13.12.2017 16:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Azərbaycan və EXPO-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə

 
 



THE JERUSALEM POST, İsrail
05.12.2017


Müəllif: Arye Qut

Azərbaycan-İsrail əlaqələri

Bu il biz İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünü qeyd etdik. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu da həqiqətdir ki, hazırda Avrasiyada İsraillə Azərbaycan qədər yaxın və isti əlaqələri olan ölkə yoxdur. Diplomatik münasibətlərin 25 illik tarixi ərzində hər iki dövlət strateji münasibətlərinin əhəmiyyətini və həyatiliyini sübut edib. Dost ölkələrimiz həqiqətən, əsl və etibarlı strateji tərəfdaşlardır. Azərbaycanlılar və yəhudilər, əslində, yalnız birgə yaşamır, həm də əsl dost kimi, birgə inkişaf edir, əlaqələri möhkəmləndirir.

Başqa xalqlardan fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə yad və özgə kimi baxmayıb. Azərbaycanda yaşayan köklü yəhudilər iki ölkə arasında iqtisadi və hətta geosiyasi əməkdaşlığı inkişaf etdirmək üçün böyük iş görür. Yəhudilər Azərbaycanda heç vaxt ayrı-seçkilik, təzyiq, təhqir, qırğın və ya antisemit hərəkətlərlə rastlaşmayıb. Bu ölkəyə səfər etmiş hər bir yəhudi təsdiqləyə bilər ki, burada yaşayan yəhudilər sərbəst şəkildə sinaqoqa gedə, milli geyimlərində şəhərdə gəzə bilir. Halbuki, bu, inkişaf etmiş Qərb ölkələrində belə, təhlükəlidir.

Eyni zamanda, rəsmi Bakı dəfələrlə antisemitizm hallarını pisləyib. Azərbaycan hazırda həqiqətən, bütün dünya üçün həyati əhəmiyyət kəsb edən multikulturalizm mərkəzinin gözəl nümunəsidir. Ona görə də Azərbaycan yəhudiləri Azərbaycanı sevir və iki ölkə arasında geosiyasi, iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verir, bununla fəxr edirlər.

İsrailin 9-cu prezidenti Şimon Peres Azərbaycana tarixi səfəri zamanı deyib: “Bilirəm ki, Azərbaycanın siyasəti sülh, dostluq, tərəqqi siyasətidir, amma bu siyasət həm də müstəqillik siyasətidir. Nadir coğrafi mövqeyinizlə, şübhəm yoxdur ki, siz dünyanın bu guşəsində aparıcı bir ölkəsiniz və bundan sonra da aparıcı olacaqsınız”.

İsrailin baş naziri Benyamin Netanyahu ötən il Bakıya rəsmi səfəri zamanı iki ölkə arasındakı əlaqələrdən danışıb. O, bu əlaqələrin dünyaya nümunə ola biləcəyini vurğulayıb: “Dünya dözümsüzlüyü və şər əməlləri çox görüb, amma müsəlmanlarla yəhudilər arasında münasibətlərin ən yaxşı nümunəsi, baxın, burada, Azərbaycandadır”.

Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda bildirdiyi fikri də misal gətirə bilərəm: “Azərbaycan və yəhudi xalqı əsrlər boyu köhnə qonşular kimi sülh şəraitində yaşayıb, bu dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında bu gün də davam edir. Azərbaycandakı yəhudi icması ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə fəal kömək edir. Azərbaycanda bu gün 7 sinaqoq fəaliyyət göstərir, onlardan 5-i paytaxt Bakı şəhərindədir, burada yəhudi məktəbləri də var. Son illərdə Azərbaycanla İsrail arasındakı münasibətlər hər iki ölkəyə bir çox fayda gətirib”.

Azərbaycan həmişə İsraili cəlb edib, təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur, həm də ona görə ki, rəsmi Bakı antisemitizmi dəfələrlə pisləyib. Bu ölkə hazırda Avropa ilə Asiyanı birləşdirən böyük regionda əsas siyasi, iqtisadi və geostrateji aktyordur. Bu gün rəsmi Bakının İsraildə diplomatik missiyası olmasa da, Azərbaycanın bir çox yüksək rütbəli rəsmi nümayəndə heyətləri İsrailə səfər edib, bundan da çox İsrail nümayəndə heyəti Bakıda səfərdə olub. Qarşılıqlı mübadilə səfərlərinin mövcud iqtisadi əməkdaşlığın təşviqində xüsusi əhəmiyyəti var. Belə ki, İsrail Azərbaycan neftini alır, özü isə Azərbaycanda kənd təsərrüfatına və sənayeyə sərmayə qoyur. Bununla yanaşı, İsrail Azərbaycanın ətraf mühitin qorunmasına, telekommunikasiya, turizm, təhsil, mədəniyyət və başqa sahələrdə qarşılıqlı mübadiləyə ciddi maraq göstərir.

