13.12.2017 16:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Azərbaycanın Fransadakı yeni səfiri Rəhman Mustafayev ilə eksklüziv söhbət

 
 



Opinion Internationale, Fransa
24.11.2017


Müəllif: Mişel Tob

İkitərəfli əlaqələr, Avropa ilə tərəfdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, Eliz Lüse məsələsi, islam terrorizmilə mübarizə, Paris həyatı... Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayev “Opinion Internationale”a müsahibə verib.

- Cənab səfir, oktyabrın 13-də etimadnamənizi Fransa prezidenti Emmanuel Makrona təqdim etdiniz. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan bu ilin sentyabrında, Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan isə 15 gün əvvəl Bakıda səfərdə olublar. Fransa ilə Azərbaycan arasındakı münasibətlər hansı səviyyədədir?

- Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu səfərlərin ikitərəfli əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyəti var idi. Çünki bu, son seçkilərdən sonra Fransanın yeni administrasiyasının, yeni parlamentinin nümayəndələrilə ilk təmaslardır. Ölkələrimiz ikitərəfli əlaqələrin inkişafına böyük maraq göstərir. Xəzər dənizinin dərinliklərindən kosmosadək uzanan əməkdaşlığımızda yeni sahələrin yaranması Bakı danışıqlarının əsas nəticəsidir.

Siyasi sahədə əməkdaşlığa gəldikdə, biz yaxşı anlayırıq ki, beynəlxalq və regional gündəlikdə duran ən təcili məsələlər üzrə dialoqu, əməkdaşlığı davam etdirmək vacibdir. Azərbaycanın xarici siyasətinin müstəqil və çoxtərəfli olması, xüsusilə onun aparıcı dünya dövlətlərilə balanslaşdırılmış əlaqələri, regiondakı sabitləşdirici rolu Parisdə yüksək qiymətləndirilir.

İqtisadi sahədə ölkələrimizi geniş tərəfdaşlıq əlaqələri və layihələr birləşdirir. Bir şeyi qeyd edim ki, Azərbaycan regionda Fransanın ən böyük ticarət tərəfdaşıdır. 2015-2017-ci illərdə 800-dən çox fransız şirkətinin məhsulları Azərbaycana ixrac edilib. “Total”, “Alstom”, “Suez”, “Cifal”, “Thales” və digər aparıcı şirkətlərlə yeni layihələrin həyata keçirilməsi müzakirə olunur.

Biz fransız şirkətləri üçün yeni imkanlar, xüsusilə Şimalla Cənub, Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın logistik imkanlarından maksimum yararlanmağı təklif etməyə hazırıq. Yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ölkələri, o cümlədən Fransa üçün Mərkəzi Asiya regionu və Çinlə ticarət əlaqələrinin inkişafına böyük perspektivlər açır. Fransız şirkətləri, həmçinin Bakıdakı Azad Ticarət Zonasının bəzi üstünlüklərindən faydalana, öz məhsullarını istehsal etmək, Azərbaycana və qonşu ölkələrə paylamaq üçün orada yerləşə bilər.

Bu baxımdan, mən fransalı iş adamlarının diqqətini bir məqama çəkmək istərdim: Azərbaycanda qeyri-neft sektoru inkişafdadır və bu sahə artıq ÜDM-in 62%-ni təşkil edir. Biz iqtisadiyyatın Fransa şirkətlərinin təcrübəli olduğu sahələrini inkişaf etdiririk. Beləliklə, bu, Fransa ilə ticarət, iqtisadiyyat və sərmayə qoyuluşu sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün çox yaxşı bazadır. Maliyyə sektoru da çox perspektivlidir. Azərbaycan Fransanın maliyyə bazarına 2,4 milyard dollardan çox investisiya yatırıb və əgər yaradılan şərait əlverişli olarsa, bu rəqəmi artıra bilər.

Azərbaycanın yeni iqtisadiyyat qurmaq səyləri Dünya Bankının 190 ölkədə biznes imkanlarını, həmçinin mülkiyyət hüquqlarının müdafiəsini qiymətləndirən “Doing Business 2018: İş yerləri yaratmaq üçün islahatlar aparaq” adlı son hesabatında yüksək dəyərləndirilib. Azərbaycan reytinq cədvəlində mövqeyini möhkəmləndirir və bir sıra göstəricilərə görə o, Fransa da daxil olmaqla bir neçə inkişaf etmiş ölkəni belə, geridə qoyub. Kiçik investorların hüquqlarının qorunması və şirkətlərin yaradılması üzrə göstəricilərdə Azərbaycan müvafiq olaraq 10-cu və 18-ci yerlərdə qərarlaşıb. Azərbaycan əmlakın qeydiyyatının sadəliyinə görə 21-ci, vergilərin ödənilməsinə görə 35-ci, müqavilələrin icrasına görə isə 38-ci yerdədir.

