20.10.2017 03:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Qarabağda münaqişə: Bakıya aid olan təcili Bakıya qaytarılmalıdır

 
 



Mediapart, Fransa
10.10.2017


Müəllif: Conatan-Simon Sellem

Mən Qarabağdan qayıdıram. Əgər dünyada mənim getməyi düşünmədiyim bir yer var idisə, o, qarışıq və tanınmayan Qafqazda yerləşirdi. Lakin Azərbaycanla Ermənistanı uzun müddətdir sarsıdan münaqişənin tarixini anlamaq üçün hadisə yerinə getmək mənim üçün əhəmiyyətli idi. Qarabağ kimə məxsusdur? Nə üçün? Bəs orada sülhə nail olmaq üçün nə etmək lazımdır?

2017-ci il oktyabrın 4-dür. Azərbaycanın qərbində hava çiskinlidir. Ultramüasir paytaxt Bakıdan 4 saatlıq məsafədə, İranla sərhəddə şəhidlərə ucaldılmış əzəmətli abidənin qarşısında dayanıram. Bölgəni qoruyan hərbçilər də buradadır. 2016-cı ilin yazında Qarabağı qana boyamış dörd günlük hərbi əməliyyatlar zamanı öldürülmüş 21 azərbaycanlı əsgərin fotolarının qarşısına qoymam üçün mənə qırmızı güllər verirlər. Şiddətli, ədalətsiz və sonsuz münaqişə içərisində dəfn!

Avropa xalqlarının məlumatsız olduğu münaqişənin mərkəzində

Qarabağda əsrlər boyu azərbaycanlı və erməni əhali birgə yaşayıb. Lakin sonda ermənilərin Ermənistanın köməyilə Azərbaycandan ayrılmaq iddiası bu bölgəni ölümcül xaosa aparıb çıxarıb. Ermənistanla Azərbaycan arasında genişmiqyaslı döyüşlər 1991-ci ilin sonlarında başlayıb və bu gün də davam edir.

1988-ci ilin fevral hadisələri millətçiliyin gücünü demək olar ki, unutmuş Avropada dramatik, qəfil və gözlənilməz hadisə oldu. Keçmiş kommunizm dövrünün milli zəminfə ilk ciddi mübahisəsi olan Qarabağ münaqişəsi bütün münaqişələrin həm “ən gözlənilməzi”, həm də “əvvəldən təyin olunmuş”u kimi təsvir edilə bilər.

Yuqoslaviyada və Sovet İttifaqındakı digər münaqişələrdən fərqli olaraq, bu problem demək olar ki, qaçılmaz idi. Çünki onun kökləri kommunist rejiminin sonunda tərəflər arasındakı yaradılmış münasibətlərə gedib çıxırdı. Nəticədə dörd element – müxtəlif millətçi çıxışlar, Ermənistanın mübahisəli sərhəd iddiaları, qeyri-sabit təhlükəsizlik mexanizmi və tərəflər arasında dialoqun olmaması Ermənistanla Azərbaycanı onilliklərlə bir-birindən ayıran çatlar yaratdı. Problem o qədər yeni, eyni zamanda, o qədər dərin idi ki, onun aradan qaldırılması üçün heç bir mexanizm tapılmadı və hələ də tapılmır.

Coğrafi baxımdan Qarabağ iki ölkəni ayıran dağlıq ərazinin Azərbaycan hissəsində yerləşir. Demoqrafik cəhətdən isə bölgə qarışıq idi: ermənilər dağlıq hissələrdə üstünlük təşkil edirdilərsə, azərbaycanlı əhali əsasən düzənliklərdə, həmçinin Şuşa şəhərində yaşayırdı.

Mədəni baxımından Dağlıq Qarabağ ermənilər üçün bu ərazidə yerləşən 12 kilsədən ibarətir. Azərbaycanlılara görə isə o, ölkəyə Vaqif, Natəvan və Üzeyir Hacıbəyov kimi bəstəkarlar, şairlər bəxş edib. Odur ki, bu bölgənin böyük mədəniyyəti onun Bakıya bağlı olduğunun sübutudur. Qısa desək, Qarabağ Elzas, Flandriya və Kəşmir kimi mədəni cəhətdən zəngin sərhəd zonasıdır və elə onlar kimi də döyüş meydanına çevrilib.

1988-ci il hadisələri qaçılmaz idi

1988-ci ilin əvvəllərində baş vermiş hadisələrin cərəyan etmə sürəti vəziyyətin necə kövrək olduğunu göstərdi. Əvvəlcə ermənilərin qəddar təcavüzündən şikayətlənən on minlərlə azərbaycanlı Ermənistandan qaçdı. Daha sonra Dağlıq Qarabağ Soveti ilk dəfə olaraq birtərəfli səsvermə keçirməyi qərara aldı. Bu qərar Stepanakert (Xankəndi - WM) və Bakıda aksiyalara, daha sonra isə Yerevanda müharibədən (Böyük Vətən müharibəsi) sonra Sovet İttifaqında görünməmiş miqyaslı nümayişlərə aparıb çıxardı.

