21.11.2017 17:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Şopinq və əyləncə dünyasında özünəməxsus brend... Bakı Şopinq Festivalı dünyanın hər yerindən qonaqları cəlb edir

 
 



Əl-Fəcr, BƏƏ
13.11.2017


Azərbaycan paytaxtında İkinci Bakı Şopinq Festivalı keçirilir. Festival milyonlarla şopinq həvəskarının, turistin, ayrı-ayrı ailələrin vaxtını maraqlı, sevinc içərisində keçirməsi üçün bir çox proqram hazırlayıb. Budəfəki festival insanlara daha böyük, maraqlı fürsətlər verir: şopinq təcrübələri, böyük endirimlər, rəngarəng tədbirlər, qiymətli hədiyyələr.

Azərbaycan hökuməti Bakı Şopinq Festivalını ölkə paytaxtını öncül alış-veriş məkanına, azərbaycanlı, ərəb və digər ailələrin üz tutduğu yerə çevirən ən mühüm tədbirlərdən biri hesab edir. Bu zaman şəhərdə şopinqlə bağlı bir sıra tədbirlər, kompaniyalar, təqdimatlar keçirilir, böyük endirimlər təklif edilir ki, bu da daha çox alıcı və şopinq həvəskarını cəlb edir. Festival məşhur dünya brendlərini ən ucuz qiymətlərlə əldə etmək istəyən turistlər üçün cazibədar təkliflər platformasıdır.

Oktyabr-noyabr aylarında keçirilən və 1 ay davam edən bu festival zamanı bəzi dünya brendlərinə 80%-dən artıq endirimlər təklif olunur, üstəlik ƏDV-nin alıcılara qaytarılması sistemi işləyir. Alıcının hər zövqə uyğun dünya brendlərinin böyük çeşidləri arasından etdiyi seçimə münasib, ƏDV elə həmin gün ona qaytarılır.

Çox sayda ticarət mərkəzinin, supermarketlərin qoşulduğu Bakı Şopinq Festivalı bütün sahələrə müsbət təsirlər göstərməkdədir. O, istər ölkə daxilində, istərsə də xaricindən hər il rekord sayda turisti cəlb edə bildiyinə görə Azərbaycan iqtisadiyyatına böyük dəstək verir.

“Əl-Fəcr”in əməkdaşı bir qrup tacir, iş adamı, investor və Festivala qoşulmuş supermarketlərin müdirlərilə görüşüb. Onlar söhbətlərində Festivalin bütün sahələrə müsbət təsirlərinin olduğunu deyirlər. Qonaqlar, turistlər Bakı Şopinq Festivalının keçirilməsindən məmnunluğunu deyir, festivalın onlara Azərbaycanın unikal turizm məkanlarına, tarixi yerlərinə səfər etmək zövqünü yaşatdığını, eləcə də ən yaxşı ticarət mərkəzlərində, müdhiş qiymətlərlə ən məşhur dünya brendlərini almaq imkanları verdiyini bildirir.

“Paris Galery”

“Paris Galery” ətirlər, makiyaj, dəriyə qulluq vasitələri, günəş eynəkləri, saatlar, zinət əşyaları, gön-dəri məhsulları və s. satışı üzrə fəaliyyət göstərən özünəməxsus ticarət nişanlarındandır. Onun ticarət direktoru Həsən Qədduranın sözlərinə görə, bu ticarət nişanı 1983-cü ildə Şarcədə təsis edilib. Onun ikinci filialı 1990-cı illərin əvvəlində Dubaydakı Burcumanda açılıb: “Sonradan filialların sayını xeyli artırmışıq. Hazırda BƏƏ-də 33 filialımız var. Sonra ölkə xaricində fəaliyyətimizi genişləndirməyə başladıq və ilk filialımızı Bakıda açdıq. İndi, növbəti məkan kimi, Gürcüstan və digər ölkələr nəzərdən keçirilir”.

