20.09.2017 02:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  ÇL-2019-un finalının “Vanda Metropolitano” stadionunda keçirilməyəcəyinin səbəbi
 
19.09.2017
AS, İspaniya
 

  Azərbaycan İsrailin “günbəz”i altında
 
19.09.2017
Pravda.ru, Rusiya
 

  İran səfiri: “Rəsmi Bakının siyasəti başqa ölkələrlə birgə layihələrin icrasına yönəlib”
 
19.09.2017
IRNA, İran
 

  Rusiya və NATO generallarının növbəti görüşü Azərbaycanda keçirilib
 
19.09.2017
CEIRI NEWSPAPER, Braziliya
 

  BP şirkəti Azərbaycanda nəhəng istismar müqaviləsinin müddətini uzadır
 
18.09.2017
Romandie, İsveçrə
 

 
 
Azərbaycanın qüruru olan “Qarabağ” klubu tanımadığı yola çıxır

 
 



Reuters, Böyük Britaniya
12.09.2017


Müəllif: Martin Herman

Çempionlar Liqasının debütantı olan “Qarabağ” klubu Avropanın ən yüksək səviyyəli klub yarışının qrup mərhələsinə bir yenilik qatacaq. Azarkeşlərinin “Qafqazın “Barselonası”” adlandırdığı klub qrup mərhələsində sadəcə suvenir yığmaq üçün iştirak etmir.

1992-ci ildə yaradılmış Azərbaycan Premyer Liqasının əsasını qoymuş klublardan biri “Qarabağ”dır. O, ard-arda 4 dəfə Azərbaycan çempionu olub. “Qarabağ” 3 dəfə Avropa Liqasında çıxış etdikdən sonra göstəricisini daha da yüksəldib. O, artıq elit liqada mübarizə aparacaq. “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Ümumi hesab 2:2 olsa da, səfərdə vurulmuş qolun sayəsində növbəti mərhələyə məhz “Qarabağ” yüksəlib.

Bundan əvvəl “Qarabağ” Gürcüstanın “Samtredia” klubunu 6:0 hesabı ilə dağmadağın etmiş, Moldovanın “Şerif” klubuna isə 2:1 hesabı ilə qalib gəlmişdi. İndi, o, çərşənbə axşamı İngiltərə Premyer Liqasının son qalibi “Çelsi” ilə qarşılaşacaq. Bununla da “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynayacaq ilk Azərbaycan klubu olacaq. Bu, 1990-cı illərdə müharibədən əziyyət çəkmiş klub üçün möhtəşəm səyahətdir.

Klubun doğma şəhəri olan Ağdam hazırda işğalın, 1980-1990-cı illərdə baş vermiş dəhşətli Qarabağ müharibəsi zamanı qonşu Ermənistanın hərbi birləşmələri tərəfindən məruz qaldığı borbardmanların rəmzidir. O zaman “Qarabağ” klubunun “İmarət” stadionu da yerlə-yeksan edilib. Nəticədə onlar ev oyunlarını doğma şəhərlərindən 440 kilometr uzaqda, paytaxt Bakıda keçirir. Lakin doğma şəhərindən ayrı düşmüş “Qarabağ” bütün Azərbaycanın qürurudur. Azərbaycan millisinin oyunçularının əksəriyyəti də bu klubun yetirməsidir.

“Bu klub Azərbaycan xalqı üçün hər şey deməkdir. Torpaqlarımız işğal edilib. Məhz “Qarabağ”ın uğurları sayəsində biz bu məsələni dünyanın diqqətinə çatdırırıq”, - deyə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Daily Telegraph” nəşrinə bildirib.

Klubun ləqəblərindən biri “Atlılar”dır. Hazırda komandanı dövlət tərəfindən dəstəklənən “Azərsun Holdinq” maliyyələşdirir. Klubun əsas oyunçuları azərbaycanlılar olsa da, vaxtı ilə Azərbaycanın bombardiri olmuş, hazırda klubun baş məşqçisi olan Qurban Qurbanov bəzi əcnəbi oyunçuların xidmətindən də istifadə edir.

Yarımmüdafiədə ispaniyalı Mişel ilə birgə braziliyalı Pedro Enrike oynayır. Sonuncu komandaya icarə əsasında yeni qoşulub. Klub sol cinah müdafiəçisi, Albaniya millisinin kapitanı Ansi Aqoli ilə fəxr edir. O, 2016-cı ildə keçirilmiş Avropa çempionatının final mərhələsində çıxış edib. Bundan başqa, klub qapıçı bosniyalı İbrahim Şehiç ilə də öyünür.

Hücum xəttini gücləndirmək üçün isə norveçli Tarik El Yunussi bu yay komandaya qoşulub.

“Çelsi” ilə “Qarabağ”dan başqa “C” qrupunda “Atletiko Madrid” ilə “Roma” klubları da mübarizə aparır. Düzdür, “Qarabağ”ın növbəti mərhələyə yüksələcəyinə çox az insan ümid edir. Hər halda, “Çelsi”nin baş məşqçisi Antonio Konte çərşənbə axşamı keçiriləcək oyunu başlı-başına buraxmayacaq. O, İtaliya millisinin baş məşqçisi olarkən Azərbaycana qarşı oynayıb.

““Qarabağ” yaxşı komandadır. Mən onların əksər oyunçusunu yaxşı tanıyıram. Çünki İtaliya millisinin baş məşqçisi olarkən seçmə mərhələdə Azərbaycana qarşı çıxış etmişik. “Qarabağ”ın milli komandada oynayan çoxlu futbolçusu var”, - deyə italiyalı mütəxəssis bildirib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Reuters


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az