, xəstəxanaları, kitabxanaları, məktəbləri, ofisləri, yaşayış binalarını, sənaye və tikinti müəssisələrini, mədəniyyət mərkəzlərini, 1 teatrı, 3 məscidi və 2 muzeyi dağıdıb. Hazırda Ağdamda heç kim yaşamır və bura tamamilə dağıdılıb. Buna görə, Ağdama “ruhlar şəhəri”, yaxud “ Qafqazın Hirosiması” adı verilib.

Qeyd edək ki, Ağdamda baş vermiş hərbi əməliyyatlar zamanı 6 min insan həyatını itirib.

Ermənistanın Ağdamı və Azərbaycanın digər ərazilərini qeyri-qanuni olaraq işğal altında saxlaması, doğma torpaqlarından qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti beynəlxalq ictimaiyyətə ədalətin bərqərar olması üçün daha çox enerji sərf etməli olduğunu bir daha xatırladır. Ədalət yalnız işğala son qoyulması və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması ilə bərqərar ola bilər.

Xatırladaq ki, Ermənistan Cənubi Qafqazda qonşusu olan Azərbaycanın torpağına iddia edir. Bu, 1990-cı illərin əvvəllərində uzunmüddətli müharibənin başlamasına səbəb olub. Nəticədə, Ermənistan Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20%-ni işğal edib. BMT Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılması haqda 4 qətnamə qəbul edib. Lakin bu qətnamələrin tələbləri indiyədək yerinə yetirilməyib.

Hamı Sarayevo, Tuzla və Serebnitsada baş vermiş hadisələri, o cümlədən Bosniyanın mühasirəyə alınmasını böyük ürək ağrısı ilə xatırlayır. Bəs onları Xocalı, Ağdam, yaxud Kəlbəcərin, ümumilikdə Azərbaycanın taleyi maraqlandırırmı? Bəs insanlar “Qarabağ” futbolçuları və onların ailələri daxil olmaqla, 1 milyon qaçqın və məcburi köçkünün taleyi haqda nə deyə bilər?

“Qarabağ” klubu Dağlıq Qarabağ müharibəsindən ciddi əziyyət çəkib. İndi isə sizə “Atlılar” ləqəbli, “qaçqın klubu” olan “Qarabağ”ın unikal və çox kədərli tarixi, o cümlədən onun son illərdə Avropa futbol səhnəsində ağlasığmaz uğurları haqda danışacağam.

Qeyd edək ki, Azərbaycan həm Rusiya, həm də İranla sərhədə malik yeganə, unikal ölkədir. Azərbaycanın kiçik klubu olan “Qarabağ” da digər komandalardan unikallığı ilə fərqlənir. Belə ki, beynəlxalq futbol klubu kimi qeydiyyata alınmış digər komandalardan fərqli olaraq “Qarabağ” yeganə klubdur ki, 24 ildən artıq müddətdə öz meydanında oynaya bilmir. Bu, ona bənzəyir ki, “Nyu-York Yankiz” beysbol klubu və “Nyu-York Siti” futbol klubu özlərinin Nyu-Yorkdakı “Yanki” stadionunda oynaya bilməsin.

“Atlılar” Ağdamda son ev oyununu 1993-cü il mayın 12-də işğalçı Ermənistan ordusunun atəşi altında keçirib. Qarabağ müharibəsi 1988-1994-cü illərdə baş verib. Həmin görüşdə “Qarabağ” Azərbaycan Çempionatında rəqibi olan, Tovuz şəhərini təmsil edən “Turan”ı 1:0 hesabı ilə məğlub edib və Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.

1993-cü ilin iyulunda Ağdamın işğalı ilə “Atlılar”ın sürgün dövrü başlayıb. Təxminən iki onillik ərzində “Qarabağ” klubu Azərbaycanın müxtəlif stadionlarında oynamağa məcbur olub.

Kənd təsərrüfatı üzrə ixtisaslaşan yerli “Azərsun” şirkəti 2002-ci ildə bu klubu öz himayəsinə götürüb və ona sərmayə qoymağa başlayıb. Maliyyə cəhətdən güclənən “Atlılar” yavaş-yavaş yüksəlməyə başlayıb və müxtəlif meydanlarda oynamaqdan canını qurtarıb. “Qarabağ” ilk öncə yerli çempionatda, daha sonra isə Avropa arenasında güclü rəqibə çevrilib.

Lakin onları müharibə və sürgün hissləri hər zaman izləyir. Bununla yanaşı, “Atlılar”ın ilhamlanmış futbolçuları beynəlxalq futbol arenasında yüksəkliyə və şöhrətə doğru irəliləyir.

2014-cü il mayın 7-də “Qarabağ” klubu 1993-cü ildən bəri ilk dəfə Azərbaycan Çempionatında birinci yer tutub. Lakin 2014-cü ilə qədər onların bəzi qələbələri əllərindən alınıb. “Qarabağ” klubu 2014/2015-ci il mövsümündə Avropa Liqasının qrup mərhələsində böyük klublara – Ukraynanın “Dnepr”, Fransanın “Sent-Etyen” və İtaliyanın “İnter” komandasına qarşı mübarizə aparıb. Nəhayət, böyük zirvəyə yüksələn “Atlılar” adını dünya futbol xəritəsinə daxil etdirib.

Futbola olan marağıma görə, bu oyun haqda bəzi məlumatlara baxdım. “Qarabağ” klubunun tarixi haqda da çox şey öyrəndim. Bu tarixi öyrənməyə dəyər.

“Atlılar” geri qayıtdı

Ötən həftə “Qarabağ” klubu Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Komanda “C” qrupunda “Çelsi”, “Atletiko Madrid” və “Roma”ya qarşı mübarizə aparacaq.

Tale də bəzən rəhmli olur! “Qarabağ” klubu öz doğma şəhərindən sürgün edilsə də, onlar Çempionlar Liqasında şok effekti yarada bilər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən “Qarabağ”ın bu tarixi qələbəsi haqda danışmasını xahiş etdim. O, dedi: ““Qarabağ” sadəcə futbol klubu deyil, onun böyük rəmzi mənası var. O, Azərbaycan xalqının əzmkarlıq və qətiyyətinin rəmzidir. “Qarabağ” həm də millətimin qürurunun və ədalətin bərpa olunacağına ümidinin təcəssümüdür. Əminəm ki, “Qarabağ” tezliklə yenidən öz ev oyunlarını Azərbaycanın tarixi Qarabağ regionunda keçirəcək”.

Amin deyək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az