Həsən Qəddura bildirib ki, onların Bakı filialı 2017-ci il mayın 5-də fəaliyyətə başlayıb: “Daha çox brendimizi təqdim etmək üçün bu bazara ehtiyac var idi. Bizdə dünya brendlərindən 50 ətir, 30 saat və 20 eynək çeşidləri təklif edilir”.

Qədduranın sözlərinə görə, Azərbaycan iqtisadiyyata xarici investisiyaların cəlbini diqqətdə saxlayır: “Burada filialımızın açılması üçün lazım olan bütün dəstəyi və stimulları aldıq. Bunu hələ 4 il əvvəl etmək istəyirdik. Bazarı öyrənmək, ölkəyə uyğun brendləri müəyyənləşdirmək üçün böyük bir heyəti Azərbaycana göndərmişdik. Gözlədiyimizdən də çox şeyə nail olduq. Beləliklə, yeni-yeni ideyaları reallaşdırmaq məqsədilə Dubaydan Bakıya gəldik. Biz burada məhsullarımızı satmaqdan daha çox xidmətə diqqət yetiririk. Müştəri işçi qrupu tərəfindən ən yüksək səviyyədə qarşılanır, ona məhsul haqqında geniş şərh verilir, eyni zamanda satışdan sonra təmirə ehtiyacı olan məhsullara xidmət göstərilir. Bununla yanaşı, qiymətlərimizi rəqiblərimizdən daha ucuz etmək üzərində işlədik, yeni müştərilər cəlb etmək üçün satışa fərqli brendlər daxil etdik”.

Qədduranın sözlərinə görə, hazırda onlar Azərbaycan paytaxtında 4-5 yeni filial açmağı planlaşdırır. “Paris Galery”də qiymətlərin baha olduğu haqda yayılmış fikirlərə münasibət bildirən həmsöhbətimiz deyir ki, “qiymətlərimiz rəqabətə dözümlüdür. Bəzi mağazalar saxta məhsullar satır. Bizim müştərilərimiz isə ticarət mərkəzlərimizə, məhsullarımıza tam etibar edir. Müştərilərə tam zəmanət verilir. Biz akkreditə olunmuş agentlərlə işləyirik. Məhsulda hər hansı nöqsan tapılarsa, onu geri qaytarmaq mümkündür. Bakıda insanlar kontrafakt məhsullar almaqdan çəkinir. Onlar dükanlarımıza məhz etibar etdikləri üçün gəlir. Bu yaxınlarda bir tədbir keçirəcək və orada müştərilərimizə orijinal məhsulla saxta məhsulun fərqini, onları müəyyən etməyin yollarını izah edəcəyik. Bəzən qiymətdəki fərq əsil və saxta məhsul arasındakı fərqdən irəli gəlir”.

Qəddura Bakı Şopinq Festivalı haqda da danışıb. O, “Paris Galery”nin bu festivalda ilk dəfədir iştirak etdiyini söyləyib. Qəddura yerli sakinlərin və turistlərin böyük marağına səbəb olmuş festivalın keçirilməsini yüksək qiymətləndirir. Festival iqtisadiyyatın canlanmasına, ölkəyə gələn turistlərin sayının artmasına töhfə verir. “Müştərilərimiz festival ərzində 50%-dək endirimlərdən istifadə etmək, eləcə də ani hədiyyələr qazanmaq imkanına malikdir. Həmçinin müştərilər 100 manat həcmində etdikləri alış-veriş müqabilində makiyaj və dərinin təmizlənməsi xidmətlərindən pulsuz istifadə edə bilir. Bununla yanaşı, onlar ƏDV-ni geri alır”, - deyə Qəddura bildirib.

