20.07.2018 18:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
“Gözləməzdim ki, qonşularımız bizi öldürməyə gələr” - FOTOREPORTAJ (Birinci hissə)

 
 



Lietuvos Žinios, Litva
25.10.2017


Müəllif: Aidanas Praleyka, xüsusi olaraq “Lietuvos žinios üçün Azərbaycandan

Bakıda, köçkünlər üçün salınmış mikrorayonda görüşdüyümüz 74 yaşlı baba bir vaxtlar Azərbaycanın Ermənistan və İranla sərhədində yerləşən Zəngilan rayonunda rus dili müəllimi işləyib. Bu gün onun vətəni Ermənistan tərəfindən işğal ounmuş torpaqların bir hissəsidir. Onunla birlikdə taleyinə qaçqınlıq yazılmış 400 min həmyerlisi hələ də müvəqqəti evlərdə məskunlaşıb.

Öz ölkəsində məcburi köçkün düşmüş cənab Qubiyev “Lietuvos Žinios”a erməni hərbi birəşmələrinin onun rayonunu 1993-cü ildə mühasirəyə aldıqlarını deyir. O vaxt qonşu rayonlar artıq işğal altında idi və Zəngilan camaatının Azərbaycanın qalan ərazisilə əlaqəsi kəsilmişdi. Elə həmin dövrdə prezident Heydər Əliyev qonşu İranla azərbaycanlıların mühasirədən bu ölkə vasitəsilə çıxa bilməsi üçün razılığa gəlibmiş.

“Əmlakımızdan heç nə götürə bilmədik. Özümüz oradan sağ çıxda bildiyimizə, uşaqlarımızı xilas etdiyimizə şükür edirdik”,- deyə baba xatırlayır. Həmin vaxt onun böyük oğlu qonşu rayonun ərazisində döyüşürmüş. Həmsöhbətimizin bəxti gətirib – 1993-cü ildə onun qohumlarından ölən olmayıb. Lakin o, dostlarını itirib. İndi, ailə başçısı 4 uşaq və 9 nəvəsilə birlikdə dövlətin inşa etdiyi şəhərcikdə yaşayır.

“Əvvəllər biz ermənilərlə mehriban qonşu kimi yaşamışıq. Heç vaxt ağlımıza gəlməzdi ki, qonşularımız bizi öldürməyə gələr”, - deyə baba danışır. O, düşüncələrini bizimlə bölüşür: deyir necə olur ki, Azərbaycanda indiyədək müxtəlif millətlərin və dinlərin təmsilçiləri rahat yaşayır, Ermənistan isə monoetnik dövlətə çevrilib?

Milyon insan evindən qovulub

Avropada bəzən Azərbaycandakı qaçqınların sayını qarışıq salırlar, çünki adətən onlar yalnız Qarabağ müharibəsi zamanı evlərini itirmiş insanları qaçqın adlandırır. Həm də ona görə qarışıq salırlar ki, səhvən təkcə Dağlıq Qarabağın işğal olunduğunu düşünürlər. Lakin axı Azərbaycanın başqa əraziləri də işğul olunub. Üstəlik, həmin ərazi Dağlıq Qarabağ vilayətinin ərazisindən azı iki dəfə böyükdür. 

Qaçqın axını hələ Sovet dövründən başlayıb – 1988-1992-ci illərdə Azərbaycana 250 minlik ilk qaçqın dalğası gəlib. Bu, Ermənistandan qovulan azərbaycanlılar idi. Daha 700 min insan isə erməni işğalçılarının Dağlıq Qarabağ və ətraf 7 rayonu zəbt etməsindən sonra məcburi köçkünə çevrilib. Bundan başqa, Bakı o vaxtlar Özbəkistandan qaçqın düşmüş 50 min mesheti türkünü də qəbul edib. Təbii artım da nəzərə alınarsa, artıq Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı 1,2 milyon nəfərə çatıb.

Dünya təcüvüzü unutmağa meyllidir, çünki daim yeni müharibələr baş qaldırır, yeni-yeni qaçqınlara qayğı göstərmək zərurəti yaranır. Azərbaycanlılar da elə bu münasibətdən inciyir. Sanki dünyaya 1 milyon qaçqını, onları evlərindən didərgin salmış səbəbləri unutmaq daha rahatdır.

