21.11.2017 17:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
“Qarabağ” Çempionlar Liqasında çıxış edəcək Azərbaycan çempionudur

 
 



Noticiaaldia, Venesuela
12.09.2017


Son 4 mövsümdür Azərbaycan çempionu olan “Qarabağ” Futbol Klubu, nəhayət məqsədinə çatdı: ilk növbədə müharibə nəticəsində darmadağın olmuş regionu təmsil etməsilə diqqət çəkən bu klub çərşənbə axşamı Çempionlar Liqasındakı debüt matçında “Çelsi”nin qonağı olaraq, sanki alovlu bir sınaqdan keçəcək.

Kiçik Qafqaz ölkəsi olan Azərbaycanın Çempionlar Liqasındakı ilk təmsilçisi statusunu qazanmaq üçün “Qarabağ” 3 seçmə mərhələ keçməli olub. Son mərhələdə “Kopenhagen” klubunu səfərdə vurulmuş qol sayəsində keçən komanda Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Klubun baş məşqçisi Qurban Qurbanov AFP-yə müsahibəsində deyib ki, “Avropanın ən nüfuzlu turnirində iştirak etmək bizim arzumuz idi”.

Lakin püşk onun komandasını rəqabətin ən güclü olacağı qrupa salıb. “Qarabağ” qrupda “Atletiko Madrid”, “Roma” və “Çelsi” ilə mübarizə aparmalı olacaq. İndi, əsas məqsəd xoş təəssürat yaratmaqdır.

“Rəqiblərimiz çox güclü və təcrübəlidir. Amma biz mübarizəyə hazırıq”, - deyə Azərbaycanın əfsanəvi məşqçisi Qurbanov bildirib.

Artıq 45 yaşı olan, ölkə millisinin keçmiş hücumçusu Qurban Qurbanov “Qarabağ”a 2008-ci ildə gəlib. Artıq 10-cu mövsümdür ki, o, bu komandanın baş məşqçisidir. Bu, Çempionlar Liqasının qrup mərhələsində yer alan 32 komandanın baş məşqçiləri arasında rekorddur.

Pep Qvardiolanın pərəstişkarı olan baş məşqçinin köməkçilərindən biri ispandır. Komanda ona aid edilən “Qafqazın “Barselona”sı” ləqəbini doğruldur.

Müharibə və qaçqınlıq

Hazırda Avropa futbol səhnəsinin ön sıralarında yer alan bu klubun tarixi ölkənin qərbindəki separatçı Dağlıq Qarabağ regionunun tarixi ilə bağlıdır. Bu region Ermənistanla Azərbaycan arasında 1988-1994-cü illərdə baş vermiş, 30 min nəfərin ölümü, minlərlə insanın qaçqına çevrilməsilə nəticələnmiş müharibəyə səbəb olub.

Klubun tam adı “Qarabağ Ağdam”dır. Ağdam klubun yarandığı şəhərdir. Lakin bu şəhər artıq mövcud deyil. O, müharibə zamanı dağılıb. İnzibati mərkəzi Ağdam şəhəri olan eyniadlı rayon indi, 2 hissəyə bölünüb: rayonun qərbinə ermənilər, şərqinə isə Azərbaycan nəzarət edir. Tərəflər arasında atəşkəs haqqında razılıq olsa da, sülh müqaviləsi imzalanmayıb. Odur ki, cəbhə xəttində mütamadi toqquşmalar baş verir. Artıq 20 ildir klub ev oyunlarını Bakıda, öz regionundan 350 kilometr uzada oynamaq məcburiyyətindədir.

Amma bu, bütün ölkənin “Qarabağ”ı dəstəkləməsinə mane olmur. “Onların uğuru bizi – gəncləri və qocaları, qadınları və kişiləri, Azərbaycanın bütün klublarının azarkeşlərini birləşdirib”, - deyə 29 yaşlı tərəfdar Nərminə Vəliyeva bildirib: “Onlar bizim sevimlilərimizdir. Çox vacibdir ki, “Qarabağ” bizim işğalda olan regionumuzu təmsil edir və bütün dünya bizim problemimizdən xəbər tutur”.

“Qarabağ”ın tarixi qarışıqdır. Klub 1951-ci ildə kənd təsərrüfatı işçilərinin birliyi tərəfindən yaradılıb. Azərbaycan çempionatında 3 mövsüm keçirdikdən sonra, 1968-ci ildə nəticənin olmaması, vəsait çatışmazlığı üzündən bağlanıb.

İkinci dəfə o, 1977-ci ildə yaradılıb və Sovet İttifaqının dağıldığı 1991-ci ilədək aşağı divizionlarda çıxış edib. Daha sonra klub Azərbaycanın yüksək liqasında oynamağa başlayıb və 1993-cü ildə ilk dəfə ölkə çempionu olub. Elə o dövrdə müharibə komandanı Bakıya köçməyə vadar edib.

Sonrakı illərdə “Qarabağ” yerli aqrar sənayə məhsulları istehsalı ilə məşğul olan nəhəng “Azərsun” şirkətilə sponosrluq müqaviləsi imzalayanadək yaşamaq uğrunda münbarizə aparıb. Bu müqavilədən, iqtisadi dəstəkdən sonra isə klub xaricdən oyunçuların transferinə başlayıb. “Qarabağ”ın uğurlarının sirri isə balanslı idarəçilikdə, ən yaxşı yerli oyunçularla bəzi motivasiyası yüksək olan, lakin tanınmayan əcnəbilərin uğurla bir araya gətirilməsindədir.

“Qarabağ” ulduz olmayan ispaniyalı Miçel və Dani Kintana, komandanı Çempionlar Liqasının qrup mərhələsinə yüksəldən qolun müəllifi, CAR-dan olan Dino Ndnlovu kimi oyunçuları sıralarına cəlb edib.

“Qarabağın” uğuru bütövlükdə 2003-cü ildən prezident İlham Əliyev tərəfindən idarə olunun Azərbaycan üçün uğurdur.

Bakı idmana böyük əhəmiyyət verir. Azərbaycan 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarını təşkil edib. Bundan başqa, Bakı Formula 1 yarışlarlarının keçirildiyi şəhərlərdən birinə çevrilib, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının bəzi oyunları da burada oynanacaq.

İndi isə bütün bunlara əlavə olaraq, “Qarabağ” Çempionlar Liqasındadır!

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Noticiaaldia


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az