21.11.2017 17:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Sevgi, ekstaz, sonsuzluq: Mark Morrisin “Leyli və Məcnun”u

 
 



The New York Times, ABŞ
27.10.2017


Müəllif: Marina Hars

Xareoqraf Mark Morrisin çox tərifli musiqi istedadı onun sənətindəki digər vacib məqamı kölgədə qoyur: individuallıqla universallığı birləşdirmək bacarığını. Cənab Morris üçün sevgi ilə universallıq bir-birinə bağlıdır. Universal sevgi isə sonda böyük fayda verir.

Morrisin işlərində az sayda rəqqasın rəqsinə nadir hallarda rast gəlinir. O, adətən böyük qrupun iştirak etdiyi rəqslərə üstünlük verir. Onun işlərində romantikadan daha çox harmoniya var. Azərbaycan operası olan “Leyli və Məcnun”u səhnələşdirməsi də bunun bariz nümunəsidir. Bu həftə Linkoln Mərkəzində keçiriləcək Ağ İşıq Festivalında Morrisin rəqqasları və İpək Yolu ansamblının musiqiçiləri məhz bu operanı canlandıracaq.

Bu opera XX əsrin əvvəllərində azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyov tərəfindən yazılıb. O, Yaxın Şərqdə geniş yayılmış əsərin əsasında yaranıb. Qərbdə isə “Romeo və Cülyetta” daha çox tanınır.

Şekspirin faciəsi kimi, “Leyli və Məcnun” əsərində də gənclərin nakam sevgisindən bəhs edilir. Əsər sevgililərin vaxtsız ölümü ilə sona çatır. Lakin Leyli ilə Məcnunun bir-birinə qovuşmaq arzusu heç vaxt bitmir. Onlar uzun müddət ərzində bir-birindən uzaqda bir-birlərinin həsrətini çəkirlər. Məcnun tərki-dünya olur, şerlər yazır və sonda ağlını itirir. Başqa bir insanla evlənən Leyli isə yalnız Məcnunu arzulayır. Onlar yalnız ölümlərindən sonra qovuşa bilərlər.

“Bu əsərdə söhbət seksdən getmir”, - deyə cənab Morris Bruklində yerləşən ofisində verdiyi açıqlamasında bildirib. O xatırladır ki, “Romeo və Cülyetta”da sevgililər arasında gecələrin birində yeniyetmə seksi olur və onlar bundan sonra ölürlər: “Bu, mükəmməldir. Lakin “Leyli və Məcnun” əsəri bu çərçivədə deyil. Tanrı onları tərk edir. Sonda onlar da öz bədənlərini tərk edərək saf ruha çevrilirlər. Bu əsər sonsuzluq haqdadır”.

“Leyli və Məcnun” bir neçə tərzdə yazılıb. O, islamdan əvvəlki folklara aiddir. “Leyli və Məcnun” ərəb dünyasında, o cümlədən İran, Əfqanıstan, Tükiyə, Pakistan və Hindistanda da yayılıb. Əsər əsrlər boyu şairləri və incəsənət nümayəndələrini ilhamlandırıb: bu haqda poemalar yazılıb (XII əsrdə yaşamış Nizami Gəncəvi və XVI əsrdə yaşamış Füzuli tərəfindən), mahnılar bəstələnib, filmlər çəkilib, baletlər yazılıb, hətta Erik Klapton tərəfindən himn şəklində “Leyli” musiqisi də hazırlanıb.

Morrisə gəlincə, o, bu əsəri Hacıbəylinin operasının əsasında səhnələşdirib. Qeyd edək ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”u Yaxın Şərq dünyasında ilk operadır. Bu opera dövrünün beynəlmiləlçilik məhsulu kimi qəbul olunur.

“Üzeyi Hacıbəyli öz xalqını dünya ilə inteqrasiya etmək niyyətində olduğuna görə bu böyük layihəni həyata keçirib. Digər tərəfdən, o, öz xalqının irsini qoruyub”, - deyə İpək Yolu ansamblının bu əsərə uyğunlaşmasında iştirak etmiş musiqişünas Aidə Hüseynova “Skype” vasitəsilə qoşulduğu söhbət zamanı izah edib.

Siz bu operanı multikulturalizmin ilkin nümunəsi kimi də qəbul edə bilərsiniz. O, 1908-ci ildə Bakıda (hazırda Azərbaycanın paytaxtı olan bu şəhər həmin dövrdə Rusiyanın nəzarətində idi) yazılıb. Həmin dövrdə böyük neft bumu nəticəsində şəhər çiçəklənir və xarici təsirlərə məruz qalırdı. Bir müddət sonra opera klassikaya çevrilib. İndiyədək o, hər il Bakı Opera Teatrında səhnəyə qoyulur.

