21.11.2017 17:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Azərbaycanın Ali Məhkəməsinin hakimi: yəhudi qadın müsəlman ölkəsində

 
 



NewsBlaze, ABŞ
17.10.2017


Müəllif: Nurit Qrincer

O, Tatyana Aleksandrovna Qoldmandır. Yəhudidir. Tatyana Qoldman əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda Ali Məhkəmənin 39 hakimi arasında 7 qadın hakimdən biridir.

Bu, mənim Tatyana xanım ilə ikinci görüşümdür. O, kifayət qədər dostcanlı və qonaqpərvər insandır. Qoldmanla açıq danışmaq mümkündür.

Mən qadın hakimdən müsahibə götürməyi çox istəyirdim. Çünki bir çox müsəlman ölkələrində qadınların hüquqlarının pozulduğu dövrdə, əhalisinin əksəriyyəti müsəlman olan dövlətdə qadının yüksək vəzifədə çalışması nadir haldır. Üstəlik, yəhudi qadın müsəlman ölkəsində ən yüksək vəzifələrdən birini tutur. Bu artıq pikdir.

Xatırladaq ki, bir çox müsəlman ölkələrində ümumiyyətlə yəhudilər yaşamır. Lakin Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, onun tarixi tamamilə fərqlidir. Sizə bu haqda danışmaq istərdim.

Tatyana xanımın əsli Ukraynaya gedib çıxır. O, peşəkarlar – hüquqşünaslar, həkimlər, memarlar nəslindəndir. Atasının vəkil babası bütünlükdə Rusiya imperiyasında Sankt-Peterburq Universitetində təhsil almış 5 yəhudidən biri olub. Amma o, dinini dəyişənə, yəni yəhudilikdən imtina edənədək iş tapmayıb.

Tatyana xanımın ata tərəfdən ailəsinin soyadı Qusman olub. O, hesab edir ki, ata tərəfi əvvəlcə İspaniyadan qovulub, daha sonra isə 20-ci əsrin əvvəllərində Ukraynadan Bakıya köçüb. Ana tərəfi isə Ukraynadan Bakıya 19-cu əsrdə gəlib. Niyə? Çünki hər iki ailə çoxuşaqlı idi və onlar dözümsüzlükdən əziyyət çəkirdilər.

Stalinin hakimiyyəti dövründə Bakıda yaşayan hər bir insan üçün, xüsusilə, yəhudilər üçün yaşayış çətin idi. Stalin Sibirin şimalında yəhudilər üçün bölgə yaratmaq istəyirdi. Lakin bu ərazilərdəki şərait dözülməz idi. Məsələn, Tatyana xanımın nənəsinin bacısı Azərbaycandan Sibirə, yəni yəhudilərin yaşaması üçün ayrılmış regiona göndərilib. Burada 17 il ərzində onun “beynini yuyublar”. Stalinin vəfatından sonra isə o, Azərbaycana qayıdıb. Kommunizm dövründə Bakıda yəhudilərin həyat şəraiti çətin olub. Qusman ailəsi isə burada çox məşhur idi. Tatyana xanımın atası məşhur memar olub. Onun Bakıda tikdiyi bir çox bina hələ də qalmaqdadır.

Qeyd edək ki, Tatyana xanım Bakıda təhsil alıb. O, ali təhsilini də Bakıda alıb, hüquqşünast olub və təcrübə keçib. Xanımın sözlərinə görə, Sovet dövründə bir çox yəhudi hüquqşünas olmağa maraq göstərirmiş.

Azərbaycandakı məhkəmə sistemi haqda

Azərbaycan məhkəməsinin 3 qolu var:

1. Rayon məhkəmələri;

2. Apellyasiya məhkəməsi;

3. Ali Məhkəmə.

Ali Məhkəmənin Plenumu 3 ayda 1 dəfədən az olmayaraq çağırılır. Bu məhkəmə ictimaiyyətə açıqdır.

Hüquqşünas karyerası

Tatyana xanım Ali Məhkəməyə hakim təyin edilməmişdən qabaq, praktiki hüquqşünas olub. Onun sözlərinə görə, Azərbaycanda Ali Məhkəmənin 39 hakimindən 7-si qadındır: “Qadınlar kişilərlə bərabər hüquqa malikdir və bütün hakimlər eyni hüquqi məsələləri, problemləri həll edir”.

Qeyd edək ki, qadınlardan biri məhkəmənin cinayət işləri şöbəsində, 4 qadın, o cümlədən Tatyana Qoldman mülki işlər şöbəsində, 2 qadın isə iqtisadi işlər şöbəsində işləyir.

Mülki işlərlə məşğul olan 17 hakimin hər biri il ərzində təxminən 600-dən çox işə baxır. Tatyana Qoldmanın 2 assistenti var. O, qürurla deyir ki, Ali Məhkəməyə çox az sayda cinayət işi göndərilir.

