13.12.2017 16:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Azərbaycan-Ermənistan: əsassız, mənasız münaqişə - FOTOREPORTAJ

 
 



NewsBlaze, ABŞ
11.10.2017


Müəllif: Nurit Qrincer

Bir neçə ay əvvəl postsovet ölkəsi olan Azərbaycanın inkişafına şahid olmaq üçün bu ölkəyə dəvət edildim. Bu, mənim üçün böyük şərəf idi. Qeyd edim ki, Azərbaycan 25 cəmi ildir müstəqildir. O, müstəqilliyini möhkəmləndirmək üzərində çalışır. Bu ölkədə gördüklərim məndə böyük təəssürat yaratdı.

Bu ölkəyə ilk səfərim zamanı mən daha çox formallıqlarla qarşılaşdım. Belə ki, ev sahibləri məhz onların mənə göstərmək istədiklərini görməyimi istəyirdilər. Bu dəfə isə mən özümün görmək istədiklərim haqda reportaj hazırlamışam və sizə Azərbaycan xalqının gündəlik həyatı haqda danışacaq, beynəlxalq aləmdə tanınmağa çalışan ölkədə baş verənlərdən söhbət açacağam.

Beləliklə, mən yenidən Azərbaycandayam. Sizə gördüklərimdən, hisslərimdən, düşüncələrimdən səmimi şəkildə bəhs edəcəyəm.

Münaqişənin qısa xülasəsi

Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişə “Dağlıq Qarabağ müharibəsi” adlanır. Ermənilər isə onu “Artsaxın azad edilməsi uğrunda müharibə” kimi təqdim edir. 1980-ci illərin sonlarından 1994-cü ilin mayına qədər davam etmiş müharibə etnik və ərazi münaqişəsidir. Bu müharibə Azərbaycanın cənub-qərbində yerləşən Dağlıq Qarabağ regionunda başlayıb. Dağlıq Qarabağ regionu əhalisinin əksəriyyəti etnik ermənilərdir. Münaqişə Ermənistan və Rusiyanın dəstəklədiyi etnik ermənilərlə Azərbaycan arasında baş verib.

Ermənistan dövləti bu ərazilərə iddia edir. Halbuki, Dağlıq Qarabağ regionu Azərbaycan ərazisidir.

Tərəflər arasında başlamış münaqişə 1992-ci ilin qışında genişmiqyaslı müharibəyə çevrilib. 1993-cü ilin yazında erməni hərbi birləşmələri Dağlıq Qarabağ regionunun ətrafında yerləşən əraziləri işğal etməyə başlayıb. 1994-cü ildə, yəni müharibənin sonunda Dağlıq Qarabağ regionu bütövlükdə ermənilərin nəzarəti altına keçib. Buraya Dağlıq Qarabağın ətrafında yerləşən Azərbaycan əraziləri, o cümlədən Ermənistanla bu bölgəni birləşdirən Laçın rayonu da daxildir.

1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs müqaviləsi imzalanıb. Münaqişənin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Lakin tərəflər hələ də sülh razılaşması imzalaya bilməyib. ATƏT-in Minsk qrupuna Fransa, Rusiya və ABŞ həmsədrlik edir. Bu qurumda Belarus, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya, İsveç, Finladiya, Türkiyə, o cümlədən Ermənistanla Azərbaycan da yer alır.

Hazırda Dağlıq Qarabağ regionunun hüquqi statusu ilə bağlı qeyri-müəyyənlik davam edir. Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğal edərək süni “Dağlıq Qarabağ Respublikası” yaradıb və ona nəzarət edir. Lakin onun müstəqilliyi beynəlxalq birlik tərəfindən tanınmayıb. Hazırda Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayır. Buraya Dağlıq Qarabağ regionu və onun ətrafındakı rayonlar daxildir.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda yaşayan 230 min erməni, Ermənistanda və Qarabağda yaşayan 800 min azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Ağrılı məsələ

Ermənistanın işğalı birtərəfli idi. Həmin vaxt Azərbaycan yeni əldə etdiyi müstəqilliyə uyğunlaşmaqla məşğul idi. Onun Silahlı qüvvələri qurulma mərhələsində idi. Hərbçilər doğma torpaqlarını qorumaq üçün kifayət qədər hazır deyildilər. Bu üzdən də Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal edildi.

