21.11.2017 17:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
CNN telekanalı işğalı və insanlığa qarşı cinayətləri dəstəkləməməlidir

 
 



JEWISH JOURNAL, ABŞ
06.11.2017


Müəllif: Dürdanə Ağayeva

Mən CNN telekanalını bəyənirəm. Bu telekanalın xüsusilə beynəlxalq məsələlərlə bağlı xəbərləri bütün dünya boyu insanlara lazımi məlumatlar almağa, dünyada baş verən hadisələri daha yaxşı başa düşməyə imkan verir.

Lakin ötən həftə sevdiyim ən yaxşı baş aşpazlardan olan Entoni Burdeynin Azərbaycanın Qarabağ regionunun qədim paytaxtı Şuşada vodka içməsi, plov yeməsi məni sarsıdıb və narahat edib. Sual verə bilərsiniz ki, məşhur baş aşpazın içki içməsində, yemək yeməsində və xarici mətbəxlə tanış olmasında qəribə nə var? Deyə bilərsiniz ki, hər şeydən öncə bu, onun peşəsidir. Lakin problem cənab Burdeynin Ermənistan tərəfindən 25 ildir işğalda saxlanılan Azərbaycan ərazisinə qeyri-qanuni səfər etməsidir.

Onun səfər etdiyi Şuşa 1992-ci ilə işğal edilənədək şəhərin bütün əhalisi azərbaycanlılar olub. Ermənistan ordusu Şuşaya soxulduqda şəhərdə yaşayan bütün azərbaycanlılar ya öldürülüb, ya da qovulub. İşğal edilmiş və etnik təmizləmə aparılmış şəhərə getmək bu cinayətləri törədənlərin öz qeyri-qanuni rejimini reklam etməsinə, işğalın dəstəklənməsi anlamına gəlir. Hesab edirəm ki, özünə hörmət edən hər bir reportyor və telekanal işğalın bu cür ağır nəticələrini unutmamalıdır.

Cənab Burdeynin səfər etdiyi Şuşanın yaxınlığında yerləşən Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinə qarşı 1992-ci ildə törədilmiş qətliamdan sağ çıxa bilmiş insanlardan biri, erməni əsirliyində dəhşətli işgəncələrə məruz qalmış, Xocalı qətliamını öz gözlərilə görmüş Azərbaycan qadınlarının Burdeynə açıq məktubunu oxuculara təqdim edirəm. Ümid edirəm ki, bu məktubdan sonra CNN telekanalı və baş aşpaz qeyri-qanuni işğalın, etnik təmizləmənin qurbanı olmuş 1 milyondan çox azərbaycanlı qaçqının düşdüyü ağır vəziyyətə diqqətlə yanaşacaq.

Cənab Burdeyn,

Sizə XX əsrin ən dəhşətli müharibə cinayətlərindən olan Azərbaycanın Xocalı şəhərinin məhvi nəticəsində sağ qalmış analar, bacılar və qızlar adından yazırıq.

Müharibə cinayətləri, etnik təmizləmə, fərq qoyulmadan mülki vətəndaşlara qarşı zorakılıq Ermənistanın Azərbaycan Respublikasına davam edən təcavüzünün tərkib hissəsidir.

1991-94-cü illər müharibəsinin fəal dövrü zamanı Xocalı şəhərinə hücum xüsusilə amansız və faciəvi idi. Münaqişədən öncə biz – qətliam qurbanları və digər 7000 sakin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc şəraitdə yaşamışıq. 1991-ci ilin oktyabrında şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alınıb. 1992-ci il fevralın 26-da isə Xocalı artilleriya atəşinə tutulub və bombardmandan sonra şəhərə müxtəlif istiqamətlərdən hücum başlayıb. Nəticədə Ermənistan silahlı qüvvələri SSRİ-nin oradakı 366-cı motoatıcı alayının köməyilə Xocalını ələ keçirib. İşğalçılar Xocalını xüsusi amansızlıqla dağıdıb, mülki əhalini tamamilə məhv edib. Ermənistan silahlı qüvvələri bu cinayəti xüsusi qəddarlıqla – insanları diri-diri yandırmaqla, baş dərilərini soymaqla, başlar kəsməklə, hamilə qadınların qarnına süngü vurmaqla törədiblər. Hətta uşaqlar belə, istisna deyildi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 nəfər qətlə yetirilib. Daha 1000 sakin yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi bu günədək naməlumdur. Xocalı şəhərində vətəndaşların qəsdən öldürülməsi etnik ayrı-seçkilik əsasında kütləvi qətliam idi.

