13.12.2017 16:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Cəzasızlıq cinayət doğurur: Dağlıq Qarabağdan Kataloniyayadək separatizm

 
 



THE JERUSALEM POST, İsrail
28.11.2017


Müəllif: Arye Qut

Hazırda separatçı meyillərin güclənməsi dünyada böyük təhlükə və təşviş doğurur. Cənubi Qafqazda Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsilə baş qaldırmış separatizm əvvəlcə başqa postsovet ölkələrinin ərazisinə keçmişdisə, indi o, artıq Qərbi Avropada, xüsusilə İspaniyanın Kataloniya bölgəsində təzahür edir.

Əgər bu proses vaxtında araşdırılmasa və qarşısı alınmasa, o, yaxın gələcəkdə Qərbdə və dünyanın digər dövlətlərində də meydana gələ bilər. Müasir dövrdə separatizmin necə yaranmasına nəzər yetirdikdə, məşhur holland mütəfəkkir Erazm Rotterdamlının sözləri yada düşür. O, dövlətlər arasında ərazi münasibətlərinə sabit xarakter verməyə çağırırdı: “Dövlətlərin sərhədlərinin dəyişikliklərə məruz qalmaması və davamlı olması üçün yollar tapmağa ehtiyac var. Çünki dövlət sərhədlərinin dəyişməsi müharibəyə gətirib çıxarır”.

Noyabrın 20-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilib. Bu Forumda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, həmçinin Avropa ölkələri parlamentlərinin üzvləri, separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, eksperlər, elm xadimləri və jurnalistlər iştirak edib. Foruma ümumilikdə 200 nəfərə yaxın nümayəndə qatılıb.

“Azərbaycanın təşəbbüsü ilə keçirilən bu beynəlxalq forum ərazi bütövlüyü pozulmuş və əhalisi öz vətənindən qovulmuş xalqların və dövlətlərin mübarizəsini dəstəkləyəcək”, - deyə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə bildirib: “Biz uzun illər boyu Avropaya və dünyaya xəbərdarlıq edirdik ki, etnik separatizmin nazı ilə oynamağa dəyməz. Əgər siz belə etsəniz, sonda bu, xalqlar və dövlət arasında münaqişələrə, dəhşətli qarşıdurmaya səbəb olacaq və bunun nəticəsində günahsız insanlar əziyyət çəkəcək. Azərbaycan uzun illərdir ki, separatizmin bu dəhşətli ağrısını çəkməkdə davam edir – insanlar əzəli torpaqlarından qovulub, qaçqınlar və məcburi köçkünlər yaranıb, minlərlə günahsız insan həlak olub”.

Ə.Həsənov daha sonra deyib: “Avropa bu etnik separatizm təhlükəsinin acı nəticələrini görəndən sonra bizim haqq səsimizi dəstəkləməyə başlayıb. Bugünkü forum buna əyani sübutdur. İspaniyanın ərazi bütövlüyü onun milli hüququdur, dövlətin milli qanunvericiliyi heç kəs tərəfindən pozula bilməz. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Hesab edirəm ki, Avropa İttifaqı İspaniyanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədiyini nümayiş etdirirsə, başqa ölkələrdə mövcud olan etnik separatizmə də adekvat münasibət bildirəcək və indiyə qədər olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü tanımaqda davam edəcək”.

Ə.Həsənov bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən ikili standartlar siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəldir: “Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etməməsi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylərini artırmalıdır”.

Azərbaycan prezidentinin köməkçi deyib ki, ölkəsinin mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir: “Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır”.

 “Hesab edirik ki, təcavüzkarın qarşısı alınmasa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir”, - deyə Ə.Həsənov vurğulayıb.

O qeyd edib ki, ölkəsi Qərblə təkcə enerji resurlarının tədarükü və Avropa İttifaqının təhlükəsizliyinin təmin edilməsi məsələsində tərəfdaşlıq etmir: “Azərbaycan həm də Qərblə “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları, o cümlədən Əfqanıstanda, İraqda, Balkanlarda sülhyaratma proseslərində birbaşa iştirakı, qeyri-hərbi resurslarını NATO-nun sərəncamına verməsi, təhlükəsiz hava dəhlizini təmin etməsi çərçivəsində əməkdaşlıq edir”.

“Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində danışıqlar davam edir. Əminik ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan haqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və başqa sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli şərait yaradacaq. Təəssüf ki, indiyə qədər nizamlanmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi problemlər Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafına əngəl yaradır. BMT-nin, həmçinin Avropa İttifaqının müvafiq qətnamələrinin tələblərinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir. Hesab edirik ki, Avropa İttifaqının işğalçı dövlətə qarşı qətiyyətli mövqeyi bu qurum ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini möhkəmlədən növbəti mühüm amillərdən biri ola bilər”, - deyə Azərbaycan prezidentinin köməkçisi qeyd edib.

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko forumdakı çıxışında xalqların müqəddəratını təyinetmə hüququna və separatizm məsələsinə toxunaraq qeyd edib ki, öz müqəddəratını təyinetmə hüququ separatizmlə nəticələnməməli, ərazi bütövlüyü prinsipilə ziddiyyət təşkil etməməlidir: “Bu gün Avropada mövcud olan 7 münaqişədən 6-sı Şərqi Avropadadır”.

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer forumda çıxışı zamanı deyib ki, separatizm mənbələrinin demək olar hamısı qeyri-legitim şəkildə güc tətbiq edilməsinə və mərkəzdənqaçma qüvvələrinin birtərəfli istiqamətlənməsinə əsaslanır: “Paradoks odur ki, Kataloniya silahsız, dinc separatizmin yeganə nümunəsidir. Lakin nədənsə Avropa İttifaqı məhz bu nümunəni xüsusi canfəşanlıqla aradan qaldırır. Bu aydındır. Çünki Kataloniya Avropa İttifaqının özü, onun öz daxmasıdır. Vətənpərvərlik yaxşı şeydir, lakin separatizm vətənpərvərliyin heç də ən yaxşı forması deyil”.

Onun sözlərinə görə, Azərbaycan Avropaya lazımdır və Avropa öz tərəfdaşını başa düşməli, İspaniya kimi, onu da dəstəkləməlidir: “Münaqişənin həllinin özəyi qaçqınların və məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır. İnsan haqları, insanın vətən hüququ budur!”.

İsrailin müdafiə nazirinin keçmiş müavini, briqada generalı Efraim Sne deyib ki, Dağlıq Qarabağ münaqişəsinin müqəddəratı təyinetmə hüququ ilə heç bir əlaqəsi yoxdur: “Bu, heç separatizm də deyil. Bu, bir ölkə tərəfindən başqa ölkə ərazisinin işğalıdır! Bir tərəfi elə həmin müqəddəratı təyinetmə hüququndan məhrum etmək hesabına müqəddəratı təyinetmə hüququndan söhbət belə gedə bilməz. Mən əsgərəm. Öz ölkəm uğrunda döyüşmüşəm, başqa ərazilərin işğalında iştirak etmişəm, bəli, məhz işğalında və məhz başqa ölkələrin işğalında. Lakin BMT əraziləri qaytarmaq lazım olduğunu qərara alanda biz həmin əraziləri qaytardıq, hərçənd həmin ərazilər uğrunda qan tökmüşdük. Bəs, İsrailin 40 il bundan əvvəl etdiyini Ermənistan nə üçün etmir?”.

İsrailli siyasətçinin sözlərinə görə, hamı İspaniyanın və İraqın ərazi bütövlüyündən danışır: “Bəs, Azərbaycan? Bu, təkcə Avropanın riyakarlığı deyil, bu həm də naşükürlükdür! Avropada qışda soyuq olur, amma Azərbaycan qazı avropalıları donmaqdan qoruyur. Azərbaycan özü üçün riskə gedərək Avropanı qızdırır. Bəs, Avropanın Azərbaycana cavabı nədir? Əfqanıstanda və İraqda müharibə dövründə Azərbaycan müttəfiqlərinə logistika məsələsində kömək edirdi. Amerikalıların məşhur S-907 qətnaməsini ləğv etməsi nə çətin məsələdir? Bu, təkcə ikili standartlar demək deyil. Bu, həm də qaçqınların iztirablarına biganəlikdir”.