Azərbaycan əsilli İsrail vətəndaşı olaraq, fəxrlə deyə bilərəm ki, hazırda Azərbaycan rəhbərliyi bu ölkənin müasir cəmiyyətinin ayrılmaz bir hissəsi olan yəhudi icmasına yüksək hörmət və diqqət göstərir. Prezident İ.Əliyevin himayəsi ilə burada 2 sinaqoq, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib istifadəyə verilib. Azərbaycanda yəhudi muzeyinin tikintisi planlaşdırılır, bu da Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Qubadakı qədim Qırmızı Qəsəbə İsrailin xaricində yəhudilərin yığcam yaşadığı yeganə qəsəbədir və bu, Azərbaycanın qürurudur. Bu bölgədə yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc şəraitdə yaşayıb. Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsas sütunlarıdır.

Qeyd edək ki, bu ölkə multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və gücləndirmək istiqamətində zəruri siyasi və sosial şərait yaratmaq, inkişaf etdirmək üçün daim səy göstərir.

Enerji təhlükəsizliyi məsələləri və Cənubi Qafqazda həll olunmamış münaqişələr üzrə ekspert və tədqiqatçı Corgia Pilar Corgi deyir: “Azərbaycan müxtəlif millətlərə və dinlərə mənsub insanlar arasında dinc yanaşı yaşama nümunəsi kimi tanınır. Azərbaycan hökuməti həmişə fərqli dini qruplardan olan insanların bir arada yaşamasını təbliğ edib və onların öz inanclarını ifadə etmək azadlıqları Konstitusiya səviyyəsində tanınır”.

Bu da təsadüfi deyil ki, Katolik kilsəsinin lideri olan Roma Papası Fransisk 2016-cı ildə nisbətən kiçik katolik icması olan bir ölkəyə, yəni Azərbaycana rəsmi səfər edib. O, müxtəlif etnik və dini mənşəli insanların sülh və bərabərlik, qarşılıqlı hörmət və anlayış əsasında birgə yaşamasının ən yaxşı ənənəsini təmin etmək üçün Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətə hörmət etdiyini bildirib və bunu yüksək qiymətləndirib.

Azərbaycanda iqtisadi və siyasi təkamül

Azərbaycan dövlət başçısı bildirib ki, “bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılıb. Strateji Yol xəritələrinin icrası, sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşüb. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilib. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək”.

Qeyd etmək lazımdır ki, İsrail Azərbaycan neftinin əsas alıcılarından biri olsa da, o, rəsmi Bakı ilə iqtisadi və siyasi münasibətlərinin yeni yollarını axtarır. İsrailin tədarük etdiyi neftin böyük hissəsi (təxminən 40%-i) Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə əldə olunur. Azərbaycan Avropa və Qərb bazarlarına enerji mənbələrinin şaxələndirilməsi və təhlükəsizliyi üçün əsas ölkə kimi xidmət edir. Çünki bu ölkə regionda yalnız əsas enerji və nəqliyyat mərkəzi deyil, həm də Avropaya enerjini alternativ yollarla nəql edən əsas neft və qaz istehsalçısıdır. Azərbaycan Xəzər dənizindən hasil etdiyi nefti ABŞ-ın Alyaska boru kəmərindən sonra dünyanın ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan vasitəsilə Gürcüstan ərazisindən Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına nəql edir.

Daha vacibi odur ki, Azərbaycan və onun Qərb tərəfdaşları artıq Azərbaycanın böyük qaz ehtiyatlarını birbaşa Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” kəmərləri şəbəkəsində tikinti işlərinə başlayıb. Bu, Avropaya tədarük mənbələrinin şaxələndirilməsini təmin edəcək. Bununla yanaşı, bu layihədən sonra Rusiyanın qışın ortasında Avropaya təzyiq etmək məqsədilə qaz nəqlini dayandırmaq riski azalacaq.

Azərbaycan nəqliyyat sahəsinin və ticarətin inkişafı üçün regional əlaqələri təmin edən təşəbbüslərdən istifadə etməyə çalışır. Bu ölkə xüsusilə, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin sponsorlarından biridir.

Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Şərq ilə Qərbi, yəni, Pekini Londonla birləşdirən ən qısa dəmir yolu xətti olan Bakı-Tbilisi-Qars marşrutunun Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstanın baş nazirinin, bu marşrutdan faydalanmağı planlaşdıran Qazaxıstan, Özbəkistan və digər qonşu ölkələrdən olan yüksək səviyyəli nümayəndələrin iştirakı ilə açılışı olub.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən Transanadolu kəməri (TANAP) və Transadriatik kəməri (TAP) kimi digər iddialı strateji layihələr vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil ediləcək qaz Türkiyəyə və Avropaya çatdıracaq.

Dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı dəyər yaradan iqtisadiyyata çevrilir. Böyükmiqyaslı islahatlar əsasən iqtisadiyyatın şaxələndirilməsinə, ölkənin neft və qaz gəlirlərindən asılılığının azaldılmasına, qeyri-neft sektorunun və ölkənin ixrac imkanlarının daha da yaxşılaşdırılmasına yönəlib.

Niyə “EXPO-2025”?