Bu kompazisiya ənənəvi opera elementlərinin (orkestr passajı, xor və reçitativlər) muğam adlanan Azərbaycan musiqi elementlərilə orjinal hibrididir. Qeyd edək ki, muğamı strukturlaşdırılmış improvizasiya və ornamentikanın uzun keçidləri kimi xarakterizə etmək olar. Ansamblda isə həm Qərb musiqi alətlərindən, həm də tar və kamança kimi Azərbaycan alətlərindən istifadə olunur. Cənab Morris səhnələşdirdiyi əsərdə “İpək Yolu” ansamblının 2007-ci ildə “Leyli və Məcnun” operasını uyğunlaşdırmasından istifadə edib. “İpək Yolu” ansamblı əsərin əsl mahiyyətini saxlamaqla onu 3 saatdan 1 saata qədər, ansamblın onlarla üzvünü isə 10 nəfərədək azaldıb.

Cənab Morrisin ötən ilin payızında Berkli şəhərində, “Cal Performances”da premyerası keçirilmiş variantında 2 müğənni səhnənin ortasında döşəkçədə oturmuş, onları ansambl əhatəyə almışdı.

“XII əsrdəki saray poeziyası belə olub”, - deyə Pensilvaniya Universitetinin professoru, fars ədəbiyyatı üzrə mütəxəssis Fatemeh Şəms bildirir: “Orta əsr musiqiçiləri və şairləri birgə çıxış edirdilər”.

Müğənnilər hərəkət etmir, nəsə nümayiş etdirmirlər. Onlar sadəcə oxuyurlar. Lakin tamaşanın əsasını onların səsi təşkil edir. Məcnun rolunda Alim Qasımov çıxış edir. O, möhtəşəm səsə malik heyranedici ifaçıdır.

“O, böyük ulduzdur”, - deyə Morris bildirir. Morrisin sözlərinə görə, insanlar Bakı aeroportunda Alim Qasımova yaxınlaşmaq üçün Yo-Yo Manı itələyirdilər.

Leyli rolunda isə görkəmli ifaçı, Alim Qasımovun qızı Fərqanə Qasımova çıxış edir.  

Onların ifası fonunda rəqqaslar müxtəlif hərəkətlərlə hekayəni izah edir. 8 rəqqas müxtəlif mərhələlərdə sevgililəri təmsil edir. Rəqqaslardan arxada isə fırçayla yaşıl və qırmızı rənglənmiş fon olur. Bu fon rəssam Qovard Hodjkinin “Sevgi və Ölüm” adlı şəklinin böyüdülmüş formasıdır. Rəqqaslar qırmızı və göy rəngli Azərbaycan milli geyimlərində çıxış edirlər. Müğənnilərin oturduğu döşəmənin qarşısındakı səhnə isə 3 hissədən ibarətdir.

“Mən bunu ona görə belə etmişəm ki, bu, dünyanın bu regionunun performans tərzini əks etdirir”, - deyə cənab Morris vurğulayır. Qeyd edək ki, saraylarda təşkil olunan kiçik məclislərdə, o cümlədən varlı təbəqənin evlərində muğam məhz bu cür ifa olunurdu.  

“İstəyirdim ki, insanlar qrup halında birgə fəaliyyət göstərsinlər”, - deyə Morris bildirir.

Müğənnilər çərçivə daxilində improvizasiya etdiklərinə görə, rəqqaslar Azərbaycan dilində olan mətni və müğənnilərin səsini izləməyi öyrəniblər. Beləliklə, rəqqaslar konkret gecələrdə hər bir muğam ariyasına uyğunlaşa bilir. Müğənnilərlə rəqqaslar bir-birlərindən “siqnal” alırlar.

Rəqsin bəzi hissələri daha abstrakt, bəzi hissələri isə konkret vəziyyətləri nümayiş etdirən hərəkətlərdir (hətta buraya alışan alovun təsviri kimi kiçik detallar da daxildir). Cənab Morris Azərbaycanın rəqs elementlərini özünün “rəqs lüğəti”nə daxil edib. Buraya güclü tərzdə edilən ritmik ayaq hərəkətləri, o cümlədən qadın və kişilərin müxtəlif tərzlərdə saxladığı qol hərəkətləri daxildir. Amma bu rəqsdə Yaxın Şərq motivləri də əks olunur. Buna misal olaraq, sufilərin fırlanaraq etdiyi hərəkətdən istifadə olunmasını göstərmək olar.

“Musiqinin bu tərzdə ifa edilməsi baş verənləri əks etdirir. Cənubi hindistanlı musiqiçilər, caz ustaları və möhtəşəm muğam ifaçıları bu işdə mahirdirlər. Onlarla heç kəs müqayisə edilmə bilməz”, - deyə o qeyd edib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The New York Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az