20.10.2018 20:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
“İşğalçıları sərhədədək qova bilərdik” - FOTOREPORTAJ (İkinci hissə)

 
 



Lietuvos Žinios, Litva
27.10.2017


Müəllif: Aidanas Praleyka, xüsusi olaraq “Lietuvos žinios” üçün Azərbaycandan

Litvalıların Vilnüsu qaytardıqdan sonra keçirdikləri sevinc hissi haqda eşitmisiniz? Azərbaycanın Ermənistanla cəbhə xəttinə, azərbaycanlıların bu yaxınlarda geri qaytardıqları yerlərə baş çəkmiş “Lietuvos žinios” komandası insanların üzündə bax, həmin emosiyaların şahidi olub. 20 ildən artıq bir vaxtda ilk azərbaycanlı ailələri öz doğma evlərinə qayıdır.

24 il. Cocuq Mərcanlı kəndinin sakinləri doğma evlərinə qayıtmalarını məhz bu qədər gözləyiblər. 1988-1993-cü illərin Dağlıq Qarabağ müharibəsindən əvvəl bu kəndin də daxil olduğu Cəbrayıl rayonunda 52 min insan yaşayıb. Bu il Mərcanlıya 50 ailə qayıdıb.

Hər ailəyə dövlət tərəfindən ev tikilib və kiçik torpaq sahəsi verilib. Komandamız kəndə gələndə həyat artıq öz axarı ilə davam edirdi. Gündəlik məişət qayğıları ilə məşğul olan insanlar yerli administrasiyanın qarısına toplaşaraq, boş torpaq sahələrindən necə səmərəli istifadə etməyin yollarını  müzakirə edirdilər. Kənddə məktəb və məscid də fəaliyyət göstərir – bu, Qarabağda yerəşən Şuşa məsçidinin oxşarıdır.

Hazırda Dağlıq Qarabağ ermənilərin nəzarəti altındadır. Azərbaycanlılar bunu işğal adlandırır. Onların sözlərinə görə, işğal altında oan torpaqlarda bir məscid belə, qalmayıb.

Erməni mövqelərinin yaşayış evlərinin cəmi bir kilometrliyində yerləşməsinə baxmayaraq, artıq Mərcanlıda kəndin atəşə tutulmasından qorxmurar.

Bir ailənin kəndi

İranla cəbhə xəttinin arasında yerləşən bu kəndi ermənilər 1993-cü ildə işğal etmişdi. O zaman kənddə olan 283 təsərrüfatda 1075 sakin yaşayırdı. Elə həmin ilin dekabrında azərbaycanlılar əks-hücum nəticəsində kəndi geri qaytararkən, burada bir dənə də olsun salamat ev belə tapmayıblar. 

Qəsəbə işğaldan azad edilsə də, insanlar bura qayıda bilmirdi, çünki ətraf yüksəkliklər ermənilərin nəzarətində qalmışdı. Digər cəbhəyanı kəndlər kimi, Mərcanlı da daim artilleriya və snayper atəşinə məruz qalırdı.

Lakin bir azərbaycanlı tərsliyinə salaraq, heç bir təhlükənin onu evindən çıxara bilməyəcəyini hər kəsə göstərib. Oqtay Həziyev öz ölkəsində köçkün taleyi yaşamağa yalnız yarım il tab gətirə bilib və 1994-cü ildə ailəsilə birlikdə Cocuq Mərcanlıya qayıdıb. Onun bu hərəkəti cəmiyyətdə birmənalı qarşılanmamışdı. İnsanlar bir tərəfdən onun düz düşmən gülləsinin qarşısında ev tikməsinə təəccüb edir, digər tərəfdən cəsarəti və qətiyyətilə qürur duyurdular.

“Mən qaçqın ola bilərdim və əslində 6 ay ərzində oldum da. Lakin Cocuq Mərcanlının geri alındığını eşidən kimi, dərhal kəndə qayıtdım. Qayıdanda gördüklərim məni sarsıtmışdı. Ata yurdumdan yalnız xarabalıqlar qalmışdı”, - deyə Oqtay Həziyev danışır.

Hərbçilər və yerli administrasiya təmsilçiləri deyir ki, bütün bu illər ərzində Mərcanlıda atəş səsləri adi hal sayılırdı. Oqtay Həziyev isə deyirdi: “Mən burada yaşayıramsa, demək, yaşamaq mümkündür”.

