13.12.2017 16:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
“Qarabağ”: “Atlılar” kimi tanınan Azərbaycan klubu “Çelsi” ilə qarşılaşacaq

 
 



Mail Online, Böyük Britaniya
22.11.2017


Müəllif: Adam Şerqold

“Çelsi” klubu Azərbaycan paytaxtı Bakıdadır. O, çərşənbə günü axşam saatlarında “Qarabağ” klubu ilə keçirəcəyi oyuna hazırlaşır. “Çelsi” Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanacaq 16 klub arasında yer almaq niyyətindədir.

Antonio Kontenin yetirmələri sentyabrda “Qarabağ”la “Stemford Bric” stationunda keçirilmiş birinci qarşılaşmada rəqibini 6:0 hesabı ilə darmadağın edib. Daha sonra “Qarabağ” ardıcıl iki oyunda “Atletiko Madrid” ilə heç-heçə edib və bu, onlarda inam yaradıb. Odur ki, həmin heç-heçələr onları gözlənilməz nəticəyə həvəsləndirir.

Beləliklə, “Çelsi”nin növbəti rəqibi haqda bilməli olduğunuz məqamlar:

“Qarabağ” klubunun mənşəyi

“Atlılar” ləqəbli bu klub ev oyunlarını Azərbaycanın paytaxtı Bakıda keçirir. Lakin bu, həmişə belə olmayıb. Klubun əsası 1951-ci ildə qoyulub. Onun ilk adı “Məhsul” olub. “Qarabağ” klubu paytaxt Bakıdan 150 mil qərbdə yerləşən Ağdam şəhərini təmsil edir. Lakin komanda 24 il əvvəl Dağlıq Qarabağ münaqişəsi zamanı erməni hərbi birləşmələrinin Ağdam şəhərini dağıtması nəticəsində oranı tərk etməyə məcbur olub.

Bu münaqişə Ermənistanla qonşu Azərbaycan arasında Dağlıq Qarabağ regionuna görə baş verib. Tərəflər arasında 1988-1994-cü illərdə baş vermiş müharibədə 25-30 min insan həyatını itirib.

Dağlıq Qarabağ Azərbaycan ərazisi olsa da, orada əsasən erməni əhali yaşayıb. Ağdam şəhəri savaşa 1988-ci ildə cəlb olunub. Həmin ildən etibarən şəhərə bombalar atılmağa başlayıb. 5 il sonra “Qarabağ” klubu doğma “İmarət” stadionunu tərk etmək məcburiyyətində qalaraq, Bakıya köçüb. Komandanın “İmarət” stadionu erməni artilleriyası tərəfindən 2 dəfə borbardmana məruz qalaraq, dağılıb. Xoşbəxtlikdən hər iki zərbə zamanı stadionda heç kəs olmayıb.

1992-ci ildə klubun məşq keçdiyi stadion da bombalanıb. Bu zaman da futbolçular stadionu qəlpələrdən təmizləyərək, məşqlərə davam edib.

Elə həmin il “Qarabağ”ın “İnşaatçı” klubu ilə keçirdiyi oyun zamanı erməni hərbi birləşmələri “İmarət” stadionunun ətrafında yerləşən binaları atəşə tutub. Bu zaman rəqib futbolçular dərhal aşağı əyilsə də, müharibəyə öyrəşmiş “Qarabağ” futbolçuları oyuna davam edib.

1993-cü il iyulun 23-də Ağdam şəhəri işğalçıların əlinə keçib. 10 gün sonra isə “Qarabağ” klubu ilk dəfə Azərbaycan çempionu olub. Lakin o, tezliklə Ağdamı tərk etmək məcburiyyətində qalıb.

Hazırda tərəflər arasında mürəkkəb atəşkəs rejimi mövcuddur. “Ruhlar şəhəri” adlandırılan Ağdam isə “Qafqazın Hirosiması” kimi də tanınır.

Münaqişə komandaya necə təsir göstərib?

Dağlıq Qarabağ münaqişəsi “Qarabağ” klubuna çox böyük təsir göstərib. Erməni hərbi birləşmələri Ağdama doğru irəliləyən zaman klubun bir çox futbolçusu ailəsilə birgə şəhəri tərk etməyə məcbur olub.

“Qarabağ” klubunun ən böyük rəmzi baş məşqçi Allahverdi Bağırovdur. O, münaqişənin alovlandığı 1988-ci ildə Azərbaycan ordusunda xidmət etməyə yollanıb. Bağırov 1992-ci ilin fevralında baş vermiş Xocalı qətliamı zamanı yüzlərlə həmvətəninin həyatını xilas edib, onlara yardım göstərib. Lakin bir neçə ay sonra minaya düşərək həyatını itirib. Ölümündən sonra ona Milli Qəhrəman adı verilib. Şübhəsiz ki, A.Bağırov “Qarabağ” klubunun azarkeşləri tərəfindən həmişə qəhrəman kimi qəbul olunacaq.

“Qarabağ” klubunun sonrakı taleyi

Fanatlarından və doğma şəhərindən uzaqlaşmağa məcbur olan klub Bakıda məskunlaşıb. “Qarabağ” Azərbaycan Çempionatında yaxşı nəticələr göstərməsinə və Avropa Liqasında oynamasına rəğmğn, uzun müddət maliyyə çətinliyi də yaşayıb. Klub az qala iki dəfə müflis belə, olacaqdı. Hər şey 2001-ci ildən dəyişməyə başlayıb. Həmin vaxt dövlət tərəfindən dəstəklənən “Azərsun” şirkəti kluba maliyyə ayırmağa başlayıb.

Ardıcıl iki il komanda “Qarabağ-Azərsun” da adlanıb. Daha sonra klubun adı bərpa edilib.