Bu, vətənlərini, tarixini sevən azərbaycanlılar üçün, o cümlədən bu torpaqları itirməməli olan insanlar üçün ağrılı məsələdir. Onlar doğma torpaqlarına qayıtmaq istəyir. Həmin insanlar üçün bunun hansı şərtlərlə baş verməsi o qədər vacib deyil. Onlar doğma torpaqlarına qayıtmaq üçün danışıqlar aparmağa, hətta güzəştlərə belə, hazırdır.

Ermənistan isə səmərəli danışıqlara ciddi maraq göstərmir. Bu ölkənin silahlı qüvvələri hər gün təmas xəttində atəşkəsi pozur. Zaman-zaman təmas xəttində toqquşmalar da baş verir.

Davakar qonşunun pəncəsində olan ölkə

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan sülhpərvər ölkədir. Burada çox sayda etnik və dini qruplar birgə yaşayır. İsraildə yaşayan müsəlmanların nifrətinin və bir çox müsəlman ölkələrinin dözümsüzlüyünün şahidi olmuş yəhudi kimi, müsəlman ölkəsində, yəni Azərbaycanda yaradılmış birgə yaşayış modeli məni heyrətləndirir.

Azərbaycanın əksinə olaraq, Ermənistan münaqişəni uzatmağa çalışır. Bundan başqa, o, hərbi əməliyyatlar keçirməklə vəziyyəti gərginləşdirir və qonşusunu narahat edir. Məsələn, 2016-cı ildə ermənilər tərəfindən başlanmış toqquşma 4 gün davam edib və nəticədə 21 azərbaycanlı hərbçi həyatını itirib. Sonda Azərbaycan bəzi strateji yüksəklikləri geri qaytarmağa nail olub. Nəticədə dağıdılmış Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı təmin edilib.

Cocuq Mərcanlı

Cocuq Mərcanlı Azərbaycanın Cəbrayıl rayonunda yerləşən kənddir. Ermənistan hərbi birləşmələrinin 1993-cü ildə bu kənddəki strateji yüksəklikləri işğal etməsindən sonra Azərbaycan Silahlı Qüvvələri oradan çıxarılmışdı. Kənd tamamilə dağıdılıb. Lakin sonda oranı nəzarətdə saxlaya bilməyən erməni hərbi birləşmələri kənddən çıxmağa məcbur olub. Onlar strateji yüksəkliklərdə qərarlaşıb və o vaxtdan Cocuq Mərcanlıda heç kimi yaşamayıb. Yalnız bir ailədən başqa. Həmin ailə heç nəyə baxmayaraq orada yaşamağa davam edib. Məcburi köçkünlər isə ermənilərin tez-tez kəndi atəşə tutması üzündən oraya qayıtmağa qorxurdu.

2016-cı ildə iki ölkə arasında baş vermiş toqquşma zamanı Azərbaycan Silahlı Qüvvələri Cocuq Mərcanlı kəndindən 2,9 kilometr şimal-qərbdə yerləşən strateji Lələtəpə yüksəkliyini geri qaytarıb. Bu, cəbhə xəttini Cocuq Mərcanlıdan uzaqlaşdırmağa və kəndə təhlükəsiz gediş-gəlişi təmin etməyə imkan verib.

2016-cı il aprelin 7-də Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə evlərini ziyarət edib. Bu ilin yanvarında isə kəndin bərpası üçün 2 milyon avro pul ayrılıb. Buraya kəndin ilkin planında göstərilən yolların bərpası, 50 evin, məktəbin, xəstəxananın tikintisi və digər layihələrin həyata keçirilməsi daxildir. Hazırda kənddə 100 ailə üçün ev tikilir.

Qeyd edək ki, Cocuq Mərcanlı Cəbrayıl rayonunda Azərbaycan ordusu tərəfindən faktiki olaraq nəzərət edilən yeganə kənddir.