Bu il onun 8 nəfərlik ailəsi bərpa ounmuş təsərrüfatlarına qayıdan digər həmkəndlilərini də qarşılayıb. İndi, onlar burada taxıl əkir, inək, qoyun və toyuq saxlayırlar.

Kiçik, lakin nəhəng qələbə

2016-cı ilin yazında cəbhə xəttində atışmalar daha da intensivləşən zaman Azərbaycan Silahlı Qüvvələri “Lələtəpə” (Cocuq Mərcanlı yaxınlığındakı yüksəklik belə adlanır) əməliyyatı keçirərək, erməniləri o qədər geriyə atıblar ki, artıq onlar Mərcanlıya birbaşa təhlükə törədə bilmir. O zaman düşmən Füzuli rayonunun bir neçə kəndindən də uzaqlaşdırılıb.

Həmin günlərdə sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin şəkilləri, azad edilmiş yükləsklikdən videogörüntülər bir-birini əvəz edirdi. Geri qaytarılmış ərazi böyük olmasa da, bu qələbə Azərbaycanda vətənpərvərlik əhval-ruhiyyənin hakim kəsilməsinə səbəb olmuşdu. İnsanlar Bakının meydanlarına toplaşır, könüllü olaraq orduya yollanmaq istəyirdilər.

Əslində, ölkədə nə səfərbərlik elan olunmuş, nə də irimiqyaslı hücum əməliyyatına başlanmışdı. Lakin 24 ildən sonra azərbaycanlılarda gözlədikləri anın gəlib çatdığına ilk dəfə ümid yaranmışdı. Onlar inanmağa başlamışdılar ki, nəhayət, nəticəsiz sülh danışıqlarını kənara qoyub, silaha sarılaraq Dağlıq Qarabağı və ermənilərin nəzarətində olan, de-yure Azərbaycanın sayılan bütün torpaqları geri qaytaracaqlar.

Cocuq Mərcanlıda “Lələtəpə” əməliyyatında iştirak etmiş hərbçilərlə də rastlaşdıq. Onların əldə etdikləri qələbədən qürurlanması başa düşülən idi – “Lietuvos žinios” komandasının görüşdüyü azərbaycanlıların hamısı onarı qəhrəman sayır. Yeri gəlmişkən, hərbçilər öz qələbələrini şişirtməyə çalışmır. Baxmayaraq ki, stereotipə görə, bizdən şərqdə yerləşən ölkələrdə bunu gözləmək olardı. Əksinə, Azərbaycan əsgərləri deyirlər ki, özlərinin düşməndən daha yaxşı silahlanmış və təlim keçmiş olduqlarını bilsələr də, belə “asanlıqla” qələbə qazanacaqlarını gözləmirlərmiş.

Rəsmi məlumata görə, Cocuq Mərcanlının qaytarılması zamanı Azərbaycan tərəfindən 22 əsgər və zabit həlak oub. Düşmənin 20 ildən çoxdur bu yerlərdə istehkam qurduğunu və “keçilməz” müdafiə xətti yaratdığını iddia etdiyinii nəzərə alsaq, Azərbaycanın itkiləri təəccüb doğuracaq qədər az olub.

Azərbaycan hərbçiləri əmin edir ki, erməni tərəfi həmin döyüşlərdə 500 hərbçisini itirib. Yerevan isə itkilərini xeyli az göstərir. “Lələtəpə” əməliyyatında həlak olmuş azərbaycanlıların xatirəsinə Cocuq Mərcanlı yaxınlığında memorial da ucaldılıb.

Düşmənin ön xətdən cəmi 1 kilometrdən də az uzaqlaşdırılmasına, atəş səslərinin hələ də adi hal olmasına baxmayaraq, bu gün azərbaycanlılar Cocuq Mərcanlı ətrafında üstün mövqedədir.

Cəbhənin bu hissəsinə rəhbərlik edən polkovnik Elşad Əbilovdan yerli sakinlərin ermənilərin ötənilki kimi, mülki obyektləri yenidən atəşə tutmaq cəhdindən qorxub-qorxmadığını soruşuruq. Cavab verir ki, dinc əhali narahat olmaya bilər: “Düşməni bəxtini yenidən sınamaq istəyindən çəkindirmək üçün əlimizdə olan güc kifayətdir”.

Ön xətdən bir neçə yüz metr məsafədə kiçik Azərbaycan kazarmaları yerləşir. Onları düşməndən torpaq təpələri və beton müdafiə sədləri qoruyur. Əsgərlərin həyat şəraiti isə əsl qürur mənbəyidir. “Lietuvos žinios”la söhbət zamanı əsgərlər şəraitdən razı oduqlarını bildiriblər. Yerli sakinlər də onları həvəsləndirməyə çalışır və sovet vaxtı xidmətin nə qədər çətin olduğu haqda əhvalatlar danışır.

