26.04.2018 02:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycan turistlər üçün yeni əyləncələr yaradır - FOTOREPORTAJ

 
 



VK.Live, Rusiya
03.11.2017


Azərbaycan Avrasiyada yerləşən ekzotik, zəngin tarixi və təbii irsi olan bir ölkədir. Bu ölkənin memarlığı, insanları, dəb aləmi, mətbəxi və mədəniyyəti Şərqlə Qərbin ideal uzlaşmasıdır. Buraya gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Azərbaycan onları özünə misilsiz təbiəti, dadlı mətbəxi, zəngin tarixi-mədəni irsilə cəlb edir. Bu ildən etibarən isə Azərbaycana səfər emək üçün daha bir səbəb var – Bakı Şopinq Festivalı.

Birinci Bakı Şopinq Festivalı 2017-ci il aprelin 10-dan mayın 10-dək keçirilib. İkincisi isə oktyabrın 15-də start götürüb və 1 ay dava edəcək. Bu festival çərçivəsində qonaqlar və paytaxt sakinləri butiklərdə, otel və restoranlarda sərfəli endirimlərdən bəhrələnə, həmçinin əyləncə imkanlarından istifadə edə biləcək.

Beləliklə, vaxt itirmədən “Odlar Yurdu”na səyahət etməyin səbəbləri:

Ucuz və keyfiyyətli şopinq

Festival zamanı bəyəndiyniz malları aşağı qiymətlərə ala bilərsiniz. 500-ə yaxın ticarət obyekti və turist şirkəti öz mal və xidmətlərini daha sərfəli qiymətlərə təklif edir.

Festivala geyim, elektronika, saat, ətriyyat, məişət texnikası və s. mallar təqdim olunub ki, onlara da 70%-dək endirim var. Üzərinə “Baku Shopping Festival - Tax Free” stikerləri vurulmuş mağazalarda 100 manatdan artıq alış-veriş etdikdə alıcılar xərclədiyi məbləğdən tutulan ƏDV-nin bir qismini geri qaytarmaq imkanı qazanır.

Ucuz səyahət

Turpaket axtarışına vaxt itirmək istəmirsinizsə, Festival rəhbərliyinin təklif etdiyi paketi alın. Xüsusi təkliflərə aviabilet, nəqliyyat və transfer xidmətləri, sığorta, otellərdə ən azı 3 günlük gecələmə, həmçinin Bakı Şopinq Festivalında iştirak edən obyektlərə şopinq-turlar daxildir.

Şopinq Festivalı çərçivəsində Rusiya da daxil olmaqla, bir çox ölkə üçün ən sərfəli qiymətlərə turpaketlər təklif edilir.

Qərb və Şərqin qovuşması

Bakı şəhəri özünün gözəlliyi və zəngin tarixi ilə cazibədardır. Şəhəri tanımaq, onu anlamaq, tarixini görmək və iki fərqli mədəniyyətin – Qərblə Şərqin burada birləşərək yeni bir mədəniyyət yaratdığını hiss etmək üçün mütləq Bakının görməli yerlərinə baş çəkmək lazımdır.

Qız qalası Bakının əsas rəmzi və İçərişəhər tarixi kompleksinin görməli yerlərindən biridir. Qala şəhərin ən qədim abidələrinin siyahısına daxil edilib. İlk vaxtlarda atəşpərəstlik məbədi kimi istifadə olunmuş Qız qalası sonradan İçərişəhərin müdafiə sistemində əsas tikililərdən birinə çevrilib.

Şəhərin digər rəmzi Şirvanşahlar sarayıdır. O da İçərişəhərdə yerləşir. Ümumiyyətlə İçərişəhər Bakının əsas görməli yerlərinin cəmləşdiyi bir məkandır. Bura adamı klassik memarlıq abidələri, qala divarları, məscidlər və digər qədim binaları ilə valeh edir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan olunub, 2000-ci ildə isə Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu, Azərbaycandan Dünya Mədəni İrsinə aid edilmiş ilk obyektdir.

Müasir Bakının ən heyranedici rəmzlərindən biri də “Alov qüllələri”dir. Onları şəhərin hər yerindən görmək mümkündür.

Qonaqlara məsləhət görülən digər görməli yerlər arasında Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall”, Fəvvarələr meydanı, dənizkənarı bulvar, Dövlət Bayrağı Meydanı və s. var.

