13.12.2017 16:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Azərbaycanda şiələrlə sünnilər birlikdə namaz qılır

 
 



Əş-Şuruq, Misir
06.12.2017


Müəllif: İmadəddin Hüseyn

Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Heydər məscidi Cənubi Qafqazın ən böyük məscididir. Onun tavanının hündürlüyü 55 metrə, minarələrinin hündürlüyü isə 95 metrə çatır. Məscidin açılışını 2014-cü ildə Azərbaycan prezindenti İlham Əliyev edib. Burada 7 min adam eyni vaxtda namaz qıla bilər.

Ötən cümə 7 misirli jurnalistdən ibarət nümayəndə heyəti Misir səfirliyinin Mədəniyyət attaşesi doktor Əhməd Sami əl-Ayidinin müşayiəti ilə bu məsciddə olub. Diqqətimi yalnız məscidin möhtəşəmliyi, müasir yerli memarlıq üslübu, Təbriz xalçaları və ya məscidin qarşısındakı Xəzər dənizinə açılan böyük meydandan daha çox, hər cümə və ya bayram günləri onun əsas zalında sünnilərlə şiələrin birgə namaz qılması cəlb edib. Gündəlik beş namaz isə aşağı mərtəbədəki zalda qılınır.

Həftəlik cümə namazı vəhdət namazı adlanır və növbə ilə bir dəfə sünni, ikinci dəfə şiə qaydasına uyğun olaraq qılınır. Həmkarlarımla məscidə daxil olarkən çox da təəccüblənmədim. Çünki həmin gün cümə namazını Bakının Göy məscid adlanan böyük məscidlərindən birində qılmışdım. Bu məscid sünnilər üçün nəzərdə tutulsa da, orada da şiələrin ibadətinə mane olmurlar.

Məscidin xətibi cümə xütbəsini Azərbaycan dilində, Quran ayələrini isə ərəb dilində oxuyurdu. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyevin dediyinə görə, keçən cümə xütbəsində bir çox mövzulara toxunulubmuş və onlardan biri də sosial şəbəkələrin rolu, faydaları və eləcə də sabitliyə törədə biləcəyi təhlükələr haqqında imiş.

Məscid tamamilə dolu idi. Bir çox insan ibadət üçün yer tapa bilmədiyindən ayaq üstə durub namazın bitməsini gözləyidi. 12 dəqiqədən artıq çəkməyən xütbə zamanı insanların bir-birilə söhbət etməsi diqqətimi daha çox cəlb etdi. Bir nəfərin isə namaz başlamazdan bir az qabaq mobil telefonla danışdığını da gördüm. Səbəbini soruşdum. Dedilər bu, ola bilsin ki, 70 ildən artıq davam etmiş Sovet İttifaqının təsirindən irəli gəlir.

Mən Azərbaycandan başqa, şiələrlə sünnilərin birgə namaz qıldığı ölkə tanımıram. Burada əhalinin 70%-ni şiələr, təşkil edir. Amma sünnilər əhalinin 50%-ni təşkil etdiklərini deyir. Ölkə əhalisinin ümumi sayı 10 milyona yaxındır. Onların 92%-ni müsəlmanlar təşkil edir. Bununla yanaşı, Azərbaycanda xrisianlar, yəhudilər və başqa kiçik dinlərin nüməyəndələri də yaşayır.

Sünnilərlə şiələrin bir məsciddə, bir imamın arxasında namaz qılması həqiqətən də diqqətəlayiqdir. Bizim ərəb vətənimizin bir çox yerində insanlar məzhəb mənsubiyyətinə və ya adlarına görə qətlə yetirilir. Şiələrin məskunlaşdığı yerlərdə Ömər və ya Osman, sünnilərin yaşadığı bölgələrdə Əli və ya Hüseyn adına görə insanları öldürürlər.

Məni çox maraqlandıran, çoxlarına verdiyim sual bu oldu ki, Azərbaycanda bu nümunə necə uğur qazana bilib?

Əvvəla, bu insanlar çox həssas bir bölgədə, iki böyük gücün – İranla Rusiyanın arasında, eləcə də ölkə ərazisinin 20%-ni (Qarabağ və ətraf rayonları) işğal etmiş Ermənistanla yanaşı yaşayır. Deməli, onların artıq problemlərə ehtiyacı yoxdur.

Orada Şahi İsmayıl Səfəvinin babasının qəbri var. Onun əsli Azərbaycandan idi. O, şiə dövlətinin banisi olub. Xüsusilə Osmanlı dövlətilə qanlı müharibələrdən sonra əvvəllər sünni məzhəbində olan İranda şiə məzhəbini yayıb. Lakin sakinlər bu məzarın sünnilərin də ziyarətgahına çevrildiyini deyir.

Deyilənə görə, sünni məzhəbinin tanınmış liderlərindən biri xəlvəti, sufi məzhəbi şeyxinin məqbərəsi yanında dəfn olunmasını vəsiyyət edibmiş. Deyirlər ki, belə hallar tez-tez baş verir.

Uzun müddət ərəb ölkələrində işləmiş və ərəb dilində səlis danışan bir azərbaycanlı diplomatdan soruşdum: “Siz mürəkkəb məzhəb qarşıdurmalarının baş verdiyi bölgələrin yaxınlığında yerləşməklə məzhəblər arasında bu cür qarşılıqlı anlaşmanı necə təmin etmisiniz?”. Cavabı belə oldu ki, “xalqımız insanları məzhəb mənsubiyyətinə görə bölmür. Şəxsən mən bir neçə il əvvəl atamdan sünni və ya şiə olduğumuz haqda soruşarkən dedi ki, baban sünni, nənən isə şiə idi. İnsanların yalnız 5%-i “məzhəb oyunu” oynamaq istəyir. Dövlət isə onlara ciddi nəzarət edir. Dövlət deyir ki, hamımızın azərbaycanlı olduğumuz fikri əsas götürülməlidir”.

Səfirin qənaətinə görə, ölkədə sünnilərlə şiələr sayca təqribən bərabərdir. Xoşbəxtlikdən, əksəriyyət tolerantlıq və həmrəylik tərəfdarıdır. Onlar təəssübkeşlikdən uzaqdır. Diplomat sözünü bitirdikdən sonra, öz-özümə dedim: “Görəsən, Azərbaycan nümunəsi İrana, Körfəz ölkələrinə və Şama yayıla bilərmi ki, biz bu faciədən qurtulaq?”.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əş-Şuruq


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az