20.10.2017 03:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Konqres Qafqazı necə səhv başa düşür?

 
 



The Washington Times, ABŞ
28.09.2017


Müəllif: Stiven Blank

ABŞ Konqresinin ölkənin xarici siyasətinə istiqamət vermək cəhdləri – əslində, bu vəzifə Konstitusiya ilə icraedici orqana verilib – rəsmi Vaşinqtonun Qafqaz regionundakı maraqlarına ciddi zərbə vura bilər. Məsələn, bu yaxınlarda Konqres Azərbaycanı insan haqları ilə bağlı qüsurlarına görə sanskiyalarla hədələyib. Bundan başqa, Konqres Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün kiçik məbləğdə vəsaitin ayrılmasına razılıq verib.

Bu addımlardan sonra Azərbaycanın bəzi rəsmiləri ABŞ-ın bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, Bakının NATO ilə əlaqələri kəsəcəyini bəyan edib. Əlbəttə, sanskiyalar ABŞ-ın İran, Rusiya və s. ölkələrə münasibətdə yürütdüyü xarici siyasət üçün faydalı vasitədir. Lakin Azərbaycanın daxili siyasətinə cavab olaraq bu vasitədən istifadə etmək vacib deyil. Üstəlik, Ermənistanın kiçik həcmdə olsa belə, maliyyələşdirilməsi vəziyyəti daha da gərginləşdirir.

Həqiqətən də, aydındır ki, Konqres Dağlıq Qarabağda minaların təmizlənməsilə bağlı qərar qəbul edərkən, Qafqaz regionundakı bəzi nüansları nəzərə almayıb. Belə ki, Konqres bu addımı Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın işğalı altında olduğu bir şəraitdə atıb. O da aydındır ki, bu qərar ABŞ-ın xarici siyasətini istiqamətləndirənlər yox, daxili siyasətlə məşğul olan şəxslər (ABŞ-da ermənilərin sıx yaşadığı bölgənin koqresmenlərinə yenidən seçilmək üçün xalqın dəstəyi lazımdır) tərəfindən verilib. Bu fakt Konqresin Azərbaycana qarşı dürüst davranmadığı göstərir. Çünki bu qərar əslində heç bir məqsəd olmadan Azərbaycana qarşı yönəlmiş addımdır. Yəni qərar ABŞ-ın maraqlarına, strateji hədəfinə çatmasına xidmət etmir. Əksinə, konqresmenlər bu qərarı verməklə faktlara məhəl qoymur və ABŞ-ın maraqlarına xəyanət edir.

Yetərli, yaxud adekvat biliklərin olmadığı halda bu cür kobud siyasətin yürüdülməsi ABŞ-ın Qafqazda insan haqları və sülhün qorunması ilə bağlı maraqlarına da mənfi təsir göstərir. Konqres Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi faktına etinasız yanaşmaqla, insan haqları ilə bağlı bu ölkəyə hücum etməklə, bəlkə də özü də istəmədən Bakıya əslində onun problemlərilə maraqlanmadığını nümayiş etdirir.  

Bu mesaj Azərbaycanda ABŞ-a qarşı sərt siyasət yürüdülməsinin tərəfdarlarlarını ruhlandıracaq. Nəticədə həmin qüvvələr Azərbaycanın Moskvaya meyl etməsindən çox xoşbəxt olacaq, Azərbaycanın Rusiyaya tabe olmasına bəraət qazandıracaqlar. Onlar belə bir arqument irəli sürə bilər ki, Bakının Vaşinqtondan əldə edəcəyi heç nə yoxdur və beləliklə, Amerikadan qorxmaq lazım deyil. Çünki ABŞ onsuz da açıq-aydın Azərbaycana qarşıdır. Düzdür, bu fikir Rusiyadan müstəqilliyini qoruyub saxlayan Azərbaycanın maraqlarını əks etdirmir. Lakin yuxarıda qeyd olunan fikri müdafiə edən şəxslər Konqresin rəsmi Bakıya qarşı səhv yanaşmasını bəhanə edə, qurumun bu qərarının arxasında gizlənə bilərlər. Onlar Azərbaycanı Vladimir Putinin mərhəmətinə həvalə etmək üçün haqlı olduqlarını sübut etməyə çalışacaqlar.