Əvəzolunmaz yerli mətbəx

Ta qədimdən Azərbaycan mətbəxi dünyanın ən unikal mətbəxlərindən sayılıb. Yerli mətbəx ət, balıq və tərəvəzdən hazırlanan yeməklərlə zəngindir. Azərbaycanın xüsusi yeməyi isə zəfəranlı, qaralı plovdur (şirin plov). Azərbaycan mətbəxinin digər məşhur yeməklərindən kababı qeyd etmək olar. Manqal və ya təndirdə qoyun əti və nərə balığından hazırlanan kababın üzərinə turşməzə ədviyyat – sumax səpilir. Mütləq Azərbaycan dolmasının da dadına baxmaq lazımdır. Dolma üzüm yarpaqlarına bükülmüş ət qiyməsindən bişirilir. Lakin onun başqa növləri də var. Məsələn, qiymə pomidor, badımcan və bibərin içinə doldurula bilər.

Azərbaycana gəlmisinizsə, qutabların dadına baxmamış gedə bilməzsiniz. Bu yemək nazik yayılan xəmirin arasına ət qiyməsi, göyərti, balqabaq, şabalıd və digər içliklərin doldurulması ilə hazırlanır.

Bəs çay? Onsuz olarmı? Axı çay azərbaycanlıların həyatının ayrılmaz hissəsidir. Burada çay xüsusi armudu stəkanlarda verilir. Stəkanlar formaca armudu xatırladır. Belə forması sayəsində o, çayı uzun müddət isti saxlaya bilir.

Azərbaycanda çayı süfrəyə paxlava, şəkərbura, şəkər çörək, Şəki halvası, kətə və s. kimi yerli şirniyyatlarla verirlər.

Həm ziyarət, həm ticarət

Azərbaycana təkcə ecazkar memarlıq və inanılmaz mətbəxdən həzz almaq üçün deyil, həm də müalicəyə gəlmək olar. MDB ərazisində ən populyar kurort Azərbaycanın Naftalan şəhərində yerləşir. Şəfalı neft vannalarının olduğu bu kurorta ildə 10 mindən çox qonaq gəlir ki, onların da yarıdan çoxu xarici turistlərdir.

Naftalan nefti müalicəvi məqsədlərlə istifadə olunan nadir neft növüdür və şəhər də məhz onun adı ilə adlandırılıb. Naftalan yalnız bir yerdə –  ölkənin mərkəzi şimal bölgəsində, Gəncə yaxınlığında çıxarılır.

Uzun illərdir ki, Azərbaycan həkimləri bu vasitəni xəstələrə yazır, onunla psoriaz, artrit və revmatizm kimi müxtəlif xəstəlikləri, oynaq və sümük ağrılarını uğurla müalicə edirər. Bu neft 70-dən çox dərdin dərmanıdır.

Palçıq vulkanlarını görməli

Palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Yer üzündə olan 800 palçıq vulkanından 350-si məhz burada yerləşir.

Hər il minlərlə turist partlayış və yeraltı uğultularla müşayiət olunan vulkan puskürməsinə baxmaq üçün Azərbaycana gəlir. Püskürmə zamanı yerin dərin qatlarından qaz çıxır və dərhal alovlanır.

Azərbaycan ərazisində ilk palçıq vulkanının 25 milyon il əvvəl püskürdüyü deyilir. Turistlər ən çox Bakı-Ələt yolunun yaxınlığında, Qobustan qəsəbəsindən 10 kilometr cənubda yerləşən aktiv vulkanlar qrupuna baxmağa gedir.

Qobustanın özü isə Azərbaycanın insan sivilizasiyasının ən qədim mərkəzlərindən biri və zəngin, çoxəsirlik tarixə malik ölkə olduğunu sübut edən daha bir abidədir.

Qobustan tarix-incəsənət qoruğu saysız-hesabsız qobu və yarğanların oduğu böyük bir ərazidə yerləşir. Burada bizim eradan əvvəl X-VIII minilliklərdən başlayaraq ta orta əsrlərə qədər erkən insan həyatından xəbər verən xeyli sayda sübutlar – qayaüstü rəsmlər, qədim insan məskənləri qorunmaqdadır.

2007-ci ildə Qobustan qayaüstü rəsmləri də UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

Odur ki, özünüz üçün yeni və unudulmaz kəşflər etmək istəyirsinizsə, “Odlar yurdu”na getməyə tələsin!

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: VK.Live


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az