Yəhudilər Bakıda və xoşbəxt notlarla assimilyasiya

Tatyana xanım böyük qürurla boğazına Xəmsə həmayili bağlayıb (“Fatimənin əli”, yaxud “Miryamın əli” adlı həmayil uğur rəmzi sayılır. Xəmsə həmayili Yaxın Şərqdə, Şimali Afrikada, xüsusilə müsəlmanlar və yəhudilər arasında yayılıb).

O, Rusiyadan olan qeyri-yəhudi ilə evlənib. Tatyana xanım doğma vətəninin Azərbaycan olduğunu deyir: “Mən yəhudiyəm və bunu bilirəm. Lakin mən ibadət etmirəm. İsrailin yəhudilərin vətəni olduğunu da qəbul edirəm. Lakin mənim ürəyim və köküm Bakıya bağlıdır”.

Tatyana xanım dəfələrlə İsrailə səfər edib. Onun yaxın qohumları orada yaşayır. Məsələn, xalası ilə xalasının qızı Aşdodda qalırlar. Digər xalası qızı isə Netanyada yaşayır. İsrail, yəhudi köklərinə bağlılığı onun xoşuna gəlir, yəhudi xalqının yaşadığı faciələr isə qəlbini ağrıdır.

Onun vəkil oğlu Azərbaycanda böyük tikinti şirkətlərindın birinin rəhbəridir. O, azərbaycanlı müsəlman qadınla evlənib. “Gəlinim, nəvəm müsəlmandır. Onlar evləndiklərinə görə xoşbəxtdirlər. Buna görə mən də xoşbəxtəm”, - deyə Tatyana xanım gülümsəyərək bildirir.

Azərbaycanda bir neçə yəhudi ilə görüşmüşəm. Bəli, Azərbaycanda kiçik yəhudi icması arasında assimilasiya səviyyəsi çox yüksəkdir.

“Bütün həyatım boyu Azərbaycanda yaşayan yəhudi kimi nə mən, nə də ki ailəm yəhudiliyimizə görə problem yaşamışıq. Azərbaycan cəmiyyəti ən tolerant cəmiyyətlərdən biridir. Biz insanıq, biz azərbaycanlıyıq, vəssalam”, - deyə Tatyana xanım böyük qürurla bildirir.

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda 500 min xristian, 30 min yəhudi və bir neçə kiçik etnik qrup yaşayır. Əhalisinin əksəriyyəti müsəlman olsa da, Azərbaycan dünyəvi dövlətdir. Hökumət milliyyətindən və dinindən asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin daha sıx birləşməsinə çalışır. Ölkənin sosial strukturu vətəndaşların bərabərliyi üzərində qurulub. Bütün etnik və dini qrupların hüquqları eyni dərəcədə qorunur. Bundan başqa, Azərbaycan hökuməti kiçik etnik qrupların həyatlarından razı olduqlarına əmin olmaq istəyir. Bu üzdən onların nəyə ehtiyac duyduqlarına nəzarət olunur. Bu, hökumətin həyata keçirdiyi birgə yaşayış modelinin prinsiplərinə uyğundur. Məhz bu model təhlükəsiz şəraitdə yaşayan cəmiyyətin yaranmasına imkan verib.

Soruşa bilərsiniz ki, niyə məhz bu hekayə? Mən yəhudiyəm. Azərbaycana etdiyim 2 səfər zamanı mən özümü doğma evimdə hiss edirdim. Çünki Azərbaycanda hamı, o cümlədən yəhudilər təhlükəsiz şəraitdə ibadət edə bilir.

Bu nümunəvi ölkə bütün dünyaya bəyan edir ki, əslində hər şey fərqli ola bilər. Hazırda dünyada gördüyümüz mənfi hallardan fərqli olaraq, müxtəlif dini və etnik qrup nümayəndələrinin harmoniya şəraitində, birgə yaşaması mümkündür. Bu, sadəcə düzgün təhsil və yanaşmadan asılıdır.

Tatyana Qoldman müsəlman ölkəsi olan Azərbaycanda yaşayan yəhudidir. O, bütün dünyada hər bir insanın layiq olduğu azadlıqlardan və imkanlardan bəhrələnir. Azərbaycanda olduğu kimi, İsraildə də müsəlmanlar, müsəlman qadınlar bərabər hüquqdan və imkanlardan faydalanır. Azərbaycandakı cəmiyyət modelini nümunə saymaq olar. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan ilə yəhudi dövləti olan İsrail arasında əla, çoxşaxəli əlaqələr mövcuddur. Bu iki dövlət bir çox xüsusiyyətlərinə görə müxtəlif olsalar belə, nümunəvi cəmiyyətlərə malikdirlər. Bütün dünya onlardan dinc, yanaşı yaşamaq və əməkdaşlıq etməyi öyrənə bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.az)

Mənbə: NewsBlaze


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az