21.11.2017 17:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Azərbaycan Hitlerin məğlub edilməsinə necə yardım göstərib?

 
 



JEWISH JOURNAL, ABŞ
03.11.2017


Müəllif: Milix Yevdayev

2017-ci il noyabrın 9-da “Büllür gecə”nin 79-cu ildönümü qeyd ediləcək. 79 il əvvəl yəhudilər bütün nasist Almaniyası boyu talanlara məruz qalıb. Bu, “yəhudi məsələsinin tamamilə həll edilməsi”nin və Holokostun başlanğıcı idi.

Yəhudi xalqına qarşı dəhşətli soyqırımı yada salarkən, zalım nasist rejimi və fürer üzərində qələbəyə böyük töhfələr və qurbanlar vermiş bütün xalqları xatırlamalıyıq. Azərbaycanlılar həmin xalqlardan biridir.

Üçüncü Reyx Avrasiyanı işğal etməyə çalışarkən, nasist Almaniyasının Silahlı Qüvvələrinin Baş Qərargahı böyük problemlərlə üzləşmişdi: blitskriqin (ildırım sürətli müharibə - WM) aparılması üçün mexanikləşdirilmiş təchizata ehtiyac var idi. Süvari ordusunun üstünlük təşkil etdiyi əvvəlki müharibələrdən fərqli olaraq, Vermaxta bu yeni müharibədə tankları və döyüş təyyarələrini neftlə təchiz etmək lazım idi. Almaniyada neft olmadığına görə, Hitler Azərbaycanın neft mədənlərini işğal etməyi qərara almışdı. Bu, Vermaxta ehtiyacı olduğu nefti əldə etməyə imkan verəcəkdi. Bununla, Sovet ordusu üzərində qələbə qazanılacaqdı. Çünki Sovet ordusu Azərbaycan neftindən çox asılı idi. Qeyd edək ki, Hitler 1942-ci ildə ad gününü qeyd edərkən, Avrasiyanın təsvir olunduğu tortdan Azərbaycan hissəsini özünə götürmüşdü.

Lakin Hitlerin Azərbaycanı işğal etmək planını həyata keçirə bilmədi. 1942-1943-cü illərdə Şimali Qafqazdan Azərbaycana tərəf yollanan alman hərbi maşını Stalinqradda dayandırıldı. Onların Azərbaycana hücumunun qarşısı alındı və nasitlər fəlakətli məğlubiyyətlə üzləşdi. O andan nasist şərq cəbhəsi boyu geri çəkilməyə başldı. Bu, 1945-ci ilə qədər, yəni nasist Almaniyasının dağılmasına qədər davam etdi.

6 il davam edən İkinci Dünya müharibəsi nəticəsində 70 milyon insan həyatını itirib. Nasistlər üzərində qələbə qazanmaq üçün böyük itkilər verilib. Ən çox itki verən ölkə Sovet İttifaqı olub: təxminən 26 milyon nəfər. Hitlerin əsas hədəfi olan Azərbaycan da müharibənin acısını dadıb. İkinci Dünya müharibəsində 700 min Azərbaycan əsgəri, o cümlədən 100 min Azərbaycan qadını  vuruşub. Müharibə sona çatana qədər 400 min azərbaycanlı həyatını itirib. Ön cəbhə xəttində nasistlərlə döyüşlərdə minlərlə Azərbaycan yəhudisi canından keçib.

Bu müharibədə Azərbaycanın əsas töhfələrindən biri də Sovet ordusuna hər il 23,5 milyon ton neftin göndərilməsi olub. 1941-1945-ci illərdə Sovet İttifaqının neft mədənlərində işləyənlərin 70%-dən çoxu Bakı neftçiləri idi. Sovet İttifaqında istehsal edilən yanacağın 80%-dən çoxu Bakının payına düşüb. Sovet marşalı Georgi Jukov etiraf edirdi ki, nasistlər üzərində qələbə üçün neft məhsullarının dayanmadan cəbhə xəttinə göndərilməsinə böyük ehtiyac olub. Azərbaycanın dağ yəhudiləri bir fakta görə də fəxr edirlər ki, o çətin illərdə bu ölkənin neft sənayesinin mühüm simalardan biri Azərbaycan yəhudi icmasının üzvü Yakov Mixayloviç Aqarunov olub.

Hitlerin Bakı nefti uğrunda mübarizəsini daha yaxşı başa düşmək üçün sizə Heydər Əliyev Fondunun dəstəyi, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə çəkilmiş və 2015-ci ilin mayında “National Geographic” kanalında nümayiş etdirilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmə baxmağı tövsiyə edirəm.

İkinci Dünya müharibəsi Azərbaycanda neft hasilatının dönüş nöqtələrindən biri olub. Xatırladaq ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu Bakıda qazılıb. ABŞ-da isə bu üsulla ilk quyu Pensilvaniya ştatında 11 il sonra işlənib. Onilliklər sonra isə Azərbaycanda neft kəməri çəkilib, neft tankeri alınıb, neft emalı zavodu tikilib və s. XX əsrin əvvəllərində dünya neft hasilatının 50%-i Bakının payına düşüb.

1994-cü il yeni müstəqillik əldə etmiş Azərbaycanın neft sənayesində növbəti dönüş nöqtəsi olub. Həmin il Azərbaycan hökuməti Qərbin neft şirkətlərilə Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsi və hasilatına dair “Əsrin müqaviləsi”ni imzalayıb. Bu müqavilənin icrası nəticəsində əldə olunan gəlirlərdən ağıllı şəkildə istifadə edilməsi sayəsində Azərbaycan Cənubi Qafqazın ən iri iqtisadiyyatına malik və ən çox inkişaf etmiş ölkəsinə çevrilib. Bu, Azərbaycana yoxsulluq səviyyəsini 50%-dən 5%-dək endirməyə imkan verib.

Qeyd edək ki, 2017-ci il sentyabrın 14-də bu müqavilə yenilənib və yeni variant 2049-cu ilin sonuna qədər qüvvədə olacaq. Bu müqavilənin icrası nəticəsində əldə edilən gəlir Azərbaycana ölkənin müasirləşdirilməsinə, əhalinin rifahının yaxşılaşdırılmasına, həmçinin azad və müstəqil dövlətin güclənməsinə istiqamətlənmiş sosial və iqtisadi sahədə islahatlarını davam etdirməsinə yardım göstərəcək. Bu, Azərbaycan neftinin İsrail kimi müştərilərinə də islahatların həyata keçirilməsində kömək edəcək.

Bir sözlə, azərbaycanlı neftçilər nasistlərlə mübarizədən yoxsulluqla mübarizəyədək həm ölkələrinə, həm də dünyaya töhfə verməkdə davam edir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az