Forumda Moldovanın keçmiş Ombudsmanı Aurelia Qriqoriu da çıxış edib. O, bildirib ki, Dağlıq Qarabağla bağlı “münaqişə” termini qəbul etmir: “Bu, işğaldır! Bu, Ermənistanın təcavüzkar siyasəti nəticəsində etnik təmizləmədir!”. O xatırladıb ki, Ermənistanın hazırkı liderləri Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımda iştirak ediblər.   

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Ermənistan-Azərbaycan münaqişəsi barədə sənədli araşdırmanı təqdim edərək deyib ki, Sovet İttifaqının dağıldığı dövr Azərbaycandakı milli tolerantlıq və multikulturalizm üçün real test olub: “Artıq 25 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazisinin 20%-ni, yəni Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu, mübahisəsiz faktdır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Britaniyalı yazıçı və səyyah, 2014-cü ilin noyabrında Azərbaycanın işğal edilmiş ərazilərində olmuş Corc Mitçell Azərbaycanın işğal edilmiş Ağdam şəhərini “ruhlar şəhəri” və “Qafqazın Xirosiması” adlandırıb. O, Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsin Ermənistan tərəfindən məhv edildiyi, muzeylərin qarət olunduğu, tarixi, dini və mədəni əhəmiyyətli abidələrin məhv edildiyi haqda məlumat verib”.

A.Qutun fikrincə, əgər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələri yerinə yetirilməzsə, Cənubi Qafqaz regionunda mülki əhali arasında yeni qurbanlar olacaq: “Dəhşətlisi odur ki, bu vəziyyətdən dinc sakinlər əziyyət çəkir. Erməni təcavüzünün son qurbanlarından biri Zəhra adlı balaca azərbaycanlı qız olub. O, Ermənistanın Azərbaycanın Füzuli rayonuna hücumu zamanı həyatını itirib. BMT tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə ilə bağlı bir sıra qətnamələr qəbul edilib. Bu qətnamələr yerinə yetirilməlidir. Burada əsas məsələ bu qətnamələrin yerinə yetirilməsini necə təmin etməkdir”.

Onun sözlərinə görə, dünya birliyi faşizmin, antisemitizmin, qəddar şovinizmin dirçəlməsi faktlarına etinasız qalmamalı və onun yeni formalarını dəf etməyə hazır olmalıdır: “Biz təkcə yəhudi xalqı üçün deyil, həm də eyni aqibətlə üzləşə biləcək bütün başqa xalqlar üçün öhdəlik daşıyırıq. Ən dəhşətli olan, ən böyük mənəviyyatsızlıq odur ki, bir sıra fundamentalist və radikal dövlətlər Avropa yəhudilərinə qarşı törədilmiş Holokost barədə karikaturalar təşkil edir. Başqa bir fakt: Ermənistan prezidenti Serj Sarqsyan 2016-cı ilin mayında faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılışı mərasimində iştirak edib. İkinci Dünya müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlıqlarını tarix heç vaxt unutmayacaq. Millətçi komandir Dro və Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi minlərlə yəhudini təqib etmək və qırmaq idi. Həmin dövrdə erməni legionu cəza düşərgələrində ölüm marşları təşkil edirdi. Sual vermək istəyirəm: Doğrudanmı Ermənistanda mənim xalqımı nümayəndələrinin amansızlıqla və soyuqqanlılıqla məhv etmiş faşistlərdən başqa qəhrəmanlar yoxdur? İndi mən şərti adı “Sadıqaşvili” olan azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqovun qəhrəmanlığını nümunə göstərmək istərdim. Həmzə Sadıqov Stalinqrad ətrafında Sovet hərbi kəşfiyyatının heyətində Hitlerin ən yaxın silahdaşı, onun “bioloji bomba” deyilən silahının atası adlandırılan, yəhudi uşaqları üzərində qəddar eksperimentlər keçirən general Roddenburqu ələ keçirib. Həmzə Sadıqovun igidliyi sayəsində onlarla yəhudi ailəsi real ölümdən xilas olub. Bu qəhrəmanlıq sayəsində Sadıqov öz qədirbilən nəsillərinin qəlbində igidlik və ölməzlik abidəsi ucaldıb!”.

