21.11.2017 17:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
İran Azərbaycana yaxınlaşır

 
 



AL-MONITOR, ABŞ
13.11.2017


Müəllif: Meysam Bizaer

Sovet İttifaqının dağılması Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstan daxil olmaqla, bir neçə dövlətin yaranması ilə nəticələnib. Bu dövlətlərin müstəqillik əldə etməsilə İran da Qafqaza strateji region kimi baxmağa başlayəb. Tehran bu dövlətlərlə dostluq əlaqələri qurmağa çalışır. Hazırda İran Ermənistanla çox yaxşı münasibətlərə, Gürcüstanla isə balanslaşdırılmış əlaqələrə malikdir.

Azərbaycana gəlincə, ilk növbədə Bakı ilə İsrail arasındakı əlaqələrə görə yaranmış siyasi gərginliyə baxmayaraq, onların arasında da ikitərəfli münasibətlər həmişə qorunub saxlanıb. Amma son illərdə Tehranla Bakı münasibətləri daha da genişləndirməyə başlayıb. İran digər iki Qafqaz ölkəsindən fərqli olaraq, Azərbaycanla əlaqələri daha çox inkişaf etdirib.

“Azərbaycan müstəqillik əldə etdiyindən bəri, İran İslam Respublikası onu həm siyasi, həm də iqtisadi sahədə dəstəkləyib. Lakin onların münasibətlərinə bəzi manelər də olub və bu, əlaqələrin daha da genişlənməsinə əngəl yaradıb. Bununla yanaşı, son illərdə baş vermiş bəzi regional hadisələr Bakını İran-Rusiya oxuna diqqət yetirməyə sövq edib və bu, İran tərəfindən xoş qarşılanıb. Nəticədə, Tehranla Bakı arasında ikitərəfli münasibətlər daha da inkişaf edib”, - deyə Qafqaz Tədqiqatlar İnstitutunun böyük elmi işçisi Cəfər Xaşe “Al-Monitor” nəşrinə bildirib.

2013-cü ildə Həsən Ruhaninin İran prezidenti seçilməsindən sonra Tehranla Bakı arasında ikitərəfli əlaqələr nəzərəçarpacaq dərəcədə inkişaf edib. Ruhani administrasiyası başqa ölkələrlə, xüsusilə, qonşu dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirmək siyasəti yürüdür.

“Al-Monitor” iki ölkə arasında əlaqələrin son illərdə necə inkişaf etdiyini daha yaxşı başa düşmək üçün 2012-ci ilin sonundan 2016-cı ilin avqustuna qədər İranın Azərbaycandakı səfiri olmuş Möhsün Pakayin ilə söhbətləşib.

“Azərbaycanla İran arasında indiyə qədər 103 razılaşma imzalanıb. Buraya neft, qaz, neft-kimya sənayesi və ikitərəfli ticarətdə müxtəlif sahələri əhatə edən, iqtisadi məsələlərə dair 30 razılaşma daxildir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollardır. Gələn il bunun artacağı gözlənilir”, - deyə M.Pakayin bildirib.

İki ölkə arasında nəqliyyat sahəsində də bir neçə böyük layihə həyata keçirilir. Bundan başqa, Azərbaycanda ildə 10 min avtomobilin istehsal ediləcəyi birgə avtomobil zavodunun tikintisinə başlanılıb. İki ölkə İran Astarası ilə Azərbaycan Astarasını birləşdirəcək böyük əhəmiyyətə malik dəmir yolunun yaxın aylarda fəaliyyətə başlayacağını gözləyir. Bununla yanaşı, İranın Rəşt şəhəri ilə Azərbaycanın Astara şəhəri arasında daha bir dəmir yolunun tikintisinə başlanılıb. Rəsmi Bakı bu layihəyə 100 milyon dollar dəyərində investisiya qoymağa hazır olduğunu bəyan edib.

Hər iki dövlət “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsi olan bu dəmir yolu layihələrinin həyata keçirilməsi üçün böyük səy göstərir. İran mətbuatının verdiyi məlumata görə, bu ölkənin iqtisadiyyat naziri Məsud Kərbasian bu ilin oktyabrında Bakıya etdiyi səfəri zamanı dəmir yolu sisteminin İranın qərbində, şərqində və cənubunda yerləşən 14 qonşu dövlətlə Azərbaycanı birləşdirəcəyini söyləyib: “Bu dəmir yolu sistemi Azərbaycanı Fars körfəzi vasitəsilə cənub-şərqi Asiya ilə birləşdirəcək”.

Azərbaycanla İran əməkdaşlığın inkişafına dair yeni danışıqlara da başlayıb. Buraya Azərbaycanda avtobus zavodunun tikintisi və tibbi mərkəzlərin yaradılması daxildir. Bundan başqa, İran şimal qonşusuna kənd təsərrüfatı sahəsinin müasirləşdirilməsi üçün yardım etməyə hazır olduğunu açıqlayıb. İki ölkə arasında maliyyə və kənd təsərrüfatı sahəsilə bağlı razılaşmaların həyata keçirilməsini asanlaşdırmaq, o cümlədən qarşılıqlı ticarətdə milli valyutalardan istifadə edilməsi üçün Azərbaycanda müstəqil bankın açılması da gündəmdədir.