Etnik təmizləməni həyata keçirənlərin tutulacağına ümid yoxdur

Qarabağ müharibəsi və əvvəlki etnik təmizləmələr zamanı qaçqın düşmüş azərbaycanlılar təcavüzün yeganə qurbanları deyillər. Minlərlə insan hələ də itkin düşmüş sayılır. Müharibə zamanı insanlığa qarşı edilmiş cinayətləri araşdıran Azərbaycanın hərbi prokurorunun müavini Emil Tağıyev və istintaq şöbəsinin rəhbəri Rauf Məmmədovun sözlərinə görə, 4000 azərbaycanlı hərbi əsir düşüb və onların yalnız 1500-ü vətənə qayıda bilib. Qalanlarının taleyi məlum deyil. Bütövlükdə münaqişədə 20 minə yaxın azərbaycanlı həlak olub.

Azərbaycan Hərbi Prokurorluğu təcavüz zamanı törədiliş soyqırımdan tutmuş, hərbi əsirlərə işgəncə verilməsinədək çoxsaylı cinayətləri araşdırır. Bu sırada milli faciəyə çevrilmiş Xocalı qətliamı da var. 1992-ci ildə erməni əsgərləri Rusiyanın motoatıcı alayının köməyilə bu şəhərin 613 sakinini qətlə yetirib. Onların arasında 63 uşaq, 106 qadın və 70 qoca da var. Azərbaycanda bildirirlər ki, bu hadisə zamanı 8 ailə tamamilə məhv edilib, 1275 nəfər girov götürülüb.

Cinayəti törətməkdə ittiham ounan 296 nəfər müəyyən edilsə də, onların nə zamansa mühakimə olunacağına ümid çox azdır – necə ki, Litvada 13 yanvar və Medininkay qırğınını törətmiş insanları tutub cəzalandırmaq mümkün deyil, eləcə də Azərbaycanın hüquq-mühafizə orqanlarının əli etnik təmizləmənin Ermənistanda yaşayan günahkarlarına çatmır.

İnsanlar hara gəldi sığınıb

“İndi həyatımız tamam dəyişib. Bundan əvvəl 20 il yataqxanada yaşamışıq. Orada hətta su belə, həmişə olmurdu”, - deyə Zəngilandan köçkün düşmüş müəllim danışır.

Qaçqın və Məcburi Köçkünlərin İşəri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun “Lietuvos Žinios”a verdiyi məlumata görə, Azərbaycanda hələ də çətin şəraitdə yaşayan 400 minə yaxın qaçqın dövlətin köməyini gözləyir.

Qaçqınların məskunlaşdırılması proqramı 2004-cü ildən həyata keçirilir. Buna qədər 1988-1993-cü illərdə evlərindən qovulmuş bu insanların normal yaşayış yeri olmayıb. Ən acınacaqlı vəziyyət yenicə yaranan dövlətin qaçqınları təmin etmək iqtidarında olmadığı ilk illərdə hökm sürüb. Lakin Azərbaycan neft gəlirlərini əldə etməyə başlayandan sonra vəziyyət düzəlməyə başlayıb. 2001-ci ildə ilk dəfə “neft dollarları” həmçinin qaçqınların həyat şəraitinin yaxşılaşdırılasına yönəldilib.

O vaxtadək Bakı ətrafında məskunlaşmış qaçqınlar və onlarla bir taleyi bölüşən digər insanlar illərlə çadırlarda, vaqonlarda, məktəb və uşaq bağçalarında, onlara verilən istənilən başqa tikililərdə yaşamağa məcbur idilər. Çadır şəhərciklərində məskunlaşmış son köçkünlər oradan 2007-ci ildə köçürülüb.

“Lietuvos Žinios”un söhbətləşdiyi köçkünlər əvvəllər Bakı Neft və Kimya Akademiyasının (Azərbaycan Neft və Sənaye Universiteti - WM) yataqxanasında yaşayıblar. Adi məişət şəraiti olmayan yerlərdə yaşamağa məcbur olmuş bu insanlar yalnız başlarının üstündə damın olması ilə təsəlli tapırdılar. Azərbaycanlılar şükr edirlər ki, o vaxtkı böyük sosial böhran şəraitində yerli sakinlərlə köçkünlər arasında qarşıdurmalardan yayınmaq mümkün olub.

