
IRNA, İran
15.11.2017
Müəllif: Əlirza Cabbari
İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İranda baş vermş son zəlzələdən zərər çəkmiş şəxslərə yardım göstərməyə hazır olduğunu bildirib.
Cavad Cahangirzadə IRNA-ya verdiyi açıqlamasında deyib: “Son iki gün ərzində Azərbaycan rəsmiləri İran hökuməti və xalqına başsağlığı verərək, zəlzələnin baş verdiyi bölgələrə xilasetmə dəstələri göndərməyə, xəsarət alanlara humanitar yardım göndərməyə hazır olduqlarını bildiriblər”.
“Azərbaycanda ölkənin Fövqəladə Hallar Nazirliyi adlı ən mühüm və təchizatlı nazirliklərindən sayılan ayrıca bir qurum fəaliyyət göstərir”, - deyə səfir qeyd edib: “Azərbaycan dövləti həmçinin İranın Bakıdakı səfirliyilə əlaqə saxlayaraq, İranın zəlzələ baş vermiş bölgələrinə humanitar yardımlar göndərməyi təklif edib. Biz onlara minnətdarlığımızı bildirərək, aidiyyəti qurumlara məlumat verəcəyimizi dedik”.
Azərbaycan prezidenti İlham Əliyev də dünən İranın dövlət başçısı Həsən Ruhaniyə ünvanladığı məktubda baş vermiş güclü zəlzələ nəticəsində çox sayda insan tələfatı ilə bağlı İran dövlətinə və xalqına başsağlığı verib.
IRNA İran Seysmoloji Mərkəzə istinadən xəbər verir ki, bazar günü axşam saat (İran vaxtı ilə) 21:48 radələrində ölkənin qərb vilayətlərində 7,3 bal gücündə zəlzələ olub. Zəlzələ Azərbaycanın cənub bölgələrində, həmçinin Lənkəran və Astara şəhərlərində də hiss olunub.
Zəlzələnin episentri Kermanşah vilayətindədir. O, yerin 11 kilometr dərinliyində baş verib.
Zəlzələ Əzgele rayonundan 5, Tazeabad rayonundan 25, Bayənqan bölgəsindən 37, Sənəndəc şəhərindən 112, Kermanşah şəhərindən 122 kilometr aralıda baş verib. Təbii fəlakət nəticəsində həlak olanların sayı 430-a, yaralıların sayı isə 7460 nəfərə çatıb.
(Fars dilindən tərcümə - WorldMedia.Az)
|