13.12.2017 16:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
İranla şimal qonşusu arasında enerji sahəsində əməkdaşlıq

 
 



ISNA, İran
05.12.2017


İran və Azərbaycan dövlət başçılarının son görüşündə gündəlikdə olan məsələlərdən biri enerji sahəsində birgə fəaliyyət, xüsusilə neft-qaz svop əməliyyatları və Xəzər dənizi hövzəsində neft kəşfiyyatı və hasilatının aparılması olub. Əlbəttə, bu əməkdaşlığın tarixi əvvəlki illərə və iki ölkə arasında imzalanmış svop müqaviləsinə qayıdır; həmin müqavilə əsasında İrandan Naxçıvana gündəlik 1 milyon kubmetr qaz ixrac olunur və bu rəqəm cari ilin ilk 8 ayı ərzində 250 milyon kubmetrə çatdırılıb.

ISNA agentliyi xəbər verir ki, İran bu ilin noyabrında, o cümlədən İran-Rusiya-Azərbaycan prezidentlərinin üçtərəfli sammitinə ev sahibliyi edərkən Azərbaycanla müxtəlif enerji sahələrində əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmişdi. İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə demişdi: “İran sənaye sahələrində, o cümlədən neft-qaz svop əməliyyatları, Xəzər dənizində neft kəşfiyyatı və hasilatı istiqamətində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır”.

İki ölkənin Xəzər dənizində neft sahəsində, banklararası əlaqələrin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etdiyini bildirən Ruhani fikrini belə davam etdirmişdi: “İki ölkənin birgə komissiyalarının həmsədrləri indiyədək əlaqələrin genişləndirilməsi istiqamətində çalışdıqları kimi, bu sahələrdə də əməkdaşlığı gücləndirməyə çalışmalıdırlar”.

İlham Əliyev də həmin görüşdə İranla Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən enerji, elektrik enerjisi, Xəzərin neft yataqlarının birgə istismarı və “Şimal-Cənub” dəhlizilə bağlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

İranlı nümayəndə heyətinin həftə sonu Bakıya səfərindən sonra İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmirhüseyn Zamaniniya deyib: “Bakıda İranla Azərbaycan arasında neft sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. Xəzər dənizində birgə fəaliyyət Azərbaycan tərəfi ilə aparılan danışıqların əsas istiqamətlərindən biri idi. Bu istiqamətdə danışıqlar davam etdirilir”.

Ümumiyyətlə, son illər İranla Azərbaycan arasında əlaqələr inkişaf edir və Tehran-Bakı münasibətlərinin hərtərəfli inkişafı üçün olduqca səmərəli addımlar atılır. Bu ilin sonunda Bakıda İran, Azərbaycan və Türkiyə dövlət başçılarının görüşü də nəzərdə tutulur.

İrandan Naxçıvana gündəlik 1 milyon kubmetr qaz ixrac edilir. Bu ilin ilk 8 ayı ərzində bu, 250 milyon kubmetrə çatdırılıb. İrandan Naxçıvana qaz ixracı bir neçə il əvvəl tərəflər arasında imzalanmış svop əməliyyatına dair müqavilə əsasında həyata keçirilir. Həmin müqaviləyə görə, İran 1 milyon kubmetrdən az həcmdə qazı Astarada qəbul edərək, yaxın şəhərlərə nəql edir. Bu qazın qarşılığında, İran qeyd olunan qaz həcmini Culfa vasitəsilə Naxçıvana nəql edir. Bu kimi hallarda hər bir qaz nəqli üçün komissiya haqqı və ya müqavilə tərəfi ölkələrdən qaz transferinə görə müəyyən rüsum alınır; beləliklə bu əməliyyatın həyata keçirilməsi İran üçün iqtisadi cəhətdən sərfəlidir.

Astara bölgəsində, ölkənin qaz boru xəttində problem yarandıqda, xəttin təmiri tələb olunduqda Azərbaycan həmin bölgəni qazla təmin edir və nəticədə qaz nəqlində heç bir fasilə yaranmır.

Hazırda Naxçıvana qaz verilməsi davam edir. Lakin İran Azərbaycandan qaz almır. Çünki İranın bir investisiya şirkəti Türkmənistandan qaz alaraq Azərbaycana satır və Tehran həmin svop əməliyyatını həyata keçirir. Beləliklə, gündəlik Türkmənistandan 6 milyon kubmetr qaz idxal olunur və Xorasan bölgəsində istifadə edilir, əvəzində, həmin qaz həcmi Azərbaycana ixrac olunur.

İki ölkə prezidentlərinin son dövrlərdə qarşılıqlı əməkdaşlığı onu göstərir ki, Xəzər dənizini ümumi hövzə hesab edən tərəflər enerji sahəsində, xüsusilə də Xəzər dənizində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az