İşğalçıları sərhədədək qova bilərdik

Bizim komanda ilə söhbət edən Azərbaycan hərbçilərilə yanaşı, dinc sakinlər də bu fikirdədir. Onlar deyir ki, Azərbaycanın hərbi potensialı Ermənistanın gücündən xeyli artıqdır. “Lietuvos žinios” Azərbaycan müdafiə nazirinin müavini Kərəm Vəliyevdən ordunun xərcləri haqda soruşduqda, o, gülərək xərclərin “o qədər də böyük olmadığını – ÜDM-in cəmi 10%-i qədər olduğunu” söyləyib. Müqayisə üçün deyək ki, Litvanın müdafiə xərcləri ÜDM-in 2%-nə yenicə çatıb.

Globalfirepower.com hərbi-analitik portalının məlumatına görə, bu göstəriciyə görə Azərbaycan dünyada 58-ci, Ermənistan isə 93-cü yerdədir.

Azərbaycan bütün dünyadan qabaqcıl silah və hərbi texnika alır, Ermənistan isə yalnız Moskvanın hədiyyə etdiyi və ya borc verdiyi silahlarla kifayətlənməyə məcburdur.

“Lietuvos žinios” komandası Cocuq Mərcanlı yaxınlığındakı mövqelərdə olarkən, Azərbaycan ordusunun polkovniki Elşad Əbilov tərəflərin hərbi təhcizat səviyyəsini göstərən belə bir misal çəkib: “Ötənilki döyüşlərdə Azərbaycan İsrailin “Spike” raketlərilə təhciz edilmiş pilotsuz uçuş aparatlarından istifadə edib. Bu pilotsuz aparatlar erməni tankçılarının arasına vahimə salmışdı. Ermənilər isə kəşfiyyat və ya hansısa zərbə endirmək üçün dinc təyinatlı və hərbi məqsədlərə yaramayan deltaplanlardan istifadə edir”.

Görünür, bu müqayisəni daha geniş anlamda da etmək olar: Azərbaycan demək olar ki, hər il Rusiyadan silah və hərbi texnika alır. Əlbəttə ki, söhbət yeni silahlardan gedir. Qüvvələr nisbətini qorumaq istəyən Moskva isə eyni zamanda Ermənistanı da silahlandırır, lakin Yerevana rus ordusunda işlənmiş və istismardan silinmiş texnika verilir.

Azərbaycan hərbçilər üçün yaratdığı sosial təminatla da qürrələnə bilər. Ölkədə müddətli hərbi çağırış tətbiq olunsa da, çağırışçıların çoxu müddətdən artıq xidməti seçir. Kərəm Vəliyevin sözlərinə görə, hazırda peşəkar hərbçilər Silahlı qüvvələrin şəxsi heyətinin 20%-ni təşkil edir. Onların məvacibi ölkə üzrə orta aylıq əməkhaqqına uyğun müəyyənləşir. Xidməti başa vuran hərbçilər isə yaxşı təqaüd alır. 20 ildən artıq xidmət edən hərbçilər ailə üzvlərinin sayına uyğun daimi mənzillə təmin edilir. Özü də onlar yaşayış yerini özləri seçə bilir, məsələn, iş yerlərinə yaxın ərazidə olmasını istəyirlərsə.

Lakin ölkə öz hərbi üstünlüyünü sadəcə müdafiə məqsədlərilə istifadə edir. Bir çox azərbaycanlı təəssüf edir ki, itirilmiş torpaqların silah gücü ilə qaytarılması mümkün deyil. Bakı Moskva ilə yaxşı münasibətlər saxlamağa çalışır və ölkədə işğalçıları qovmağa məhz Kremlin mane olduğunu ucadan demək o qədər də populyar iş deyil.

Bizimlə söhbət edən hərbçilər də, məmurlar da belə düşünür. Lakin onlar bunu qeyri-rəsmi, sakit deyir. Onlardan fərqli olaraq, dinc sakinlər birbaşa deyir ki, bu gün Moskva nəinki Azərbaycanın itirilmiş torpaqlarını geri qaytarmasına mane olur, hətta vaxtilə Ermənistan məhz onun köməyilə Azərbaycanın bu qədər dərinliyinə soxula bilib.

(Litva dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Lietuvos Žinios


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az