20.10.2018 20:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Hyuston və Bakı: qardaşlaşmış şəhərlər

 
 



HOUSTON CHRONICLE, ABŞ
29.11.2017


Müəllif: İradə Axundova

Mən Azərbaycanda anadan olmuşam. Lakin 20 il əvvəl neft-kimya sahəsi üzrə alim olan həyat yoldaşımla bərabər Hyustona köçmüşəm. Bir müddətdən sonra köçdüyüm şəhərdə özümü evimdəki kimi hiss etməyim məni təəccübləndirdi. Doğma şəhərim olan Azərbaycanın paytaxtı Bakı ilə ikinci şəhərim Hyuston. Maraqlıdır ki, bu iki şəhər qardaşlaşıb.

Onların hər ikisi liman şəhəridir. Hər iki şəhərin iqtisadiyyatı enerji sənayesi üzərində qurulub. Bundan başqa, Bakı ilə Hyuston fərqli və inklüziv mədəniyyətlərə sahib beynəlxalq şəhərlərdir. Buna görə də mən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasında uzun müddət könüllü kimi çalışmışam.

Qardaşlaşmış şəhərlər ideyası ABŞ-da bəzi insanlar üçün rəmzi xarakter daşıya bilər. Lakin sizi əmin edə bilərəm ki, Hyustonla Bakı 1976-cı ildə qardaşlaşmış şəhər olduqdan sonra bu, Azərbaycana böyük təsir göstərib.

Azərbaycan həmin dövrdə SSSR-nin tərkibdə yer alırdı və ölkənin nə Qərb, nə də Şərqlə geniş əlaqələri var idi. Həmin vaxt Hyustonda bir nəfər belə, azərbaycanlı yaşamırdı.

Neft hasil edən bu iki şəhərin bağlılıq ideyasını Hyustonun keçmiş meri Lui Uelç nəzərdən keçirmişdi. İki şəhər arasında rəsmi münasibətlər isə bir neçə il sonra Hyustonun həmin dövrdəki meri Fred Hofhaynts tərəfindən qurulub.

O vaxtdan qardaşlaşmış şəhərlər proqramı çərçivəsində xeyli azərbaycanlı ilk dəfə ABŞ ilə tanış olmaq imkanı əldə edib. Onlar hyustonlular tərəfindən səmimi qarşılanıb və nəticədə sıx əməkdaşlıq formalaşıb. Bu, hər iki tərəfə “soyuq müharibə” dövründə yaranmış bəzi gərginlikləri aradan qaldırmağa imkan verib.

Azərbaycanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra bir çox texaslılar ölkəyə neft-qaz sənayesinin inkişafında yardım göstərmək qərarına gəlib. Nəticədə onlar Bakıda işləməyə və yaşamağa başlayıb.

Təşkilatımız siyasi təşkilat deyil. Buna görə, mənim “Houston Chronicle” nəşrində dərc edilmiş “Qardaşlaşmış şəhər Hyustonun dəyərlərini pozur” başlıqlı məqaləyə cavab verməyim məqsədə uyğundur.

Birincisi, ABŞ şəhərlərilə xarici şəhərlər qardaşlaşan zaman həmin ölkənin ABŞ ilə oxşarlığı nəzərə alınmır. Burada məsələ tamamilə fərqlidir. Qardaşlaşmış şəhər proqramları insanları birləşdirmək, insanlığımızı qeyd etmək məqsədilə həyata keçirilir. Əgər ABŞ şəhərlərinə bu ölkəyə oxşar olan dövlətlərdən qardaşlaşmış şəhərlər seçilsəydi, bu zaman bu proqramın nə mənası olardı?

İkincisi, Hyustonla Bakı arasında 41 il ərzində qurulmuş məhsuldar əməkdaşlığa və son dərəcə yaxşı dost münasibətlərinə ziyan vuracaq, yaxud hətta bu münasibətləri sona çatdıracaq siyasətə imkan vermək rüsvayçılıq olardı. Mən vətənimin keçdiyi yolu yaxşı xatırlayıram. Həmin dövrdə liderlər ölkələr arasında humanitar əlaqələri məhdudlaşdırmağa, xalqlar arasında münasibətlərin qurulması məqsədilə yaradılmış proqramları siyasi alətə çevirməyə çalışırdı. Onlar bunu düşmənləri cəzalandırmaq, dostları mükafatlandırmaq məqsədilə edirdi. Lakin indi Hyuston və ya ABŞ tərəfindən yenidən belə addımıar atması düzgün deyil.

Təşkilatımız çox vaxt “Hyustonla qardaşlaşmış şəhərlər” təşkilatı ilə əməkdaşlıq edərək (təşkilata Hyustonla qardaşlaşmış 18 şəhər daxildir), musiqi və mədəniyyət sahəsində tədbirlər həyata keçirir. Bununla yanaşı, təşkilatımız azərbaycanlılar və texaslılar üçün imkanların yaradılması üzərində çalışır.

Biz 2014-cü ildə Bakı Ali Neft Məktəbinin nümayəndə heyətinin Hyuston Universitetinə səfərinin təşkilində vacib rol oynamışıq. Bir ildən sonra isə Hyuston Universitetindən olan nümayəndə heyəti Bakıya səfər edib. Nəticədə Azərbaycanın 3 ən yaxşı universiteti Hyuston Universiteti ilə tələbə mübadiləsinə dair saziş imzalayıb. Hyuston Universiteti artıq 4 azərbaycanlı tələbəni qəbul edib. Onun tələbələri də öz növbəsində, Bakıda ADA Universitetində təhsil ala bilər.

Biz Azərbaycanın neft yataqlarında çalışmış və orada yaşamış hyustonlularla görüşlər təşkil edirik. Təşkilatımız bu görüşləri Azərbaycanın inkişafına böyük təsir göstərmiş hyustonlulara təşəkkür etmək, onlarla əlaqələri bərpa etmək məqsədilə həyata keçirir.

Mən öz təcrübəmdən bilirəm ki, belə imkanların yaradılması insanlar üçün çox vacibdir.

Son 20 ildə Hyustonda yaşadığıma görə xoşbəxtəm. Çünki hyustonlular həmişə mənə, ailəmə qarşı dost və isti münasibət göstəriblər. Biz burada kifayət qədər uzun müddətdir yaşayırıq. Mənim ikinci nəvəm də Hyustonda dünyaya gələcək. Bakıdan başqa, uşağın dünyaya gəlməsi üçün buradan daha yaxşı yer düşünə bilmirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HOUSTON CHRONICLE


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az