1991-ci ildə SSRİ-nin süquta uğraması Qarabağ münaqişəsini vətəndaş müharibəsindən dövlətlərarası münaqişəyə çevirdi. 15 keçmiş sovet respublikasının sovet sərhədləri daxilində müstəqil dövlətlərə çevrildikləri bir vaxtda Qarabağ beynəlxalq səviyyədə rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanındı. Məhz bu, münaqişənin əsas səbəbi olaraq qalır. Eyni zamanda, sovet silahlarının hər iki tərəfə paylanması da bu iki dövlətin dağıdıcılıq qabiliyyətini artırırdı.

Orta əsrlərdə Qarabağ hazırkı Azərbaycan ərazisində yerləşən, türk müsəlman sülalələri tərəfindən idarə olunan dövlətin tərkibində idi. O zaman onun əhalisinin əksəriyyətini türkdilli xalqlar təşkil edirdi. XVIII əsr türk (Azərbaycan) Cavanşirlər sülaləsi tərəfindən idarə olunan Qarabağ xanlığının yaradılması ilə əlamətdar olub. Bu, Azərbaycanın sülalə ənənəsilə idarə olunan Azərbaycan xanlığı idi və azərbaycanlıların orada yaşayan digər sülalələr və etnik qruplar üzərində hakim mövqeyi var idi.

1805-ci ildə Rusiya imperiyası ilə Kürəkçay müqaviləsinin imzalanması ilə xanlıq imperiyanın hakimiyyəti altına düşüb. Rusiya imperiyası öz növbəsində, bütün Qafqazı işğal etdikdən sonra ərazi üzərində nəzarətini gücləndirmək üçün ixtiyarında olan müxtəlif vasitələrdən istifadə etməklə, “parçala və hökm sür” siyasətinə başlayıb. İrandan və Osmanlı imperiyasından ermənilərin Qarabağa köçürülməsi və bölgənin demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsi də bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlərin bir hissəsi idi. Rusiya-İran (1806-1813, 1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələrindən sonra bu bölgənin etnik tərkibi tamamilə dəyişib. Təkcə 1828-1830-cu illərdə İrandan 40 min, Osmanlı imperiyasından isə 84 min 600 erməni Azərbaycana köçürülüb.

1828-ci ildə rus çarının əmri ilə işğal edilmiş Azərbaycan xanlıqlarının (İrəvan və Naxçıvan) ərazisində erməni vilayəti yaradılıb. Bu addım münaqişə vəziyyətində olan iki tərəf arasında, Osmanlı imperiyası sərhədində dövlət qurmaq, həmçinin iki türkdilli millət arasında məsafə yaratmaq məqsədilə atılmışdı.

İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsi ilə bağlı 1813-cü ildə imzalanmış Gülüstan və 1828-ci ildə bağlanmış Türkmənçay müqavilələrindən sonra isə keçmiş Azərbaycan ərazilərini də əhatə edən “Böyük Ermənistan” layihəsinin həyata keçirilməsinə başlanılıb.

Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə fikirləşən rus çarı I Pyotr cənuba göndərdiyi elçilərinə deyirdi: “Biz onları (erməniləri) bir yerə toplamağa və bizim ölkəyə gətirməyə çalışmalıyıq ki, onlar Rusiya üçün sədd olsunlar”. Bu məqsədlə XIX əsrin birinci yarısında o cümlədən İrandan Azərbaycana 300 minə yaxın erməni köçürülüb. Onlar İrəvanda (indiki Yerevan), Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər bölgələrdə yerləşdirilib.

Lakin ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilmələrinə baxmayaraq, azərbaycanlılar hələ də sayca onlardan çox idi. Məsələn, 1886-cı ildə Zəngəzur rayonunda yerləşən 326 kənddən yalnız 81-i erməni kəndi idi. İrəvan bölgəsinin əhalisinin 66%-ni azərbaycanlılar təşkil edirdi. Nəticədə ermənilərin bu bölgələrdə çoxluğa çevrilməsi üçün çar Rusiyası tərəfindən gizli şəkildə silahlandırılmış ermənilər azərbaycanlılara qarşı qətliamlara başlayıb.

XX əsrdə, xüsusilə 1905-1907-ci illərdə dinc əhaliyə qarşı aparılan zorakılıq və zülmlərlə əlaqədar azərbaycanlıların Ermənistandan və Qarabağdan kütləvi köçürülməsi Rusiya hökuməti tərəfindən dəstəklənir və təşviq edilirdi. Əhalinin vəhşicəsinə qırğına məruz qaldığı Azərbaycan əyalətlərində yüzlərlə kənd yandırılmışdı.

