20.10.2017 03:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
İlham Əliyev: “Azərbaycan Avropa Şurasını tərk etsə, həyatımızda heç nə dəyişməyəcək”

 
 



IRNA, İran
09.10.2017


Müəllif: Abdullah Ğəffari

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa Şurasını ökəsinə qarşı yürütdüyü ikili standartlara görə tənqid edib: “Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək”.

IRNA agentliyinin məlumatına görə, İlham Əliyev bunu Avropa Şurasının nümayəndə heyətilə görüşündə bildirib. “Biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz dəmək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Lakin təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil”, - deyə İ.Əliyev bildirib.

İlham Əliyev Avropa Şurası tərəfindən ölkəsinə tətbiq edilən ikili standartlardan da danışıb: “Bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da”.

Bununla yanaşı, o, Avropa İttifaqı ilə də əlaqələri, əməkdaşlığı genişləndirmək əzmində olduqlarını deyib, bunun ölkəsi üçün prioritet olduğunu vurğulayıb.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqların da illərdir nəticə vermədiyini, Ermənistanın məsələ ilə bağlı mövcud status-kvonu saxlamağa çalışdığını söyləyib. İlham Əliyev hesab edir ki, bu vəziyyətin qəbuledilməzdir və tezliklə dəyişməlidir: “BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu tələblərə məhəl qoymur. Halbuki, Təhlükəsizlik Şurasının bir sıra qətnamələri bir neçə gün ərzində icra edilir. Biz isə 24 ildir bu münaqişənin həllini gözləyirik”.

Əliyev Dağlıq Qarabağ münaqişəsinin ölkəsi üçün əsas problem olduğunu bildirib: “Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal edilib, 1 milyondan artıq vətəndaşımız öz yurdundan didərgin düşüb, həmin ərazilərdəki dini və tarixi abidələr dağıdılıb”.

Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəklərini söyləyib: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalı, Ermənistan öz ordusunu torpaqlarımızdan qeyd-şərtsiz çıxarmalıdır”.

Azərbaycan prezidenti çıxışının davamında ölkəsinin təbii qazının Avropa bazarlarına nəqlində Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlığa toxunaraq qeyd edib: “Biz bu istiqamətdə Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik”.

İlham Əliyev Azərbaycan təbii qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsindən də danışıb. Onu əsas enerji layihələrindən biri kimi xarakterizə edən prezident deyib: “Hazırda layihəyə 7 ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya qoşulub. Bir neçə Balkan ölkəsi də layihədə iştirak etməkdə maraqlıdır”. İlham Əliyev Azərbaycanın təbii qaz ehtiyatlarının ən azı 2,6 trilyon kubmetr olduğunu xatırladıb: “Hazırda biz yeni qaz yataqlarında kəşfiyyat işlərini davam etdiririk və odur ki, qaz ehtiyatlarımızın artacağı gözlənilir”.

Dövlət başçısı Azərbaycandan Avropaya çəkilməkdə olan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində ümumi uzunluğu 3500 kilometr olacaq qaz boru kəmərinin inşasının davam etdiyini söyləyib: “40 milyard ABŞ dolları dəyərində olan bu layihə 2020-ci ildə reallaşacaq”.

Azərbaycan prezidenti həmçinin Asiyadan Avropaya və əksinə malların Azərbaycan ərazisindən keçməklə daşınması üçün nəqliyyat Şimal-Cənub, Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizlərinin istismara verilməsi ilə bağlı aparılan işlərə toxunub: “Azərbaycanın bu nəqliyyat layihələrində iştirak etməsi gələcəkdə bizim qeyri-neft sahələrindən gəlir əldə etməyimizə imkan verəcək”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az