“Mən İsrail vətəndaşı, yəhudi xalqının nümayəndəsi, ailəsi alman faşistləri tərəfindən məhv edilmiş Sovet Ordusu zabitinin nəvəsi kimi, Xocalı soyqırımını başa düşürəm. Bu faciənin dəhşətli və qanlı səhnələri Azərbaycan xalqının qəlbində daim yaşayacaq. 1992-ci il fevralın 25-də Ermənistan hərbi birləşmələri etnik təmizləmə həyata keçirmək məqsədilə Xocalıya gedən yolu bağlamışdı və şəhəri blokadaya salmışdı. Həmin gün Ermənistan hərbi birləşmələri şəhəri işğal etmək üçün hucuma başladı. Bu kütləvi qırğın bütün bəşəriyyətə qarşı cinayətdir. Tarixi faktdır ki, Ermənistan silahlı qüvvələri Xocalını və onun ətraf ərazilərini tərk edə bilməyən bütün mülki vətəndaşları öldürüb. Ermənistan silahlı qüvvələrinin vəhşilikləri nəticəsində Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər xəsarət alıb, 1275 dinc sakin girov götürülərək inanılmaz işgəncələrə, təhqirlərə məruz qalıb. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni cinayətlər doğurur. Dünya birliyi Ermənistanın hərbi-siyasi təcavüzünə görə onu ittiham etməlidir”.

A.Qutun sözlərinə görə, İŞİD-in girovların başına gətirdiklərini erməni terrorçuları 1992-ci ildə Xocalıda törədib: “Holokost mənim xalqımın ən dəhşətli faciəsidir. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində vəhşicəsinə törədilmiş qanlı soyqırım mənim şəxsi ağrım-acım, şəxsi faciəmdir. Mən İsrail KİV-nin nümayəndələrilə birlikdə sağ qalmış Xocalı sakinlərilə görüşmüşəm. İnanın, onlar ermənilərin vəhşilikləri haqda elə dəhşətli faktlar danışırdılar ki, insan bu barədə yazmağa utanır. Onlar bizə işgənclərin izlərini göstəriblər. Daha sonra mən Xocalıda sağ qalmış başqa insanlarla görüşdüm. Həmin şəxslər mənə dedilər ki, mediaya və başqa insanlara onlara verilmiş işgəncələr haqda danışmağa utanırlar”.

Beynəlxalq Forumda çıxış edən israilli ekspert qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi qanlı qətliam nəticəsində günahsız insanların öz hekayələri, ailələri, uşaqlıq dövrü, arzuları və gələcəyi məhv edilib: “Bu, dəhşətli hadisədir. Xocalı qətliamı zamanı öldürülmüş insanların qohumları eyni ağrını bölüşür: insanlığa qarşı törədilmiş bu dəhşətli cinayətin iştirakçıları beynəlxalq məhkəməyə cəlb edilməyib və cəzasız qalıb. İkinci Dünya müharibəsi bitdikdən sonra nasistlərin əksəriyyəti Nurnberqdə beynəlxalq məhkəməyə çıxarılıb. Lakin Azərbaycanın Xocalı şəhərində dinc mülki əhalini qəddarlıqla öldürülməsinin ideoloqları və iştirakçıları hazırda Ermənistanda sərbəst şəkildə yaşayır”.