Milli kommunikasiya strategiyası çərçivəsində və beynəlxalq aləmdə öz imicini gücləndirmək arzusunda olan ölkə kimi, Azərbaycan 2000-ci ildən EXPO hərəkatının fəal üzvüdür.

Azərbaycan pavilyonları son 3 sərgidə – 2015-ci ildə pavilyonunu 3 milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb.

“Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq”, - deyə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva bu yaxınlarda Parisdə paytaxt Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil olunmuş qəbulda qeyd edib. Birinci vitse-prezidentin sözlərinə görə, “ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də inanıram ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir”.

Azərbaycan niyə “EXPO-2025”də maraqlıdır?

- Turizm potensialından daha yaxşı yararlanan Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi;

- Digər ölkələr üçün rahat və maraqlı coğrafi mövqeyi:

- Bakıda keçirilən Qlobal Humanitar Forum, birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən bəri keçirilən Formula 1 Bakı Qran-Prisi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı Prosesi”, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə;

- Azərbaycan dünya ictimaiyyətinə göstərmək istəyir ki, 26 illik müstəqillik tarixi, güclü iqtisadi potensialı, siyasi sabitliyi, yüksək səviyyəli təhlükəsizliyə malik gənc bir ölkə olaraq o, EXPO kimi böyük tədbirlərə ev sahibliyi etməyə qadirdir.

Azərbaycanın əvvəlki illərdə həm beynəlxalq, həm də ixtisaslaşdırılmış EXPO-larda qazandığı təcrübə (Azərbaycanın “Milan EXPO-2015” və “Astana EXPO-2017” sərgilərində təqdim etdiyi pavilyonlar xüsusi mükafatlara layiq görülüb) “EXPO-2025” Ümumdünya Sərgisinin Bakıda uğurla keçiriləcəyi potensialdan xəbər verir.

Azərbaycan “Bakı EXPO-2025” Ümumdünya Sərgisi üçün seçdiyi “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu ümumbəşəri əhəmiyyət daşıyır. Azərbaycanın əlavə olaraq təqdim etdiyi 3 alt mövzu – İstedad, Sağlamlıq və Nailiyyət BMT-nin təqdim etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.

“Bakı EXPO-2025” üçün nəzərdə tutulmuş ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Şəhərin iki qəsəbəsi arasında yeni ərazidə salınacaq və 200 hektar sahəni əhatə edəcək bu məkan tam yenidən qurulmuş nəqliyyat infrastrukturu ilə Bakı şəhərinin davamı da hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi və şəhərə təşrif buyuran qonaqlar üçün də əvəzsiz miras olacaq.

“Bakı EXPO-2025” üçün seçilən mövzunun Azərbaycanın dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində olan fiziki təcəssümü Azərbaycan xalqının etnik müxtəlifliyini və Odlar yurdu hesab olunan ölkədə müxtəlif dini etiqadlara və etnik qruplara məxsus insanların birgəyaşayışı üçün nümunəvi model olduğunun rəmzi sayılır. Azərbaycanı bütün dünyada tanıdan xalçaların həndəsi naxışları isə ərazidə yaradılan meydanların və istirahət yerlərinin dizaynına xüsusi gözəllik verəcək. Ərazinin mərkəzində yerləşəcək əsas bina – Azərbaycan Milli Pavilyonu park və ərazini gəzən qonaqlar üçün əsl ziyarət məkanı olacaq.

Bakı Ümumdünya EXPO-su Azərbaycana və dünyaya nə bəxş edəcək?

Ümumdünya EXPO-suna sahiblik etməklə Azərbaycan mühüm mənfəət əldə edəcək. Sərgiyə 18 milyon ziyarətçi qatılacaq, yeni iş yerləri açılacaq, yeni işgüzar münasibətlər formalaşacaq. Bu, ölkədə biznes sərmayələri üçün infrastrukturun və turizm sahəsinin inkişafı baxımından faydalı olacaq.

Sərgi ümumdünya EXPO-ların coğrafiyasını yeni regionda, yeni ərazidə genişləndirməklə yanaşı, gənc müstəqil ölkələrə özünü dünyaya daha yaxşı tanıtmaq baxımından yeni platforma kimi gözəl imkan yaradacaq.

Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə keçirilən qəbuldakı çıxışında deyib ki, “Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20%-i, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunmuşdur və işğal hələ də davam edir”.

Birinci vitse-prezident qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

“Bizim mövzumuz – “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” – həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir”, - deyə M.Əliyeva bildirib.

O qeyd edib ki, “Bakı EXPO-2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək.

Biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq. Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək”.

M.Əliyevanın sözlərinə görə, “Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır. Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq. Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır”.

Azərbaycanın birinci vitse-prezidenti çıxışını bu sözlərlə bitirib: “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaq. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq”.

Gəlin, dostumuz və strateji tərəfdaşımız olan Azərbaycana uğurlar diləyək və arzu edək ki, Bakı şəhəri səsvermədə uğurlu nəticələr əldə etsin və dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri olan Ümumdünya EXPO-sunun Odlar Yurdunda – Azərbaycanda keçirilməsinə layiq olduğu hüququ qazansın.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az