Qaçqınların indiyədək yaşadıqları bəzi binalar getdikcə yaşayış üçün daha əlverişsiz və təhlükəli olmağa başlayıb. Dövlətin tikdiyi yeni binalarda məskunlaşdırma zamanı belə yerlərdə yaşayanlara üstünlük verilir. Köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün onlara yemək xərcləri verilir, kommunal məsrəflərinin bir hissəsi dövlət ərəfindən ödənilir. Fuad Hüseynov deyir ki, işğal nəticəsində işini itirmiş büdcə təşkilatlarının işçilərinə bu ilin əvvəlinədək orta aylıq maaşları da ödənilib.

Köçkünlər üçün 96 şəhərcik

Bakı yaxınlığında 2013-cü ildə tikilmiş qaçqın şəhərciyində 765 ailə yaşayır. Onların çoxu Ermənistan tərəfindən işğal olunmuş Zəngilan rayonundandır. Burada uşaq bağçası, məktəb və tibb məntəqəsi də inşa edilib. Şəhərcikdə yaşayanların çoxu Bakıda iş də tapıb – onlar əsasən büdcə təşkilatlarında, məktəb və səhiyyə müəssisələrində çalışır, polis və orduda xidmət edir. Bəziləri kiçik bizneslə məşğuldur. Yeri gəlmişkən, ilk köçkünlər orduya həvəslə getdiyi kimi, onların uşaqları da ümid edirlər ki, nə vaxtsa əllərində silah öz evlərini azad etmək imkanları olacaq.

Keyfiyyətcə Vilnüsün yeni tikilən binalarından geri qalmayan bu çoxmənzilli evlərdə mənzillərin sahəsi ailə üzvlərinin sayına görə müəyyən edilib. Məsələn, 2 nəfərdən ibarət ailəyə 45 kvadrat metrik 1 otaqlı mənzil verilib.

Hazırda Azərbaycanda 96 yeni qaçqın şəhərciyi var. Burada 250 minə yaxın insan məskunlaşıb. Onların bir qismi şəhərlərdə salınmış yerli mikrorayonlarda, digərləri isə kənd yerlərdə tikilmiş həyətyanı sahəsi olan evlərdə yaşayır.

Köçkünlər üçün yaşayış yerlərinin inşası proqramı bu gün də davam etdirilir, lakin nə zaman hamının evlə təmin olunacağını dəqiq demək mümkün deyil. Fuad Hüseynovun sözlərinə görə, 2015-ci ildə neftin ucuzlaşması və manatın dəyərini itirməsi nəticəsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması proqramının maliyyə məsələlərinə də yenidən baxmaq lazım gəlir.

Uşaqara onların doğma evləri haqda danışırlar

Qaçqın şəhərciyində gördüyümüz uşaqlar müharibədən sonrakı ücüncü nəsildir. Onlar itirdikləri evləri haqda yalnız ata-babalarının söhbətlərindən nəsə bilir. Köçkünlər buna çox həssas yanaşır və həm evdə, həm də bağca və məktəblərdə uşaqlarına itirilmiş vətən haqqında danışırar. “Uşaqlara həmişə öz diyarımızdan, yaşadığımız yerlərdən, oranın təbiəti, dağları, meşələri və rayonumuzdan keçən 3 çay barədə danışıram”, - deyə baba bildirir.

Fuad Hüseynov isə əlavə edir ki, işğal altında qalmış ərazilərdən məlumat almaq demək olar ki, mümkün deyil. Lakin peyk şəkillərindən görmək olar ki, Azərbaycan kəndləri dağıdılıb, bəziləri yerlə-yeksan edilib. Müharibənin dəhşətlərini görmüş bu yerlərdə heç kəs yaşamır, buna görə də oraya Suriyadan gəlmiş erməni qaçqınlarını yerləşdirirlər. Azərbaycanlılar isə öz övladlarıyla xatirələrini bölüşür…

Cənab Qubiyevin “Lietuvos Žinios”a dediyi kimi: “Biz heç vaxt evimizə dönmək ümidimizi itirmirik. Prezidentimiz söz verib ki, bunu nəyin bahasına olunsa olsun, edəcəyik. Biz ona inanırıq”.

(Litva dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Lietuvos Žinios


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az