20.09.2017 02:19
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  ÇL-2019-un finalının “Vanda Metropolitano” stadionunda keçirilməyəcəyinin səbəbi
 
19.09.2017
AS, İspaniya
 

  Azərbaycan İsrailin “günbəz”i altında
 
19.09.2017
Pravda.ru, Rusiya
 

  İran səfiri: “Rəsmi Bakının siyasəti başqa ölkələrlə birgə layihələrin icrasına yönəlib”
 
19.09.2017
IRNA, İran
 

  Rusiya və NATO generallarının növbəti görüşü Azərbaycanda keçirilib
 
19.09.2017
CEIRI NEWSPAPER, Braziliya
 

  BP şirkəti Azərbaycanda nəhəng istismar müqaviləsinin müddətini uzadır
 
18.09.2017
Romandie, İsveçrə
 

 
 
Lerik – Azərbaycanın gözəllik və sakitlik diyarı

 
 



Əxbar əl-xəlic, Bəhreyn
14.09.2017


Talış dağlarının zirvələrində sənə elə gəlir ki, səmaya toxuna bilərsən. Azərbaycanın əsrarəngiz, ən qədim və gözəl şəhərlərindən olan Lerik məhz oradadır. Lerik rayonu Azərbaycanın cənubunda, İranla sərhəddə, daha dəqiq desək, uca Talış dağları ilə Lənkəran ovalığının arasında yerləşir.

Lerik uzunömürlülər diyarı kimi tanınır. Uzunömürlü kəndli Şirəli baba Müslümov məhz bu kənddəndir. 168 il ömür sürmüş bu babanın adı Ginnesin “Rekordlar kitabı”na da salınıbmış.

Lerikə və ümumilikdə Talış dağlarına düşən maksimum illik yağıntının miqdarı 1600 mm-1800 mm arasında dəyişir. Yağıntı bütün Lənkəran ovalığı boyu yağır. Bura ölkənin ən çox yağış yağan bölgəsidir. Qışda isə region qarla örtülür və bu, bölgəyə əlavə gözəllik verir.

Lerik səs-küylü şəhər həyatından uzaq olmaq, sakitlikdən həzz almaq istəyən, təmiz dağ havası ilə nəfəs almağa, uca dağlara, axan çaylara, gözəl, gur şəlalərə tamaşa etməyə can atan turistlər üçün ideal, münasib məkandır. Bura təbiət qoynunda yerləşən əyləncə məkanları ilə də məşhurdur. Bunlardan biri olan Bülüdül rayon mərkəzindən təxminən 20 kilometrlik məsafədə yerləşir. Zərinqala isə Lerik şəhərindən təqribən 7 kilometr aralıdır. Burada şirin su bulaqları var. Meşələrdə və çay kənarlarında vəhşi heyvanlarından qaban, dovşan, tülkü, ördək ovlanması üçün təbii şərait var. Pələnglər isə dağ meşələrinin dərinliklərində, gedilməsi çətin olan məkanlarda məskunlaşıb.

Bu region özünün unikal təbiəti ilə yanaşı, özünəməxsus mədəniyyəti və qədim tarixi ilə də məşhurdur. Mistan kəndində, dəniz səviyyəsindən 2430 metr yüksəklikdə yerləşən Qızyurdu adlı yerdə tarixi daş dövrünə gedib çıxan mağaralardan biri tapılıb. Oradakı qayalar üzərində qədim rəsmləri görmək mümkündür. Rayonun tanınmış Orand yüksəkliklərində qədim binaların izlərinə də rast gəlinir. Ümumiyyətlə, Lerik çox sayda tarixi abidələrlə zəngindir.

Piyada gəzişməyi sevənlər üçün Lerik rayonunda geniş küçələr var. Lerik əhalisi, əsasən iki peşə – toxuculuq və xalçaçılıqla məşğuldur. Bundan əlavə, burada taxta və saxsıdan müxtəlif ev əşyaları da düzəldilir.

Gözoxşayan təbiət mənzərələri, əsrarəngiz məkanları kəşf etmək üçün Lerikdə gecələmək istəsən, öz sevimli şəhərində səni xüsusi hörmətli şəxs kimi qəbul edən sakinlərin qonağı ola bilərsən. Eyni zamanda, şəhərdə yol boyu düzülmüş çoxsaylı istirahət məkanlarına da üz tutmaq mümkündür.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əxbar əl-xəlic


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az