Təhsil sahəsinə gəlincə, Fransa ilə Azərbaycanın Təhsil nazirlikləri (xüsusilə Strasburq Universiteti) arasında səmərəli əməkdaşlığın bəhrəsi olan Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılışını vurğulamaq istərdim. 3 il ərzində universitetin 4 fakültəsində 600 tələbə təhsil alacaq və onlar Fransanın əsas elmi mərkəzlərindən biri olan Strasburq Universitetinin diplomunu əldə edəcəklər. Əminəm ki, UFAZ Fransa təhsil sisteminin standartlarını nəinki Azərbaycanda, həmçinin bütün regionda yayacaq müasir və nüfuzlu təhsil mərkəzinə çevriləcək. Bu, yeni nəsil universitetdir. Onun tədris proqramı təhsili, elmi və iqtisadiyyatı birləşdirən çoxistiqamətli təlim üçün nəzərdə tutulub. Bu isə Azərbaycandakı fransız şirkətləri üçün əlavə imkanlar yaradır.

- Bu ilin fevralında Avropa İttifaqı ilə Azərbaycan arasında yeni Saziş üzrə danışıqlar başlayıb. Sizin üçün əsas məsələlər hansılardır və Fransa tərəfindən hansı dəstəyi gözləyirsiniz?

- Bizim Avropayönümlülüyümüz təbii və ənənəvidir. Xatırladım ki, Avropayönümlülük və Avropa dəyərləri 1918-ci ilin mayında müstəqilliyini elan etmiş, Şərqdə ilk parlamentli respublika olmuş və gələn il 100 illik yubileyini qeyd edəcəyimiz birinci Azərbaycan Respublikasının daxili və xarici siyasətinin təməlini təşkil edib.

Odur ki, imzalanmaq üzrə olan yeni Avropa İttifaqı-Azərbaycan Sazişi çətin geosiyasi şəraitlə üzləşən ölkəmizin xarici siyasətinin balanslaşdırılmış strategiyasının mühüm elementidir. Eyni zamanda, bu, bizim üçün siyasi, sosial və iqtisadi sahələrdə islahatları gücləndirməklə Azərbaycan vətəndaşlarının həyat keyfiyyətini və səviyyəsini yaxşılaşdırmaq, Avropa standartları səviyyəsinə qaldırmaq üçün bir bazadır.

Həmçinin qeyd etmək lazımdır ki, Bakının Avropa yönümlü olması həm ölkəmiz üçün, həm də Aİ-nin özü üçün əhəmiyyətlidir. Azərbaycan dünyəvi müsəlman ölkəsidir, Avropa ilə Asiya, Avropa ilə islam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür. Ölkəmiz dini fanatizmin və ekstremizmin təsirinə məruz qalan bütöv bir regionda sabitlik və təhlükəsizlik amilidir. Əvvəl də dediyimiz kimi, ölkəmiz həmçinin inkişaf amilidir. Bu gün Bakı qitələri birləşdirən konkret layihələrlə bağlı təşəbbüslər irəli sürür və onları reallaşdırır. Bu layihələrin icrası nəticəsində Asiya, Qafqaz və Avropa ölkələrində minlərlə iş yeri açılır.

Beləliklə, biz Azərbaycanın bu strateji rolunun Aİ ölkələrində, ilk növbədə, Aİ-də əsas siyasi və iqtisadi tərəfdaşımız olan Fransada başa düşülməsini alqışlayırıq. Bu anlaşmanı bizim Avropaya inteqrasiyamızın təşviqi üçün fəal dəstək hesab edirik.

- Prezident İlham Əliyev sizə Parislə bağlı hər hansı xüsusi tapşırıq veribmi?

- Səfirlərin hər zaman bir missiyası olur – ikitərəfli əlaqələri inkişaf etdirmək, ölkələri və xalqları yaxınlaşdırmaq. Bizim ölkələrimiz həm ölçü, həm də dünya siyasətində və iqtisadiyyatındakı rolları baxımından bir-birindən kəskin fərqlənir. Bununla belə, ölkələrimizin ümumi cəhətləri də var. Azərbaycan və fransız kimliyi müxtəlifliyə, mədəniyyətlərarası dialoqa və tolerantlığa, ənənə ilə müasirliyin sintezinə əsaslanır. Bizim cəmiyyətlər çoxmədəniyyətlidirlər, onlar qarşılıqlı fəaliyyətə və əməkdaşlığa, fikir və bilik mübadiləsinə açıqdır. Bu reallıq iqtisadiyyat, elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini asanlaşdırır.

Eyni zamanda, Azərbaycanın Parisdəki səfiri olmaq olduqca əhəmiyyətli missiyadır. Çünki, son illərdə əlaqələrimizin səviyyəsi çox yüksəkdir. Ölkələrimiz bizim müvafiq prioritetlərimizin siyahısında mühüm yer tutur. Odur ki, bu məsələni həll etmək, ona görə məsuliyyət daşımaq məhz biz diplomatların üzərinə düşür.

