21.11.2017 17:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Yaxındakı Şərq: Azərbaycanda həftəsonu - FOTOREPORTAJ

 
 



RBK, Rusiya
31.10.2017


Müəllif: İvan Vasin (National Geographic Traveler)

Azərbaycan bizə göründüyündən daha yaxındır və söhbət heç də məsafədə deyil. “Brilyant əl”, “Amfibiya adam”, “Aybolit 66” kimi məşhur filmləri Bakıda çəkiblər. Bu fotogenik ölkəyə istənilən səfəri ekranlaşdırmaq mümkündür – ən azı özünüz və dostlarınız üçün.

Moskvadan cəmi iki saat yarımlıq uçuşdan sonra təyyarə Bakının üzərində geniş bir dövrə vurur. Yuxarıdan aypara şəkilli buxta, çəpər kimi sıralanan göydələnlər və bir də neft bumunun “törəmələri” olan zəngin malikanələr görünür. Bakı bütün mənalarda isti şəhərdir. Buranın günəşi parlaq, meyvələri dadlı, pomidorları dünyanın ən ətirlisi, insanları mehriban və qonaqpərvərdir. Bakının hətta adı da rahat, yastıq kimi yumşaq, hamar və evdəki qədər şirindir. Dərhal adamın ağlına Bakı qurabiyəsi, Bakı paxlavası, Bakı çayı və “mersi boku” ifadəsi gəlir…

Qəribədir, ancaq Azərbaycan paytaxtının mərkəzi Şərqi çox az xatırladır. Şəhərdə daha çox Avropasayağı hündür binalar tikilib, insanlar küçələrdə cənublulara xas olmayan tələskənliklə hərəkət edir.

Əsl qədimilik İçərişəhərin qala qapılarından başlayır. Burada həm sakitlik, həm Şərq ab-havası, həm sehrli dünya, həm də daşla döşənmiş küçələrin sirli döngələri var – bu, tamam başqa aləmdir, makroaləm içində bir mikroaləm və UNESCO-nun Dünya İrsinə aid bir obyekt.

Bakının rəmzi Qız qalasıdır. O, bükülmüş nəhəng azərbaycan xalçası kimi İçərişəhərdə ucalır və alimlərə rahatlıq vermir. Görəsən qalanın təyinatı nədir? Alimlər hələ də vahid rəyə gələ bilməyib. Bəziləri hesab edir ki, bu qala alov məbədi olub, çünki Azərbaycan qədim atəşpərəstlik mərkəzlərindən biridir. Lakin formaca qala həm də zərdüştlərin ölmüş insanların nəşini yırtıcı quşlara buraxdıqları qəsri xatırladır – vəfat etmiş insanın yalnız sümüklərini torpağa tapşıran atəşpərəstlər, bunu ən pak dəfn üsulu hesab edirdilər. Bundan başqa, deyirlər ki, orta əsrlərdə bu qalada mayak və rəsədxana yerləşib. Qız qalasının hündürlüyü 30 metrdir və İçərişəhərə ən gözəl mənzərə onun damından açılır. Qalaya dar, sərt pilləkənlə qalxmaq mümkündür. Qalxdıqca hər mərtəbədə divarlardan asılmış köhnə fotoşəkillər, qravyuralar və xalq sənətkarlıq əşyaları – döymə naxışlı məcməilər, qəhvədan və silahlar. Qalanın damı şüşə sürahıya alınıb və mühafizəçilər tərəfindən ciddi nəzarət ounur: görünür, abidəyə Qız qalası adının verilməsinə səbəb olmuş hadisənin təkrarlanmasını istəmirlər.

Deyilənə görə, qədim zamanlarda Şirvanşahlardan birinin qızı Hökümə öz dayısına ərə getməkdən imtina edib. Hökmdarın qızı bu qalanın memarı Məsud ibn Davudu sevirmiş. Lakin onların münasibəti üzə çıxıb və Məsud edam edilib. Bundan kədərlənən şahzadə isə özünü Xəzərin köpüklü dalğalarının qoynuna atıb. O zaman dəniz düz qalanın dibini yuyurmuş.

Bəziləri üçün bu qalaya qalxmaq kiçik idman rekordu sayıla bilər. Lakin buna dəyər – abidənin zirvəsindən qala divarları ilə qurşaqlanmış İçərişəhərin amfiteatrı xatırladan məhəllələri görünür. Nə vaxtsa bu istehkamlar dərin xəndəklərlə ayrılmış üç halqadan ibarət olub. Çoxsaylı düşmən həmlələrinə davam gətirmiş istehkamlar son zamanlar inşaatçılara “təslim olub”.

