21.11.2017 17:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Roşbluanın lobbiçiliyi və yalanları Ermənistanın xidmətində

 
 



Mediapart, Fransa
07.11.2017


Müəllif: Anri Furkadi

Respublika deputatları utanmadan erməni lobbisinə xidmət göstərir: mübahisəli Fransua Roşbluan məsələsi.

İslam dininin öz şeytanları ilə mübarizə apardığı, yaxud çoxlarının islamla islamçılığı eyniləşdirməyə cəhd etdiyi həssas geosiyasi kontekstdə sabiq fransalı deputatların öz şəxsi və lobbiçilik maraqları üçün dünyəvi respublika olan Azərbaycan kimi ölkənin imicinə xələl gətirmək cəhdləri rüsvayçılıqdır. Çünki sadalananların heç birini Bakıya aid etmək olmaz. Dünyəvi, dövlətlə dinin bir-birindən tamamilə ayrı olduğu, eyni zamanda, bütün dini icmaların nəinki qəbul edildiyi, hətta müdafiə olunduğu yeganə Şərq ölkəsi haqqında belə iddialar səsləndirmək namussuzluqdur!

Rusiya, İran və Türkiyə kimi ehtiyat ediləsi nəhəng qonşulara malik sabit və zəngin, görünən yeganə “qüsur”u öz müstəqilliyini və pozulmuş ərazi bütövlüyünü qorumaq olan Azərbaycan kimi kiçik ölkə haqqında ermənilər tərəfindən tamamilə yanlış imicin formalaşdırılmasına çalışılır. Qafqazda sabitliyi pozmağa yönəlmiş bu cür cəhdlər çox təhlükəlidir.

Müsəlman icmasının əhəmiyyətli rol oynadığı Fransa kimi bir ölkədə isə böyük qruplar tərəfindən islamı islamçılıq kimi təqdim etməklə müsəlmanların qəzəbinə səbəb olmaq daha təhlükəlidir. Roşbluanın bu addımı əslində birbaşa ölkənin təhlükəsizliyinə təsir edə bilər. Təəssüf ki, Fransada gizli islamofobiya meyilləri onsuz da çoxdur.

Fransua Roşbluan Luar departamentinin 3-cü seçki dairəsindən 30 ilə yaxın deputat olub. Bu müddət ərzində o, xüsusilə Milli Assambleyanın xarici əlaqələr komitəsində eyni amallar uğrunda mübarizə aparıb: Şərq xristianlarının, xüsusilə ermənilərin müdafiəsi. 2015-ci ildə Fransada “erməni soyqırımı”nın tanınması məhz onun xidmətidir. Yerevanın planlarını pozan heç bir məsələ onun xoşuna gəlmir – nə Ermənistanın Qarabağı işğal etdiyinin etirafı, nə BMT TŞ-nin bununla bağlı 4 qətnaməsi, nə də ki, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin dialoq çağırışları. Uzun müddət Azərbaycan əleyhinə işləyən Fransa-Qarabağ Dərnəyinin, sonradan Milli Assambleyada Fransa-Ermənistan dostluq qrupunun sədri olmuş Roşbluan artıq deputat olmasa da, yenə də mənəviyyatdan uzaq əməllərini davam etdirir, keçmiş deputatın qorumalı olduğu maraqlardan uzaq durur. O, xüsusilə iqtisadi əməkdaşlıq sahəsində Azərbaycanla möhkəm əlaqələri olan Fransanın da maraqlarına zidd hərəkətlər edir. İkinci Dünya müharibəsi zamanı Hitler rejiminin himayəsi altında nasistlərlə əməkdaşlıq etmiş erməni millətçisinə bu yaxınlarda Ermənistanda abidə ucaldıldıqdan sonra belə, Roşbluan özünü çox təmkinli aparıb. Belə bir hadisəni necə sakit qarşılamaq olar? Amma Roşbluan buna hazırdır. Qaregin Ter-Hayutyunanın (Njde) heykəli keçmiş deputatın Ermənistanı nəyin bahasına olursa-olsun müdafiə etməyə çalışdığını göstərir.