Səmərəsiz qətnamələr və ikili standartlar

Bütün səylərə baxmayaraq, 2017-ci ilin payızında Qarabağ münaqişə hələ də qalmaqdadır. BMT-nin Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılmasını tələb edən qətnamələrinə əməl olunmur. Bu müddət ərzində yalnız Ermənistan tərəfinin başladığı hərbi əməliyyatlar (2016-cı ildə) rəsmi Bakıya ərazilərinin bir neçə kvadrat kilometrini geri qaytarmaq imkanı verib.

Erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşən qaçqın kəndi olan Cocuq Mərcanlıda Azərbaycan yenidən qurulur. Bir müddət əvvəl burada geniş tikinti işlərinə başlanılıb. Erməni qətliamlarından əvvəl təmas xəttinin o biri tərəfində yaşamış qaçqınlar üçün bir neçə ay ərzində yeni evlər tikilib. Bakı 50 evin artıq hazır olduğunu bildirdikdən cəmi 24 saat sonra Azərbaycanın müxtəlif bölgələrində 400-dən çox qaçqın öz keçmiş kəndlərinə daha yaxın ərazidə məşkunlaşmağa hazır olduğunu bəyan edib. Həmin kənddə məktəblər də tikilir. Müasir su və elektrik şəbəkəsi artıq sakinlərin ixtiyarına verilib. Bu gün qaçqınları qəbul edən ölkələri (Livan, İordaniya və hətta Avropa ölkələri) utandıracaq bu qaçqın kəndləri (möhkəm evlər, bağlar) sürətlə böyüyür. Eyni zamanda, minaaxtaran qruplar ermənilər tərəfindən atılmış və Azərbaycan torpaqlarında qalan mərmiləri taparaq zərərsizləşdirmək üçün gündəlik təmizləmə əməliyyatı aparır.

Hətta hazırda erməni işğalı altında olan əzəmətli Şuşa məscidinin eynisi Cocuq Mərcanlıda inşa edilib. Dini dövlət olmasa da, əhalisinin 97%-ni müsəlmanların təşkil etdiyi bu ölkənin sakinlərinə öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməyə imkan verilir. Hazırda daha az insanın ziyarət etdiyi bu məscid münaqişəli torpaqlarda Azərbaycan mədəniyyətinin dirçəlməsinin rəmzi kimi qəbul edilir.

Rayon rəhbərinin sözlərinə görə, bu bitməyən münaqişənin bir sıra səbəbləri var. O deyir: “Biz münaqişəyə mümkün qədər dinc yolla son qoymaq istəyirik. Artıq nə bu, nə də digər tərəfdə qan axıdılmasını istəyirik”.

Lakin “erməni diasporunun da təsiri” ilə rus siyasəti münaqişənin həllinə mane olur: “Mediada və beynəlxalq aləmdə bizə qarşı qarayaxma kampaniyaları aparılır. Onlar ermənilərin bütün etdiklərinə göz yumaraq, bizi insan hüquqları ilə bağlı ittiham edirlər; Siz deyin, əsl aparteid siyasəti aparan kimdi? Çox sayda erməninin Azərbaycanda sərbəst yaşadığı bir vaxtda, heç bir azərbaycanlı öz doğma kəndində yaşaya bilmir”.

“Onlar bizi təcavüzkar, müharibə maşınını işə salan tərəf kimi qiymətləndirir. Ancaq reallıqda görürük ki, hər bir silahlı qarşıdurma Ermənistan tərəfindən başladılır”, - deyə rayon rəhbəri bildirir.

Sabah nəyin baş verəcəyini heç kəs bilmir. Amma bu ərazidəki yaxşı silahlanmış və təlim keçmiş qoşunlar oğurlanmış hesab edilən ərazilərin hər qarışını azad və müdafiə etməyə qadirdir. Əgər yeni qarşıdurma baş verərsə, çox güman ki, bu dəfə beynəlxalq ictimaiyyət 4 gün ərzində sakitliyi bərpa etməyə nail olmayacaq.

Beləliklə, Azərbaycanın üz tutduğu Avropanın artıq bu münaqişəni həll etməsi çox vacibdir. Avropanın qərarları qəbul edən şəxsləri hadisə yerinə getməli, bölgənin tarixini öyrənməli, regional maraqları başa düşməli və ədalətli sülh planı təklif etməlidirlər. Əks halda, Rusiya yenə də ən yaxşı bacardığı işi görəcək: silahlandırmaq, bölmək, hökmranlıq etmək. Bu, yalnız təhsil və sülhlə nəfəs alan qadınlar və uşaqlar üçün böyük bədbəxtlikdir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mediapart


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az