Novco”

Nigar və Ləman adlı xanımlar “Novco” şirkətinin və onun tabeliyindəki mağazaların (40-dan çox mağazada qiymətli geyim brendləri satır) festival ərzində şopinq həvəskarlarının böyük aktivliyinin şahidi olduğunu deyirlər. Onların sözlərinə görə, “Novco” 25 müxtəlif brendi 30%-dək endirimlə təklif edir. Bu da istər Azərbaycan daxilindən, istərsə də əksəriyyəti BƏƏ, Körfəz Əməkdaşlıq Şurası Ölkələri və digər ərəb dövlətlərindən, eləcə də Rusiya, Qazaxıstan və s. yeni müştərilərin cəlb edilməsinə imkan verir.

Şirkətin bu festivalda ilk dəfə iştirak etməsinə baxmayaraq, xanımlar Bakı Şopinq Festivalının nəticələrindən, müsbət göstəricilərindən razıdırlar. Onlar deyir ki, şirkətin satışları əvvəlki aylarla müqayisədə çox artıb: “Şirkət sürətlə inkişaf edir. Odur ki, xaricdə filialların açılması haqda düşünürük. İlk olaraq Gürcüstanda filialın açılması imkanları araşdırılır. Dubayda da filial açmaq planımız var”.

“Sinteks”

“Sinteks” dükanlarının satış üzrə meneceri Nərmin Salayeva Bakı Şopinq Festivalında çalışanların səylərini qiymətləndirərək bildirib ki, müştərilər bir ay davam edən festival zamanı nəzərəçarpacaq fəallıq göstərir. Festival şirkətə və müştərilərinə ən yaxşı məhsulların alış-verişi, 1 ay müddətində təqdim edilən böyük endirimlərdən istifadə, ƏDV-ni geri almaq fürsəti də verir.

Nərmin xanımın sözlərinə görə, “Sentex” geyimlər və dəri məhsulları satmaq üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. O, 1994-cü ildə açılıb və ildən-ilə inkişaf edib. Şirkət Qazaxıstanda filial açararaq, müştərilərin istifadəsinə verib. Gələcəkdə Dubayda da filialın açılması planlaşdırılır. Nərmin xanımn deyir ki, onlar şirkətə və məhsullarına etibar etməyə başlamış müştərilərə yüksək xidmət göstərməyə xüsusi diqqət göstərir.

İdeal” – ətirlər və kosmetik vasitələr

“İdeal” ən böyük ətir dükanlarından biri hesab edilir. Onun Bakıda, Naxçıvanda, Sumqayıtda 11 filialı var. Şirkət “Mac” adlı 3 filiala da malikdir. Şirkətin Bakıdakı əsas dükanının meneceri İlqar Dadaşov fəaliyyətə 1999-cu ildə başladıqlarını deyir. İndi, onlar 2017-ci ilin sonunadək Bakıda daha bir filial açmaq haqda düşünür. Daha bir filialın 2018-ci ilin mayında Naxçıvanda açılması planlaşdırılır. Onlar xaricdə, xüsusilə Əbu Dabi və Dubayda da filiallar açmaq niyyətindədir.

“İdeal”ın Bakı Şopinq Festivalında ardıcıl olaraq ikinci dəfə iştirak etməsi və ən yaxşı dünya brendlərini satması nəticəsində BƏƏ, Körfəz ölkələri, İraq və başqa ölkələrdən gələn turistlərin hesabına alıcılarının sayı xeyli artıb. “İdeal” mağazaları satılan mallara 70%-dək endirim təklif edir. Bundan başqa, müxtəlif kampaniyalar da var – müştəri 1 ətir flakonu alırsa, daha birini pulsuz əldə edir, ƏDV-ni isə geri alır.

“İdeal” makiyaj, dəriyə və saça qulluq üçün müxtəlif məhsullar təqdim edir. Söhbət ucuz, lakin yüksək keyfiyyətli məhsullardan gedir. Şirkət eksklüziv olaraq İtaliyada istehsal olunmuş kosmetik vasitələr də satır.