Bu kəndə səfərim zamanı məni hərbçilər müşayiət edirdi. Doğma kəndinə, yəni Cocuq Mərcanlıya qayıtmış ilk məcburi köçkünlə görüş məndə böyük təəssürat yaratdı.

Buradakı insanların evi, suyu, yeməyi və ümidi var. Bu yaxşı başlanğıcdır.

Buradakı kənd təsərrüfatı torpaqlarına ermənilər sistemli şəkildə minalar yerləşdirib. Hazırda azərbaycanlılar yorucu və təhlükəli işlə məşğuldur: onlar minaları təmizləyir. Bir vaxtlar məhsuldar olan, hazırda minalardan təmizlənmiş torpaq sahələri yenidən istifadəyə verilə və orada əkin sahələri yaradıla bilər.

Daha sonra məni yaxınlıqdakı cəbhə xəttinə apardılar. Ora İranla sərhəddən 1 kilometr, ermənilərin mövqeyindən isə 500 metrlik məsafədədir. Dedilər ki, təmas xəttinə yaxınlaşsam, məni güllələyə bilərlər. Ermənilərin düşmənçiliyi bu səviyyədədir.   

Mənim hərbçilərə səmimi suallarım və onların cavabı

Məni müşayiət edən hərbçilərə səmimi suallar verdim: problemi necə həll etmək olar? Uğursuz və mənasız gərginliyi, toqquşmaları necə sona çatdırmaq olar?

Mən onların qəzəbləndiyini hiss edirdim. Çünki Azərbaycan ordusu 1993-cü ildəkindən fərqli olaraq, güclüdür və müharibəyə hazırdır. Hərbçilər ona görə qəzəblənir ki, indiki dövrdən fərqli olaraq, əvvəllər insanları müdafiə edə bilməyiblər.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə Ermənistan hərbi birləşmələrinin işğal altındakı ərazilərdən çıxarılması tələb edilir. Lakin BMT-yə güvənmək olmaz. Çünki BMT sadəcə danışa bilir. Söhbət əmələ gəldikdə, o, heç nə etmir. BMT sizin probleminizi həll etməyəcək. Bu problemi özünüz həll etməlisiniz. Bu təşkilat Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədiyi üçün, azərbaycanlılar özləri onu çözmək istəyir. Hər şey onların əlindədir.

Düzdür, ATƏT-in Minsk qrupu Ermənistan tərəfindən torpaqları işğal edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin bu qurum BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi və Ermənistan hərbi birləşmələrinin işğal altındakı ərazilərdən çıxarılması üçün Yerevana lazımi təzyiqləri göstərmir. Rəsmi Bakı isə Yerevana təzyiq göstərildiyini görmək istəyir. Ermənistan ordusunun işğal altındakı ərazilərdən çıxarılması üçün ona təzyiq etmək kifayətdir.

Sülhpərvər ölkə olan Azərbaycan Ermənistanla danışıqlar masasında oturmaq və münaqişəni həll etmək arzusundadır. Bu, hər iki ölkədən olan qaçqın və məcburi köçkünlərin, o cümlədən hər iki dövlətin maraqlarına uyğundur. Lakin Ermənistan münaqişənin məntiqi həllində maraqlı deyil. Əlsinə, problemi daha da gərginləşdirilməsinə çalışır.

Danışıqlar nəticə verməsə, münaqişə yalnız bir yolla həll edilə bilər: müharibə! Məhz bu yolla Azərbaycana məxsus bütün ərazilər ona, yəni bu torpaqların həqiqi sahibinə qaytarılacaq və sülh bərqərar olacaq.

Azərbaycanın cənub-qərbində yerləşən kənddə ümid qığılcımı var. Mən bunu kəndin rəhbərliyinin, məktəb direktorunun və hərbçilərin üzündə gördüm. Onlar özlərinin və əcdadlarının doğma vətəni olan bu kənddə həyata yenidən başlayıb. Şəxsən mən güclü və məğlubedilməz Azərbaycana məsləhət görərdim ki, düşməni, yəni Ermənistanı geri oturtmaq üçün bütün lazımi vasitələrdən istifadə etsin.

Bu əsassız, mənasız münaqişənin tezliklə sülh yolu ilə həlli üçün dua edirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NewsBlaze


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az