20.10.2018 20:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Gözəl, ucuz, dadlı və ya Bakı Şopinq Festivalına nə üçün getmək lazımdır?

 
 



Kokşetau Asiya, Qazaxıstan
01.11.2017


Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən bu şəhər hər il dünyanın müxtəlif yerlərindən daha çox turist cəlb etməkdədir. Bunun bir çox səbəbləri var: gözəl iqlim, dadlı mətbəx, zəngin mədəniyyət, mehriban insanlar və sadəcə özündə Qərb və Şərqin elementlərini birəşdirən gözəl şəhər.

Üstəlik oktyabrın 15-dən noyabrın 15-dək burada sayca ikinci şopinq festivalı keçirilir. Bu o deməkdir ki, bir ay ərzində qonaqlar və şəhərin sakinləri butik, otel və restoranlarda sərfəli endirimlərdən, həmçinin əyləncəli proqramlardan bəhrələnə biləcəklər.

Gecikmədən Bakı Şopinq Festivalına yollanmağı vacib edən səbəbləri diqqətinizə çatdırırıq.

Sərfəli alış-veriş

Festival zamanı bəyəndiyiniz malları daha sərfəli qiymətlərlə əldə etmək mümkündür. Bu ay 500-ə yaxın ticarət obyekti və turist şirkəti öz mal və xidmətlərini daha sərfəli qiymətlərə təklif edir. Festivala geyim, elektronika, saat, ətriyyat, məişət texnikası və s. mallar təqdim olunub ki, onlara da 70%-dək endirim var. Bu dəfə festivala “Bravo” və “Neptun” supermarketləri də qoşulub. Üzərinə “Baku Shopping Festival - Tax Free” stikerləri vurulmuş mağazalarda 100 manatdan artıq alış-veriş etdikdə alıcılar xərclədiyi məbləğdən tutulan ƏDV-nin bir qismini geri qaytarmaq imkanı qazanır. “Tax Free” həm nağd verilə, həm də bank kartınıza köçürülə bilər.

Ucuz səyahət

Siz şopinq festival rəhbərliyinin təklif etdiyi turist paketini də sifariş verə bilərsiniz. Xüsusi təkliflərə aviabilet, nəqliyyat və transfer xidmətləri, sığorta, otellərdə ən azı 3 günlük gecələmə, həmçinin Bakı Şopinq Festivalında iştirak edən obyektlərə şopinq-turlar daxildir.

Çox dadlı mətbəx

Bakıya səfər edib qeyri-adi yerli mətbəxin dadına baxmamaq olmaz. Təbii ki, mətbəxin yaranması və inkişafını şərtləndirən ən vacib amil iqlimdir. Mövcud 11 iqlim qurşağının 9-u bu ölkənin ərazisindən keçir ki, bu da öz növbəsində yerli flora və faunanın müxtəlifliyini və zənginliyini şərtləndirir, heyvan və bitkilərin həyatı üçün əlverişli şərait yaradır. Bu isə sonda zəngin mətbəxin yaradılması üçün bir əsasa çevrilir.

Zəfəran ətirli plov, üzərinə sumax səpilmiş kabab, buğlama və ləvəngi, desertə isə şəkərbura, tər meyvə və tərəvəz, ən nəhayət sərinləşdirici içki kimi turşməzə şərbət – budur zəngin və özünəməxsus Azərbaycan mətbəxi.

Festivalda həmçinin restoranlar da iştirak edir. Burada siz sərfəli qiymətlərə Azərbaycan yeməklərinin dadına baxa bilərsiniz. Festivala “Dolma”, “Lavaş” və “Pəncərə” kimi yerli restoranlar qoşulub.

Əlbəttə ki, mütləq ən əsas Azərbaycan içikisinin – yerli çayın da dadına baxmaq lazımdır: burada çay istənilən restoran və kafenin menyusuna daxildir. Adətən onu armudu stəkanlarda verirlər. Stəkan quruluşca armudu xatırlatdığı üçün belə adlanır. Çay süfrəyə adətən limon, qənd, quru meyvə və qoz-fındıqla bir yerdə verilir.

Bənzərsiz memarlıqdan həzz almaq imkanı

Bakı unikal şəhərdir. Burada ənənələrlə müasirlik qeyri-adi şəkildə birləşib. İlk növbədə İçərişəhərə baş çəkməniz məsləhətdir. Burada orta əsrlərə aid əsl Şərq memarlığı ilə tanış ola bilərsiniz. İçərişəhərin və elə bütün paytaxtın vizit kartı 28 metr hündürlüyü olan Qız qalası və XV əsrə aid Şirvanşahlar sarayıdır.

Bundan başqa, mütləq Atəşgaha – əbədi alov məbədinə baş çəkmək lazımdır. Yerdən çıxan qazın oksigenlə qarışaraq alışdığı bu yer ta qədimdən atəşpərəstlərin müqəddəs ziyarətgahı sayılıb.

Bakının digər görməli yeri və müasirlik simvolu isə “Alov qüllələri”dir. Onları şəhərin istənilən yerindən görmək mümkündür. Xüsusilə gecə vaxtı daha yaxşı görünür.

“Küləklər şəhəri”nin müasir rəmzləri arasında “Baku Crystal Hall”, Zaha Hadidin əsəri olan Heydər Əliyev Mərkəzini də göstərmək olar.

Mədəni istirahət

Bakı Azərbaycanın ən iri mədəniyyət mərkəzidir. Bu gün şəhərdə 30 muzey, 7 teatr, filarmoniya, opera teatrı, kinostudiya, kinoteatrlar, kitabxanalar fəaliyyət göstərir. Şəhərin qonaqları mütləq Dövlət İncəsənət Muzeyinə baş çəkməlidir. Burada Tropinin, Şişkin, Vereşşagin, Borovikski, Rerix və Azərbaycan rəssamlarının əsərləri sərgilənir. İncəsənət Muzeyi Dali, Pikasso və Şaqal kimi böyük rəssamların əsərlərinin də daxil olduğu ekspozisiyası ilə fəxr edir.

Görməli yerlər sırasında Azərbaycan Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Müasir İncəsənət Muzeyi, Zeynalabdin Tağıyevin Ev Muzeyi (Azərbaycan Milli Tarix Muzeyi) və digərləri də var.

Gördüyünüz kimi, Azərbaycan paytaxtına səyahət etmək üçün çoxlu səbəb var. Odur ki, səfəri sonraya saxlamayın və “küləklər şəhəri”nə tələsin!

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kokşetau Asiya


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az