Köhnə Bakı nəhəng konstruktoru xatırladır. Yaşayış məhəllələrinin həndəsi dəqiqliyini bəzən hündür minarəli məscidlər, düzbucaqlı karvansaralar, müqəddəslərin türbələri, dərviş məskəni təkkələr, hamamların havalandırma üçün dəliklənmiş günbəzləri pozur. Evlərin fasadları sarmaşıqla sarınıb, küçələrdə səs-küylü uşaqlar qaçır, ağsaqqallar isə evlərin qarşısında məxməri çay içir, nərd oynayır. “Brilyant əl” filmindəki Senyanın “sürüşüb, yıxılıb, qipsdə ayıldığı” yer də yaxınlıqda – İçərişəhərin ən yuxarı nöqtəsində yerləşən Şirvanşahlar sarayına aparan yolda, hamamçılar məhəlləsinin ortasında yerləşir. Qaydayın bu film üçün İstanbul səhnəciklərini çəkdiyi illərdən bəri İçərişəhərdə demək olar ki, heç nə dəyişməyib – hər şey filmdəki kimidir.

Bakıda çox müasir mədəniyyət mərkəzləri də var – memar Zaha Hadidin işi olan Heydər Əliyev Mərkəzi və dünyanın ən böyük xalça, palaz və kilim kolleksiyasının qorunduğu muzey. Təbriz məktəbinin “ovçu xalçaları” xüsusilə diqqət çəkir – onların 400-ə yaxın yaşı var.

Ürəyim dağlardadır

Ecazkar Şəki – vaxtilə eyniadlı xanlığın paytaxtı olmuş bu şəhər Bakıdan avtomobillə 5 saatlıq məsafədə yerəşir. Lakin yol adamı yormur, hətta əksinə, yolboyu irili-xırdalı kəndləri mənzərəli vadilər əvəzləyir və birdən qarşınıza Böyük Qafqaz dağları və dağın ətəyində məskən salmış şəhər çıxır: boz çaylaq daşından tikilmiş alçaq evlər və günün altında yanmış kirəmit damlar.

Şəki Qafqazın ən qədim şəhərlərindəndir. Onun əsası 2600 il əvvəl qoyulub. İndinin özündə də burada ekzotik karvansaraylarda yaxşıca nahar etmək və gecələmək, fərqli ab-havası olan çayxanada qaynar çay içmək, ipək yaylıq, yunlu papaq, tumac mücrü və ya qızılı sapla tikiliş süfrə almaq mümkündür. Yerli suvenirlərin ən məşhuru isə misilsiz Şəki halvasıdır. Onu yalnız burada satırlar. Halvanın bişirilməsində bal, qoz, qaymaq, hil, vanil şəkəri, darçın və müxtəlif siroplardan istifadə olunur, üzəri isə düyü unundan hazırlanmış torla örtülür.

“Azərbaycanda heç bir qədim bina qalmasaydı belə, təkcə Şəki Xan Sarayı kifayət edərdi”. Azərbaycan şairlərindən biri belə deyib. Bu, doğrudan da belədir. Şəki xanlarının yay iqamətgahını Xan Sarayı adlandırırlar. Sarayın inşasında bir mismardan belə, istifadə edilməyib. O da maraqlıdır ki, XVIII əsrdə tikilmiş bu binada seysmik davamlılıq texnologiyasından istifadə edilib. Saraya girəndə ayaqqabının üzərindən baxil geyinmək tələb olunur – Bakı muzeylərində belə şey yoxdur. Sarayın döşəməsi daşdan olsa da, o qədər gözəldir ki, burada baxilsiz gəzmək cinayət olardı. Rəngarəng şəbəkə pəncərələr adamı valeh edir. Onların bir kvadrat metrində 3 mindən 7 minədək detaldan istifadə ounub. Belə bir pəncərə yarım ilə yığılır. Divarüstü rəsmlər də maraqlıdır: burada cənnət quşları və əjdaha təsvirləri, döyüş, ov səhnələrinə qarışıb, özü də heç bir rəsm təkrarlanmır.

Neft şəfa verir

Azərbaycanın Naftalan şəhəri bütün Sovet İttifaqında xam neftlə aparılan unikal müalicə prosedurları ilə məşhur olub. Yerli muzeydə 1970-80-ci illərdə burada şəfa tapmış insanların qoyub getdikləri əsa kolleksiyasını görmək olar. Əfsanəyə görə, Azərbaycanın mərkəzi aran hissəsilə səyahət edən karvanlardan birinin dəvəsi yolda xəstələnərək, taqətdən düşüb. Dəvənin öləcəyini düşünən karvanbaşı onu burada qoyaraq, yoluna dava edib. Bir ay sonra karvan geriyə dönəndə çarvadarlar çox təəcüblü bir mənzərə ilə qarşılaşıb – dəfə nəinki ölməmiş, hətta tamamilə sağalıbmış. Deyirlər ki, buna səbəb dəvənin yıxıldığı yerdən çıxan naftalan mazı olub.

Bir sözlə, “Naftalan”ı “müqəddəs yağ” və ya “dağların yağı” da adlandırmaq olar. Xam naftalan yağının müalicəvi xüsusiyyətlərini hələ assuriyalılar, babillər və qədim misirlilər də bilirdi. Onlar bu yağın köməyilə yaraları sağaldır, bəzi dəri xəstəliklərilə mübarizə aparırdılar. Bu şəfalı nefti hətta görkəmli Azərbaycan şairi Nizami, sufi Gəncəvi, ondan sonra isə əfsanəvi səyyah Marko Polo da vəsf edib. Burada ilk “müalicəvi neft quyusu”nu 1890-cı ildə alman mühəndis Yeger qazıb, elə o da Naftalan neftindən hazıranmış məhlulları yaymağa başlayıb. 