- ATƏT-in Mins qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı hansı işləri görür?

- ATƏT-in Minsk qrupunun səyləri nikbinliyə əsas vermir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə, eyni zamanda digər aparıcı beynəlxalq təşkilatların qətnamələrinə, nəhayət, ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışlarına baxmayaraq, Azərbaycan torpaqları erməni silahlı qüvvələrinin işğalı altında qalmaqdadır. Beynəlxalq hüququn normalarının pozulması regional təhlükəsizlik və sabitlik üçün təhdid yaradır. Mənə elə gəlir ki, Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsində beynəlxalq hüququn normalarına hörmət edilməsi üçün lazımi qətiyyəti nümayiş etdirmir. Həmsədrlər 1993-cü il martın 23-də əldə etdikləri mandata uyğun olaraq, fəaliyyətlərində ATƏT-in norma və prinsiplərini, BMT Nizamnaməsini və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri rəhbər tutmalıdır. Bu prinsipləri xatırlatmaq yerinə düşər:

- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət;

- Erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması;

- Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş əhalinin doğma yurdlarına qaytarılması;

- Dağlıq Qarabağ regionunun statusunun azərbaycanlı və erməni icmalarının təhlükəsik və inkişafla bağlı bərabər hüquqlarının təmini ilə Azərbaycan Respublikasının sərhədləri çərçivəsində təyin olunması.

Biz Minsk qrupundan yalnız bu prinsipləri tətbiqini gözləyirik. Bu, bizim mövqeyimizin əsasının təşkil edir. Azərbaycanın ərazi bütövlüyü hər hansı kompromis mövzusu olmayıb və olmayacaq.

- Məgər xalqlar öz müqəddəratını təyinetmə hüququna malik deyil?

- Beynəlxalq hüquq bu prinsipdən suveren dövlətlərin birliyinin, ərazi bütövlüyünün pozulması üçün istifadəsinə icazə vermir. Bundan başqa, bu prinsipin tətbiqi etnik deportasiya və təmizləmə ilə ziddiyyət təşkil edir.

Xatırlatmaq istərdim ki, Ermənistan tərəfi bu prinsipdən yalnız 1987-1988-ci illərdən sonra – Ermənistanda öz dədə-baba ocaqlarında yaşayan 250 min azərbaycanlının bu ölkədən qovulmasından sonra danışmağa başlayıb. Bundan sonra, 1992-1993-cü illərdə erməni silahlı qüvvələri 45 min azərbaycanlını (Azərbaycanın bu bölgəsinin əhalisinin 24%-i) Dağlıq Qarabağdan, 700 mindən çox azərbaycanlını isə Dağlıq Qarabağ ətrafındakı 7 rayondan qovaraq çıxarıb.

Ona görə hesab edirəm ki, xalqların öz müqəddəratını təyin etməsi hüququ Ermənistana az maraqlandırır. O, bu prinsi sadəcə, öz təcavüzünə, Azərbaycan torpaqlarının işğalına bəraət qazandırmaq üçün alətə çevirir. Bəlkə də siz bilmirsiniz, amma bu gün İranda 20 milyondan, Gürcüstanda 200 mindən, Rusiyada 1 milyondan və Türkiyədə 2 milyondan çox azərbaycanlı yaşayır. Bu o deməkdir ki, biz “Böyük Azərbaycan” yaradılmasını tələb edək və həmin azərbaycanlılar “xalqların öz müqəddəratını təyinetmə hüququ” önə çəkərək yaşadıqları ölkələrin sərhədlərini yenidən formalaşdırmağı tələb etsin? Hesab edirəm ki, xeyr.

- Son günlər jurnalist Eliz Luseyə qarşı qaldırılmış iddia ilə əlaqədar Fransada Azərbaycanın adı tez-tez çəkilir. Mətbuatı niyə belə günahlandırırsınız?

- Biz bütün tənqidlərə – əgər konstruktiv və qanunidirsə – açığıq. Lakin söhbət qəsdən, qərəzli qarayaxma kampaniyalarından gedirsə, biz buna qarşıyıq. Azərbaycana və onun rəhbərlərinə qarşı birbaşa və əsassız hücumların, ölkəmizlə bağlı məlumatsızlığın və faktiki reallığı öyrənmək istəməmənin, bizim fransız cəmiyyətindəki dostlarımıza qarşı media hücumlarının mətbuat azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bu, Fransada Azərbaycanın mövqelərini pozmaq üçün aparılan təcavüzkar dezinformasiya kampaniyasıdır. Təəssüf ki, adətən obyektivliyilə tanınan bəzi fransız media orqanları da bu prosesdə iştirak edir.