Beləliklə, bu sanksiyalar ABŞ-ın maraqlarına böyük zərbə vuracaq. Bundan başqa, aydırdır ki, Rusiyaya meyl edəcək Azərbaycan ABŞ tərəfindən insan haqları ilə bağlı səsləndirilən ittihamlara daha çox müqavimət göstərəcək və Qafqazda sülh məsələsi Moskvaya həvalə ediləcək. Nəticədə sülh yaranmayacaq. Biz strateq Edvard Lyutvak kimi, anlamalıyıq ki, insan haqları məsələsi ABŞ-ın maraqlarının təmin edilməsi və bu ölkənin dəyərlərinin yayılması yolunda güclü və fərqli vasitədir. Buna görə biz istədiyimiz nəticənin əldə edilməsi üçün ondan ağılla istifadə etməliyik.

Beləliklə, həm də məlumatsızlıq üzündən yaranan sakit düşmənçilik xarici siyasətin qurulmasında güclü təməl ola bilməz. Əgər biz Azərbaycanın insan haqlarının təmini ilə bağlı daha yaxşı siyasət yürütməsini istəyiriksə, Bakıya bundan nələr əldə edəcəyini göstərməliyik. Biz Bakının yürütdüyü siyasətindən asılı olmayaq, onu rədd etməməliyik.

Qeyd olunduğu kimi, ABŞ-ın Azərbaycana təzyiqi Bakı üçün rus alternativinin olduğunu bildirən qüvvələri gücləndirir. Nəticədə biz heç nə əldə etmirik. Halbuki, Amerika Dağlıq Qarabağ münaqişəsinin həllində daha maraqlı olmaqla, ümumilikdə bütün Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində səylərini artırmaqla daha ağıllı siyasət yürüdə bilər.

Bundan başqa, ABŞ-ın Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlı olması üçün başqa səbəb də var. Belə ki, ABŞ prezidenti Donald Trampın yeni Əfqanıstan siyasəti nəticəsində Pakistanla problemlər yaranıb. Qeyd edək ki, Pakistan ABŞ-ın regiondakı əsas logistik mərkəzidir. Əgər Pakistan cavab olaraq logistik kanalı bağlayarsa, ABŞ ordusunun yeganə təchizat kanalı Azərbaycandan keçən hava dəhlizi olacaq.

Rəsmi Bakı üçün gündəmdə olan əsas məsələyə, yəni təhlükəsizlik probleminə məhəl qoyulmaması, onun insan haqları sahəsindəki vəziyyətə görə cəzalandırılması, insan haqlarının müdafiəsində, radikal islam terroruna qarşı mübarizədə uğur əldə etməyin yolu deyil. Buna görə də, əgər ABŞ insan haqlarının müdafiəsinə xidmət etmək istəyirsə, ağılla, strategiya ilə davranmalıdır. Bundan başqa, rəsmi Vaşinqton problemlərinin olduğu ölkələrin regional rolunu daha yaxşı başa düşməlidir. Nəticədə, bu, təkcə bizim maraqlarımızın təmin edilməsinin yolu deyil, həm hər zaman bəyan etdiyimiz və bütün insanlara aid olan dəyərlərin yayılmasıdır. Əgər biz öz qəzəbimizi göstərsək və bunu regional təhlükəsizlik probleminə məhəl qoymadan etsək, bu zaman nə insan haqlarına töhfə verəcəyik, nə ABŞ yönümlü hökumətlərin qurulmasını görəcəyik, nə də sülhün bərqərar olmasına nail olacağıq.

Əgər biz hazırda uzun müddətdir münaqişələrin davam etdiyi bölgələrdə yaşamaq hüququna, sülhün qorunması, yaxud təmin edilməsi məsələsinə ciddi yanaşırıqsa, bu bölgələrdə ABŞ-ın iştirakı təkcə onun ciddi maraqlarının qorunması deyil, həm də sülh və yaşamaq hüququ daxil olmaqla, insan haqlarının təmin edilməsi deməkdir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az