26.04.2018 02:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Çempionlar Liqası: “Atletiko Madrid” “Qarabağ” qarşısında çətinlik çəkdi

 
 



Libération, Fransa
20.10.2017


“Atletiko Madrid” klubu oktyabrın 18-də Bakıda Azərbaycanın “Qarabağ” komandası qarşısında xeyli əziyyət çəkib. Nəticədə, madridlilər Çempionlar Liqasının bu mövsümündə ilk qələbəsini qazana bilməyib. Beləliklə, 3 turdan sonra Madrid klubunun qrupdakı durumu çox pisdir.

“Çelsi” və “Roma” kimi klublarla da bir qrupda yer alan, 3 qarşılaşmada cəmi 2 xal toplamış Dieqo Simeonenin yetirmələri son İngiltərə çempionunun romalıları məğlub edəcəyi halda demək olar ki, qrup liderliyi iddiası ilə vidalaşacaq.

Beləliklə, hazırda La Liqada 4-cü pillədə qərarlaşmış, ötən mövsüm isə Çempionlar Liqasının yarımfinalında çıxış etmiş (onu turnirdən son çempion “Real Madrid” kənarlaşdırmışdı) “Atletiko”nun qrupun qalan 3 oyununda səhv etmək şansı yoxdur. Bu 3 qarşılaşmadan biri çətin London səfəri olacaq.

Dieqo Simeone “beIN Sports Espagne” kanalına müsahibəsində etiraf edib ki, “Qarabağ” klubu onlarla oyunda yaxşı müdafiə olunub və layiq olduğu heç-heçəni əldə edib. “İndiki vəziyyətdə belə, mən nikbin olmağa çalışıram. Çünki futbolçularıma inanıram”, - deyə o, bildirib.

Sentyabrın 23-dən bəri (La Liqada “Sevilya” klubuna qarşı matç) qələbəyə həsrət olan madridlilər əvvəlki ilk 2 turda məğlub olmuş “Qarabağ”a qalib gəlməklə, vəziyyəti bir qədər düzəldə bilərdilər. Lakin oyunun ilk yarım saatında çətin anlar yaşayan “Atletiko” təzyiqi yalnız ilk hissənin sonlarına yaxın artıra bilib. Nəticədə onlar çoxsaylı qol imkanları da qazanıb. Amma Şehiçin möhtəşəm oyunu Yannik Karraskonun (27-ci dəqiqədə), Saul Nigezin (36-cı dəqiqədə) və qızdırması olmasına baxmayaraq, meydana çıxmış Antuan Qrizmanın (39-cu dəqiqədə) fərqlənmələrinə mane olub.

“Dişsiz” və bəzən müdafiədə səliqəsiz oynayan ispanlar ikinci hissənin əvvəlində də (63, 65, 71-ci dəqiqələr) ələ düşən azsaylı imkanları qola çevirə bilməməklə, daha zəif təsir bağışlayıb. Hətta onlar 75-ci dəqiqədə Diyeqo Qodin ilə Dino Ndlovunun toqquşmadan sonra penalti ilə də cəzalandırıla bilərdilər. Lakin hakim həmin epizodu simulyasiya kimi dəyərləndirib və Cənubi afrikalı futbolçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

Bundan sonra “Atletiko” daha təhlükəli təsir bağışlamağa başlayıb. Amma tərəfdarları qarşısında daha əzmkar olan “Qarabağ”ın qapısına yol tapmaq mümkün olmayıb. Beləliklə, ağdamlılar bu mövsüm avrokuboklarda ilk xalını qazanıb.

Madridlilər oktyabrın 31-də, qrup mərhələsinin 4-cü qarşılaşmasında öz meydanında azərbaycanlıları qəbul edəcək. Demək, onların hələ “Qarabağ”ı məğlub etmək imkanı qalır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Libération


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az