21.11.2017 17:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Azərbaycanın Neft Fondunun rəhbəri: “Bizim bütün investisiyalarımız beynəlxalqdır”

 
 



Kazinform, Qazaxıstan
08.09.2017


Müəllif: Aygül Sandibekova

Astanada keçirilən Suveren Rifah Fondlarının Beynəlxalq Forumuna Rusiya, Türkiyə, Çin, ABŞ və digər ölkələrin nüfuzlu ekspertləri, iqtisadçıları toplaşıb. İştirakçılardan biri də Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdur. Forumun kuluarlarında “Qazinform” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində Mövsümov Fondun investisiya siyasətindən danışıb.

-  Qazaxıstanın Vahid Pensiya Yığım Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırımları ilə bağlı vəziyyətdən xəbərdarsınız. Yayılan məlumata görə, borcun qaytarılması üçün mənbələrdən biri də sizin Fond olacaq. Bununla bağlı rəsmi qərar qəbul edilibmi və bu, necə baş verəcək?

- Bilirsiniz ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı çox mürəkkəb vəziyyət yaranmışdı və Azərbaycan hökuməti bankın restrukturizasiyası barədə qərar qəbul etdi. Qazaxıstan pullarının bu banka yatırıldığını bilirəm. Azərbaycan Neft Fondunun da orada pulu var idi və resrukturizasiya vaxtı xarici investorlar kimi, bizim Neft Fondu da müəyyən itkilərə məruz qalıb.

Banka qoyulmuş ümumi investisiya məbləğinin 20%-ə yaxını silinib və biz bir növ Azərbaycan hökumətinin yerli və xarici investorlar arasında fərq qoymadığını nümayiş etdirmişik. Eyni yanaşma bizə qarşı da tətbiq olunub. Restrukturizasiya planı təsdiqlənib və məncə, proses artıq başlayıb. Artıq ilk əməliyyatlar da həyata keçirilib. İnvestorların 90%-dən çoxu restrukturizasiya planının lehinə səs verib və bu o deməkdir ki, əksəriyyət bu planı ədalətli hesab edir.

- Belə bir fikir var ki, Neft fondları dövlətə lazım deyil və pulları vətəndaşlara paylamaq gərəkdir.

- Bu fondların yaradılması çox ciddi elmi bazaya əsaslanır. Son 50 ilin bir çox akademik ədəbiyyatında göstərilir ki, bu gəlirləri mərkəzləşdirilmiş şəkildə idarə etməyən ölkələr iqtisadi inkişaf səviyyəsinə görə digərlərindən geri qalır. Çünki böyük gəlirlər qısa müddətdə iqtisadi sabitliyi pozur, milli valyutanı bahalaşdırır və bununla da özəl sektor rəqabət qabiliyyətini itirir. Fondun yaradılması üçün obyektiv əsaslar da elə bunlardır. Əlbəttə, pulları paylamaq da olar, lakin bu yaxşı heç nəyə gətirib çıxarmayacaq.

Artıq bir çox ölkələr öz nümunələrində göstəriblər ki, bu, yanlış yanaşmadır. Bu səbəbdən hazırda Azərbaycan və Qazaxıstanın istifadə etdiyi yanaşmalar çox doğru, ölçülüb-biçilmiş və uzaqgörən yanaşmalardır. İqtisadi baxımdan da tam özünü doğruldur.

- Bizim iqtisadiyyatlar bənzərdir. Bizdə də neft gəlirlərinin toplandığı Milli Fond var. Sizin Fond barədə danışaq. O, hansı gəlirlərdən formalaşır və hara sərmayə yatırır?

- Azərbaycanın Neft Fondu 1999-cu ildə yaradılıb. Fondun əsas maliyyə mənbəyi dövlətin payına düşən neft və qazın satışından əldə edilən gəlirlərdir. Yarandığı vaxtdan buraya 130 milyard dollardan artıq gəlir daxil olub ki, onun da 75%-ə yaxını infrastruktur və inkişaf layihələrinə yönəldilib, 25%-i qorunub saxlanılır. Bu gün Fondda 35 milyard dollar var. Qanuna əsasən, Neft Fondu Azərbaycanın daxilinə sərmayə yatıra bilməz. Odur ki, bütün sərmayələrimiz beynəlxalq və qlobaldır. Bizim yetərincə şaxələnmiş investisiya portfelimiz var, yatırımlarımızı bütün dünyaya, müxtəlif aktivlərə yönəltmişik.

- Hər il iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlərin limiti nə qədərdir?

- Bizdə belə bir limit yoxdur. Lakin hökumət Fondla birlikdə neft gəlirlərinin xərclənməsi üçün yuxarı həddin hesablanması məqsədilə xüsusi formul hazırlamağa çalışır. İlin sonuna qədər bu formul, belə deyək, fiskal qayda işlənib təsdiqlənəcək.

- Sizin Fond üçün iqtisadiyyatın hansı sektorları maraqlıdır?

- Dediyim kimi, mandata görə, bizim Fond milli rifah fondudur və müvafiq olaraq, konkret layihələrə sərmayə qoya bilməz. Biz maliyyə investoruyuq və bunu Fondlar, səhmlər vasitəsilə edirik. Vəsaitlərimizin böyük hissəsi fiks gəlirliliyi olan alətlərə, dünyanın iri şirkətlərinin səhmlərinə yatırılıb. Biz London, Paris, Tokio, Seul və digər ölkələrdə danışmaz əmlak sahibiyik. Bu isə investisiyalar üçün çox geniş meydan deməkdir. Son illər konkret hansı fondlara vəsait yatırmağımıza gəldikdə isə bu, bütün dünya üzrə iri infrastruktur layihələrinə vəsait qoyan Qlobal İnfrastruktur Fondu və İqlim Dəyişikliyi Fondudur.

- Bu, zərərli iş deyil ki?

- Xeyr, siz bilirsiniz ki, “yaşıl iqtisadiyyat” adlandırılan və real gəlirlər gətirən bir çox layihələr var. Söhbət alternativ üsullarla elektrik enerjisi istehsalından gedir. Doğrudur, bir çox ölkələrdə bu layihələr subsidiyalaşdırılır, lakin investor üçün bu, istənilən halda gəlirli layihədir.

- Bəs Azərbaycanda investorların hansı sahələrə vəsait yatırması sərfəlidir?

- Bütün sahələrə. Lakin, təbii ki, ənənəvi sahə kənd təsərrüfatıdır. Bizdə bu sahə güclü inkişaf edib. Bir də, əlbəttə ki, turizm. Son illər turizm ən sürətlə inkişaf edən sektorlardan birinə çevrilib. Düşünürəm ki, xeyli yaxşı imkanlarımız var.

- Müsahibəyə görə təşəkkür edirik!

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kazinform


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az