Ermənistanın o vaxtki müdafiə naziri və hazırkı prezidenti Serj Sarqsyan britaniyalı jurnalist Tomas de Valla müsahibəsində bu qətliamda günahkar olduğunu tərəddüd etmədən boynuna alıb: “Xocalıdan öncə, azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə heç vaxt əl qaldırmaz. Biz bu stereotipi sındıra bildik” (Tomas de Vall, “Qarabağ: Ermənistanla Azərbaycan sülh və savaş yollarında” məqaləsi ( Nyu-York və London, Nyu-York Universitetinin mətbu orqanı, 2003) səh.172).

Həqiqətən, Xocalı Azərbaycan torpaqlarının gələcək işğalı, etnik təmizləmə siyasəti üçün ilkin mərhələ idi. Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20%-i hələ də işğal altındadır. Onlar beynəlxalq humanitar hüququ pozmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan ümumilikdə 1 milyon mülki azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Nəticədə dünya miqyasında adambaşına düşən məcburi köçkün sayına görə Azərbaycan ön sıralardadır.

Cənab Burdeyn,

Biz sizin peşəkarlığınıza və beynəlxalq mətbəx haqqında hazırladığınız proqramlara hörmət edirik. Sülh şəraitində belə bir mətbəx mübadilələri xalqları bir araya gətirir. Lakin davamlı müharibə və amansızlıq şəraitində bu cür mədəni proqram müharibə cinayətlərinin qurbanı olan, yaxınlarını və öz doğma yurdlarını itirmiş bizim kimi insanlar tərəfindən etnik təmizləmənin, işğalın dəstəklənməsi kimi başa düşülə bilər. Xahiş edirik, başa düşəsiniz ki, biz hətta işğal olunmuş ərazilərdə valideynlərimizin və digər yaxınlarımızın məzarlarını belə, ziyarət etməkdən məhrumuq. Ötən 25 il ərzində biz doğma torpaqlarımıza qayıtmaq, evlərimizi yenidən qurmaq və viran qoyulmuş, əhalisi didərgin salınmış Şuşa şəhərində sizin ermənilər tərəfindən qonaq edildiyiniz Azərbaycanın milli yeməyi olan şilə plovunu uşaqlarımız üçün yenidən bişirmək həsrətilə yaşayırıq.

Əlbəttə ki, sizin Xocalıya yaxın olan, insanlığa qarşı cinayətin törədildiyi Azərbaycan ərazilərinə hərbi vertolyotla səfəriniz, orada mətbəx şousu ilə bağlı apardığınız hazırlıqlar bizi çox məyus edib, sanki yaralarımıza duz səpib. Çox inanmaq istərdik ki, reallıq haqda yanlış məlumatlandırılmısımız və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəriniz tərəfinizdən qəsdən həyata keçirilməyib. Hər halda, sizin faşist düşərgəsi yaxınlığında yeməkdən, yaxud Bosniyada serb hərbçiləri tərəfindən kütləvi qətliamın törədildiyi Srebrenitsa şəhərində nahardan zövq aldığnızı təsəvvür etmək çox çətindir.

Azərbaycan torpaqlarının, eyni zamanda bizim doğma yurdumuz olan Xocalının Ermənistan tərəfindən qanunsuz, zorakı və illərdir davam edən işğalı bu dövlətin öz xalqına, iqtisadiyyatına və gələcəyinə zərbə vurub. Bizim əsrlərlə sülh şəraitində yaşadığımız, birlikdə sülhsevər region qurmağı arzu etdiyimiz erməni qonşularımız başqasının faciəsi üzərində xoşbəxtlik qurmağın yolverilməzliyini anlamalıdır.

İşğalın dəstəklənməsi, bununla işğal faktının və müharibənin uzadılması bu faciədən faydalananlardan başqa kimsəyə kömək etmir. Halbuki, biz iki xalqa sülh əldə etmək üçün yardım göstərməli, beynəlxlaq sülhün yaradılması cəhdlərini təşviq etməliyik.

Sizi vəziyyətin həssaslığını və bir çoxlarımızın yaşadığı əzabları nəzərə almağa çağırırıq. Sizi Azərbaycanın işğal olunmuş və etnik təmizlənməyə məruz qalmış ərazilərindən hazırlanmış hissəni şounuza daxil etmək qərarınızı yenidən nəzərdən keçirməyə səsləyirik.

Anlayış göstərəcəyinizə inanırıq.

Hörmətlə,

Xocalıda sağ qalmış azərbaycanlı qadınlar adından

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az