Etiraf etməliyik ki, Njde Yerevanı Osmanlı boyunduruğundan və sovet dominantlığından xilas edib. O, həmçinin azı 30 min nəfərlik erməni legionunu Reyxin ixtiyarına verib. Hətta o, parlamentin üzvü olmayanda belə, Fransanın maraqlarına qarşı çıxır, çəkinmədən Vigen Çiteçiyan (Ermənistanın səfiri) və Hovanes Gevorkyan (tanınmamış Dağlıq Qarabağ Respublikasının Fransadakı nümayəndəsi) ilə onların gündəliklərinə uyğun görüşlər keçirirdi. O, hətta Azərbaycanın guya İŞİD-ə dəstək verdiyini iddia edən kampaniyaya başlamağı da planlaşdırırdı.

Roşbluan Azərbaycana qarşı qarayaxma kampaniyaları apara, bu ölkəni cəhalətin və islamçılığın məkanı adlandıra bilər. Amma Azərbaycan kimi açıq bir ölkə necə islamçı kimi qələmə verilə, bu da cəzasız qala bilər? Necə olur ki, heç bir media qurumu bu iddiaları təkzib etmir? Yəhudilərlə, o cümlədən İsraillə fundamental əməkdaşlıq əlaqələri olan bir ölkə islamçılığın təsiri altında ola bilərmi? Bir çox yerlərdə, xüsusilə də Fransada kilsələrin bərpasını maliyyələşdirən bir ölkə haqqında bunu necə demək olar? Kimsə keçmiş deputatın 1983-cü il iyulun 15-də Orli hava limanında Türkiyə Hava Yollarına məxsus bölmədə törətdiyi terror aktı nəticəsində 8 nəfərin ölümünə səbəb olmuş ASALA (Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu) terror təşkilatını mühakimə etdiyi eşidibmi? Əvəzində o, 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağı işğal edən zaman öldürülmüş siyasi fəal, erməni hərbi lideri Monte Melkonyanı utanmadan müdafiə edir!

Parislə Bakı arasında tarixi iqtisadi və hərbi əməkdaşlıq əlaqələrinin olduğu bir vaxtda kimsə onun Fransanı qınadığını eşidibmi? O, 2001-ci il sentyabrın 11-dən Bakının Qərb koalisiyasının tərkibində terrorçuluğa qarşı beynəlxalq mübarizədə fəal iştirak etdiyini xatırlatmağa cürət edərmi? Əlbəttə ki, yox!

Bu gün Azərbaycan terror təhlükəsilə mübarizədə Fransanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Azərbaycan yüzlərlə əsgər və zabitini, həmçinin hərbi texnikasını NATO-nun sülhməramlı əməliyyatlarına göndərir. Yüzədək Azərbaycan hərbçisi NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarında iştirak edir.

Cənab Roşbluan həqiqəti görmək üçün Bakıya getməlidir. Əslində oraya getmək kifayət edər ki, Azərbaycan paytaxtında nə bir çadralı qadın, nə də qarışıq saqqallı kişi görəsən. Çünki Bakı müasir, Qərbin bütün məşhur brendlərinin, dünya memarlarının əsərlərinin olduğu, qadınlara azadlıq verilmiş, bütün azlıqlara açıq, çoxcəmiyyətli, dünyəvi bir ölkənin paytaxtıdır.

Lakin bunlar Roşbluana təsir etmir və o, saxta, hətta böhtan dolu iddialar irəli sürməkdə davam edir, Azərbaycanın imicinə ziyan vurmağa çalışır. O, hətta Azərbaycana bu ölkədəki “vəziyyət”lə tanış olmaq üçün parlamentarilərdən ibarət komissiya göndərməyə cəhd edib. Lakin onun bu layihəsi uğursuzluğa düçar olub. Ən azı, beynəlxalq hüquq, KİV, siyasətçilər səhvlərini düzəldənədək, Yerevan və erməni diasporunun 20 ildir idarə etdiyi genişmiqyaslı manipulyasiyanı başa düşənədək, bu məğlubiyyət ədalətin zəfəri, Fransua Roşbluan isə bu manipulyasiyanın yalançı aktyorlarından biridir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mediapart


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az