Rəsmi hesabata əsasən, 2016-cı ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70% artıb. Bundan başqa, bu ilin 9 ayındakı ticarət dövriyyəsi ötən ilin göstəricilərindən 30% çox olub. Azərbaycan prezidenti İlham Əliyev 27 oktyabrda, yəni Tehrana səfərindən bir neçə gün əvvəl bu xəbərin sevindirici olduğunu bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirildiyini göstərir.

Bakı ilə Tehran arasında əlaqələr ticarətlə məhdudlaşmır. Bu ilin oktyabrında ilk dəfə Bakıda iki ölkə arasında hərbi əlaqələrin inkişaf etdirilməsi məqsədilə də görüş keçirilib. Hər iki ölkənin rəsmi şəxsləri dəfələrlə vurğulayıb ki, Azərbaycanla İran arasında əlaqələrin genişləndirilməsi üçün siyasi iradə mövcuddur.

“İki ölkə arasında iqtisadi, həmçinin siyasi əlaqələr gündən-günə inkişaf edir. İran yaxın gələcəkdə Azərbaycanın ticarət sahəsində ən böyük tərəfdaşına çevrilə bilər”, - deyə M.Pakayin “Al-Monitor” nəşrinə bildirib.

Həsən Ruhaninin prezident seçilməsindən sonra bu məqsədlə iki ölkə arasında birgə komissiyaların fəaliyyəti bərpa edilib. Bunadək bu komissiyaların fəaliyyəti 5 il ərzində dayandırılmışdı. İqtisadi layihələrin həyata keçirilməsini tezləşdirmək məqsədilə hər il bu komissiyaların iclası keçirilir. Bundan başqa, prezidentlər səviyyəsində 10 rəsmi görüş daxil olmaqla, onlarla yüksək səviyyəli görüşlər təşkil edilib.

Xatırladaq ki, H.Ruhani ilə İ.Əliyev arasında son görüş noyabrın 1-də Rusiyanın dövlət başçısı Vladimir Putinin də iştirak etdiyi üçtərəfli Zirvə görüşü çərçivəsində baş tutub. Həmin gün İran prezidenti birgə mətbuat konfrasında ölkəsinin əlaqələrin inkişafında qərarlı olduğunu bəyan edib.

“Dünya ilə, xüsusilə, qonşu ölkələrlə qarşılıqlı əlaqələrin qurulması Tehranın həyata keçirdiyi siyasətin mühüm hissəsidir. Biz Bakı və Moskva ilə əlaqələrin gücləndirilməsinə istiqamətlənmiş bütün səyləri dəstəkləyirik”, - deyə H.Ruhani vurğulayıb.

İranın Azərbaycandakı keçmiş səfiri M.Pakayin hesab edir ki, Tehranla Bakı arasında əlaqələr onların hazırda birgə fəaliyyət göstərdiyi sahələrdən başqa, bir çox müxtəlif sahələrdə də inkişaf edə bilər: “Misal üçün, İranla Azərbaycan Xəzər dənizində həyata keçiriləcək birgə layihələrə investisiya qoya bilər. Bununla yanaşı, Bakı ilə Tehran dambaların, elektrik stansiyalarının tikintisində, o cümlədən texniki xidmətlərin və mühəndislik xidmətlərinin mübadiləsində əməkdaşlıq edə bilər”.

Bakı ilə Tehran arasında əlaqələrin böyük hissəsinin iqtisadi münasibətlərə bağlı olmasına baxmayaraq, Qafqaz Tədqiqatlar İnstitutunun böyük elmi işçisi C.Xaşe hesab edir ki, iki ölkə arasında iqtisadi əlaqələrin güclənməsi Xəzər dənizinin hüquqi statusu daxil olmaqla, siyasi məsələlərin həlli üçün əsas ola bilər: “Əslində, Bakı ilə Tehran arasında ikitərəfli münasibətlər bu iki ölkənin rəsmi şəxslərinin siyasi iradəsi əsasında formalaşıb”.

Onun sözlərinə görə, iki ölkə arasında son illərdə ticarət və iqtisadiyyat sahəsində əlaqələrin inkişafı regional və çoxtərəfli əməkdaşlığa müsbət təsir göstərir: “Şübhəsiz, Tehranla Bakı arasında ikitərəfli və regional əlaqələrin davam etdirilməsi onlar arasında inamın möhkəmlənməsi və mövqelərin güclənməsilə nəticələnəcək”.

Son illərdə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə baxmayaraq, İranın Azərbaycanın 9,2 milyard dollarlıq idxal bazarındakı payı hələ də cüzi görünür. Belə ki, ötən il İran Azərbaycana 359 milyon dollar dəyərində məhsul ixrac edib. Bu, Azərbaycanın idxal etdiyi məhsulların təxminən 4%-ni təşkil edir. Çox güman ki bu göstərici dəyişəcək. İki ölkə arasında əlaqələrin yaxın illərdə daha da inkişaf edəcəyi gözlənilir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AL-MONITOR


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az