Beləliklə, maliyyə vəziyyəti yaxşılaşan “Qarabağ” daha da güclənməyə başlayıb. O, 2014-2017-ci illər ərzində 4 dəfə ölkə çempionu olub, bir neçə başqa kubok da qazanıb.

“Qarabağ”ın uğurları Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş insanlara böyük sevinc bəxş edir.

Klubun Avropa turnirlərində çıxışı

“Qarabağ” klubu ardıcıl 4 dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edib. Bu il onlar təsnifat mərhələsində Gürcüstanın “Samtredia”, Moldovanın “Şerif”, pley-off mərhələsində isə Danimarkanın “Kopenhagen” klubunu məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıblar.

Lakin komanda növbəti mərhələdə “Çelsi”, “Roma” və “Atletiko Madrid”in yer aldığı çətin qrupa düşüb. “Qarabağ” “Çelsi” ilə “Stemford Bric”də oynadığı ilk matçda 6:0 hesabı ilə darmadağın edilib. Həmin oyun “Çelsi” üçün kifayət qədər asan keçib. “Çelsi” Pedro, Zappakosta, Azpilikueta, Bokayako, Batşuayın qolları və Medvedevin öz qapısına vurduğu qolla qələbə qazanıb.

“Qarabağ” ilk ev oyununda “Roma”ya 2:1 hesabı ilə məğlub olub. “Atletiko Madrid”lə ev oyununda isə onlar qolsuz heç-heçə nəticəsində ilk xalını qazana biliblər. Madriddə keçirilmiş qarşılaşmada “Qarabağ” Miçelin birinci hissəsin sonunda vurduğu qolla önə də keçib. Lakin “Atketiko Madrid” bərabərlik qolunu vura bilib. Həmin qarşılaşmada “Qarabağ” son yarım saatı 10 nəfərlə mübarizə aparsa da, bərabərliyi qorumağı bacarıb.

Beləliklə, qrup mərhələsində iki oyunun qaldığını nəzərə alsaq, “Qarabağ”ın Avropa Liqasına çıxmaq üçün real şansı var.

Yeri gəlmişkən, onlar Avropa Liqasında 3 dəfə çıxış ediblər. Komanda bu turnirdə 2015-2016-cı illər mövsümündə “Tottenhem” klubuna qarşı keçirdiyi hər iki oyunda məğlub olub.

“Qarabağ” harada oynayır?

Klubun Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”ə qarşı keçirdiyi ilk ev oyunu Tofiq Bəhramov adına stadionunda baş tutub və “Qarabağ”ın 1:0 hesablı qalibiyyətilə başa çatıb. Həmin matçı 31 min tərəfdar izləyib. Bu stadion 1966-cı ildə keçirilmiş Dünya Çempionatında yan xətt hakimi olmuş Tofiq Bəhramovun şərəfinə adlandırılıb. O, 1966-cı il mundialının finalında İngiltərənin 3-cü qolunu saymaqla məşhurlaşıb.

Hazırda “Qarabağ” Azərbaycan Çempionatında ev oyunlarını 5200 tutumlu “Azərsun-Arena”da keçirir. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsindəki ev oyunlarını isə onlar 69,870 tutumlu Bakı Olimpiya Stadionunda keçirir. Xatırladaq ki, bu stadion 2020-ci ildə keçiriləcək Avropa Çempionatında 4 oyuna ev sahibliyi edəcək.

“Qarabağ”ın evində keçirdiyi hər 3 qarşılaşmada bütün biletlər satılıb. Bu, xalqın Çempionlar Liqasında çıxış edən “Qarabağ”a necə ümid bəslədiyini göstərir. “Çelsi” ilə oyun üçün biletin orta qiyməti 4,5 funt sterliqdir. Düzdür, Bakı “çelsili” azarkeşlərin səyahət edə biləcəyi ən ucuz şəhərlərdən biri deyil. Lakin biletin qiyməti həddən artıq ucuzdur!  

Yerli çempionatdakı vəziyyət

“Qarabağ” fikrini əsasən Avropa turnirlərinə yönəltsə də, yerli çempionatda da öndə olmağı bacarır. Klub son 4 mövsümdə Azərbaycan Çempionatının qalibi olub.

Hazırda yerli çempionatda 11 turdan sonra “Qarabağ” “Zirə” klubundan 1 xal qabaqdadır. Üstəlik onlar 1 oyun az keçiriblər. “Qarabağ” bu il yerli çempionatda yalnız 1 oyunda məğlub olub. Qeyd edək ki, Azərbaycan Çempionatının yalnız qalibi Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Odur ki, “Qarabağ”ın yerli çempionatda yenə də böyük həvəslə mübarizə aparacağı gözlənilir.

Baş məşqçiləri kimdir?

45 yaşlı Qurban Qurbanov ölkənin ən uğurlu baş məşqçisidir. O, son 8 ildə klubun daha da güclənməsinə səbəb olub. Komanda məhz Qurbanovun rəhbərliyi altında bir sıra uğurlar qazanıb.

Qurban Qurbanov Azərbaycan millisində hücumçu kimi çıxış edib və 63 oyunda 12 qol vurub.

“Qarabağ”ın ən təhlükəli oyunçuları

Cənubi afrikalı hücumcu Dino Ndlovu “Qarabağ”ın əsas oyunçularından biridir. O, ötən mövsüm bütün turnirlərdə ümumilikdə 15 qol vurub.

Komandanın ispaniyalı mərkəz yarımmüdafiəçisi Mişel isə 2010-2011 mövsümündə “Birmingem Siti” klubunda çıxış edib. O da “Qarabağ”ın yerli çempionatda əldə etdiyi uğurlarda vacib rol oynayır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mail Online


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az