İlqar Dadaşov Bakı Şopinq Festivalını qonaqlara və turistlərə səfər, alış-veriş, həmçinin Azərbaycanın əsrarəngiz təbiətindən zövq almaq fürsəti verən gözəl tədbir sayır: “Biz bazarı idarə edirik, bununla yanaşı müştərilərimizin dostu kimi qalmağa diqqət yetiririk. Onları razı salacaq ən yaxşı məhsullarımızı təqdim edirik. Turistlərə gəlincə, onlar bizim qonaqlarımızdır. Onların gəlişi bizi sevindirir. Onlarda məhsullarımızdan tutmuş, hər şey haqda müfəssəl, hərtərəfli təsəvvür yaratmaq, gözəl ölkəmiz Azərbaycan haqqında məlumatları onlara çatdırmaq üçün əlimizdən gələni edirik. Odur ki, həmin insanların 99%-i bizdə alış-veriş etmək üçün geri qayıdır”.

“Bahar store”

“Bahar store” qrupu ilk filialını 2017-ci ilin mayında açıb. 5 ay ərzində qrupun 8 yeni filialı (7-si Bakıda, 1-i kənarda) fəaliyyətə başlayıb. Qrup Bakı Şopinq Festivalında ilk dəfə iştirak edir. Satış üzrə direktor Elmar Bayramovun sözlərinə görə, şirkət ətirlər, kosmetika, dəriyə qulluq vasitələri, ev əşyaları, sağlamlıq vasitələri kimi təbii məhsullar sahəsində öndə gedən milli şirkətlərindən biridir.

Şirkət festival ərzində müştərilərinə böyük endirimlər təklif edir. Eləcə də müştərilər aldıqları malların qiymətinə uyğun olaraq ƏDV-ni geri ala bilir. Alıcıların müxtəlif hədiyyələr qazanmaq şansı da var.

Elmar Bayramov Festivalın keçirilməsi ideyasını yüksək qiymətləndirərək bildirib ki, tədbir ölkədə bir çox ailəni alış-verişə həvəsləndirib, ərəb ölkələrindən, xüsusilə Körfəz Əməkdaşlıq Şurası dövlətlərindən çox sayda turist cəlb edib. Onun sözlərinə görə, iki gün əvvəl şirkətin filiallarına BƏƏ-dən 20 ailə baş çəkib. Ən yaxşı məhsullara təklif edilən endirimlərdən yararlanmaq üçün Hindistan, Pakistan, Gürcüstan, Fransa, Rusiya və başqa dövlətlərdən də qonaqlar gəlir.

Bayramov deyir ki, şirkətin “Music Galery” adlı başqa dükanları da var. 1993-cü ildə təsis edilmiş şəbəkə bütün növ elektronika mallarının satışı ilə məşğuldur: “Biz ən yaxşı keyfiyyət və ən yüksək xidmət, ən ucuz qiymətlər təqdim etməyə xüsusi diqqət ayırırıq. Odur ki, şirkətimiz hər yandan gələn müştərilərin etimadını qazanıb”.

Bütün göstəricilərilə uğurlu festival

Bakı Şopinq Festivalı böyük uğur qazanıb. O, iqtisadiyyatı və turizmi canlandırıb, turistləri bu gözəl şəhərə səfərə həvəsləndirib. Çünki Festival çərçivəsində müştərilərə fantastik endirimlər də təqdim olunur.

Bununla yanaşı, iki istək səslənir – biri satıcılar, digəri alıcılar tərəfindən. Birincisi, festivalın vaxtı ilə bağlıdır. Bəzi satıcılar ümid edir ki, gələcək festivallar turizm mövsümlərinə təsadüf edəcək.

İkinci istək isə ƏDV-nin alış edilən gün qaytarılması ilə bağlıdır. Alıcılar ƏDV-nin qaytarılması üçün vaxtın uzadılacağına ümid edir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Fəcr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az