Neftlə dolu vannaya girmək üçün heç də dəmir kimi möhkəm adam omağa ehtiyac yoxdur. Naftalan neftinin tərkibində təbi qaz və digər yüngül fraksiyalar azdır və bu səbəbdən də təhlükəsizdir. O, 50% naftalindən ibarətdir.

Bu karbohidrogen daş kömürünün qətranından hazırlanmış sabunun tərkibində də var. Onunla isə dermatoloqlar psoriazı sağaldır. Artıq sübut olunub ki, xam neft 70 növ xəstəliyin dərmanıdır – oynaqlarda ağrıları azaldır, ürək-damar və dəri xəstəliklərinin müalicəsinə kömək edir. Bu nefti hətta tam sağlam adamlara da məsləhət görürlər – o, əsəbləri sakitləşdirir, dərini cilalayır və nəmləndirir.

Standart müalicə kursu 3 həftəyə yaxın davam edir. Bu müddətdə orta hesabla 10-15 vanna qəbul edilməlidir. Hər vannada 37 dərəcə qızdırılmış bir barel Naftalan nefti olur və orada 10 dəqiqədən artıq qalmaq olmaz. Bundan sonra adam özünü nağıl qəhrəmanları kimi qocaq hiss edir.

Faydalı məlumat

Mənzil başına necə çatmalı?

Bakıya çatmaq çətin deyil. Moskvadan Azərbaycan paytaxtına “Aeroflot”, Azərbaycan Hava Yolları, S7 və “Yuteyr” aviaşirkətlərinin reysləri var. Yola 3 saat vaxt gedir.

Otellər

Son illər Bakı əsl mehmanxana bumu yaşayıb və indi burada bütün tanınmış dünya şəbəkələrinin otelləri var. Həm iş adamları, həm də turistlər “Four Seasons Baku” və “Fairmont Baku” otellərində qalmağı çox xoşlayır. İçərişəhərdə qalmaq və qədim ab-havayla əhatə olunmaq istəyirsinizsə “Sultan İnn” butik otelində yerləşin.

Şəkidə ən yaxşı gecələmə variantı “Sheki Palace” otelidir. Xan Sarayının yaxınlığında yerləşən bu otelin nömrələrindən dağlara mənzərə açılır. Ekzotika həvəskararına isə Yuxarı Karvansarayı tövsiyyə etmək olar – o, artıq bir neçə əsrdir ki, şəhərin mərkəzində qonaq qəbul edir.

Naftalanda qalmaq fikriniz olsa, “Chinar Hotel & Spa” otelinə diqqət yetirin. Bu, sadəcə otel deyil, bütöv bir sanatoriya, sağlalıq kompleksidir. Digər diqqətəlayiq variant isə “Garabag Resort & Spa” otelidir.

Restoranlar

Azərbaycanın ən yaxşı restoranları Bakıda yerləşir. Otellərdəki restoranlardan başqa, qonaqlara adətən “Sirvansah Muzey Restoran”ı göstərməyə çalışırlar. Bura restoran olsa da, əntiq əşyaların yaratdığı ab-hava adamı xəyalən yüz illər əvvəlki Bakının mühitinə aparır. Köhnə karvansarayda yerləşən “Mugam Club”da ənənəvi Azərbaycan mətbəxinin yeməkləri təklif edilir. Bu yer həm də özünün folklor tamaşaları ilə tanınır.

Azərbaycanın köhnə yeməklərinin dadına “Sumakh” restoranında da baxmaq məsləhətdir – buraya mütləq ac gəlmək lazımdır.

Şəkidə isə “Çələbi Xan” restoranında nahar etmək olar – şəhərin mərkəzi parkında yerləşən bu obyekt özünün pitisi və ətirli plovu ilə tanınır. “Əhməd hardadır?” kafesi isə dadlı kababları ilə məşhurdur.

Məsləhət

Şəkidə olarkən Kiş kəndinə baş çəkməyə dəyər. Burada qədim alban kilsəsinə aid Müqəddəs Yelisey məbədi yerləşir. Onu bütün Qafqaz kilsələrinin anası da adlandırırlar. Hesab edilir ki, birinci əsrdə dünyanın ilk xristian icması burada yaradılıb və ilk xristian məbədinin əsası qoyulub. Onun ilkin görkəmi bu günümüzə gəlib çatmasa da, sonradan inşa edilmiş orta əsr kilsəsinin bərpa edilmiş variantını görmək mümkündür. Məbədin bərpasında məşhur Tur Heyerdal da fəal iştirak edib. Şərqi Zaqafqazyanın abidələrini araşdıran alim hətta ehtimal edib ki, norveclilər Qafqaz albanlarının törəmələridir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RBK


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az