A.Qut vurğulayıb ki, dünya birliyi Azərbaycan torpaqlarının işğalının arxasında dayanan və hətta bu gün də Ermənistanın Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamaq niyyətini mənəvi cəhətdən dəstəkləyən ölkələrin adlarını çox yaxşı bilir: “Rəsmi Bakı Yerevanla münaqişədə indiki status-kvonun qəbuledilməz olduğunu çoxdan bildirib”.

“Ermənistandakı siyasi hakimiyyətin əsas məqsədi münaqişənin həll edilməsinə mane olmaqdır. Cəbhə xəttində sonuncu dəfə vəziyyətin pisləşməsi bir daha təsdiq edir ki, Ermənistan sülhün bərqərar olmasında, sadəcə maraqlı deyil. 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdi. Bu hadisələr bir şeyi bir daha ortaya qoydu: Yerevan başa düşməlidir ki, Azərbaycanın səbri son həddə çatıb. Bundan əlavə, beynəlxalq hüquq normalarına görə rəsmi Bakının nəinki müdafiə olunmaq, həm də Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququ var. Təəssüf ki, beynəlxalq münasibətlərin amansız reallıqları dünya arenasında güc amilinin daha effektiv təsirə malik olduğunu sübut edir. Aydındır ki, Cənubi Qafqaz regionunda hazırkı gərginlik Ermənistanın işğalçılıq siyasəti və onun danışıqlar prosesini pozmaq cəhdləri ilə bağlıdır. Bundan başqa, bu, Ermənistan rəhbərliyinin günahıdır. Mən dəfələrlə bildirmişəm ki, Ermənistan prezidenti ilk növbədə öz hakimiyyətini qorumaq və gücləndirmək haqda, öz klanının maraqları barədə düşünür. O, çətin geosiyasi vəziyyətə düşmüş, iqtisadi böhranla üzləşmiş ölkəsi haqda düşünmür. Bu faktlar bir daha sübut edir ki, Ermənistan qonşu ölkələrlə, xüsusilə Azərbaycanla sülh şəraitində yaşamaq istəmir. Buna görə 25 ildir davam edən danışıqlarda real irəliləyiş baş verməyib. Hamı başa düşür ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistanın öz himayədarlarının köməyilə yaratdığı separatçı, terrorçu, marionet quruluşdur. Hazırda formalaşmış şərtlərə görə, heç kim Ermənistana özbaşına qərar vermək imkanı yaratmaz. Bu, bir daha Ermənistan dövlət başçısı Serj Sarqsyanın hazırkı rejiminin terrorçu mahiyətini sübuta yetirir. Lakin belə sual ortaya çıxır: dünya birliyi Kim Çen In kimi, beynəlxalaq hüquq normalarını pozan Serj Sarqsyanın şıltaqlıqlarına nə vaxta qədər dözəcək?”, - deyə A.Qut sual edib.

Dövlətlər arasında sülh əlaqələrinin qurulmasının tərəfdarı olan məşhur fransız mütəfəkkiri Emmerik Kryuse insan cəmiyyətinə vahid orqanizm kimi baxırdı. Bir neçə yüz il keçsə də, onun haqlı olduğunu görürük. O, hesab edirdi ki, bütün millətlər təbii və qırılmaz tellərlə bir-birinə bağlıdır. Buna görə də siyasətin məqsədi xalqlar arasında həmrəyliyi qoruyub saxlamaq və genişləndirmək olmalıdır. O deyirdi: “Qonşunuzun evi yanır və dağılarsa, bu, qorxuya düşmək və onun halına acımaq üçün bir səbəbdir. Çünki bəşəriyyət bir bədənə oxşayır. Onun bütün orqanları elə harmoniya təşkil edir ki, bu orqanlardan birinə toxunmadan digərini zəiflətmək olmaz”.

Əgər bu problemə də eyni nöqteyi-nəzərdən baxsaq, Brüsseldə keçirilmiş tədbirin sabitliyin, gələcək dünya düzəninin təmini üçün böyük əhəmiyyət kəsb etdiyini görərik.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az