Sizin sualınıza cavab olaraq bildirmək istəyirəm ki, Azərbaycanda rəsmi olaraq qeydiyyatdan keçmiş 500-dən çox media orqanı, 200-dən çox gündəlik, həftəlik və aylıq qəzet, 20-dək informasiya agentliyi fəaliyyət göstərir. Ölkədə, həmçinin sərbəst fəaliyyət göstərən, milli və xarici xəbərlər yayan yüzədək müxalif qəzet və sayt var. Azərbaycan internetə ən sərbəst girişi olan ölkələrdən biridir və internet istifadəçilərinin sayına görə Qafqazın lideridir. Ölkəmizdə internet istifadəçilərinin sayı 8 milyon (əhalinin 80%-i) nəfərdir.

- Bütün dünyaya təsir göstərən radikal islamçılığın genişlənməsilə bağlı nə düşünürsünüz?

- Biz anlamalıyıq ki, yanlış islam nəzəriyyələri üzərində aparılan terrorizmə qarşı mübarizə çətin və çoxşaxəli prosesdir. Ekstremizm halları həll edilməmiş sosial, iqtisadi və siyasi problemlərin qaldığı, müsəlman icmalarının təhlükəsizliyinin, inkişafının və gələcəyinin təmin olunmadığı, regional münaqişələrin davam etdiyi, terrorizmə qarşı mübarizənin istənilən səviyyədə olmadığı əlverişli məkanlarda artır.

Məhz buna görə də bizim beynəlxalq terrorizmə qarşı mübarizə səylərimizdə ən əsas element yalnız münaqişə zonalarındakı sülhməramlı qüvvələrdə iştirakımız deyil, həmçinin Asiyanın və Afrikanın müsəlman ölkələrinə real yardım prosesində də fəal iştirakdır. Biz həmin ölkələrə iqtisadi, ictimai, səhiyyə, təhsil və digər sahələrdə kadrların hazırlanmasında kömək edirik. Məsələn, Əfqanıstanın polis və məhkəmə orqanlarının kadrları üçün elektron hökumətin yaradılmasında, Afrikanın müsəlman ölkələrində əhalinin ən yoxsul təbəqələrinin tibbi əməliyyatlarının maliyyələşdirilməsində mühüm rol oynayırıq. 2009-cu ildən 2016-cı ilədək Azərbaycanla İslam İnkişaf Bankı 56 min afrikalının görmə qabiliyyətinin bərpasına kömək göstərən göz cərrahiyyə kampaniyasını maliyyələşdirib.

- Azərbaycan terra məruz qalıbmı və onun beynəlxalq terrçuluqla mübarizə sahəsində əməkdaşlığı hansı səviyyədədir?

- Bir çox cəmiyyətlər kimi, bizim cəmiyyətimiz də əlbəttə ki, müxtəlif dini cərəyanların və ekstremist qüvvələrin təsirinə məruz qalıb. Lakin onlar bizim ölkəmizdə özlərinə yer tapa bilməyib. Azərbaycanın gücü onun dünyəvi dövlət modelindədir. Əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycanın bu modeli xüsusilə müxtəlifliyə və tolerantlığa, mədəniyyətlərin və dinlərin qarşılıqlı əlaqəsinə, iqtisadi islahatlar və ictimai-siyasi sabitliyə əsaslanır. Bütün bunlar terrorizmə və ekstremizmə, fanatizmə və radikalizmə qarşı ən yaxşı səddir. Hesab edirəm ki, əgər bizim ümumi prioritetimiz bölgədə təhlükəsizlik və sabitlikdirsə, məhz bu model diqqətə və dəstəyə layiqdir.

- Cənab səfir, indi şəxsi bir sual: bilirik ki, sizin əvvəlki iş yeriniz Afinada olub. Fransa paytaxtına gəldikdən sonra buradakı həyat haqda nə düşünürsünüz?

- Paris sənətçilər və şairlər, yazıçılar və rəssamlar, siyasətçilər və diplomatlar üçün həmişə tükənməz ilham mənbəyi olub. Müasir poeziyanın atası hesab edilən Bodöler də “Pislik çiçəkləri” əsərində bütöv bir hissəni ona həsr edib: “Paris tabloları” heç bir bənzəri olmayan bu şəhərin müasirliyini vəsf edir… Zəngin şəhər, arzular şəhəri...”.

Parisə təyin olunmağımdan bəhrələnərək, kitablardan, romanlardan və demək olar ki, xəyalən formalaşan baxışımın canlı və unudulmaz bir təcrübəyə çevrilməsini arzulayıram. Balzakın qəhrəmanı Rastinyak kimi, mən də “İşıqlı şəhər”ə demək  istərdim: “İndi ikimizik qaldıq”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Opinion Internationale


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az